Qorxu yaşamın təbii bir hissəsi olub,qəzəb,sevinc və ya məyusluq kimi bir duyğudur. Qorxu insanların görünən və görünməyən təhlükələr qarşısında verdiyi reaksiya şəklidir. Əslində hər qorxu özümüzümüdafiə mexanizmamızı işə salır və təhlükəli durum qarşısında özümüzü qorumağımıza yardım edir. Uşaqların qorxuları yaş dövrlərinə görə fərqlənir. Daha azyaşlı dönəmdə qorxuların səbəbi yüksək səs olduğu halda,uşaqların yaşı artdıqca mücərrəd varlıqlardan qorxmağa başlayırlar. Uşaqlar nədən qorxar? 2 yaş: Ən çox səslərlə əlaqəli qorxular üstünlük təşkil edir.Xüsusilə qatar,kamaz,şimşək səsi,tozsoranın,hava feninin səsi...Qaranlıq,böyük əşyalardan da qorxu halları bu yaşda görülə bilər. 2,5 yaş: Oyuncağın və ya çarpayının yerinin dəyişdirilməsi,uşaq yuxuya keçdikdən sonra anasının yanından ayrılması,uşağın vərdişlərindən fərqli edilən davranışlar uşağı qorxuda bilər. 3 yaş:Ən çox vizual qorxular;qaranlıq,heyvan,polis,ana və atanın gecə küçəyə çıxması və s. 4 yaş: Səslərlə əlaqəli qorxular; xüsusilə motor gurultusu. Eyni zamanda vəhşi heyvanlar, ananın evdən getməsi,qaranlıqdan qorxma halları da müşahidə edilir. 5 yaş: Çox da qorxulu bir yaş deyil. Daha çox görsəl qorxular görülür. Əlavə olaraq ,yıxılmaq,zədələnməkdən qorxmaq halları da müşahidə edə bilərik. 6 yaş:Ruh,cadı kimi mücərrəd gözlə görünməsi mümkün olmayan varlıqlardan qorxmağa başlayarlar.Və bu qorxular uşaqda çarpayının altında həmin varlıqların gizləndiyi düşüncəsini yaradır. 7 yaş:Qaranlıq,zirzəmi qorxusu...Kölgələri ruh,cadı kimi qavramaq halları görülür.Uşaq oxuduqlarından,televizorda gördüklərindən hədsiz təsirlənib təşviş keçirə bilir. 8-9 yaş:Təşviş və qorxular daha azdır. Daha çox sosial status və kimliyi ilə bağlı narahatlıqlar görə bilərik. Məsələn: bir işi edə bilməmək,məktəbdə uğursuzluq yaşamaq, insanlar içərisində pərt olmaq kimi. Övladlarımızın qorxuları ilə mübarizə apara bilməsi üçün yollar: 1) Qorxunu rədd etməyin,qəbul edin. Uşağınızın qorxusu haqqında nə düşünürsünüz düşünün,bu duyğu onlar üçün gerçıkdir və sizin də onları anladığınızı bilmək istəyərlər.Onlara mövzu haqqında danışmaq fürsəti verin,həqiqətən anladığınızı göstərin . Yardım edə bilməyiniz üçün ilkin mərhələ övladınızın qorxusunun olduğunu qəbul etməkdir. 2)Öz qorxularınızı onlara ötürməyin. Çox ailələrdə görülən davranışlardan biri də uşağın ana,atanı model aldığı üçün onun qorxu və duyğularının təsiri altına düşməkdir.Belə hallarda qorxularınız haqqında onlarla danışın,sizin də insan olduğunuzu və sizin də hamı kimi qorxularınızın ola biləcəyini izah edin.Qorxu ilə necə mübarizə apardığınızı,üstəsindən gəlmək üçün onlara istiqamət verin. 3) Hansısa qorxuya qalib gəldikləri pozitiv xatirələri danışın. Övladınıza əvvəlcə sınamaqdan qorxduğu, amma sonra etməkdən zövq aldığı situasiyanı xatırlamaq , öz bacarıqları haqqında özgüvənin qalxmasına səbəb olacaqdır. 4) Onları başqaları ilə müqayisə etməkdən uzaq durun. Müqayisə edilmək uşaqda yetərsizlik duyğusuna səbəb olacaqdır. Eyni zamanda müqayisə olunana qarşı nifrət,qəzəb və kinin yaranması ilə nəticələnəcək. 5)Qorxularına qalib gəlməsi üçün nağıl terapiyasndan-uşaq hekayələrindən istifadə edin. Xüsusilə övladınızın qorxusu ilə eyni qorxudan əziyyət çəkən personaj və bənzər sujet xətli hekayə seçin.Belə ki. uşaq qorxusuna qalib gələn personajla özünü eyniləşdirir və qorxusuna qalib gəlmək üçün cəsarətlənir. 6)Bir qorxu ilə üzləşmənin necə kiçik addımlarla edilə biləcəyini göstərin. Kiçik etaplarla qorxunun üzərinə gedərək qalib ola biləcəyini öyrədin. 7) Relaksasiya texnikalarından istifadə edin. Rahatladıcı musiqi, nəfəs texnikaları uşaqdaki gərginliyi aradan qaldıracaqdır. 8)Tək olmadıqlarını davamlı xatırladın. Nə olursa olsun,hər zaman onların yanında olacağınızı bildikləri üçün özlərini güvəndə hiss edəcəklər. Unutmamalı ki, qorxu duyğusunu uşaq fərqində olmadan yaşayır və bu dönəmdə önəmli olan ona göstərilən anlayış,sevgi və qayğıdır. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.
