Geştalt almancadan tərcümədə “bütöv obraz” deməkdir. Metodun yaradıcısı Frederik Perlz hələ Almaniyada olarkən Z.Freydlə audiensiya (şəxsi görüş) haqda düşünürdü. Onunla söhbətləşmək, öz nöqteyi-nəzərini izhar etmək, metrin bəzi nəzəri xəta və yanlışlıqlarını müzakirə etmək istəyirdi. Almaniyada siyasi vəziyyətin kəskin pisləşməsi Perlzı ölkəni tərk etməyə sövq edir. O əvvəl Hollandiyaya, sonra Cənubi Afrikaya köçür. Afrikada işləri qaydasında gedir. O burada psixoanaliz institutu yaratmağa müvəffəq olur, özünə təyyarə və bahalı rayonda dəbdəbəli malikanə alıb savadlı geştalt-terapevt kimi tanınmağa başlayır. 1936-cı ildə özü idarə etdiyi şəxsi təyyarə ilə 2000 mil yol qət edərək psixoanalizə həsr olunmuş konfransda iştirak etmək üçün Avropaya gəlir. Böyük çətinlik və şəxsi əlaqələr hesabına Freydlə görüşə nail olur. Metr qonağı uzun müddət dəhlizdə gözlətdikdən sonra nəhayət ki, pişvazına çıxır. Onların arasında mənasız dialoq baş tutur:
- Mən Cənubi Afrikadan gəlmişəm ki, burada mühazirə oxuyum və sizinlə tanış olum. – deyir Perlz.
Freydin cavabı gözlənilməz olur:
- Çox əcəb. Nə vaxt qayıdıb gedirsiniz?
Daha dörd dəqiqə havadan danışdıqdan sonra onlar həmişəlik ayrılırlar. Bu görüş Perlzı qəlbinin dərinliklərinə qədər təhqir edir.İnsident öz misalı ilə yarımçıq geştalta gözəl nümunə sayıla bilər. Bundan sonra Perlz ömür boyu Freyd ilə xəyali dialoqlar quraraq metrin zəif cəhətlərini üzünə çırpmış, yeni konsepsiyanın müxtəlif çalarlarını aşkarlamışdı. Nəticədə natamam geştalt nəzəriyyəsi təkmilləşdirilmiş, qazanan psixoanaliz olmuşdu.
Qeyd edildiyi kimi geştalt – bütövlükdə qavrama deməkdir. Biz rəsm əsərinə baxanda tək-tək rəng yaxmalarını yox, ümumi tandemi görürük. Avstriya fiziki və filosofu Ernst Max göstərmişdi ki, musiqinin tonallığının dəyişdirilməsi onun tanınmasına əngəl törətmir. Çox məşhur daha bir misal var. Kembric universitetinin tədqiqatlarına əsasən sözlərdə hərf ardıcıllığı pozulsa belə, ilk və son hərflərin yerində işlədilməsi sözlərin düzgün oxunmasına rəvac verir. Çünki insan beyni tək-tək həfrrəli yox, bövütlüdkə szöü ouxuyr.
Tamamlanmamış prosesləri beyin fiksə etməyə meyllidir. Bu, bir psixoloqun adı ilə Zeyqarnik effekti adlanır. Bu şəxs müşahidə etmişdi ki, kafedəki ofisiantlar yerinə yetirilməyən sifarişləri yadda saxladıqları halda icra olunmuş sifarişləri həmən unudurlar. Sonrakı tədqiqatlar onun müşahidəsinin təsdiqini verdi – icra olunmamış vəzifələr insan beynində müəyyən gərginlik yaradır.
Natamam geştalt nə vaxt yaranır?
1.İllər boyu arzusunda olduğunuz bir şeyə çatmayanda.
2.Kimləsə münasibətiniz müəmmalı şəkildə qırılırsa, yaxud qəribə tərzdə sonuclanırsa.
3. Hansısa iş yarımçıq saxlanılırsa.
Bir sözlə, istənilən natamam akt haqqında söhbət açdığımız kompleksin yaranmasına səbəb olur. Kompleksin yaranmasının göstəriciləri – sizi narahat edən keçmişə qayıtmaq həvəsiniz; sadalanmış mövzulara xəyalən döndüyünüzdə daxilinizdə baş qaldıran qıcıq və diskomfort hissidir.
Evdə illərlə istifadə olunmayan əşyalar, çardaq və ya zirzəmidə keçən əsrdən qalma relikviya, lazım olmayan kompüter faylları, köhnə kağızlar, sənədlər, heç cür bağışlaya bilmədiyiniz insanlar, unutmaq iqtidarında olmadığınız neqativ hallar və s. və il. – bunlar hamısı yarımçıq geştalt ordusunun əsgərləridir.
Frits Perlzin fikrinə görə nevrozu kultivirə edib qidalandıran əsas mənbə tamamlanmamış (açıq) geştaltdır.
