Covid-19 peyvəndləri ilə bağlı təşviş yaradan məqamlara qarşı profilaktik işlərdə psixoloji maarifləndirmənin rolu.

Koronavirus nədir?

Koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər, məsələn Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi respirator infeksiyalara səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID-19 xəstəliyinə səbəb olur.

COVID-19

COVID-19 – koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. 2019-cu ilin dekabr ayında Çinin Vuhan şəhərində infeksiya yaranmazdan əvvəl yeni virus və xəstəlik haqqında heç nə məlum deyildi.

COVID-19 virusunun əsas əlamətləri

COVID-19 virusunun geniş yayılmış əlamətləri qızdırma, halsızlıq və quru öskürək hesab olunur. Bir çox xəstələrdə müxtəlif ağrılar: burun tutulması, burun axması, faringit və ya ishal ola bilər. Adətən bu əlamətlər tədricən inkişaf edir və yüngül xarakter daşıyır. Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır. Ancaq COVID-19-a yoluxmada altı haldan birində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertenziya, ürək və ya diabet kimi xəstəliyi olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir. Yüksək hərarət, öskürək və ya tənəffüs çatışmazlığı olduğu halda tibbi yardım üçün müraciət etmək lazımdır.

COVID-19 virusu necə yayılır

COVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın təsdiq edilməsi haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq:

1. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etsinlər və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş naziri

 Bakı şəhəri, “___16___” __yanvar__ 2021-ci il

  COVID-19 peyvəndləri barədə ümumi məlumat

1.Vaksin nədir?

Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir.

2.Vaksinin tarixi

İlk peyvəndin təxminən 1000 il öncə çinlilər tərəfindən tapıldığı haqqında fərziyyələr var. Çiçək xəstəliyi əleyhinə ilk peyvəndin Çinli bir dövlət adamının oğluna vurulduğu deyilir. Çinlilərin, çiçək xəstəliyinə tutulmuş bir xəstədəki çiçək yarasının üst qatını (qabığını) əzərək əldə etdikləri tozu uşağın burnuna üfürdükləri zənn edilir. Bəzi tibb tarixçiləri isə uşağın qoluna bıçaqla cızıq açılıb yaradan əldə edilən qabığın cızığın üzərinə bağlanaraq peyvənd edildiyinə inanırlar. Bu günümüzdən 1000 il öncə tapılan peyvəndin Çindən Orta Asiya ölkələrinə və bütün dünyaya yayıldığı deyilir.

3.Vaksinasiyanın başlıca uğurları hansılardır?

 Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərini azaltmağa kömək edib.

 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü.

 ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb.

 Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub.

 Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəliydi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib.

4.Mövcud vəziyyətdə dünyada istifadə olunan vaksinlərin müqayisəsi

 Firma mənşəyi :

 Biotech/Phizer peyvəndi – Almaniya/ABŞ

 Sputnik V peyvəndi – Rusiya

 Moderna peyvəndi – ABŞ

 Oxford/Astra Zeneca peyvəndi – İngiltərə/İsveç

 Sinovac peyvəndi – Çin

 Sinopharm – Çin

Peyvəndlərin istehsal texnologiyaları:

 Biotech/Phizer peyvəndi – RNT əsaslı

 Sputnik V peyvəndi – canlı adenovirus vektoru

 Moderna peyvəndi – mRNT əsaslı

 Oxford/Astra Zeneca peyvəndi – canlı adenovirus vektoru

 Sinovac peyvəndi - ənənəvi

 Sinopharm peyvəndi – ənənəvi

a) Ənənəvi peyvənd: Ənənəvi peyvəndlərdə infeksiyaya səbəb olan viruslar zəiflədilərək və ya zərərsizləşdirilərək insan bədəninə inyeksiya üsulu ilə bədənə yeridilir. Beləliklə insan bədəni ona zərər verməyəcək hala gətirilən virusun üzərində ona qarşı immunitet qazanmağı öyrənir.

b) mRNT əsaslı peyvənd: mRNT əsaslı peyvəndlərdə isə virus yerinə onun genetik kodlarını daşıyan RNT zəncirindən əsas bir qisim insan bədəninə inyeksiya üsulu ilə yeridilir.

c) Canlı adenovirus vektorlu peyvəndlər: Viral vektor peyvəndlərdə də genetik texnologiyadan istifadə edilərək virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya üsulu ilə yeridilir.

