Əslində "meyar" sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də,gündəlik həyatımızda "qiymətləndirmə meyarı" ifadəsinə daha sıx rast gəlirik.
Meyar - hər hansı bir hadisəyə,işə,davranışa və.s qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir.Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək,qiymətləndirmək,dəyərləndirmək anlamında istifadə edilir.Bizlər duyğu orqanlarımız vasitəsilə (gözlər,qulaqlar,dil,burun,dəri) ətraf aləmlə əlaqə qururuq.Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə,daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizlərdə müəyyən bir rəy,münasibət formalaşır.
Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil,şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərəkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki,hər kəsin yaşadığı mühitə,dünyagörüşünə,yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır:
Kimsə şəxsin sosial vəziyyətinə,yaşına,dini inancına,cinsi oriyentasiyasına,başqa birisi isə həmin şəxsin özünə və onunla ortaq dəyərlərinə nəzərən bu meyarları müəyyənləşdirir. Qiymətləndirmə üçün meyarların konkret siyahısını tərtib etmək qeyri-mümkündür, çünki insanlar antropoloji,genetik xüsusiyyətlərə görə,hətta bürclərə görə belə bu qiymətləndirməni apara bilərlər. Biri üçün çox əhəmiyyətsiz görünən bir detal digəri üçün çox əhəmiyyətli bir qiymətləndirmə vahididir.Məsələn : X hesab edir ki, tibbi zərurət olmadan kişi cinsindən olan şəxslərin plastik cərrahiyyə əməliyyatı keçirməsi qəbuledilməzdir və bunu edən şəxslər onun nəzərində kimliyindən asılı olmayaraq pis insanlardır.Bəzi şəxslər qiymətləndirmə apararkən "X" kimi daha sərt şəkildə münasibət bildirsələr də,bəzi şəxslər daha liberal nöqteyi-nəzərdən qiymətləndirmə aparırlar. Məsələn : Cənab "Y" bildirir ki, O heç vaxt lazer-epilyasiya xidmətlərindən istifadə etməyib və etməz də.Amma bu xidmətdən istifadə edən şəxslərə tam normal münasibət bəsləyir.Yuxarıda qeyd edilənləri ümumiləşdirərək söyləyə bilərik ki, Qiymətləndirmə Meyarı - subyekt üçün prioritet təşkil edən xüsusiyyətlərə əsasən onun hər hansı bir hadisəyə,şəxsə yaxud predmetə olan münasibətidir.
"Onun çəkmələrini geyinib 1 mil yerimədiyin müddətcə kimsəni mühakimə etmə"- Hindi ata sözü -
Bu deyim bizlərə insanlara qiymət verərkən Empatiya qurmaq lazım olduğunu aşılayır. Empatiya - özünü başqa bir insanın və ya canlının yerində hiss etmə bacarığı,başqasının dərdinə şərik olma hissidir. Qiymətləndirməzamanı empatiya qurmağa çalışan insanların münasibətləri çox zaman müsbət yaxud neytral olur. Onlar mühakimə etməkdən daha çox anlamağa çalışırlar. Empatiyanın əksi isə Aleksitimiya adlanır.Alekitimiyaya sadə dillə duyğusal korluq adını da verə bilərik. Bu məsələyə hüquqi aspektdən də yanaşa bilərik. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cinayət-Prosessual Məcəllənin 7.0.32 və 7.0.33 - cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər ( yaxın qohumlar və qohumlar : ər-arvad,uşaqlar,valideynlər və.s ) işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər.
Hakimin cinayət prosesinin hər hansı bir iştirakçısı ilə,habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər faktlara əsaslanmalı,qərəzsiz,ədalətlə və qanunlara müvafiq davranmalıdırlar. Dövlət haqlı olaraq hesab edir ki, cinayət prosesinin hər hansı bir iştirakçısı ilə hakimin qohumluq əlaqələrinin mövcudluğu onun obyektiv qiymətləndirmə meyarlarına təsir edə yaxud kölgə sala bilər. Bu eynilə bizim gündəlik,məişət həyatımızdan gətirdiyimiz misallarla eynilik təşkil edir.