Natamam geştalt özbaşına bağlana bilərmi? Yox, əlbəttə. Burada ən düzgün yol onu mümkün qədər iqnor etməkdir. Əgər siz bütün emosiyalarınızla onu həyatınızda saxlayırsınızsa (dönə-dönə üzərinə qayıdır, götür-qoy edir, gecə-gündüz fikirləşir və beləliklə onu öz həyat enerjinizlə qidalandırırsızsa) o zaman əmin ola bilərsiniz: o heç zaman bağlanmayacaq.
Burda V.Zelandı xatırlamaq yerinə düşür. “Reallığın transerfinqi”. Arzuladığınız bir şeyin həyata keçməsi ona verdiyiniz dəyərdən və vaciblik statusundan asılıdır. Amma limit gözlənilməlidir. “Çılğınlıqla arzulamağın kifayətdir ki, istədiyinə çatasan” – bu kəlamı unuda bilərsiz. Karmist nəzəriyyəçilərin də təməl müddəalarından biri ideallaşdırmaya aid idi, yəni heç nəyi mütləqləşdirib, konstant səviyyəsinə yüksəltmək lazım deyil. Beləliklə, siz onu bütləşdirib dinamik mövcudiyyat interaktivindən çıxarırsız, dialektik qanunauyğunluqların civarında buraxırsız və o öz müdhiş, rigid, ölü və daşlaşmış implisitliyində davam edir. Mübarizə aparmaq olar, əlbəttə, amma transparantlarsız.
Arzulara aşırı dəyər vermək lazım deyil. Bu, onların həyata keçməsinə əngəl törədir. Onlara qarşı yadlıq nümayişi gərəkdir.
İstənilən eyləm öz məntiqi sonluğuna yetməsə barmağa batıb toxumada irinləyən tikan kimi sürəkli problem törədərək həyatınızı zəhərləyəcək.
Hər birimiz həyat boyu yüzlərlə yarımçıq geştalt qazana bilırık. Deyilməyib ürəkdə qalan söz, əziz insanla konflikt, borc imtahan kəsirləri və s.
Sadə misal üzərində belə izah etmək olar: Siz monitorda çoxlu miqdarda pəncərə açmısınız və kompüter “asılıb qalıb”, hətta sönməsi də mümkündür. Təxminən analoji mexanizmlə insanın altşüuru natamam geştaltlarla zəhərlənir ki, bu da şəxsi inkişafa, məqsədə doğru irəliləməyə əngəl törədir.
Şüuraltı üçün nə keçmiş, nə gələcək var. Ora ötürülmüş bütün komplekslər tək bir zamanda – İndi mövcuddur. Ona görə vaxtaşırı həyatımıza sirayət edib onun normal gedişatını poza bilir.
Natamam geştalt fəsadsız ötüşmür.
1.O, insanı məmnunluq hissindən məhrum edib, xroniki həyəcan mənbəyinə çevrilir. Həyatının ən xoş məqamlarında belə insan ürək dolusu sevinə bilmir. Onu daim geriyə, qaranlığa səsləyən bir şeylər olur.
2.Yeni məqsədlərə doğru irəliləməyə mane olur, həyatı yenidən başlamaq ideyası fiaskoya uğrayır.
Depressiv ovqat, halsızlıq, əzginlik, yuxusuzluq, nevroz və digər bu kimi simptomlar üçün məhz yarımçıq geştalta borcluyuq.
Vaxtında ödəmədiyiniz cərimə xarici səfərə getməyinizə, yaxud borc kimi boynunuzda qalan zaçot diplom almağınıza necə mane olursa, natamam geştalt da həyatınızda təxminən belə bir ləngidici rol oynayır.
Bunu insan sövqi-təbii hiss edir və imkan düşürsə geştaltı tamamlamağa can atır. Hansı yolla? Başqa şəxslərlə, oxşar situasiyalarda. Yəni başqalarını öz keçmişinin yarımçıq lövhələrində onu incidən kəslərin yerində görməklə, onlara həmin şəxslərin rolunu zorla sırımaqla.
Geştalt tamamlanmamışsa, qaynaqlandığı mənbəyə oxşar situasiyalarla ard-arda həyatınızda zühur edib, bu yolla diqqətinizi problemin kökünə yönləndirməyə çalışacaq.
Natamam geştalt bir yox, onlarla, yüzlərlə olur, üst-üstə qalaqlanmış vəziyyətdə, tort təbəqələri kimi. İlk növbədə üzdə olanla işləmək lazımdır. Bu yerdə inqramlardan danışmaq da olardı, amma lakoniklik xatirinə məqaləni köməkçi informasiyalarla yükləməyək.
Valideynləri tərəfindən nələrdənsə məhrum edilmiş uşaqlar həmin o məğmun olduqlarının başqa yollarla iki, üç mislini qazanmağa çalışırlar. Evdə həyat yoldaşından sevgi, diqqət, qayğı görməyən şəxs dost məclisində üfüqi vəziyyət alana qədər içib keflənir ki, özünü idarə edə bilməsin və kimsə onu əlləri üstünə qaldırıb (qayğı çatışmazlığı) evə aparsın, Doğma ocağında görmədiyi sevgi və diqqəti kənarda axtarıb, ikiqat əvəzini çıxmağa çalışır insan.
