İnsan şəxsiyyətinin sərhəddə halı: Borderline Şəxsiyyət pozuntusunda Koqnitiv-bihevioral terapiyalar

Borderline həqiqətən öz yaşadıqlarını anlaya bilsə və bəzən nəyi, niyə yaşadığının həqiqətən fərqinə varmış olsaydı güman ki, sosial münasibətləri olan insanlara özünü belə bir şeir ilə ifadə edərdi:

Sən elə bir vaxtda rast gəldin mənə,

Ömrün eşq badəsi içilmiş idi.

Sən elə bir vaxtda rast gəldin mənə,

Mənzilimin çoxu keçilmiş idi.

Nə deyə bildim ki, ürəksən mənə,

Nə deyə bildim ki, ürək deyilsən.

Nə deyə bildim ki, gərəksən mənə,

Nə deyə bildim ki, gərək deyilsən.

Başlanğıcdakı şeir korifey şairimiz Cabir Novruzun qələminin məhsuludur, psixoanalitik terapiyalar ilə bağlı kursa belə başlamışdıq: Bu gün yaşananlar tək bu günə aid deyil. Bu sözü çox sevdim, çünki bağlanma, obyekt münasibətləri, psixikanın strukturu filan deyilirdi, lakin mən fikrimdə qətiydim, bu gün yaşananlar dünən öyrənilənlərin hər yerdə və hər zamanda özünü doğrultmayan güzgüsüdür. Dolayısı ilə bu şeiri belə də başa düşə bilərsiniz “insanlar mənə rast gəldikdə mənim artıq tərk edilmə, dəyərsizlik, sevgisizlik, layiq görmə, gücsüzlük sxemlərim aktiv idi. İndi bəzən mənim üçün tanrı, bəzən heçliksiniz, düzdür ki, kimsə kiminsə hər şeyi ola bilməz, amma ağrılarım mənə heç kimin heç kimi olmadığımı pıçıldayır.”

Klassik psixoanalizi heç vaxt sevə bilmədim. Halbuki mən universitetə daxil olanda hələ Koqnitiv-bihevioral terapiyalar haqqında ölkədə çox da söhbət açılmırdı və bu yanaşma sadəcə “avtomatik düşüncələri ləğv et, qorxuların üzərinə get” kimi təqdim edilirdi, o da koqnitiv və ya biheviorist psixologiya tədris edən müəllimlər tərəfindən. Koqnitiv psixoterapiya ilə tanışlığım təhsilə bərpa edildikdən sonraya, 2018-ci ilə təsadüf edir, bu yanaşma əslində öyrənmənin ən optimal halını ortaya qoyur – rekonstruksiyanı. Buna nail olmaq üçün dünən adətən davranış təcrübəsinə üz tuturduqsa bu gün artıq emosianal tolerantlıq, defuziya, dəyərlər faktorunun müşayiəti ilə “heç nə etməmək” sənəti istiqamətində fərqindəlik qazandırmağa çalışırıq və bu gün nəfəs məşqi belə bir müddət sonra pasiyentin “silahlanmasından” çıxarılır, insan həyatının daha coşqulu, daha şiddətli emosiyası olaraq ortaya çıxan təşviş halına qarşı şəxsin heç bir silaha ehtiyacı olmadığına dair “özündə olma halı” və davranış bərkiməsi həyata keçsin deyə.

Psixoanalitik nəzəriyyələr aspektindən Borderline şəxsiyyət pozuntusunun dünəni: Bağlılıq formaları – Boulbi, Eynsvort və Kernberq

Bir çox inkişaf nəzəriyyəsinin ortaq cəhəti bundan ibarətdir ki, uşaqlıq dövründəki qazanılan təcrübə bizim sonrakı həyat xəritəmizi formalaşdırır. Doğru və yanlışlar, inam və ya inamsızlıq, özgüvən və ya dəyərsizlik hissinin təməlləri də məhz bu yaş dövründəki öyrənilənlərə əsasən atılmış olur.

Hər birimiz dünyaya bir bağlılıq sistemi ilə gəlirik və bu sistem ətrafdakı digər insanlarla həyat boyu əlaqə qurmağımızı təmin edir. Emosional və ya fiziki bir təhlükə hiss etdikdə narahat olur və ya kədərlənirik, bu zaman bağlılıq sistemlərimiz aktiv olur. Birincili, anadangəlmə strategiyamız təhlükə hiss etdikdə bağlanma fiqurlarımıza yaxınlıq yaratmaqdır. Bu şəkildə özümüzü daha rahat hiss edirik və təhlükəsizlik hissimizi bərpa etmiş oluruq. Dostluq və romantik münasibətlər yetkinlik dövrü bağlılıq fiqurlarımızdır.

