Yazını yazarkən gözümün önündən Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir an olsun getməmişdi, yazının çap olunma məqsədi ilə bağlı problem aradan qalxdığı üçün, yəni bu yazı artıq çap olunmağı gözləmədiyi üçün müəllif və ya “xülasəçi” olaraq mən mətni paylaşmaq istəyirəm. Bəzən facebookda dolaşarkən qarşıma müxtəlif kinolar ilə bağlı “alternativ final"lar çıxır, bu belə yetərincə kədərliykən biraz əvvəl yazımı paylaşmaq üçün yenidən həmin, yuxarıda haqqında bəhs etdiyim fotonu axtarırdım. O məşhur şəkil orda idi, orda idi, amma mən deyəsən bir alternativ sonun şəklini axtarırdım, bir portret çıxdı qarşıma, ata Məsud və qızı Irmak Leylanın əl-ələ olduğu bir portret, Irmak Leylanın Kürəyində qanadları vardı və bu bir alternativ son deyildi. Təsəllinin həqiqətdən ağrıdıcı olduğunu gördüyüm nadir səhnələrdən idi bu deyəsən.
Etika psixoloji yardımı hədəf alan hər növ müdaxilənin özəyini təşkil edir. Bu prinsiplərə sədaqət həm mütəxəssisi, həm də yardım alan və axtarışında olan şəxsləri uyğun olmayan müdaxilələrdən qoruyur. Üstəlik nəzərə alsaq ki, mən bu yazını yazarkən cəmiyyətin daha həssas qrupları olan böhran qurbanlarına dəstək olanları məlumatlandırma məqsədi güdürəm, bu məsuliyyəti ikiqat artırır. Bu hissədə BMT inkişaf proqramı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin təkliflərinə, Psixoloji konsultasiyada baza etik nüanslara, bundan başqa etik dilemmalara diqqət edəcəyik. Yazını yazarkən gözümün önündə Türkiyədəki zəlzələ və atanın qızının əlindən tutduğu foto bir
BMT İnkişaf Proqramı çərçivəsində Böhrana yanaşmaq
1. Yerli resursları səfərbər etmək
Fəlakətin və ya böhranın həcmindən asılı olaraq ilkin mərhələdə Birləşmiş Millətlər Təşkilatının bu proqramı beynəlxalq müdaxilənin xaos yaratma riskini nəzərə alaraq yerli resursların səfərbər edilməsini təklif edir. Təbii ki, ehtiyac olduğu halda beynəlxalq kanallar işə salınır, profilaktik tədbir məqsədi ilə mümkün ssenarilər üzrə müdaxilə proqramları və ehtiyac siyahılarının mövcudluğunun səmərəli olacağını qeyd edir.
2. Xüsusi qrupların həssaslıq və ehtiyaclarından xəbərdarlıq
Burada məhdud imkanlı şəxslər, uşaq, qadın, uşaqların, eləcə də qaçqın və məcburi köçkünlərin, aşağı iqtisadi imkanlara və məhdud təhsilə sahib insanların, etnik, gender və.s kimi azlıqların ehtiyaclarından xəbərdarlıq və onların dəstəyə əlçatanlığını göz önündə tutmaqdan bəhs edilir.
3. İnsan hüququ və ləyaqətinə həssaslıq
Böhrana uğramış şəxslərə yardım din, dil, irq, gender, siyasi-ideoloji baxış fərqi ayırd etmədən göstərilməlidir.
4. Media menecmenti
Böhran və böhrana müdaxilə, böhranın təsirlərinin aradan qaldırılmasında ictimaiyyətə məlumat vermək ilə bağlı media nümayəndələrinin fədakarlıqları danılmazdır. Lakin bəzən informasiya verilməsi zamanı sensasion başlıqlar, zərər çəkmiş şəxslərin ağrılı səhnələrinin fotolarından istifadə ictimaiyyətdə dərin sarsıntıya, inamsızlığa səbəb olduğu kimi böhrana məruz qalan şəxslərin də özlərində qurban rolunu yarada, yaranmış olanı möhkəmləndirə bilər. Media meneceri işin başlanğıcında bu sualı verə bilər: Mən olsam, ən böyük travmalarımdan birini yaşayarkən fotomun çəkilib, manşetlərdə yer almasını istərdim?