Dövrümüzün ən aktual problemlərindən biri uşaqlarda ekran asılılığıdır.Texnologiyanın inkişaf etməsi ilə bərabər uşaqları internetin zərərlərindən qorumaq , qarşısını almaq valideynləri çətin vəziyyətdə qoyan durumlardandır. Ekran asılılığı sadəcə uşaqlarda deyil, yetkin şəxslərdə tez-tez rast gəlinir.Ekran asılılığının əsas göstəriciləri bunlardır: Ø Uşağın davamlı telefon, televizor,planşet qarşısında olmaq istəməsi , əlindən alınan zaman isterik reaksiyalar sərgiləməsi; Ø Yuxu problemləri; Ø Sosiallaşmaqda istəksizlik və uğursuzluqlar yaşamaq; Ø Virtual ünsiyyətə və virtual oyunlara hədsiz meyil göstərmək; Ø Uşaqlarda diqqət dağınıqlığı; Ø İfadəedici nitqin zəifləməsi; Ø İnternet olmayan mühitə düşdükdə hədsiz gərginlik,narahatlıq hisslər keçirməsi, boşluğa düşməsi ; Ø Məktəb və digər təlim mühitində akademik göstəricilərinin aşağı düşməsi; Ø İştahsızlıq və ya hədsiz yemək istəyi; Ø Özgüvən əksikliyi Ø Aqressiv,impulsiv davranışlarda artım; Ø Özünəqapanıqlıq və s. Uşaqlarda ekran asılılığının başladığı zaman xüsusi yaş qrupu və ya yaş məhdudiyyəti yoxdur. Uzun müddət ekran qarşısında qalan hər yaşda olan uşaqlarda ekran asılılığı müşahidə oluna bilər. Uşaqlarda ekran asılılığının qarşısını almaq üçün ana və ataların övladlarının ideal ekran vaxtına uyğun olmasını təmin etmələri vacibdir. Eyni zamanda ekran asılılığının qarşısını almaq üçün 3-6-9-12 qaydasına əməl edilməlidir. Bu qaydaya görə, uşaqlar 3 yaşından əvvəl ekrana məruz qalmamalı, 6 yaşından əvvəl uşaqların öz oyun konsolu və ya texnoloji cihazı olmamalıdır, 9 yaşından əvvəl internetdən tək istifadə etməməli, 12 yaşından əvvəl isə sosial şəbəkələrdən istifadə etməməlidir. Tövsiyə olunan ekran vaxtları; Uşağın inkişafının ilk 3 ilində ekrana məruz qalması qadağandır . Həm psixoloji, həm fiziki sağlamlığı üçün risklidir. 3-6 yaş üçün gündə 20-30 dəqiqə, 6-9 yaş üçün gündə 40-50 dəqiqə, 9-12 yaş üçün gündə 60-70 dəqiqə olmalıdır. Əgər 12 yaşdan yuxarı olarsa, ekrandan istifadə müddəti ümumilikdə 120 dəqiqədən çox olmamalıdır. Mümkünsə, bu dövrlər günlərə bölünməlidir. Eyni zamanda, bu ekran vaxtları planşet, mobil telefon, televizor və kompüter kimi bütün ekran istifadəsini əhatə etməlidir. Ekrandan istifadə valideyn nəzarəti altında olmalıdır və ekrandan istifadə müddətləri arasında ən azı 15 dəqiqəlik fiziki hərəkətlə bağlı tapşırıqlar əlavə edilməlidir. Ekran asılılığının qarşısını almaq üçün uşaqları müxtəlif fəaliyyətlərə yönəltmək lazımdır. Uşaqları mütəmadi olaraq idmanla məşğul olmağa həvəsləndirmək və mümkünsə idman növü üzrə ixtisaslaşma kurslarına yazdırmaq onların texnoloji cihazlardan uzaqlaşmasına, fiziki və sağlam inkişafına kömək edəcək. Bunun xaricində uşaqla parka getmək, oyun oynamaq, kitab oxumaq, mətbəxdə vaxt keçirmək, təbiətdə gəzinti etmək kimi fəaliyyətlər də çox təsirlidir. Uşaqları rəssamlıq, musiqi və ya əl işləri kimi istedadlı olduqları sənətlərə yönləndirmək və onları bu sahələrdə hobbi əldə etməyə təşviq etmək də faydalı ola bilər. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.