Peyvəndlərin istehsal mənbələri:

 Biotech/Phizer peyvəndi – Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildiyində əzələ hüceyrələri virusu emal etməyə başlayır);

 Sputnik V peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialların bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya edilir);

 Moderna peyvəndi: Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildikdə əzələ hüceyrələri virusu istehsal etməyə başlayır);

 Oxford/Astra Zeneca peyvəndi: Canlı hüceyrə (Virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilərək insan bədəninə inyeksiya edilir);

 Sinovac peyvəndi: İnaktiv virus (toyuq yumurtası və ya toxuma kulturasında çoxaldılan hərəkətsiz viruslar insan bədəninə inyeksiya edilir).

Açıqlanan immunizasiya faizləri:

 Biotech/Phizer peyvəndi – 94-96 %

 Sputnik V peyvəndi – 92%

 Moderna peyvəndi – 95%

 Oxford/Astra Zeneca peyvəndi – 70%

 Sinovac peyvəndi – 92%

Marifləndirmə və təşviqat işlərinin forma və strategiyalarının təsviri

Marifləndirmə konsepsiyasının açıqlanması

Terminologiya: Psixoloji marifləndirmə psixoloji biliklərin yayılması, psixoloji mədəniyyət və psixoloji yardımın artırılmasına yönəldilmiş bir sıra tədbirlərdir.

Psixoloji marifləndirmənin qısa tərifi İ.V. Dubrovina (2000) tərəfindən verilmişdir: “Psixoloji marifləndirmə - böyüklərin (tərbiyəçilər, müəllimlər və valideynlər) və uşaqların psixoloji elmlə bir vəhdətdə olmasıdır”.

Bu sahənin tarixi inkişafı

Psixoloji marifləndirmə uzun zaman müstəqil sahə kimi seçilmirdi. Bu gün psixoloji marifləndirmənin inkişafı barəsində mübahisəyə ehtiyacın olmamasına baxmayaraq, bu sual hələ də öz həllini tapmayıb. Psixoloji marifləndirmə hələ də xüsusi növ məşğuliyyət hesab olunmur və buna görə spontan şəkildə təşkil olunur.

Müasir dövrdə cəmiyyətin inkişafı və onda baş verən sosial-iqtisadi dəyişikliklərin optimallaşdırması üçün müasir psixologiyanın elmi-nəzəri və praktiki araşdırmaların yayılmasında marifləndirmə böyük rol oynayır.

Psixoloji marifləndirmə prosesinin rolu uzun müddətdir ki, araşdırılır. Buna baxmayaraq, bu mövzuda çox az sayda ədəbiyyat vardır. XX əsrin əvvəllərində Luriya öz araşdırmalarında psixoloji informasiyanın əhəmiyyətli rolunu sübut etmişdir. Psixoloji mədəniyyətin olmaması, əsasən, əhalinin zəif psixoloji təhsili ilə bağlıdır. Təhsilalanlar üçün məktəbin rolu böyükdür və buna görə psixoloji marifləndirmə məktəbdə yer almalıdır. Müasir təhsil sistemində geniş tətbiq olunan psixoloji marifləndirmə haqqında konsepsiyalar içərisində İ.V. Dubrovinanın konsepsiyaları öz orijinallığı ilə fərqləndirilir. Müəllifin fikrinə görə, psixoloqun işi həkim modelinə bənzərdir və bu modelin psixoloji işin qurulmasında böyük əhəmiyyəti vardır. Burada psixoloqun əsas vəzifəsinin maarifləndirmə və profilaktika və psixi inkişafdakı qüsurların korreksiyasından ibarət olması ön plana çəkilir.

Marifləndirmə prosesinin funksiyaları

Bu gün praktika və elmdə mövcud olan məlumatlar psixoloji marifləndirmə üçün bütün hallarda təsirli olan proqramların təşkilinə yol açır. Psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada marifləndirmə işi aparır. Onlar müxtəlif mövzulara uyğun bilik sahələri ilə tanış edilir, uşaqların inkişafı, təlimi və tərbiyəsi xüsusiyyətləri və yaş dövrlərinin dəyişməsi ilə əlaqədar uşaqların psixologiyasında meydana çıxarılan böhranların psixoloji təbiəti ilə tanış edilir və yaradılan münaqişələrin həlli yolları haqqında məsləhət və tövsiyələr verilir.