Beynəlxaq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin hazırladığı etik prinsiplər
1. Humanizm.
Humanizm burada insan varlığının keşiyində ən üst səviyyədə xidməti səfərbər etməyi ehtiva edir.
2. Ayrıseçkilikdən yayınma
3. Bitərəflik
4. Azadlıq
2, 3 və 4 – cü bənd BMT proqramının açıqlamasında da qeyd etdiyimiz kimi insanları milli, etnik, gender, dil, irq kimliyinə ayırmadan, təhsili, iqtisadi vəziyyəti, sosial təbəqəsi, ideologiya və siyasi baxışlarından asılı olmayaraq tək bir sinif olaraq görməkdir “Böhrandan əziyyət çəkənlər” sinifi və bir amal dəyişməz qalmalıdır, yardım əlçatanlığını hamı üçün təmin etmək.
5. Həmrəylik
Xaosun profilaktikası və vahid amala xidmət etmək məqsədi ilə vahid koordinasiya mərkəzi ilə mütəmadi fikir mübadiləsi və mükalimədə olmaq.
6. Könüllülük.
İnsanları dağıntı və ya böhran sahəsinə gətirən şeyin insanpərvərlik olması.
7. Qloballıq.
İnsana faydalı olmaq adına beynəlxalq təcrübədən faydalanmaq.
Sahədə psixoloji yardımın zamanı baza etik prinsipləri
1. Zərər vurmamaq və ya Zərər vurmaqdan yayınmaq
Bu hər hansı bir zərər vurmaq formasını özündə ehtiva edən geniş bir anlayışdır.
Xüsusilə dağıntı sahələrində, Türkiyədə rast gəlinən problemləri misal olaraq çəkib, yetərsiz bilgiyə qədər bir neçə nümunəyə baxaq.
A. Danışmaq istəməyəni sual atəşinə tutmaq.
B. Soruşulmadığı halda yersiz simptom maarifləndirməsi aparmaq.
C. Məqsədi, yeri, zamanı, əks təsirini bilmədən texnikalar tətbiq etmək.
D. Detallı məlumatımız olmayan metodları tətbiq etmək.
E. Xəstəlik keçmişi ilə tanış olmadığımız şəxslərlə çalışmaq.
2. İndividuallıq (İndividuallığa inam)
A. Psixi sağlamlıq mütəxəssislərinin diaqnoz ilə birləşmək halı. XBT – 10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10 – cu baxış), DSM V (Amerika Psixiatrlar Assosiasiyasının 2013 nəşri olan Psixi pozuntularının diaqnostik və statik kitabının 5 – ci baxışı) kimi diaqnostik ədəbiyyatların bizə psixi sağlamlıq problemlərini simptom fokslu təqdim etdiyini unutmayaq. Biz isə narahatlıq qədər narahat olanı da anlamalı olan mütəxəsislər olmalıyıq. Məhz buna görə psixoloji yardım belə vəziyyətlərdə buz üstündə rəqs etmək kimi olmalıdır, yaradıcı, elastik və ehtiyatlı.
B. Tibbi müdaxilədə olduğu kimi psixososial dəstəkdə də amiranə dil deyil, dəvət dili istifadə etmək. Bizim rasional hesab etdiyimiz yardım etmək istədiyimiz şəxs üçün rasional olmaya bilər. Ona görə də insanları həyatda qalmaq instinkti, nəsil artırmaq, həzz almaq instinkti üzərindən çərçivəyə salmadan əvvəl onların ağrıya dair ifadələrini can qulağı ilə dinləyin. İnstinktlər bizi primat kimi həyata bağlayır, insan etmir. Bu üsul uğurlu olsa idi psixoanalizin özündə də nə Fairburn, nə Masterson, nə Xorni, nə Adler, nə də Erik From yetişməzdi.