Bağlanma növləri ilk dəfə Mary Ainsworth və dostları tərəfindən istifadə edilən “Yad situasiya” adlı eksperimental metodla müəyyən edilmişdir. Bu üsulla körpə anası ilə birlikdə rahat bir laboratoriya otağına aparıldı, sonra qısa müddətdə anasından ayrıldı və bir özgə ilə tək qaldı və sonra anası ilə yenidən görüşdü. Təcrübə zamanı körpələrin bağlanma davranışları 3 fərqli bağlanma növü müşahidə edilmişdir, mən bu ilin may ayında təqdim etdiyim tədqiqat işimdə 4 bağlılıq forması qeyd etsəm də, biz Ainsworth haqqında danışırıqsa yalnız 3 formanı qeyd etməliyik:

• Güvənli bağlılıq/inamlı – sağlam bağlanma,uşaq anası qayıtdıqdan sonra yenidən ətraf-mühiti kəşf edir.

• Təşvişli bağlılıq hansı ki, burada bir müddət sonra anası yanına qayıdan uşaq sakitləşmir, davamlı olaraq yenidən ayrılacağının qorxusu içərisindədir.

• Çəkingən bağlılıq və ya laqeyd bağlılıq, burada uşaq qəribə də olsa əslində bağlılıq fiqurunun getməyi və qayıtmağı ilə bağlı çox da əhəmiyyətli dərəcədə fərqli reaksiyalar nümayiş etdirmir.

Bağlılıq nəzəriyyəsi iki yöndə iddia ortaya atır:

1. Bağlılıq davranışı həyat boyu təsirli bir özəlliyə sahibdir.

2. Bağlılıq həyat boyu qurulacaq olan başqa münasibətlərin də formalaşma və inkişaf məcrasını təyin edir.

IV Bağlılıq forması, Kernberq və Qarışıq bağlanma

Nizamsız və ya qarışıq bağlanma zamanı ana ilə qovuşan uşaq qeyri-ardıcıl bağlılıq reaksiyaları verir, məsələn anidən sevinir, dərhal sonra qəzəblənir, anidən anaya yapışma davranışı, ardınca isə qopma və uzaqlaşma davranışı nümayiş etdirir. Bu bağlılıq forması psixoanalitik nəzəriyyələrdə sərhəd sferasındakı problemlərin baza səbəblərindən biri kimi qeyd olunur.

Psixoanalitik terapiyalarda bu problemə adətən irəlisi açıq olan və konkret çərçivələnməsi mövcud olmayan proses olaraq yanaşılır. Hər halda istər analiz etmək olsun, istərsə də bacarıq qazandırma, şəxsiyyət pozuntularına müdaxilə 2 il, adətən isə daha çox davam edəcək terapiya seansları tələb edir.

DSM lV aspektdən 5 psixiatrik pozuntu kateqoriyası

DSM-IV 5 kateqoriyalıdır. Mən bu yazıda iki kateqoriya kənaraçıxmaları sıralayacaq və II kateqoriyada qeyd edilən pozuntunun Koqnitiv-Davranış modeli haqqında danışacam. İrəlidə Kateqoriya 1 və Kateqoriya 2 narahatlıqlar ifadəsi tərəfimdən istifadə ediləcəyi üçün bunu aydınlaşdırmağı labüd hesab edirəm ki, oxucunun zehnində sual işarəsi qalmasın.

Kateqoriya I KLİNİK pozuntular. Körpəlik, Uşaqlıq və ya Yeniyetməlik dövründə ilk dəfə diaqnoz qoyulur

• Maddə İstifadəsi ilə Bağlı Xəstəliklər

• Şizofreniya və digər psixotik pozuntular

• Əhval-ruhiyyənin pozuntuları

• Təşviş pozuntuları

• Somotoform pozuntular

• Cinsi pozuntular

• Yemək pozuntuları

• Yuxu pozuntuları

Kateqoriya II ŞƏXSİYYƏT POZUNTULARI və İNTELEKTUAL POZUNTULAR

• Paranoid şəxsiyyət pozuntusu

• Şizoid şəxsiyyət pozuntusu

• Antisosial Şəxsiyyət pozuntusu

• Şizotipal şəxsiyyət pozuntusu

• Borderline Şəxsiyyət pozuntusu

• İsterik şəxsiyyət pozuntusu

• Narsisistik Şəxsiyyət pozuntusu

• Çəkingən Şəxsiyyət pozuntusu

• Asılı şəxsiyyət pozuntusu

• Obsessiv-Kompulsiv şəxsiyyət pozuntusu

Əvvəllər burada Passiv-aqressiv, Depresiv tipi də təsnif edirdik, lakin mənə məlum olmayan səbəblərə görə hazırda təsnifatlarda bu iki “tərk edilən tipin” heç biri və ya Depresiv tipə rast gəlinmir. Məsələn Ertuğrul Köroğlunun “Kişilik Bozuklukları” kitabında “Passiv-aqressiv tip” mövcuddur, amma Depresiv tip yoxdur.

