Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya rast gəlinən deyil.
Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur.
Göstəriciləri:
• Bədəndən kəskin pis qoxunun gəlməsi, dəridə qızartılar, saçların yuyulmamış olmağı, dırnaqların kəsilməmiş olmağı, qeyri-sağlam qidalanma və bir sıra başqa şəxsi gigiyena qaydalarına əməl etməmək.
• Atılmayan məişət tullantılarının evdə yığılması, gəmirici və həşəratların evi məskən etməsi, çürümüş yemək qoxuları.
• Məişət tullantılarının yığılması ilə ortaya çıxan dağınıqlıq.
• Tibbi və sosial yardımı rədd etmək.
• Mövcud yaşayış formasını normal qəbul etmək.
İki növü vardır:
A) Əlavə əqli problemin olmadığı birinci növ;
B) Əlavə əqli problemlər ilə müşahidə edilən ikinci növ.
Risk faktorları:
Yaşlanma
Sevimli şəxsin vəfatı ilə gələn yalqızlıq
Özünə qapanma və sosial izolyasiya meylləri olanlar
Demensiya
Alkoqollu içkilər və narkotik maddələrə aludəçilik
Beynin qərar qəbul etmədən cavabdeh mərkəzi – frontal korteksin zədələnməsi.
Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır.
Ədəbiyyat siyahısı:
1. Amerikan Psikiyatri Derneği. (2013). Ruhsal bozuklukların tanı ve istatistiksel el kitabı. Beşinci baskı. DSM-V.
2. Masson, Barcelona. Gómez, I., Prieto, F. (2008). Diogenes sendromunun klinik formları. Yaklaşık üç vaka. [Elektronik versiyon]. Biyolojik Psikiyatri, 15 (3), 97-9
3. Marcos, M. & Gómez-Pellín, M.C. (2008). Yanlış adlandırılmış bir eponym hikayesi: Diogenes sendromu. Uluslararası Geriatrik Psikiyatri Dergisi, cilt. 23, 9.
4. Oğuz Tanrıdağ. 2014. Beyin ve Davranış İlişkileri Üzerine Konferanslar ve Dersler: 291-294
Nəsimi Qiyasov – 14.04.2021
Azərbaycan Respublikası, Bərdə şəhəri