Ergənlik dövrü — insan həyatında psixoloji, emosional və fiziki baxımdan ən həssas mərhələlərdən biridir. Bu dövr gəncin həm özünü, həm də cəmiyyət içindəki yerini kəşf etməyə çalışdığı, eyni zamanda daxili konfliktlərin, qavrayış dəyişikliklərinin və davranış dalğalanmalarının ən sıx yaşandığı zamandır. Məhz bu mövzuya toxunan “Adolescence” serialı, bir çox ailənin və gəncin gündəlik həyatında yaşadığı problemləri real və toxunula biləcək şəkildə ekranlaşdırır.
"Adolescence" serialı, bir gəncin özünü tapmaq, ailə içində və cəmiyyətlə olan münasibətlərini anlamlandırmaq səylərini təsvir edir. Psixoloji təhlil baxımından, bu serialda özünəinam əskikliyi, məhəbbət ehtiyacı, sosial qəbul olunma istəyi və bəzən də travmatik təcrübələrin gənc psixikasına təsiri aydın şəkildə təqdim olunur. Hekayənin dramatik xətti, izləyicidə həm empati, həm də düşüncə yaratmağa kömək edir. Bu, sadəcə bir əyləncə məhsulu deyil – bu, cəmiyyətə güzgü tutan bir dərsdir.
Serialın gənclərə verdiyi ən böyük təsir — onların öz hisslərini, qarşılaşdığı daxili çətinlikləri normal qəbul etməyə başlamasıdır. Bir çox uşaq və yeniyetmə, hiss etdikləri depressiyanı və ya sosial təcridi "qəribə" və ya "anormal" hesab etdiyi üçün paylaşmaqdan çəkinir. “Adolescence” kimi ekran əsərləri bu məsələləri görünən və danışılan hala gətirərək, uşaqlara "Sən tək deyilsən" mesajını verir
Lakin, burada bir psixoloq olaraq vacib bir qeyd etməliyəm: bu cür serialların izlənməsi valideyn nəzarəti və psixoloji müşahidə ilə aparılmalıdır. Çünki bəzi səhnələr gənc izləyicilərdə yanlış identifikasiya və ya zərərli davranış modellərini təqlid etməyə yol aça bilər. Buna görə də, valideynlər və müəllimlər bu seriallar ətrafında uşaqlarla dialoq qurmalı, onların duyğularını düzgün yönləndirməlidirlər.
Bu kimi seriallar yalnız fərdi şüur səviyyəsində deyil, ictimai şüurun da inkişafına töhfə verir. Yeniyetmələrin yaşadığı problemlər barədə geniş auditoriyaya məlumat verməklə yanaşı, bu mövzunun ciddiliyini gündəmə gətirir. Ailə daxilində daha açıq və empatik ünsiyyətin qurulmasına, məktəblərdə psixoloji dəstək sistemlərinin gücləndirilməsinə təkan verir.Çıxış yolu olaraq aşağıda qeyd olunanları önə çəkmək olar:
1. Psixoloji maarifləndirmə: Məktəblərdə və cəmiyyət mərkəzlərində ergenlik dövrü ilə bağlı seminar və təlimlər keçirilməli, valideynlər bu mərhələnin xüsusiyyətləri haqqında bilgiləndirilməlidir.
2. Empatik ünsiyyət: Ailələr uşaqları ilə daha çox dinləyici mövqedə olmalı, onları tənqid etmədən hisslərini ifadə etməyə təşviq etməlidirlər.
3. Peşəkar dəstək: Uşaqların yaşadığı daxili çətinliklərə qarşı məktəblərdə psixoloqların mövcudluğu artırılmalı və gənclərin bu dəstəyə əlçatanlığı təmin edilməlidir.
4. Sosial dəstək layihələri: Gənclərin özlərini ifadə edə biləcəyi, yaradıcı fəaliyyətlər və qrup proqramları ilə onların sosial inteqrasiyası gücləndirilməlidir.
“Adolescence” kimi ekran əsərləri, psixoloji və sosial yönləri ilə yalnız bir serial deyil, bir çağırışdır. Gənclərə dəstək olmaq, onları anlamağa çalışmaq və cəmiyyətin gələcəyini sağlam ruhlarla formalaşdırmaq hamımızın vəzifəsidir. Unutmayaq ki, bugünkü yeniyetmə sabahın valideyni, müəllimi, rəhbəridir.
Klinik psixoloq Nigar Cəbrayıl