Proqram təşkilində bu aspektlərə diqqət yetirilməlidir: Marifləndirmənin forması

(şifahi, yazılı, fərdi və qrup şəklində), auditoriya və çatdırılan fikrin strukturu (fərdi və fərqli yaş qruplarına yönləndirilməlidir). Marifləndirmənin funksiyaları:

 Məlumatlılığın artırılması;

 Psixoloji cəhətdən sağlam münasibətlərin formalaşdırılması.

Təşviş nədir? Həyat hadisələrinin fərdin özü üçün təyin etdiyi standartlarla üst-üstə düşməsi gözləntiləri, bu gözləntilərə uyğun olmayan təcrübələrə qarşı etirazlara səbəb olur. Yalnız gözləntilərin qarşılanacağı düşüncəsi ilə yüklənmə və gözləntilərə uyğun olmayan bir həyatın qəbul edilə bilməyəcəyi düşüncəsi çox məyusedici təcrübələrə gətirib çıxarır. “Bu gün yağış yağmamalıydı”, “Bu, evliliyimizdə olmamalıydı”, “Həyatımız virusla belə dəyişməməli idi” kimi bir mükəmməlliyi əks etdirən ifadələrin arxasında, həyatı qəbul etməkdə çətinliklər gözləntilərlə uyğun gəlmir və hətta mövcud reallığa etiraz etmək meyli üstünlük təşkil edir.

Etiraz başa düşülən bir davranış forması olsa da, çətinliyi sağlam bir şəkildə geridə qoymaq üçün kifayət etmir. Daha da əhəmiyyətlisi, mənalı şeylər insan həyatına etiraz etmədən hərəkətsiz olduqda daxil olur. Mükəmməliyyətçi düşüncədən təmizlənmək üçün gözləntilərə uyğun olmayan hadisələrə etiraz etmək əvəzinə, gözləntiləri nəzarətsiz baş verən hadisələrə görə tənzimləyə çalışmaq lazımdır. Bu günün dünyasında qeyri-müəyyənliklərin aradan qaldırılması kimi qeyri-mümkün səylər söhbət mövzusu olmayacaq və qeyri-müəyyənliklə daha çox barış içində yaşamaq insan oğluna hüzuru vəd edən nadir fenomenlərdəndir. Qeyri-müəyyənliyə dözümsüzlük insanın bütün narahatlıq və təşvişinin anasıdır. Gözəl şeylər insanın həyatına sürətli hərəkət edərkən girməz. Sürətlə avtomobil idarə edərkən yol boyu neçə mənzərəyə valeh olmusunuz? Yağışdan qaçaraq orda rəqs edənlər kimi xoşbəxt hiss edən neçə insan tanıyırsınız? İnsan oğlu ona naməlum qalandan qorxar. Düşüncə plüralizmi və ya elastik düşüncəyə sahib olmaq böyük xoşbəxtliklər üçün qapı açmaqdır. Nə qədər sərt olsaq zərbə bizə o qədər güclü təsir edər, nə qədər üsyan etsək o qədər çox yaralanarıq, təsirin əks təsirlə münasibətini xatırlayın və üsyanın gətirdiyi qəzəblə divara möhkəm bir yumruq vurduğunuzu düşünün, divar olduğu kimi yerindədir, siz isə özünüzdən bir hissəni incitdiniz. Bu zərbənin gücü toxumaları zədələyə bilər, bu zərbənin gücündən sümüklərinizdə çat yarana və ya şiddətli ağrı ola bilər. Plandankənar həyat hadisələrinə qarşı üsyan da belədir, hər fırtına bir müddət sonra sakitləşir, hər virus bir gün insan gücü qarşısında məğlub olur, ancaq hadisələrin gedişində qəzəblə əlini zədələyən siz divara təsir edə bilmir, həyat hadisələrinin axışını dəyişdirə bilmir, əksinə bəlkə də o zaman sizdən bir şeir gözləyən çox yaxın bir insana şeir yaza bilməyəcək, yıxılan birinin əlindən tutub qaldıra bilməyəcək qədər çətin bir həyata məhkum olursunuz.