3. Faydalılıq
Zərəri və ağrını azaltmaqdan ziyadə, rifahı və bərpanı təmin etmək istiqamətində bilik və bacarıqları səfərbər etmək.
4. Sədaqət
Xidmətin iş əxlaqı prinsiplərinə vəfanı, pasiyentlərə qarşı dürüstlük və etibarlılığı özündə birləşdirən prinsipdir.
5. Hörmət və Konfidensiallıq
Benefsiarın ona nə edəcəyimizə dair məlumatlı olması və danışılan hekayədə cinayət tərkibi olmadığı halda məxfiliyin təminatını vermək.
6. Ədalətlilik
BQXK və BMT təkliflərində də əks olunduğu kimi insanlara insanpərvərliyi əldə rəhbər tutaraq kömək etməyi özündə ehtiva edən prinsipdir. Bəzən isə bu prinsip özünü insan ləyaqətinin keşiyində durmaqla göstərir, məsələn zorakılığın hər hansı bir növünə məruz qalmış uşağın (18 yaşa qədər şəxsi) yaşadığı şiddət və sıxışdırma ilə, eləcə də başqa istismar halları ilə bağlı aidiyyəti qurumlara məlumat verməyə ehtiyac duyula bilər. Bəlkə də biz psixoloq kimi şəxsi bir daha dinləmək imkanını itirmiş ola bilərik, lakin şəxsin layiq olmadığı həyatdan uzaqlaşması istiqamətində öhdəmizə düşəni etmiş olarıq.
7. Səriştəlilik və Uyğunluq
Sahədə olan Psixi sağlamlıq mütəxəssisləri (beynəlxalq təcrübədə belə deyəndə psixoloqlar, konsultantlar, sosial işçilər və həkimlər (həm mütəxəssis Psixiatrlar, həm də Ümumi Terapevtlər) nəzərdə tutulur) baza psixoloji konsultasiya bacarıqlarını bilməli və ehtiyac üzrə yönləndirməyi bacarmalıdırlar. Məsələn: Borderline şəxsiyyət pozuntusundan əziyyət çəkən biri ilə məruz buraxmanı həyata keçirməzdən əvvəl onu birincili və bizə məlum diaqnozu üzrə psixiatr yardımına yönləndirməli, sonra isə razılığı olacağı təqdirdə psixi sağlamlıq xidmətlərini daha uzun müddətə (təxminən 2 il) təqdim etmək iqtidarında olan bir mütəxəssisə yönləndirmə həyata keçirməyi dəyərləndirmək lazımdır. Daxili səs, 2 – 7 yaşda, əməliyyata qədərki mərhələdə şəxsin həyatda qalmaq üçün inkişaf etdirdiyi primitiv və disfunksional davranışlar, inkişaf etməmiş adaptasiya yönümlü davranışlar və uşaqlıq dövründən özü, başqaları, dünya və gələcəyə yönəlik irrasional inanclar böhran sahəsində dəyərləndirilməsi və müdaxiləsi mümkün olan məqamlar deyillər.
8. Şəffaflıq və Tolerantlıq
Bu fərqli baxış və başqalarından gələn həll üsullarına maraq göstərmək və funksionallığına inanıldığı, zərərin olmadığı və ya mövcud üsullardan aşağı olduğu halda təklifləri qəbul etməkdir. Şəffaflıq prinsipi isə:
Edə bilmədiyinə söz verməmək, söz verdiyini mütləq etməkdir.
9. Məsuliyyətlilik
Böhran nəticələrinin aradan qaldırılmasından cavabdeh vahid koordinasiya qrupunun təlimatlarına əməl etmək və özünü, başqalarını, ən nəhayətində isə mübarizənin məqsədlərini riskə atmamağı özündə birləşdirir.
