Hiperaktiv övladı olan valideynlərə praktik oyun tövsiyələri

Hiperaktivlik daha dəqiq desək, Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu (DƏHP) -bir çox ailələrin gündəlik həyatına təsir edən , uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu vəziyyətdə olan uşaqlar daha enerjili, impulsiv və diqqəti toplamaqda çətinlik çəkə bilirlər. Bu enerjini və davranış çətinliklərini idarə etmək üçün oyunlar çox faydalı bir vasitədir. Oyun həm uşağın inkişafını dəstəkləyir, həm də valideyn-uşaq münasibətlərini gücləndirir.Bu oyunlar vasitəsilə uşaqda gözləmə bacarığı, diqqətini davam etdirmə müddəti, davranışlarını kontrol etmək kimi müsbət bacarıqlar formalaşdırılır.Oyunlar aşağıdakılardır:

1)“Qışqır və sus” oyunu

Məqsəd: Diqqətin korreksiyası,impulsivliyin kontrolu, qaydalara tabe olmaq bacarığının inkişaf etdirilməsi

Tətbiqi: Valideyn uşaqla birlikdə rəngli kartonlardan qırmızı, sarı və yaşıl rəngli əl qəlibləri kəsirlər.Oyunun təlimatı: Yaşıl əl göstərildiyində istədiyin qədər qışqırıb hoppana bilərsən. Sarı əl-pıçıltı ilə danışıb, asta hərəkət edəcəksən. Qırmızı əl-hərəkətsiz qalmalı və danışmamalısan.

Oyun ən sonda susma-qırmızı əl ilə sonlandırılmalıdır.

2) “Sus-danış” oyunu

Məqsəd:İmpulsiv davranışları idarə etmək, qaydalara tabe olmaq bacarığı

Tətbiqi: Valideyn yumruq tutaraq sağ əlini havada tutur. Yumruq “sus” deməkdir.Yumruğun açılması isə “danış” deməkdir. Uşaqlara çoxlu və sürətli suallar verilir, eyni zamanda əl işarələri göstərilir. Uşaqlar əl işarələrinə baxıb suallara yanıt verirlər. Eyni zamanda əli izləməli və ona uyğun hərəkət etməlidirlər.

3)Musiqi ilə heykəltəraşlıq oyunu

Şən və hərəkətli musiqi səsləndirilir. Uşaqlar qrup şəklində rəqs edirlər. Musiqi bir müddət sonra dayandırılır. Dayananda uşaqlar heykəl kimi donub qalmalıdır. Musiqi yenidən səslənəndə uşaqlar hərəkət edə bilərlər.

( Qeyd: Bu oyunu stullarla da oynamaq olar.

Bu oyun uşağın özünü tənzimləmə, diqqət mərkəzləşdirmə və impuls nəzarətini inkişaf Davranışlarını kontrol etmə bacarıqları formalaşdırır, eyni zamanda audial diqqətin inkişafına səbəb olur.

4)"Tap və gətir" oyunu

Valideyn uşağa evdəki bir əşyanın xüsusiyyətlərini təsvir edir (“Mavi, yumşaq və yataq otağında olan bir şey”) və uşaq onu tapmalıdır.

Nə üçün faydalıdır?

Uşaq həm diqqətini yönəldir, həm də anlama və yerinə yetirmə bacarıqlarını inkişaf etdirir.

5.“Sürətli və yavaş” – Hərəkət nəzarəti oyunu

Necə oynanır?

Valideyn müxtəlif sürətlərdə hərəkətlər göstərəcək: “Sürətlə qaç!” – “Yavaşla!” – “Don!”

Nə üçün faydalıdır?

Uşaq bədənini tənzimləməyi, komandalara uyğun davranmağı öyrənir.

6.“Əksini Et” – düşünmə və nəzarət oyunu

Necə oynanır?

Valideyn hərəkət deyir, uşaq onun əksini etməlidir. Məsələn, “Otur” deyiləndə uşaq ayağa qalxmalıdır.

Nə üçün faydalıdır?

Bu oyun impulsların qarşısını almağa və dəyişən şəraitə uyğunlaşmağa kömək edir.

7. Ritm oyunu – yaddaş və koordinasiya Oyunu

Necə oynanır?

Valideyn müəyyən ritmlə əl çalır və ya dizinə vurur, uşaq isə bunu təkrarlayır.

Nə üçün faydalıdır?

Motor koordinasiyası, diqqət və eşitmə yaddaşı inkişaf edir.

Hiperaktiv uşaqlar üçün düzgün seçilmiş oyunlar onların həm davranışlarını tənzimləməyə, həm də bilişsel və emosional inkişaflarına dəstək olmağa kömək edir. Ən əsası isə budur ki, bu oyunlar öyrədici olduğu qədər əyləncəlidir. Valideynlər bu oyunlarla uşağın potensialını daha yaxşı kəşf edə və onunla sağlam əlaqə qura bilərlər.

Psixoloq Aysu Əliyeva 

Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.