Koqnitiv-biheviorist terapiyanın təkamülü və onun Borderline Şəxsiyyət pozuntusunda tətbiqi

Koqnitiv terapiya əvvəlcə depressiyanın müalicəsi üçün ortaya çıxdı və sonra digər Kateqoriya I pozuntuların əksəriyyətini müalicə etmək üçün sürətlə genişləndi (Gillian Toll və Xristofer Fayrbürn – Yemə pozuntularının koqnitiv terapiyası, Turkington, Kingdom – Şizofreniyanın koqnitiv terapiyası, Oya Sevin Mortan – Şizofreniya və Psixotik pozuntuların koqnitiv qrup terapiyası, Klarkın təşviş modeli, Ellisin Depressiya modeli, Purdonun OKP, Şerri Predrikin Bədən dismorfik pozuntu modeli və.s bu xüsusda tədqiq ediləcək sahələrdir, təbii ki, Datillonun Koqnitiv-bihevioral ailə terapiyası və Sungurun Koqnitiv-bihevioral cinsi terapiyası da gözardı edilə bilməz) . O vaxtdan bəri, Koqnitiv-bihevioral terapiya özünü digər problemlərdə Kateqoriya II pozuntuların müalicəsinə doğru genişləndirmək üçün kifayət qədər böyük qət etmişdir. (1983 – Marşa Linehanın Dialektik-Bihevioral terapiyası, Layden və Artur Fremanın Şəxsiyyət pozuntularında Beck yönümlü koqnitiv terapiya yanaşması, 2003 – Jeffrey Young ilə Koqnitiv Şema terapiyası yanaşması və.s) Kateqoriya II pozuntuların koqnitiv modelində üç əsas element var.

• Koqnitsiyalar

• Çox inkişaf etmiş davranışlar

• Az etmiş davranışlar

Koqnitsiyalara avtomatik düşüncələr, fərziyyələr və sxemlər daxil ola bilər. Yüksək inkişaf etmiş davranışlar kompensasiya strategiyalarıdır, inkişaf etməmiş davranışlar isə çatışmayan həyat bacarıqlarıdır.

Avtomatik düşüncələr düşüncənin ən səthi səviyyəsindədir. Bunlara xüsusi hallarda baş verən anlıq düşüncələr və obrazlar daxildir. Buna misal olaraq masanın üstündə görülməli olan bütün işlərə baxaraq “Bu işləri görə bilmərəm” anlayışı avtomatik düşüncə ola bilər. Fərziyyələr yaşayışın şərti qaydalarıdır. Bunlar təcrübə, ailə həyatı və sosiallaşma yolu ilə öyrənilir. Buna misal olaraq “Hər şeyi mükəmməl etmirəmsə, deməli uğursuzam ” ehkamını, fərziyyəsini göstərmək olar. Sxemlər ll kateqoriya narahatlıqların terapiyasının əsas diqqət mərkəzində olan koqnitsiyaları əhatə edir. Tez-tez travmaya səbəb olan bu koqnitsiyalar şərtsizdir, ciddi şəkildə disfunksionaldır və dəyişikliklərə son dərəcə müqavimətlidir, bu sxemlər aktivləşdikdə kəskin affekt reaksiyalarına səbəb olur. Travma həm ayrıca danışılır, həm də sxemlərin başlanğıcı olaraq nəzərə alınır, travmaya misal bədən travması (və ya cinsi istismar), emosional travma (və ya son dərəcə maladaptif valideyn davranışı) ola bilər. Sxemə misal olaraq “Mən bir fərd olaraq tamamilə qüsurluyam” düşüncəsi ola bilər.