Təşviş də digər bütün emosiyalar kimi funksional bir emosiyadır. Gərək duyulduğu halda özünü fiziki və zehni olaraq göstərir, bizi təhlükədən qoruyur, yaxud təhlükə altına düşmək ehtimalımız varsa bizi o istiqamətdən çəkindirir.

Təşvişli insanın beyninin istehsal etdiyi düşüncə:

Bir mıx nala,

Bir nal bir ata,

Bir at bir əsgərə,

Bir əsgər, bir məktuba,

Bir məktub bir savaşa,

Bir savaş bir ölkəyə faciədir...

Hamısı bir mıxa görə oldu!

Normal və anormal təşvişi ayıran özəlliklər

Normal təşviş

 Stressə qarşı verilən keçici coşqun reaksiya

 Adaptasiya ilə bağlı narahatlıq

 Mübarizə metodlarının işə düşdüyünün xəbərçisi

Anormal təşviş

 Hər hansı bir stimul yoxkən ortaya çıxır

 Şəxsin mübarizə aparma metodlarını sıradan çıxarır

 Keçici yox, özünün intensivliyi ilə diqqəti cəlb edir

 Müdafiə mexanizmlərinə zərər verəcək qeyri-sağlam mübarizə üsulları inkişaf etdirə və ya ortaya çıxa bilir.

Məsələn: Alkoqollu içki qəbulu.

Nümunəvi maarifləndirmə işi(qrupa xitab edir)

Bu proqrama yaradıcı yanaşma ilə əlavələr etmək olar. Tibbi mövzuların müzakirəsi və maarifləndirmənin daha səmərəli təşkili üçün tədbirlərdə həkimlərin iştirakı daha məqsədəuyğun hesab edilir. Proqram psixoloqun hazırlığı mərhələsi, tanışlıq mərhələsi, qrup daxilində gündəmin müəyyən edilməsi, onları narahat edən suallar ilə bağlı məlumatın alınması, suallar ilə bağlı maarifləndirici söhbətin aparılması, geri bildiriş alınması, növbəti görüş üçün gündəm müəyyən etmək, ev tapşırıqlarının verilməsi, avtomatik düşüncələr, koqnitiv təhrif-düşüncə xətaları barədə məlumat vermək, təşviş haqqında maarifləndirici söhbəti təşkil etmək, covid-19 haqqında maarifləndirici söhbət, vaksinlərin əhəmiyyəti haqqında maarifləndirmə aparmaq, nəfəs məşqlərinin və əzələ rahatlaması məşqlərinin parasempatik sinir sisteminə təsiri, təşvişin bədən hissiyyatı ilə şərtlənən əlamətləri və əzələ gərginliyini aradan qaldırılmasında rolu barədə məlumat vermək, düşüncə xətalarının müzakirəsi, avtomatik düşüncələrə alternativ düşüncənin müzakirəsi, alternativ düşüncənin avtomatik düşüncə ilə müqayisədə qazandırdığı avantajların müzakirəsi, sosial öyrənmə nəzəriyyəsinin düşüncələrə təsiri, avtomatik düşüncələrin gerçəklikdən kənar olmağı ilə bağlı maarifləndirici söhbətin təşkili, yeni və şəxsin özünə aid, sübuta söykənən düşüncələrin koqnitiv yenidənqurma sayəsində möhkəmləndirilməsi, yeni bacarıqların təkrarı və bitirmə görüşü.

Hazırlıq mərhələsi: Psixoloq müxtəlif ədəbiyyatlardan covid-19 virusu ilə bağlı məlumat toplayır, ölkə və dünyadakı cari statistika ilə tanış olur. Vaksinlərin tarixi, əhəmiyyəti, adları, onların təsir gücü, yeni ştamlar üzərindəki təsirinə dair yazıları araşdırır.

Birinci görüş: Qrupla tanışlıq, maarifləndirmənin məqsədi, qrup üzvlərinin əsas narahatlıq məqamı araşdırılır, hədəflər müəyyən edilir, düşüncələrin mənbəyi soruşulur- bu hər hansı sosial media istifadəçisinin əsassız fikirləri və ya hər hansı saytın mənbəsiz məlumatları ola bilər. Peyvəndin hansı şəxslərə tədbiqinin məsləhət görülmədiyi haqqında həkim tərəfindən tibbi maarifləndirmə aparılır.