Yuxarıda göstərildiyi kimi valideyn/övlad münasibətində bu mövzu daha çox özünü göstərməkdədir. İnsanlar övladlarını onların istəmədiyi işlərə yönləndirməklə cavanlıq dönəmindən qalma yarımçıq geştaltlarını bu yolla bağlamağa çalışırlar. Məs.övlad öz istəyinə zidd olaraq hər hansı bir ixtisası seçməyə məcbur olur ki, atanın (ananın) vaxtında reallaşdıra bilmədiyi arzusu gözündə qalmasın.
Tamamlanmamış geştaltla işləmək lazımdır. Onu özündən uzaqlaşdırıb dəf etmək üçün ona qalib gəlməlisiniz. Daxilinizə boğduğunuz emosiyalar, dərinlərə qovduğunuz kədər, içinizdə basdırdığınız anlaşılmazlıq “natamam geştalt” adlı komplekslər əjdahasını daim ayaqda saxlayacaqdır. Dərd dilə gətirilməli, çözülməli, lazımsa göz yaşlarında yuyulmalıdır, bununla onun qarsalayıcı hərarəti böyük dərəcələrlə endirilmiş olur.
Perlz deyirdi: “Şüuru söndürün, hisslər qalsın”. ... və bu hisslərlə də keçmişlərə qayıdıb həyatınızdakı konflikt situasiyaların, nevroz və depressiyanın qaynağını tapmalısınız.
Psixoloji blokların somatikaya nüfuz etmə kimi təhlükəli xüsusiyyəti var. Bu zəmində yaranan xəstəliklər psixosomatik mərəz adı almışdır. Bu zaman əsas əziyyət çəkən orqanlar ürək, böyrəklər, mədədir. Mərkəzi sinir sistemi, əzələlər (qıcolma) və qan dövranında da nəzərəçarpan dəyişikliklər baş verir.
Geştalt fəlsəfəsinin (geştalt terapiyanın) əsas prinsipləri:
a).“İndi və burada”. Keşmiş və gələcəklə yaşamaq lazım deyil.
b).Böyük enerji sərfinə bais olan boş xülya və fikirləri özünüzdən uzaqlaşdırın. Düşüncələrə dalıb xoşbəxt olmağı qərara almaq yox, xoşbəxt olmaq lazımdır.
v).Məsləhətlərə bacardıqca az qulaq asmağa çalışın. Heç kəs sizə lazım olanı sizin qədər dəqiq bilmir.
d).Hiss, fikir və əməlləriniz üçün məsuliyyət daşımağı öyrənin. Kənarda səbəbkar /müqəssir axtarmaq yaxşı nəticə vermir.
Komplekslərlə işləmək əvəzinə bəzən insan yeməyə üz tutur. Daxildə artan, böyüyən “aclıq” duyğusunu dəf etmək üçünsə problemin səbəbi araşdırılmalıdır. Kimi stress və depressiyaya yeməklə (bulimiya), kimi alkoqolla və narkomaniya ilə qalib gəlmək istəyir.
Natamam geştaltın yaranmasına yol verməmək üçün başlanılan işi çalışıb sona yetirmək lazımdır. Artıq yaranıbsa, o zaman tamamlanması məsləhət görülür. Keçmişin indiyə sirayət etməsinin qarşısını almaq üçün onu silmək, birdəfəlik unutmaq ən doğru yoldur. Əgər bu mümkün deyilsə həmin insanları tapıb yarımçıq geştaltı tamamlamaq, bu da alınmırsa (onlar dünyasını dəyişmiş) o zaman keçmişin analoji modelini yaradıb, onu yaşamaq, yəni başqa insanlarla situasiyanı “oynanaq” lazımdır. Sonuncunu mütəxəssisin rəhbərliyi altında xəyali modellə də aparmaq qənaətbəxş sayılır. Bu üsullar modelləşdirmə adlanır. İstənilən halda uğurlu terapiya üçün əsas lazım olan - ilkin impulsun düzgün müəyyənləşdirilməsidir.
Bir şeyi də qeyd etmək lazımdır ki, Şərq mentaliteti bu komplekslərin, psixikanı sarsıdan yavaş sürətli
bombaların saxlanılması üçün dərin və zəngin zəmin verir. Ta uşaqlıqdan beyinlərə yeridilən və “camaat nə deyər?” misallı xüsusi ədəva/cövhərlə işlənilmiş “belə etmə; ora getmə; sus, danışma; döz, səbrini bas; insan zülmə tabedir; dərd çəkməkçün yaranmışıq; axirətinçün yaşa; əsl həyat öləndən sonra başlayır” kimi məsləhətlər (daha çox təlqin/imperativlər) sizi natamam geştalt burulğanının düz ortasına atır. Ona görə Şərq insanı azadlıq, müstəqillik baxımdan daha acı durumda.. , müxtəlif çeşidli həyat hadisələri qarşısında daha müti, daha idarəolunan, aciz, daha kölə...