Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.Kassandra Troyanın məhv olmasını qabaqcadan xəbər verir, lakin onu lağa qoyurlar və ağılsız hesab edirlər. Nəticədə, tarixdə bir çox hadisələr var ki, gələcəyi görənlər yaxınlaşan qəzalar haqda insanları xəbərdarlıq etməyə çalışıblar, lakin onlara heç kəs inanmayıb. Beləliklə, belə fenomen tarixə "Kassandra kompleksi" adı ilə düşüb.
Sizlərə falçılar tərəfindən öncədən deyilən, lakin buna məhəl qoyulmayan tarixin bir neçə mühüm hadisəsini oxucuların diqqətinə çatdırırıq."Titanik"də köməkçi kimi xidmət etmiş Artur Peyntin qəzadan 3 gün əvvəl məktub yazaraq, gəminin qəza keçirəcəyi barədə xəbərdarlıq edir. Məlumat üçün bildirək ki, bu yaxınlarda həmin məktub Londonda hərracda böyük məbləğə satıldı. Eyni zamanda faciədən 14 il əvvəl ingilis jurnalisti Morqan Robertson qəzanı təsvir edən illüstrasiyalar dərc etmişdi. O zaman heç kəs başa düşmürdü ki, söhbət nədən gedir...Birinci Dünya Müharibəsinin başlanğıcını 1912-ci ildə madam de Tab (Anna-Viktoriya Savara) xəbər vermişdi. 1913-cü ildə isə falçı Almaniyanın Avropadakı hökmranlığının sonunu qabaqcadan demiş, bunu, yaxınlaşan müharibə nəticəsində olacağı fikri ilə qüvvətləndirmişdi. Onun sözlərini də heç kim ciddi olaraq qəbul etmədi...Məşhur öncəgörən Volf Messinq İkinci Dünya Müharibəsinin başlanacağını və Hitlerin tam iflasını qabaqcadan xəbər verir. Hətta bir az irəli gedərək, bunun faşist Almaniyasının SSRİ-yə hücum etməsindən sonra baş verəcəyini bildirir. Baxmayaraq ki, onun şöhrəti və dəqiqliyi hər kəsə məlum idi, yenə də siyasətçilər ona inanmaq istəmirdilər. Stalin də öz növbəsində Messinqə inanmadığını desə də, daim onunla məsləhətləşirdi...Vacib hadisələri yalnız falçılar deyil, həm də yaradıcı insanlar da zaman-zaman xəbər verirdi. Yazıçıların zəngin təxəyyülü, bədii düşüncəsi, yaxşı inkişaf etdirilmiş hissiyyatı onlara bu və ya digər hadisələrin inkişafını qabaqcadan bilməyə təkan verir. Məsələn, Mark Tven tezliklə həyata keçən hadisələri yuxularında görürdü. Onlardan birində o, qardaşının həlak olmasını görür: su, balıq və tilovlar yuxunun əsas atributları idi. 2 həftə sonra qardaşı həqiqətən də balıq ovunda olarkən bədbəxt hadisə nəticəsində həlak olur.İlk atom bombasının partlamasından 30 il əvvəl Herbert Uellsin yazdığı elmi-fantastik hekayələrdə və romanlarda ən dəhşətli silahın ixtira olunacağı haqda qeydlər yer alıb. Eyni zamanda o, əsərlərində Birinci Dünya Müharibəsinin başlanacağına da eyham vururdu - bu, Uellsin müharibədən 13 il əvvəl yazdığı romanda öz əksini tapıb.Zamanın tənqidçiləri onun əsərlərini qeyri-elmi fantastika adlandırırdılar, Albert Eynşteyn isə açıq bildirirdi ki, atom bombası tam bir cəfəngiyyatdır.
1914-cü ildə "Azad edilmiş dünya" romanında Uells uran əsasında bir maddə yaranacağı haqda yazır. Fikrini belə izah edir ki, bu ixtira dünyanın sonunu gətirə bilər, çünki o, sonsuz şəkildə partlamağa davam edəcək. Görünür radiasiya nəzərdə tutulur. Bunu artıq öncəgörmə deyil, məhz ideya da adlandırmaq olar, çünki Uellsin bütün əsərlərini diqqətlə oxumuş fizik Leo Ssilard onun ideyalarını reallığa çevirməyi qərara alır və atomun parçalanması üzərində işləməyə başlayır. Nəticə hamıya məlumdur... "Gələcəyin siması" romanında isə Uells məhz dünya müharibəsinin başlanacağı haqda bədii, obrazlı, geniş məlumat verir.Çex yazıçısı Karel Çapek də robotların və atom bombasının yaranacağını qabaqcadan görürdü.
O, 1920-ci ildə qələmə aldığı "R.U.R." pyesində mexaniki insanların kütləvi istehsalı haqqında danışır, onların insanlar üçün ciddi təhdid olacağını bildirirdi. 1922-ci ildə "Absolyut Fabriki" romanında yazıçı, atomları parçalayan "karbüratoru" təsvir edir. "Krakatit" romanında isə bütün dünyanı məhv edə bilən böyük partlayıcı bombanın yaradılacağını yazırdı