Həyat bizim bildiklərimizin bilmədiklərimizin yanında dəryadan bir damla kimi görünməli olduğu və öyrənmə yolçuluğunun bitməli olmadığı bir yer olmalıykən bəzən bizə “hər şeyi bilirsən, dinləmək yox, danışmaq vaxtıdır” ifadəsini dedirdən bir yerdir. Təəssüf ki, ixtisas və təhsil səviyyəsindən asılı olmayaraq hər kəs bu tələyə düşə bilir, tələbəsinin yanaşmasını dinləmək istəməyən müəllimlər, gənc məzunun fikrini eşitməzdən gələn həkimlər və.s. Həyat bizi danışmağa sürükləyərkən bizlər bəzən qarşımızdakı insanlara bəlkə də heç vaxt qaldıra bilməyəcəkləri yüklər yükləyə bilirik. Bilgə olduğumuzun yaratdığı parlaq işıqlar içində bəzən insanları bizi anlamağa və ya bizim kimi olmağa borclu hesab edərik. İnsanlar bizim kimi ola bilmədikdə geri çəkilmək əvəzinə bunu bütün insanlarla ümumiləşdirər və bir müddət sonra artıq hər kəsi öz tərəzimiz ilə çəkməyə başlayarıq, halbuki həyat fərqliliklərlə gözəldir axı, dindarı ilə, dinsizi ilə, rəssamı, musiqiçisi, şairi, geoloqu, pedaqoqu, həkimi ilə gözəl və yaşana biləcək bir yerdir dünya.
Tükənmişlik sindromu haqqında danışanda bu problemin səbəblərindən başlıcası olaraq insanın əməyinə qarşılıq heç bir yol qət etməməyini qeyd etmişdik, müasir dövrdə aldığı cüzi maaşa görə işləmək üçün həvəsi qalmayan bir çox psixoloq yoldaş tanıyıram mən. Bu ixtisasda və bütün digər sahələrdə tükənməyə qarşı profilaktik tədbir olaraq atacağımız iki əsas addım var, ya siz gördüyünüz işi vəzifə borcu olaraq qəbul edib, bu xidmətin daxilində olduğunuz zaman gördüyünüz işi sevəcəksiniz, ya da bir digər daxili amili ortaya qoyub, özünüzü bilən adam rolundan xilas edib, öyrənən adam rolunda çıxış edəcəksiniz. Həyatdan hekayələr deyəndə sizə bir eşq, bir də şair, nasir, sənətkar və.s tükənmişliyindən misallar çəkməyə çalışacam.
1.“Elə sev ki, sevilən də sevməyi səndən öyrənsin” bu sözü ilk dəfə professor Mehmet Sungurdan eşidəndə qəribə bir xoşbəxtlik bürümüşdü məni, sizcə də möhtəşəm səslənmirmi? Sən öz mənini sevməyə tərk edir və bu məqamda həm də müəllim rolunda oynayırsan, onu həyatın hər məqamı ilə tanış edir və bu yolda öz yoldaşlığını təklif edirsən, bu yolda əlindən tutacağı halda da, tutmaq istəmədiyi halda da bir qanunauyğunluq var əlbəttə. Birinci halda Markesin ifadəsi ilə (Danışdığın qarşındakının anladığı qədərdir) səni anlaya bilib deməkdir, deməli bir maneə yaranmayıb və o səni ifadə etmək istədiyin kimi qavrayıb. İkinci hal isə öyrənmə çətinliyidir, bu da anlaşılan bir haldır, necə ki, insanlar gözəlliyi bəzən xarici görünüş, bilgəliyi imtahanlarda yüksək bal ilə qiymətləndirir, o cümlədən də sevgini öyrətdiyiniz insanın sevgi ilə bağlı təsəvvürlərinin sağlam olub, olmamağı burda önəmli məqamdır. Yarımbaşlığın müəllifinə də adətən belə bir sual ünvanlanır “Cənab professor, sevgi öyrətdiyimiz şəxs sevgini öyrənmir” burada digər bir məqam ortaya çıxır, sevdiyiniz şəxsin sevgini öyrənə bilməməyi sizin metodunuzun uğurlu və ya uğursuz olmağı ilə deyil, onun sizin metodunuzu mənimsəmək istəmədiyini göstərir. Siz qarşınızdakı şəxsin sevgini öyrənə bilmədiyini öyrənmiş olursunuz, hadisələrə məna yükləmədən, saf dəyərləndirmə aparıldığı zaman ortaya çıxan nəticə göstərir ki, öyrətdiyimizi öyrənməyən insanla romantik münasibətdəki uğursuzluq bizi bilən insan rolundan öyrənən insan roluna keçirdir. Öyrənmək xoş həyəcanla müşahidə olunan bir proses və bu yolçuluq başdan-başa həyata illər deyil, illərə həyat qatan bir məqamdır. Odur ki, sevgini bizdən öyrənmək istəməyən insanlar haqqında “Mən onunla təhlükə arasında sərhəd oldum, o təhlükəyə şeir yazıb məni sadəcə tikanlı məftil hesab etdi” kimi ağrılı bir cümlə qurmaq əvəzinə yaşanan hekayədə iki məqama baxmaq olar, mərhum professor Doğan Cüceloğlu bunları şövq və mübarizə adlandırırdı. Özünüzə iki sual ünvanlayın :
1. Onunla tamamlanmaq uğrunda əlimdən gələni etdimmi?
2. Əlimdən gələni edərkən şövqlü idimmi?