Hiperaktivlik daha dəqiq desək, Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu (DƏHP) -bir çox ailələrin gündəlik həyatına təsir edən , uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu vəziyyətdə olan uşaqlar daha enerjili, impulsiv və diqqəti toplamaqda çətinlik çəkə bilirlər. Bu enerjini və davranış çətinliklərini idarə etmək üçün oyunlar çox faydalı bir vasitədir. Oyun həm uşağın inkişafını dəstəkləyir, həm də valideyn-uşaq münasibətlərini gücləndirir.Bu oyunlar vasitəsilə uşaqda gözləmə bacarığı, diqqətini davam etdirmə müddəti, davranışlarını kontrol etmək kimi müsbət bacarıqlar formalaşdırılır.Oyunlar aşağıdakılardır: 1)“Qışqır və sus” oyunu Məqsəd: Diqqətin korreksiyası,impulsivliyin kontrolu, qaydalara tabe olmaq bacarığının inkişaf etdirilməsi Tətbiqi: Valideyn uşaqla birlikdə rəngli kartonlardan qırmızı, sarı və yaşıl rəngli əl qəlibləri kəsirlər.Oyunun təlimatı: Yaşıl əl göstərildiyində istədiyin qədər qışqırıb hoppana bilərsən. Sarı əl-pıçıltı ilə danışıb, asta hərəkət edəcəksən. Qırmızı əl-hərəkətsiz qalmalı və danışmamalısan. Oyun ən sonda susma-qırmızı əl ilə sonlandırılmalıdır. 2) “Sus-danış” oyunu Məqsəd:İmpulsiv davranışları idarə etmək, qaydalara tabe olmaq bacarığı Tətbiqi: Valideyn yumruq tutaraq sağ əlini havada tutur. Yumruq “sus” deməkdir.Yumruğun açılması isə “danış” deməkdir. Uşaqlara çoxlu və sürətli suallar verilir, eyni zamanda əl işarələri göstərilir. Uşaqlar əl işarələrinə baxıb suallara yanıt verirlər. Eyni zamanda əli izləməli və ona uyğun hərəkət etməlidirlər. 3)Musiqi ilə heykəltəraşlıq oyunu Şən və hərəkətli musiqi səsləndirilir. Uşaqlar qrup şəklində rəqs edirlər. Musiqi bir müddət sonra dayandırılır. Dayananda uşaqlar heykəl kimi donub qalmalıdır. Musiqi yenidən səslənəndə uşaqlar hərəkət edə bilərlər. ( Qeyd: Bu oyunu stullarla da oynamaq olar. Bu oyun uşağın özünü tənzimləmə, diqqət mərkəzləşdirmə və impuls nəzarətini inkişaf Davranışlarını kontrol etmə bacarıqları formalaşdırır, eyni zamanda audial diqqətin inkişafına səbəb olur. 4)"Tap və gətir" oyunu Valideyn uşağa evdəki bir əşyanın xüsusiyyətlərini təsvir edir (“Mavi, yumşaq və yataq otağında olan bir şey”) və uşaq onu tapmalıdır. Nə üçün faydalıdır? Uşaq həm diqqətini yönəldir, həm də anlama və yerinə yetirmə bacarıqlarını inkişaf etdirir. 5.“Sürətli və yavaş” – Hərəkət nəzarəti oyunu Necə oynanır? Valideyn müxtəlif sürətlərdə hərəkətlər göstərəcək: “Sürətlə qaç!” – “Yavaşla!” – “Don!” Nə üçün faydalıdır? Uşaq bədənini tənzimləməyi, komandalara uyğun davranmağı öyrənir. 6.