10. Həmrəylik.
Şəxsi maraqlardan əvvəl mübarizənin amalı və məqsədlərini göz önündə tutmağı və özünü bu vahid məqsədləri əhatə edən zəncirin bir halqası olaraq görməyi özündə ehtiva edir.
11. Elastiklik
Bizim bildiyimiz texniki baxışların çoxu özəl ofislərdə, əsasən ambulator müalicə həyata keçirilən tədqiqat institutları və xəstəxanalarda tətbiq edilib. Elastiklik ilə bağlı qeyd etmək istədiyimiz nüans mövcud vasitələri mövcud təcrübəyə adaptasiya etməkdir.
Etik dilemma
Bu psixi sağlamlıq xidmətlərinin ayrılmaz və ayrılmayacaq bir parçasıdır bəzən iki etik prinsip sanki bir-birinə zidd gedir kimi görünə bilər, bu çox normaldır. Etik dilemma ilə bağlı nəzərdə saxlanmalı olan məqamlar bunlardır:
• Bir prinsipin təmin olunmaması başqa bir etik prinsipi təmin etmək olmalıdır. Məsələn: Məxfilik pozulur ona görə ki, Zərərdən yayınmağa ehtiyac var və Ədalətlilik təmin olunmalıdır.
• Faydalılıq varmı sualı verilməlidir.
• Zərər minimum səviyyədədirmi araşdırılmalıdır
• Məqsəd kimi qarşıya qoyulana nail olmaq ehtimalı yüksək olmalıdır
• Qərar (etik prinsipin hansısa birindən azad davranmaq) tərəfsiz olmalıdır.
Gəlin 3 vəziyyətdə etik məsələlərə nəzər salaq.
Vəziyyət 1. Faydalılıq və Şəffaflıq toqquşması
Cənab D. 37 yaşında kişidir, illər əvvəl hərbi xidmətdə olduğu döyüş mövqeyinə basqın edilir, şəxs mövqedə sağ qalanlardan biri olur. Bir müddət sonra şəxsdə sinə sıxılmaları, yadlaşma (özünə yadlaşma və ətrafa yadlaşma), tez-tez kabus yuxular, təşviş və vahimə hissi müşahidə olunur, şəxs bəzən hadisəyə dair çox şeyi xatırlamadığını deyir, lakin eyni zamanda mütəmadi olaraq hadisəyə dair səhnələrin yenidən zehnində canlandığını deyir, xüsusilə döyüş postundakı bəzi ərazilərdə olmaqdan yayınır. Şəxsə hələ o dövr Post-travmatik Stress Pozuntusu diaqnozu qoyulur. Ordudan tərxis olduqdan sonra D müalicəyə davam etmir, uzun illərdir mütəmadi olaraq alkoqollu içki qəbul edir. Faydalılıq burada psixoterapiya bildiklərimizə müvafiq müdaxiləni tələb edir və ola bilsin ki, Səriştəlilik və Uyğunluq da təmin edilir, lakin burada əsas məqam ondan ibarətdir ki, Post-travmatik Stress Pozuntusunda ilk müdaxilə işlənməmiş olan travmatik təcrübəyə olmalıdır və bu ən azından 4-8 seansı əhatə edəcək, bu səbəbdən şəxsin təxliyə edildiyi xəstəxanada yardım alması daha dürüst bir yanaşma ola bilər, çünki böhran sahəsində həftəlik və nizamlı müdaxilə heç də hər zaman mümkün deyil və bəzən Həmrəylik prinsipi bizi başqa təlimatları icra etməyə sövq edə bilər.