II Kateqoriya pozuntularda terapiyanın çox inkişaf etmiş davranış elementlərinə kompensasiya strategiyaları daxildir ki, bu da uşaqların düşdüyü həyat vəziyyətlərinin öhdəsindən gəlmək üçün inkişaf etdirdikləri mübarizə bacarıqlarıdır. Uşaqlar alkoqollu içkilərin aludəçiliyindən əziyyət çəkən və təcavüzkar valideynlə yaşamaq, cinsi istismara məruz qalmaq və ya uşağın əsas psixoloji sağlamlıq ehtiyaclarına mənfi təsir göstərən mübahisəsiz qaydaların olduğu bir mühitdə yaşamaq kimi qarşısıalınmaz vəziyyətlərə cəlb edilə bilər. Bunların heç biri uşaqların “nəzarət edə bildiyi” vəziyyətlər deyil, lakin uşaqlar bununla mübarizə aparmaq istəyirlər. Müəyyən bir müddət funksional və işlək kimi görünən hər hansı bir strategiya çox vaxt sonralar yenidən və ya daimi istifadə olunur. Yetkinlik dövründə bu şəxslər nisbətən məhdud sayda kompensasiya strategiyalarına etibar etməyə davam edə bilərlər, bu kompensasiya davranışları çox inkişaf etmiş bacarıqlardır adətən və beləliklə, işlək və ya qeyri-funksional olmağına baxmayaq uşaqlıqda yaşanan situasiyalara bənzər hər hansı bir situasiya şəxsin təcrübəsini stimullaşdırdıqda bu mübarizə vasitələri aktivləşir. Çox vaxt pis nəticələrin qarşısını almaq üçün hazırlanmış bu strategiyalar özləri zamanla qarşısını almalı olduqları çox pis nəticələrə gətirib çıxaran davranış nümunəsi kimi qarşımıza çıxır. İstənilən nəticəni vermədikdə, xəstələr tez-tez fərqli bir strategiyanı sınamaq əvəzinə “kifayət qədər iş görmədiklərinə qərar verirlər”. Onlar edəcəklərini “daha çətin, daha sürətli, daha əhatəli, daha ciddi” etməli olduqlarını hiss edirlər. Məsələn daha çox alkoqol qəbul etmək, gücsüzlük sxemi aktiv olduğunda silahlanma davranışı və.s. Beləliklə, nəticə verməyən davranışlardan imtina etmək əvəzinə, uğursuz olsa belə, eyni strategiyadan daha tez-tez istifadə etməyə başlayırlar. Yetkinlərdə, uşaqlıq təcrübələrini psixoloji olaraq xatırladan vəziyyətlərdə sxem inancları və kompensasiya strategiyaları aktivləşməyə davam edir.

II kateqoriyalı narahatlıqların Koqnitiv-bihevioral terapiyası geniş mənada xəstənin sxeminə və kompensasiya strategiyalarına bələd olma və onların daha dəqiq və funksional inanc və davranışlar ilə əvəz etmək üçün yenidən qurulmasını əhatə edir. Bu, həm də çatışmayan həyat bacarıqlarının öyrədilməsi deməkdir. Bütün bunlar bu yeni inanc və davranışların tətbiq oluna və öyrənilə biləcəyi bir mühitdə edilir.

Borderline şəxsiyyət pozuntusu tez-tez həm mütəxəssisi, həm də xəstəni çaşdırır. Bu qarışıq narahatlığın simptomları arasında; Tərk edilmə, qeyri-sabit və şiddətli emosiyalar ilə təzahür edən münasibətlər, şəxsiyyət böhranı, reaktiv özünə zərər vermə, öldürücü və özünə zərər verən davranış, əhval-ruhiyyənin qeyri-sabitliyi, boşluq hissi, irrasional qıcıqlanma, paranoid və dissosiativ simptomlar var. Borderline Şəxsiyyət pozuntusu olan benefsiarların tipik sxemləri içərisində Tərk edilmək, Güvənsizlik, Yetərsizlik, Gücsüzlük, Layiq görmə vardır. Tipik Borderline kompensasiya strategiyalarına/çox inkişaf etmiş bacarıqlara: yayınma , aqressiya, asılılıq, özünə zərər vermə, “danışmamaq, hiss etməmək” qaydaları və həddindən artıq həyəcanlılıq daxildir. Bu davranışlar Borderline Şəxsiyyət pozuntusunun əsas sxem inanclarına reaksiya olaraq ortaya çıxan davranış nümunələridir. Məsələn, bu xəstələrin hissləri və düşüncələri çox vaxt uşaqlıqda qiymətləndirilmirdi. Onlara bildirilmişdir ki, onların hiss və düşüncələrinin özləri, eyni zamanda bu hiss və düşüncələri ifadə etmək yanlış və zərərlidir. Bu da özlüyündə “danışmıram, hiss etmirəm” kompensasiyasını inkişaf etdirmiş, bu kompensasiya və ya qayda uşağın sağlam özünü tanımasını və özünə inamını inkişaf etdirməsini qeyri-mümkün etmişdir. Qısaca bu benefsiarlara uzaqdan baxdıqda həyat hekayələri belə izah oluna bilər - Onlar kim olduqlarını bilmirdilər, ehtiyaclarının nə olduğunu dərk etmədilər və ehtiyaclarını necə ödəməyi öyrənmədilər.