İkinci görüş: Qrup üzvlərini maraqlandıran məqamlar gündəm mövzusu kimi müəyyən edilir. Gündəmə uyğun olaraq psixoloji və ya tibbi maarifləndirmə təşkil edilir.

Üçüncü görüş: Gündəmə müəyyən edilir, düşüncələrin emosiyalar, bədən hissiyyatı və davranışlar üzərində təsiri ilə bağlı maarifləndirici söhbət aparılır. Gündəmdə müəyyən edilən tibbi mövzular ilə bağlı həkim maarifləndirmə işini aparır, peyvəndlərlə bağlı məlumat verilir.

Dördüncü görüş: Naməlumluq və onun təşvişin səbəbkarı olmağı mövzusu ilə bağlı maarifləndirici söhbət aparılır, təşviş və onun koqnitiv modeli izah edilir, mübarizə üsulları sağlam və qeyri-sağlam olaraq ayırd edilir, hər iki mübarizə üsulu ilə bağlı məlumat verilir. Təşvişi yaradan ənənəvi koqnitiv təhrif-düşüncə xətaları barəsində məlumat verilir, qrup üzvləri tərəfindən səsləndirilən fikirlər koqnitiv təhriflər prizmasında çərçivəyə alınır.

Beşinci görüş: Qrupla gündəm müəyyən edilir, şəxslər özləri öz düşüncələrini koqnitiv təhriflər siyahısına uyğun müəyyən edir, alternativ düşüncələrin müzakirəsi aparılır. Avtomatik fikrin mənfi və müsbət təsiri müəyyən edilir, alternativ fikrin müsbət və mənfi tərəfləri müzakirə edilir. Ən yaxşı ehtimallar müzakirə edilir, ən pis ehtimal müzakirə edilir, ən mümkün, rasional ehtimal müzakirə edilir. Sosial öyrənmə nəzəriyyəsinin düşüncələrə təsiri ilə bağlı maarifləndirici söhbət aparılır, hansı düşüncənin məntiqə uyğun olmağı, hansı düşüncənin öyrənilmə məhsulu olmağı ayırd edilir, rasional düşüncə əsasında hərəkətin mümkün müsbət təsiri müzakirə edilir.

Altıncı görüş: Gündəm müəyyən edilir, müəyyən edilən mövzulara qısaca toxunulur. Əvvəlcədən müəyyən edilən hədəflər istiqamətində qət edilən məsafə müzakirə edilir, keçmiş görüşlərdəki mövzular ilə bağlı qısa təkrara yol verilir, nəfəs məşqlərinin və əzələ rahatlaması məşqlərinin parasempatik sinir sisteminin fəaliyyət səmərəliliyinin artırılması üçün bir vasitə kimi istifadəsi öyrədilir. Şəxslərin ən mənfi ehtimalın baş tutacağı halda öz mübarizə üsullarını yaratmaları ilə bağlı ev tapşırığı müəyyən edilir.

Sonuncu – yeddinci görüş: Mübarizə üsulları ilə bağlı ev tapşırıqları ilə tanışlıq, hədəfə əngəl olan düşüncə, bədən hissiyyatı ilə bağlı tərtib olunmuş tapşırıqların qrup üzvləri tərəfindən qısa təqdimatı, psixoloqun görüşlər ilə bağlı qrup üzvlərinə anket paylaması. Bitirmə mərhələsi.

Ədəbiyyat siyahısı:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” haqqında

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi – Təşviş pozuntularının müalicə və diaqnostikası ilə bağlı klinik protokol.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi – Maarifləndirmə- profilaktika işlərinin aparılması, Bakı 2020.

4. Arthur Freeman – Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Psikoterapi enstitüsü, İstanbul 2013

5. Nəsimi Qiyasov – Təşviş: Arzuolunmaz yol yoldaşı, Azərbaycan Respublikası, Bərdə şəhəri 2020

6. N.Z.Çələbiyev – Təhsil sistemində psixoloji xidmət, l hissə.

7. M.H.Türkçapar – Bilişsel Davranışçı Terapi, Epsilon yayın evi, 2013

8. https://koronavirusinfo.az/az/page/koronavirus-covid-19/peyvənd

Nəsimi Qiyasov – 16.07.2021,

Azərbaycan Respublikası, Bərdə şəhəri