Vəziyyət 2. Həmrəylik və Səriştəlilik
Cənab K. 28 yaşında gizirdir, sonuncu antiterror əməliyyatları zamanı yaralanaraq xəstəxanaya təxliyə edilib, xəstəxananın psixoloqu baş həkimdən prosesə daxil olmaq və qazilər, o cümlədən cənab K ilə görüşmək barədə təlimat alıb. Şəxsdə ön planda olan emosiya “Dostlarını xilas edə bilməmək” inancı ilə özünü göstərən xəcalət və günahkarlıq hissidir. Bundan başqa şəxsin zərərsizləşdirdiyi düşmən hərbçisi ölmədən əvvəl ona əslində təslim olmaq istədiyini və övladları olduğunu deyib, şəxs bu kadrı xatırlayanda peşmanlıq hissinə bürünür, xəstəxananın psixoloqu əsasən qorxu ailəsinə aid emosiyaları işləməkdə effektiv olan Uzunmüddətli Məruz Qoyma Terapiyası üzrə treninq keçib. Lakin o fərqindədir ki, belə situasiyalarda daha uğurlu yol Koqnitiv İşlənmə Terapiyasıdır. Belə olan halda Həmrəylik prinsipinə qarşı Zərərdən yayınma, Uyğunluq və Səriştəlilik prinsiplərini əldə əsas tutan mütəxəssis yönləndirmə həyata keçirilməsini rəhbərlikdən istəməlidir.
Vəziyyət 3. Məxfilik və Ədalətlilik
Xanım A. 20 yaşında qadındır, zəlzələdən xilas edildikdən sonra Post-travmatik Stress Pozuntusu simptomları ilə səhra tibb məntəqəsinə müraciət edib. Şəxsə Kəskin Stress Pozuntusu diaqnozu təyin olunub və psixoloqa yönləndirmə həyata keçiriləcəyi deyilib. Böhran sahəsindən təxliyədən sonra A xəstəxananın mütəxəssisi ilə görüşüb, burada əslində ardıcıllıq izlənsin deyə şəxsin detallı anamnezi alınır və bu əsnada müəyyən olunur ki, A qonşuluğunda yaşayan Y tərəfindən 15 yaşında cinsi zorakılığa məruz qalıb. Y sağdır və həyatına davam edir, A evlidir və Y-nı görmək qorxusu səbəbi ilə ata, anasının evinə nadir hallarda gedir. Məxfilik bizə deyir ki, hekayəni gizli saxlamaq lazımdır. Amma biz bir ölkənin vətəndaşıyıq və hər kəs kimi qanun qarşısında məsuliyyət daşıyırıq. Azərbaycan Respublikası prezidentinin 22 oktyabr 2019 – cu il təsdiqinə əsasən 2007 – ci ilin 25 oktyabrında Lansarotedə imzalanan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan qorunması haqqında” Avropa Şurasının Konvensiyasına əməl etmək ilə mükəlləfik. Həmin konvensiya psixi sağlamlıq mütəxəssisləri kimi səhiyyə və təhsil işçilərini də başlıca olaraq bu hüquqları müdafiə etməkdə səfərbər olmağa çağırır. Bu səbəbdən belə hallarda qanun və beynəlxalq hüquq qarşısındakı mükəlləfiyyəti yerinə yetirmək daha çox ön planda durur. Unutmaq lazım deyil ki, ədalət mülkün təməlidir və onun öz yerini tapmasına xidmət hamımızın vəzifə öhdəliyidir. Mənim 2 aya yaza bildiyim və böyük ehtimalla bir neçə dəqiqəyə oxunula bilən bu mətndə də öz işimizi nizamlayan prinsiplərdən danışdım, dönə-dönə xatırlatmaqda fayda vardır, bu prinsiplərə bağlılıq Mütəxəsis və benefsiarı qoruyur, prosesin hüquqi, struktur və münasibət ilə bağlı sərhədlərini nizamlayır, nizamın olmadığı yerdə təəssüf ki, göz yaşı hakim olur.
Nəsimi Qiyasov
Bərdə, 20.11.2023