“Əksini Et” – düşünmə və nəzarət oyunu Necə oynanır? Valideyn hərəkət deyir, uşaq onun əksini etməlidir. Məsələn, “Otur” deyiləndə uşaq ayağa qalxmalıdır. Nə üçün faydalıdır? Bu oyun impulsların qarşısını almağa və dəyişən şəraitə uyğunlaşmağa kömək edir. 7. Ritm oyunu – yaddaş və koordinasiya Oyunu Necə oynanır? Valideyn müəyyən ritmlə əl çalır və ya dizinə vurur, uşaq isə bunu təkrarlayır. Nə üçün faydalıdır? Motor koordinasiyası, diqqət və eşitmə yaddaşı inkişaf edir. Hiperaktiv uşaqlar üçün düzgün seçilmiş oyunlar onların həm davranışlarını tənzimləməyə, həm də bilişsel və emosional inkişaflarına dəstək olmağa kömək edir. Ən əsası isə budur ki, bu oyunlar öyrədici olduğu qədər əyləncəlidir. Valideynlər bu oyunlarla uşağın potensialını daha yaxşı kəşf edə və onunla sağlam əlaqə qura bilərlər. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.
Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlıq dövründə başlayan və yetkinlikdə də davam edən neyroinkişaf pozuntusudur. Bu pozuntu adətən özünü 3 əsas sahədə göstərir: 1. Diqqət əksikliyi 2. Hiperaktivlik 3. impulsivlik Məişətdə valideynlər bu diaqnozun elmi adını bilməsələr də, daha çox belə şikayətlər edirlər: -Sanki daima fikri başqa yerdədir. -Xəyal dünyasındadır. -Əl-qolunu idarə edə bilmir. -Tez-tez nəyisə itirir. -Çox unutqandır. -Beş dəqiqəlik işi 3 saata görür. -Onu buyur, dalınca yüyür. -TV qarşısında saatlarla oturur,amma dərsin başına oturan kimi gah acıyır, gah tualeti gəlir , gah yuxusu gəlir və yatmaq istəyir . Bəs niyə bu mövzu önəmlidir ? DƏHP akademik, kariyera,ailə və sosial mühitlərlə bağlı ciddi çətinliklərə səbəb olur. Erkən diaqnoz və düzgün yanaşma ilə bu çətinliklərlə işləmək mümkündür.DƏHP-li şəxslər " tənbəl",' ərköyün " və s. kimi damğalanmalara məruz qalır.Onların davranışlarının altında yatan nevroloji səbəblər tapılmalıdır. DƏHP simptomları aşağıdakılardır: -Diqqət dağınıqlığı; -Hədsiz dərəcədə hərəkətlilik; -Basladığı işi sona qədər çatdıra bilməmək; -Növbəsini gözləyə bilməmək ; -Oturmaq bacarığının zəif olması; -Motor qoşulmuş kimi hərəkət etmək; -Sürətli danışmaq ; -Marağın davamsız olması və s. Diqqət əksikliyi və hiperaktivlik pozuntusu uşaqlarda 5-12 %, yetkin şəxslərdə 4,4% etibarilə rast gəlinir. Bu diaqnozun qoyulması üçün bir neçə mühüm qaydalar var ki,onlardan biri bu simptomların 12 yaşdan öncə başlaması lazımdır.Simptomlar yalnız bir mühitdə( təkcə evdə , təkcə məktəbdə ) görülməsi kifayət etmir.İki və daha çox mühitdə , məsələn həm evdə ,həm məktəbdə müşahidə olunmalıdır. DƏHP diaqnozu olan şəxslərdə tez-tez başqa psixoloji və ya nevroloji problemlər də müşayiət olunur. Bunlara komorbid vəziyyətlər deyilir: 1. Təşviş pozuntuları 2. Depressiya 3.Davranış pozuntuları 4. Öyrənmə çətinliyi- Disleksiya 5. Tik pozuntuları 6. Yuxu problemləri Təbiidir ki belə olduğu zaman diaqnozla işləmək daha da ağırlaşır və uzun zaman tələb edir. Mütləqdir ki, bu diaqnozdan əziyyət çəkən övladı olan valideynlər dərhal problemin üzərinə düşməli və mütəxəssisə müraciət etməlidir. Psixoloq Aysu Əliyeva Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.