Travma çox vaxt heç kimə etibar edilə bilməyəcəyi və ya hər kəsin bir gün gedəcəyi inancına səbəb olur. Yetkinlik vəziyyətlərində uşaqlıq inancları və davranışları təkrarlanır. Bu, “o zamanın indiki ilə qarışmasına” və böyüklərin uşaqlıq travmalarını yenidən aktivləşdirməsinə səbəb olur. Bundan əlavə, Borderline xəstələri üçün travma yalnız məzmun kimi deyil, həm də orijinal fəaliyyət növü kimi kodlaşdırılır. Yetkin bir Borderline Şəxsiyyət pozuntusundan əziyyət çəkən şəxs yalnız uşaqlıq travmasının nəticələrinə inanmır, həm də uşağa uyğun idrak strategiyaları ilə birlikdə bu sahədə məlumatları emal edir. Bu daha primitiv işləmə bacarıqları tez-tez Borderline tip şəxsiyyət pozuntusu olan benefsiarı terapevt üçün anlaşılmaz edir. Çox vaxt benefsiarlar da özlərini anlaşılmaz hesab edirlər. Sui-istifadəyə məruz qalan və disfunksional, sərt mübarizə strategiyaları inkişaf etdirən uşaqlar sağlam həyat bacarıqlarını öyrənmirlər. Bu uşaqlarda sağlam ünsiyyət bacarıqları, uzaqgörənlik, problemləri həll etmə bacarıqları, kimin etibarlı olduğuna qərar vermək, valideynlik bacarıqları, müdafiə bacarıqları, özünü tanımaq, emosiyaların tənzimlənməsi bacarıqları, özünü sakitləşdirmə bacarıqları və s. kimi sosial bacarıqlar az inkişaf etmiş və ya ümumiyyətlə inkişaf etməmiş olur. Bu Bacarıqların olmaması onların gündəlik həyatda qeyri-münasib vəziyyətlərə düşməsinə və ya qeyri-münasib şəkildə reaksiya göstərməsinə səbəb olur. Onlar tez-tez sağlam həyat bacarıqlarının olmaması səbəbindən yaranan və ya daha da pisləşən real böhran vəziyyətlərində olurlar.

Aşağıdakı siyahı Borderline Şəxsiyyət pozuntusu olan şəxslərdə Koqnitiv-bihevioral terapiyaya başlamaq adına müalicə məqsədlərini göstərir. Ancaq müəyyən bir neçə addım varki müalicə boyu dəfələrlə təkrarlanacaq və digər addımlarla birləşdiriləcəkdir.

Beləliklə, Koqnitiv-bihevioral terapiya aspektindən Borderline şəxsiyyət pozuntusunun məqsədləri

1. Tam və geniş bir şəxsiyyət və inkişaf ananmnezi alın.

• Necə bir ailədə doğuldu?

• Valideynlərini necə xatırlayır?

• Onların sənə qarşı münasibətləri necə idi?

• Bir-birlərinə qarşı münasibətləri necə idi?

• Bacı və qardaşlarına qarşı münasibətləri necə idi?

• Valideynlərinin başqalarına qarşı münasibətləri necə idi? və.s

2. Özünə zərər verən davranışları və intihar meyllərini azaldın.

• Sonuncu dəfə bu təcrübəni nə vaxt yaşamısan?

• Nə baş vermişdi?

• Bunun səndə məna qarşılığı nə idi? Necə mənalandırdın?

• Nə hiss etdin?

Fuziya və Defuziya anlayışı

• Davranış məşqi kimi şəxsin düşüncə və emosiyalar ilə bütünləşmək və ayrılmasını sınamaq olar. Məsələn:

A. Düşüncə nədir?

B. Düşüncə nə deyil?

C. Düşüncə necə təsir edir?

D. Düşüncə necə təsir edə bilmir?

E. Emosiya nədir?

F. Emosiya nə deyil?

G. Emosiya necə təsir edə bilər?

H. Emosiya necə təsirsizdir?

Maarifləndirmə: Psixiatrik xəstəliklər içərisində Obsessiv-kompulsiv pozuntu deyə bir kateqoriya var, bu şəxsin məcburi obraz və fikirlərin müşayiəti ilə özünü rahatlatmaq davranışıdır. İntim obsessiyası olan bir ata körpə qızına hər yaxınlaşdıqda xəyalında ona qarşı cinsi istək hiss etdiyinə dair obraz ortaya çıxır. Ata 2 yaşlı qızına heç toxuna bilmir. Çünki düşüncənin gerçək olacağını düşünür, dolayısı ilə heç bir davranış olmasa belə sadəcə olaraq var olan və yox olan düşüncənin qızına zərər verəcəyini düşünür. Bir tərəfdən şəxs təşviş hissindən qaçarkən, digər tərəfdən iztirab dünyasına qapılarını açır. Halbuki düşüncəni sadəcə buluda da bənzətmək, ona görə deyil, ona rəğmən də yaşamaq olardı. Gəl səninlə bir məşq edək, məndən yaxşılar buna Bulud metaforası deyir (ardı üçüncü bənddə)

3. Özünü sakitləşdirən, mübarizə aparan və xoşagələn davranışları artırın.

Bulud metaforası

Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir

Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir?

4 · Təmizləmə və.s kimi təşkilati bacarıqları inkişaf etdirəcək əsas həyat bacarıqlarını öyrədin.

• Ev tapşırıqları müzakirə edilir və təyin edilir.

Məsələn: Problem çözmə siyahısı

Təxirə saldığınız işə nə vaxt başlamaq istədiyinizi müəyyənləşdirin. Səhifəni yarıya bölmək üçün xətt çəkin və iki sütunu “Problemlər” və “Həllər” adlandırın. Problemlər sütununda işə başlamanıza mane ola biləcək hər şeyi yazın. Sonra Həll sütununda bu problemlərin hər birini necə həll edəcəyinizi yazın.

