Covid-19 Məktəblilərdə qorxuya səbəb ola bilər-Psixoloq Pəri Əhmədova

Psixoloq.az xəbər verir ki,bu barədə Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbinpsixoloqu Pərvanə Əhmədova özünün facebook sosial hesabında paylaşım edərək valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin yazını sizlərə təqdim edirik.

Bütün dünyada, o cümlədən Azərbaycanda yayılan COVİD-19 pandemiyası özü ilə bərabər bəşəriyyətə bir çox problemlər yaşatmaqda davam edir. Belə problemlərdən biri də məktəblərin bağlanması, məktəbli uşaqların sosial mühitdən təcrid olunması, evdə qalması, təhsildən kənarlaşmasıdır.Bəs bu kimi hallar uşaqların psixologiyasında hansı problemlərə səbəb ola bilər, onlarda psixoloji gərginlik, qorxu, stress, həyəcan yarada bilərmi? Burada valideynlərin üzərinə nə kimi məsuliyyər düşür?Bu suallara cavab tapmaq üçün əvvəlcə qorxunun nə olduğuna və onun hansı yaşda necə təzahür etdiyinə aydınlıq gətirək.Qorxu, yaxınlaşmaqda olan təhlükə səbəbi ilə ortaya çıxan və uzaqlaşmaq istəyi əmələ gətirən bir duyğudur. Qorxu uşaqların görünən və görunməyən təhlükələr qarşısında göstərdikləri təbii bir təsirdir. Qorxu bir əşyaya və hadisəyə bağlı bir haldır. Qorxunun ən vacib xüsusiyyəti gözlənilməz bir vəziyyətdə ortaya çıxmasıdır. Uşaqların qorxuları yaşa görə dəyişə bilər. Aparılmış tədqiqatlara görə

:- 0-2 yaş arası uşaqlarda yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyektlərlə əlaqədar olan qorxular;

- 3-6 yaş arası: canavarlar, qarabasmalar, qaranlıq, tək yatmaq, tanımadıqları səslər ilə əlaqədar qorxular;

- 7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm, təbii fəlakətlər, yaxınlarını itirmək kimi daha gerçək qorxular bir çox uşağın ortaq qorxusudur.Göründüyü kimi hal-hazırda yaşadığımız problemlər və onlardan yaranan həyəcan və təşviş halları ən çox məktəb yaşlı uşaqlara təsir edə bilər. Lakin, bu kimi hallar tez-tez təkrarlanarsa, yəni uşaq ətrafında valideynlərindən, yaxınlarından, kütləvi informasiya vasitələrindən eşitdikləri hadisələrdən dolayı təşvişə düşürsə bu, artıq problem sayıla və uşaqların stress halına gətirib çıxara bilər.Məlumdur ki, stress uşaqlarda daha ciddi fəsadlara gətirib çıxara bilər. Çünki uşaqlar yaşadıqları problem haqda bəzən məlumat verməyə çətinlik çəkir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin daha çox qayğıya, köməyə və himayəyə ehtiyacı olan təbəqəsi sayılır. Bununla yanaşı onlar da böyüklər kimi fəlakət zonalarında xəstəliklər zamanı psixoloji sarsıntılara məruz qalır. Eyni zamanda xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək qorxusu onlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada xüsusilə risk qrupuna aid olan uşaqlar özünə qapalı, həyəcanlı və emosional, melanxoliyaya meyli olanlardır. Bu amillər onların fərdi psixoloji xüsusiyyətlərindən və yaşadıqları ortamda olan gerçək vəziyyətdən, yəni ailədəki mühitdən asılıdır.Bu gün yaşanan hadisələrdən dolayı ailənin, valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideynlər bu gün uşaqlara qarşı diqqəti və qayğını daha da artırmalı, onlarla daha çox vaxt keçirməli, uşaqların boş vaxtlarını evdə daha səmərəli təşkil etməlidirlər. Ətrafda və dünyada baş verən hadisələri onlara daha anlaşıqlı dildə başa salaraq onlardan gigiyena qaydalarına əməl etməyi tələb edərək gigiyenik mədəniyyət formalaşdırmalıdırlar. Həmçinin valideynlər uşaqların kompüter və televizor qarşısında normadan artıq vaxt keçirmələrinə şərait yaratmamalı, bunun əvəzinə onlarla intellektual oyunlar, söz oyunları keçirmək, idman etmək, mütaliə, şəkil çəkmək kimi vərdişlər formlaşdırmalıdırlar.Uşaqlar təcrübələrinin və düşünmə qabiliyyətinin məhdud olması səbəbilə gördükləri və eşitdiklərini düzgün qiymətləndirə bilmirlər. Onlar gördüklərini və eşitdiklərini şişirdərək təhrif edərək qorxulu nəticəyə gələ bilərlər.Əziz valideynlər, uşağınızdan qorxduğu şeyləri izah etməsini istəyin, onların şəklini çəkməsini deyin. Uşaqlar qorxduqlarını çəkdikdən sonra, onu daha rahat başa sala və məlumatlandıra bilərsiniz. Uşağınıza qorxmasının təbii olduğunu və keçəcəyini izah edə bilərsiniz. Bunun üçün özünüzdən və başqalarından nümunə göstərərək ”Bu qorxunu və həyəcanı hiss edən tək sən deyilsən, bir çox insanlar bu halı yaşayır və bu zamanla keçib gedəcək” deyərək onu başa salmağa çalışın.Uşaqlarda həyəcan, təşviş və stress halları müşahidə etsəniz sosial şəbəkələr vasitəsilə psixoloq məsləhəti almağa çalışın.Hamınıza sağlam və firavan həyat diləyilə

Müəllif: Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbin

psixoloqu Pərvanə Əhmədova.