Bu günlərdə Gürcüstanın azərbaycanlılar yaşayan Soğanlıq kəndində iki yeniyetmənin nişan mərasimindən çəkilmiş videonun sosial şəbəkələrdə yayılması hər iki ölkədə gündəm oldu. Xüsusən, azərbaycanlı sosial media istifadəçiləri bu mövzuda geniş müzakirə və mübahisələr apardılar. Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı hərəkətə keçərək, hüquqi müstəvidə araşdırmalara başlayıblar.
Amma, bu məsələ daha çox bizim – Azərbaycan xalqının problemidir. Gürcüstanlı soydaşlarımız arasında bu köhnə, ibtidai adət hələ də qalır. Azərbaycan Respublikasının bəzi regionlarında da erkən nikah praktikası mövcuddur. Mövzunu Psixoloq, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovilə müzakirə etdik.
Psixoloq bildirdi ki, erkən nikahlar təhsilsiz və mühafizəkar ailələrdə daha çox müşahidə olunur:
“Səbəb odur ki, həmin ailələr bir növ öz talelərini övladlarına yaşadırlar. Mənə görə, bu, psixoloji kasta sistemidir. Yəni, insanlar öz talelərini bir-birlərinə ötürürlər. Yenilik, hər hansı dəyişiklik qəbul olunmur”.
R.Nəcəfov bu praktika ilə mübarizə aparmaq üçün nümunələrin göstərilməsini vacib hesab edir:
“Cəmiyyətin müəyyən hissəsi fədakarlıqlar etməlidir. Nümunələr söz yığınından ibarət olmamalıdır. Nümunələri rəqəmsal platformalarda, əyani şəkildə həmin insanlara göstərmək lazımdır. Psixoloji tərəfdən isə fərdi və qrup görüşləri təşkil etmək olar ki, bu görüşlər ilk olaraq ailələrlə reallaşmalıdır. Çünki, onları psixoloji maarifləndirmək vacibdir”.
Mütəxəssisin sözlərinə görə, erkən nikaha sövq edilən uşaqların çox ciddi psixoloji travmaları yaranır:
“Bu isə bir müddət sonra patoloji hal alır. Patoloji hal aldıqdan sonra həmin uşağın həyata baxışı tamamilə qaranlıq olur. Erkən nikaha təhrik edilmiş uşaq gələcəkdə öz uşağını da erkən nikaha təhrik edir. Bu, bir növ estafet kimi bir ailədən, digərinə ötürülür. Həmin pataloji hal baş verdikdən sonra onun mütləq psixoloqa və psixokonsultasiyaya ehtiyacı olur. Postnatal depressiya anlayışı var. İnsan erkən nikaha təhrik olunduqdan, evlilik baş verdikdən və uşaq dünyaya gətirdikdən bir müddət sonra görür ki, həyat əvvəlki kimi olmayacaq. Onun həyatla bağlı fəaliyyəti əslində, fəaliyyətsizliyi olur. Sadə dillə ifadə etsək, həyatını yola verir. Belə olduğu halda, bir müddət sonra bu, intihar hallarına gətirib çıxarır. Biz müqayisələr aparsaq, görərik ki, xanımların intihar etməsinin səbəblərindən biri, məhz onun keçmişdə erkən nikaha təhrik edilməsidir. O, artıq həyatdan küsüb, TV-də, sosial şəbəkələrdə və ya digər insanların simasında alternativ həyatlar görür. Məsələn, kimsə təhsil alıb, karyerası var, cəmiyyətdə nüfuz sahibidir, onun həyatı isə tamamilə qaranlıqdır, heç bir çıxış yolu yoxdur. Onun üçün artıq heç bir uğur hekayəsi yoxdur”.
Psixoloqun fikrincə, biz cəmiyyət olaraq erkən nikahlara yox deməli və buna qarşı mübarizə aparmalıyıq:
“Bununla bağlı müzakirələr çox olmalıdır. Hər zaman belə hadisələrin niyəsini izah etmək lazımdır. Bütün bunlar gələcək üçün çox təhlükəli bir amildir. Erkən nikaha təhrik edilmiş uşaqların böyütdükləri övladlar da cəmiyyət üçün faydalı olmur, çünki, təhsilsiz bir ailədə böyüyür. Düzdür, istisnalar var. Amma, istisnalar qaydanı pozmur. Bir özünüz düşünün, həmin uşağın böyütdüyü uşaq nə ola bilər? Biz məsələyə çox real yanaşmalıyıq ki, özü uşaq olan şəxs uşaq böyüdə bilməz. O, öz uşaqlığını yaşamadan, öz arzularını reallaşdırmağa, başqa bir insanın formalaşmasına öz töhfəsini verə bilməz. Biz bunları izah etməliyik”.
Psixoloq onu da əlavə etdi ki, erkən nikaha məcbur edilmiş uşaq gedib ailədə zorakılıqla da rastlaşır:
“Fərqi yoxdur: o, ya fiziki, ya da psixoloji zorakılıqla qarşılaşır. Belə olanda o bilməlidir ki, tək deyil, qanun var, ona dəstək olacaq ictimai qurumlar və dövlət var. Bununla bağlı təbliğatı, maarifləndirməni gücləndirmək lazımdır”.
R.Nəcəfov maarifləndirmə işində müqayisələrin aparılması və nümunələrin göstərilməsinin vacibliyini vurğuladı:
“Məsələn, hər hansı qısa və ya tammetrajlı film təqdim edilə bilər ki, orada həmin hekayə əks olunsun və ona baxanda yeniyetmə öz həyatı ilə bağlı qərarlar verə bilər. Hansısa bir uğur qazanmış və hekayəsi olan insanlarla görüşlərin təşkil olunması, onların çıxışlarının yayılması, ictimai müzakirələrin təşkili və orada xüsusilə də, xanımların iştirakı yaxşı olar. Gələcək anaların təhsilli olmasının vacibliyi vurğulanmalıdır. Bir növ, valideynlərə və cəmiyyətə müraciət olunmalıdır ki, övladlarınıza iqtisadi yük kimi baxmayın, övladlarınıza dəyər verin ki, o, sabah yıxılanda ayağa dura bilsin. Çünki, valideyn əbədi deyil. Sən kimisə yarımçıq formalaşdırıb, natamam olaraq cəmiyyətə buraxa bilməzsən. O, sabah cəmiyyətdə özünə yer tapa bilməyəcək və başqalarının da həyatına böyük maneə olacaq. Biz həm də ona görə cəmiyyətin dəyişməsini və rəngli düşünməsini istəyirik ki, insanların həyatı bir-birilərinə maneə yaratmasın”.
Ülviyyə Şahin