 Və ya Böyük işlər üçün kiçik addımlar

Böyük bir uğura, ya da məqsədə gedən yolu olduğu kimi böyük görmək hər zaman sənə ümidverici nüanslar vəd etmir və bəzən də bu böyük məqsədlərin böyüklüyü səni qorxuda, hələ hərəkətə keçmədən yora, geri çəkilməyə vadar edə bilər. Lakin böyük bir məqsədi, kiçik hissələrə böləndə əlində yol xəritəsi tutmuş kimi olursan. Məsələn: İsinmək məqsədi olan insanın kiçik addımları bunlar ola bilər.

• Əvvəlcə içində olduğu otağın qapı və pəncərələrini bağlamaq

• Sonra odun yığmaq

• Ardınca odunları sobaya toplamaq

• Odunları odlamaq.

Əlavə nümunə üçün, mən hüquqşünas olmaq istəyirəm deyən abituriyentin kiçik addımlarına diqqət edək.

• III blok fənləri üzərində daha çox çalışmaq

• Ədəbiyyat, Tarix, İngilis dili, Riyaziyyat, Azərbaycan dilinin həftəlik mütaliə saatlarını müəyyən etmək, istirahət vaxtları təyin etmək. Həftəlik mütaliə saatını təmin etdikdə həftə sonu özünü sevdiyi, amma hazırda məşğul olduğu üçün uzaq qaldığı hər hansı bir fəaliyyət ilə mükafatlandırmaq.

• Vaxtaşırı imtahan təcrübəsini inkişaf etdirmək və nisbətən zəif olduğu nöqtələri təyin etmək üçün sınaqlarda iştirak etmək.

5. Problemlərin aradan qaldırılması, ünsiyyət, valideynlik, qərar qəbul etmə, sərhədlərin qoyulması, emosiyaların tənzimlənməsi və ünsiyyət bacarıqları kimi inkişaf etməmiş həyat bacarıqlarını öyrət.

David Letterman dinləmə texnikası

Burada siz David Letterman və ya Cey Leno , olsun elə Bəyazit Öztürk kimi tok-şou aparıcıları bənzəri, hər kəslə və hər yerdə təsadüfi və səmimi söhbətlər etməyi öyrənirsiniz. Siz Atəşkəs Texnikası istifadə edir, Düşüncə və Emosiya Empatiyası qurur, Maraq və kompliment istifadə edərək diqqətinizi digər şəxsə yönəltməyi öyrənirsiniz. Onu özünüzə cəlb etmək əvəzinə projektor işıqların onun üzərində olmağını təmin edirsiniz. Bunu heyranlığınızı ifadə edərək və dostcasına etsəniz, qarşıdakı insan sizin haqqınızda müsbət hiss etməyə başlayacaq.

Paradoksal Qəbuletmə

Çatışmazlıqlarını sakit və yumor hissi ilə qəbul edirsən. Qəbul Paradoksu Buddist təliminə əsaslanır ki, özünü müdafiə etdiyin zaman özünlə bir növ müharibə yaradırsan. Öz tənqidinə qarşı özünü müdafiə etsən, özünlə mübarizə aparmalı olacaqsan. Əksinə, tənqiddə həqiqət zərrəsi tapsan, içindəki tənqidçinin şövqünün aşağı düşməsinə imkan verəcəksən. Burada tənqid edən təbii ki, özünsən və buna görə də özünlə barışırsan.

Rol oyunu ilə sözlü konflikt yaşanan situasiyaların təyin edilib müzakirəsindən sonra situasiyanı səhnələşdirmək mümkündür, Məsələn:

Başqa bir insanla müsbət və mənfi düşüncələrinizin rolunu alın və qarşılıqlı dialoq qurun. Mənfi fikir rolunda olan insan “Sən”lə başlayan cümlələrlə hücum etsin, müsbət fikir rolunda olan şəxs isə “mən”lə başlayan cümlələrlə özünü müdafiə etsin. Burada bir xüsusa diqqət etmək lazımdır ki, texnika faydalı olsun, benefsiar ilə bu texnikada rol alan şəxs özünün benefsiara qarşı olan emosiya və düşüncələri ilə deyil, benefsiarın özünün özünə qarşı olan düşüncələri ilə hücum etməlidir və cümlələr “Mən düşünürəm ki” deyə yox, “səndə bu qüsurlar var, bunlara görə ümid edirəm ki, utanırsan” bənzəri olmalıdır.

6. Sxem və inancları müəyyən edin.

• Burada təməl inancları kəşfə yönələn müxtəlif texnikalar sizə faydalı ola bilər.