İnsanın öz şahidliyi özünə və başqalarına olan qəzəbinə su səpər, ürəyini sərinlədər. Öz şahidliyiniz sizin leyhinizə ifadə verirsə deməli siz bu hekayədə yenə sizi siz edənləri qorumusunuz, sizi siz edənləri sevə bilməyən biri ya sizi sizdən alacaqdı, ya da sadəcə uzaq qalacaqdı, o sizin üçün ən böyük addımı atıb bu məqamda deməli. Sizin həyatınızdan gedən insanların addımlarını dəyərləndirərkən onun siz tərəfdən qəddar qəbul etdiyiniz addımının içərisində bir də sizə qarşı olan sədaqət ruhunu axtarın, sizin şəxsinizə bəslədiyi hörmət üçün, sizi siz edənlərin sizə qalmağı və sizin özünüzə sadiq qalmağınız üçün getdiyini düşünün. İnanıram ki, bu məqamlar sizin özünüzü də, qarşınızdakını da bağışlamağınız üçün köməkçi vasitə olacaq.
Bağışlamaq yolunda addım atan insanı mən Mary Ainsworth’un “Yad situasiya” adlı eksperimentindəki sağlam bağlılıq quran körpələrə bənzədirəm, necə ki, onlar “Bağlılıq fiqurları” qayıtdıqdan sonra həyatı yenidən kəşf etməyə davam edir, bağışlayan insan da özünə özünü qaytararaq yeni kəşflər adına yola davam edir.
2.
Qaçdım məni sevən gözlərdən daha
Hamının sevgisi gözündə qalsın
Ev tikən deyiləm sözlərdən daha
Qoy hamı o çölün düzündə qalsın
Bağışlamaq heç də təkcə ikili münasibətlərdə yaşanan və yaşandığı halda rahatlıq gətirən bir davranış deyil. Əslində bağışlamaq heç tam olaraq davranış da deyil. Əsasən duyğular və düşüncələrlə əhatə edilmiş bir fenomendir. Küskünlük şəxsin əksini iddia etməyinə rəğmən bir gözləmə formasıdır, küsdüyü məqam və ya adamım ona doğru özünü bağışlatmaq üçün bir addım atacağının həsrətidir küskünlük. Ömrü gözlənti ilə keçən insanların hamısı bu dünyadan alacaqlı kimi getdi halbuki, rəvayətlərdə deyilir ki, sultan Süleyman Qanuninin əli cənazənin çölündə və boş idi məsələn. Odur ki, gözlənti və böyük dəyişikliklərə ümid edərkən biz əslində alacaqlı roluna girir, müxtəlif insanlardan, müxtəlif dəyişikliklər gözləyirik, Azərbaycan ədəbiyyatı, musiqisində belə məqamlar vardır əlbəttə, bəlkə yada salmaq istəsəniz sizlər də tapacaqsınız, amma hər hansı bir şəxsin adını çəkməyi məqsədəuyğun hesab etmirəm. Müxtəlif dövrlərdə maarifçi mübarizəsi aparmaq arzusu ilə insanların anlamadığı formada yazılan satiralar da oldu, yuxarıda yazılan şeirdə olduğu kimi tükənən və gözləməmək adı altında küskünlüklə bərabər bir gözləntiyə qapılanlar da, nəticə etibarilə hələ də məzhəb davası edənlər də var, başından var dövlət yağan diyarın bəxtəvər günündə dilənən qarılar da. Belə mübarizələrdə gözləntilər əlbəttə ki, inqilabi, köklü dəyişikliklərə səbəb olub insanlara dərin xoşbəxtlik nəsib edə bilməz, zira pedaqoji , sosial, psixoloji, bioloji amillər insanların həyat xəritəsini formalaşdırır və bu da fərqlilikləri ortaya çıxarır. Dolayısı ilə maarifçilərin həsrətinin arxasında eynilik ümidi yatır, bu isə özlüyündə mümkün deyil, zira dilin dediyini heç də hər zaman ağıl qəbul edib onu həyati doğru olaraq qavramaz, 10 nəfər yanaşı oturub kitab oxuya bilər, amma janrlar fərqlidirsə o an onlardan ibarət bir tarixçi klubu yarada, fəlsəfə klubu qura bilməzsiniz, bəlkə də onlardan yalnızca biri o an ən yaxşı halda eqzistensial cərəyandan Kamu və ya Sartr oxuyur ya yox. Dolayısı ilə eyni dildə danışanlardan eyni emosiyaları daşıyıb, eyni düşüncələrə sahib olmağı da gözləmək əslində sadəcə bir dairədə sonu tapmağa çalışmaqdır. Dairənin sonu sizin dayanmağınızla qəbul edilə bilər halbuki. Dayanmağı yalnız o vaxt-həsr olunmaqla gözləməyin fərqinə vardığınız zaman bacararsınız. Həsr olunmaq bir ideya uğrunda mübarizə aparmaq, o mübarizə şəraitində şövqə sahib olmaqdırsa, gözləmək dünyanın sizin ətrafınızda dönməyi arzusudur. Odur ki, insan dünyanın və şəraitin deyil, dünya və şəraitlə bağlı olan düşüncələrinin dəyişməyinə kökləndiyi zaman azad olur, azad olmamış biri dünyanı daim özünə borclu bilər. Düşüncə dəyişdikdə isə insanın depressiyada neqativizmlə müşahidə edilən üç istiqamətlə dəyərləndirmə etsək dünyaya, özünə və gələcəyə yanaşma forması dəyişəcəkdir. Həyatla müharibə aparmaq sürətə aludə olmaqdırsa, sülh içində olmaq yavaşlamaqdır, müharibə üsyandırsa, sülh seyr etməkdir, unutmayın ki, insanın həyatına gözəl olan heç nə hədəfə köklənib qaçarkən və ya üsyan edərkən gəlməz.
Psixoloq Nəsimi Qiyasov – 25.04.2020
Azərbaycan Respublikası, Bərdə şəhəri.