Məsələn:

Aşkar etmə texnikaları

1. Aşağı ox

Aşağı ox texnikası sizi təşviş və depressiyaya çəkən yıxıcı kök inancları təyin etmək üçündür. Neqativ düşüncənin aşağıda ox çəkib özünüzə “Deyək ki bu düşüncə doğrudur, bu düşüncə mənə hansı səbəbdən mənfi təsir edir? Bunun mənim üçün mənası nədir?” deyə soruşuruq. Cavabdan sonra hər dəfə cavabın aşağısına ox çəkib eyni sualı təkrar edib yeni cavab alın, beləliklə neqativ düşüncəmizin altında yatan inancları öyrənmiş olacağıq.

2. “Deyək ki, bu oldu”

Bu texnika da qorxuların arxasındakı ssenarimizi tapmağa kömək olur. “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını verin, sonra isə bunu hər dəfə cavab alanda yenidən o cavaba “Bu fikir doğru olsaydı ən pis halda nə olardı?” sualını ünvanlayın. Bir neçə dəfə bunu cavablayın, sonra özümüzdən soruşaq, “Bütün bunların gerçək olma ehtimalı nə qədərdir?”

7. Bu inanclara səbəb olan uşaqlıq şəraitini müəyyənləşdirin.

• Əsasən yönləndirici suallar ilə hekayəni dinləyin

 Əli /Ayişə, bu sahib olduğun inancların nədən, hardan gəldiyi ilə bağlı bir xatirən varmı?

 Səncə bu inanclar hər zaman və hər məkan üçün doğruldumu?

 Bunların doğru inanc olduğunu hansı nümunələr ilə öyrəndin?

8. Sxem inancını insanın həqiqi səsi olmayan daxili səs kimi müəyyən edin.

Mənaların fərqləndirilməsi texnikaları – Qəbul və könüllülük terapiyası

Məsələn:

A. Vərəqə - Mən günahkaram - yazdır.

1 dəqiqə ərzində “Mən günahkaram, mən günahkaram, mən günahkaram” - deyə təkrar etdir.

B. Vərəqə - Mən günahkar olduğumu düşünürəm – yazdır.

1 dəqiqə ərzində - “Mən günahkar olduğumu düşünürəm” - deyə təkrar etdir.

C. Vərəqə - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə yazdır.

1 dəqiqə ərzində - Mən günahkar olduğumu düşündüyümü hiss etdim - deyə təkrar etdir.

Və sonra bu mənalar arasında fərqliliyi sorğula

Daha əlavə

Günahkaram ifadəsini deyək ki, başqa bir dildə ifadə etməyi üçün bir vərəq təqdim edirik, Məsələn:

İtalyanca – sono colpevole [sunu kalpeevoli]

Albanca – Unë jam fajtor [un yam faytor]

Almanca – Ich bin schuldig [iş bin şuldiq] – bunları şəxs ifadə etdikdən sonra:

T. Bu sözlərin nə mənaya gəldiyini bilirsən?

B. Xeyr. Nə deməkdir ki?

T. Nəsə hiss etdirmədi sənə?

B. Yox?

T. Hamısı “günahkaram” deməkdir. Sizcə bu ifadələri demək sizə hansı səbəbdən pis hiss etdirmədi?

B. Anlamadım deyə ola bilər?

T. Deməli başqa cür anlasaq da fərqli hiss edə bilərik.

9. Bu fikrin kimə məxsus olduğunu müəyyənləşdirin.

 Bu sözləri, bu fikirləri sənin haqqında daha çox kimlər ifadə edirdi? / bu fikirləri daha çox kimdən eşitmisən?

İnsanların danışdığı ifadələr və onların doğru, yanlış, həqiqət, yalanları haqqında psixoloji maarifləndirmə aparılır, alternativ düşüncənin əlavə edildiyi 7 sütunlu düşüncə qeydi formu doldurulur.

Nə vaxt idi Nə oldu? Nə düşündüm? Nə hiss etdim? Nə etdim? Başqa nə düşünə bilərdim? Alternativ düşüncəni düşünsən necə hiss edərdim?

Cədvəl.1.

10. Benefsiarı öz həqiqi səsini müəyyən etməyə təşviq edin. Uşaqlıq mühitinin öhdəsindən gəlmək üçün uşaqlıqda öyrənilən davranışları və bu mühitlərin yaratdığı inancları müəyyənləşdirin.

Burada koqnitiv rekonstruksiya üçün düşüncə üzərində iş ən az təsirə malik texnika olacaqdır. O səbəbdən

Fayda və zərər analizi ilə situasiyaya yenidən baxırıq

Fayda: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi faydalar nələr olmuşdur?

Zərər: Öyrəndiklərimin bu vaxta qədər mənə verdiyi zərərlər nələr olmuşdur?

Və dahası motivasiya yaratmaq üçün alternativ davranış nümunəsini yazırıq, sonrasında vərəqi iki hissəyə ayırır, mümkün variantları təxmin edirik və sonra bunlara dair inancımızı qeyd edirik, ardınca yeni davranışı həyata keçirir və vərəqin boş hissəsində yeni davranış sonrası təəssüratlarımızı qeyd edirik.

Yəni inanc və düşüncələri, fərziyyələri, ümumiyyətlə koqnitiv rekonstruksiyanı davranış təcrübələri əsasında həyata keçiririk.

11. Mövcud mühitlə indiki mühiti fərqləndirin. Mövcud mühitin hansı aspekti stimullaşdıran amil kimi çıxış edən keçmişlə oxşardır? Fərqli, lakin nəzərə çarpmayan nədir?

 Mövcud mühitdəki güclü tərəflərin nələrdir?

 Zəif tərəflərin nələrdir?

 Bu gün sənə nələr keçmiş mühiti xatırladır?

 O stimmulaşdırıcı xatirələr ilə necə mübarizə aparırsan?

Koqnitiv Ekspozisiya və ya Klassik ekspozisiya+5 duyum aktivləşdirməsi

Koqnitiv Ekspozisiya

Bəzən qorxduğun hər hansı bir nüansa özünü məruz buraxa bilmirsən. Məsələn, əgər səndə uçmaq qorxusu varsa, qorxunun öhdəsindən gəlmək üçün təyyarəni qəzaya uğratmaq fikrində olmamağın təbiidir! Ancaq Koqnitiv Ekspozisiyadan istifadə edərək xəyalən bu qorxu ilə qarşılaşa bilərsən. Burada əsas nüans “heç nə etməmək sənətidir”, qorxulan görüntü ilə mübarizə aparmaq əvəzinə ona təslim oluruq.

Real narahatlıq yaradan situasiyada isə deyək ki, nəfəs məşqləri ilə başlanğıcda qorxulan situasiya ilə 30 dəqiqə üzləşmə aparılır

13. Digər davranış formalarını araşdırın

 Başqa çox inkişaf etmiş/kompensasiya edici davranışları kəşf edir və dəyişdirir

14. Yeni davranış həyat bacarıqlarını tətbiq edin.

 Az inkişaf etmiş / sosial və həyati bacarıqları inkişaf etdirmə və formalaşdırma.

15. Davranış təcrübələrindən əldə edilən yeni həyat qaydalarını və yeni sxemləri şifahi şəkildə ifadə edin.

 Dərs danışır bənzəri bloknota qeyd etdiyi yeni fərziyyə və inancları danışır, bu situasiyaları yaradır və yeni bacarıqları eyni bizlər terapevtik bacarıqları tətbiq etdiyimiz bənzəri situasiyalara tətbiq edir.

16. Şəxsiyyət məsələlərini araşdırın.

 Xarakter əlamətlərinə çevrilmiş və tətbiq edildikcə hipokampus iştirakı ilə bərkimiş olan vərdişləri, eyni zamanda introversiya və ya ekstroversiya əlamətləri və.s.

17. Təsvirlər, qoxular, əşyalar və s. istifadə edərək yeni Sxemi dəstəkləyən situasiyalar yaradın, assosiativ yaddaşı yenidən qurun. Məsələn

 Həyatın nə mənaya gəldiyi sorğusu ətrafında müzakirə +

 Əgər onun bir forması olsaydı necə olardı? – sualı əsasında otaqda “həyat mənası formasında” fiqur

Dəyərlər

 Onun vizual qarşılığı

 Onun qoxu qarşılığı

 Onun səth və ya əşyavi qarşılığı və.s

Əsasında sxem və düşüncələrin bərkidilməsi həyata keçirilir.

Ədəbiyyat siyahısı:

1. APA – DSM – IV, 1994

2. Arthur Freeman, Layden, M. A., Newman, C., Morse, S. (1993). Cognitive Therapy of Borderline Disorder, Needham, MA: Allyn & Bacon.

3. Bahattin Göktan – Psikanalitik terapiler temel eğitimi, Kuramcılar

4. David D. Burns – Panik atakda, Psikonet, 2018

5. Greenberger, Padesky – Evinizdeki terapist, Altın kitaplar

6. Jeffrey Wood - Diyalektik Davranışçı terapi, Dev Belgesel yayınları

7. Mary Layden – Sınırda kişilik bozukluğunda bilişsel terapi, Bilişsel terapi ve uygulamaları, Robert l. Leahy, litera yayın evi, 2004, səh.313-332,

8. Nəsimi Qiyasov – Bağlılıq nəzəriyyəsinin şagirdlərin psixo-sosial və psixopedaqoji sferasına təsiri, Elmi tədqiqat işi, Şəki-2021

9. Robert l. Leahy – Duygusal Şema Terapi, Altın pusula, 2018

10. Sinem Durusal – Kabul ve kararlılık terapisi, Eğitim Sunumu

Psixoloq: Nəsimi Qiyasov

Tarix: 05.07.2022

Azərbaycan Respublikası, Bərdə şəhəri