İnsanları qiymətləndirərkən onun bizə yaxud bizim üçün prioritet təşkil edən dəyərlərimizə münasibətin önəmi varmı ? Bu sualı cavablayarkən ilk öncə subyektin özünə daha sonra isə onun üçün önəm təşkil edən dəyərlərə münasibəti aydınlaşdırmağa çalışaq.Yuxarıda da qeyd etdiyimiz kimi obyektin - yəni qiymətləndirilən şəxsin kimliyi,bizimlə olan münasibəti xüsusi önəm daşıyır.
Bizi tanıyan,bizim barədə hər hansı bir mülahizəsini öncədən bildiyimiz şəxsə qarşı münasibət də çox zaman adekvat xarakter daşıyır. Əgər Siz qonşunuzun sizə qarşı münasibətinin yaxşı olmadığını bilirsinizsə sizin də ona qarşı münasibətiniz adekvat şəkildə olacaqdır. Bu zaman "Mən" anlayışı bütün digər prioritetlərdən çəkidə daha ağır gəlir.Bu zaman adekvat qiymətləndirmə yalnızca Sizin şəxsiyyətiniz barədə söylənilən fikirlərlə məhdudlaşmır,eləcə də Sizə aid olan hər hansı bir hadisəni,halı da özündə ehtiva edir. Məsələn : "X" evinizə qonaq gəlir. Daha öncə X-lə ünsiyyətiniz olmasa da ortaq dostlarınız onun çox mehriban və dürüst birisi olduğunu söyləyirlər. Daha öncədən qonaqlarınız üçün şəxsən hazırladığınız və hazırlanmasına çox zaman və enerji sərf etdiyiniz bir təamı masaya qoyursunuz. "X" yeməkdən daddıqdan sonra duzun miqdarının artıq olduğunu, yeməyi bəyənmədiyini söyləyir.Bu zaman Sizin "X"-ə qarşı olan münasibətiniz necə olacaqdır ? Bəlkə də yemək həqiqətən də duzlu və ləzzətsizdir. Lakin evinizə qonaq gəlmiş birisinin bu həqiqəti dürüstlüklə söyləməsini nəzakətsizlik hesab edərək Sizdə ona qarşı adekvat olaraq mənfi rəy formalaşmağa başlayır. Yaxud da Sizin barənizdə " Çox səmimiyyətsizdir,onu heç bəyənmirəm" dediyini bildiyiniz bir insanın səmimi bir insan olduğunu əsla düşünməzsiniz. Demək ki, əgər biz qiymətləndirdiyimiz şəxslə bir-birimizi qarşılıqlı olaraq tanıyırıqsa,həmin şəxsin bizə yaxud bizə aid olan hər hansı bir predmetə,hadisəyə nəzərən münasibətini biliriksə çox zaman onu verdiyimiz qiymət onun bizim barəmizdə olan fikrinə,rəyinə adekvat xarakter daşıyır. Təbii ki, burada bizim üçün önəmli olan dəyərlərə, "qırmızı xəttlərimizə" olan münasibətin də önəmi danılmazdır.Lakin əksər hallarda insanlar şəxsən özlərnə olan münasibəti daha önəmli hesab edir. Bəs obyekt bizi tanımırsa necə ? Əgər tərəfimizdən qiymətləndirilən obyekt bizi tanımırsa,bizim yaxud bizə aid olan hər hansı bir şey barəsində mülahizəsi yoxdursa bu zaman avtomatik olaraq "Mən" anlayışı ortadan qalxmış olur. Artıq bizlər həmin şəxsi özümüzə qarşı münasibətdə dəyərləndirmək imkanından məhrum oluruq, çünki belə bir münasibət ümumiyyətlə mövcud olmur. Bu zaman düşünmək olar ki, artıq "Mən" yoxdursa demək ki, obyektivlik var və bizlər tam ədalətli qiymətləndirmə edəcəyik. Lakin belə olduqda da ortaya bizim üçün önəmli,prioritet təşkil edən dəyərlər ortaya çıxmış olur. Efirdə gördüyümüz,çox məlahətli səsi olan bir sənətçinin davranışlarını bəyənmirik. Yaxud tanınmış,peşəkar bir cərrahın ailəsinə xəyanət etdiyini öyrənirik və.s Bu kimi hallarda ayrı-ayrılıqda və kompleks şəkildə qiymətləndirmə meydana çıxır. Məsələn : " Cərrahın ailəsi ilə olan münasibəti mənim nəyimə lazımdır ? Önəmli olan onun öz işinin peşəkarı olmasıdır. Yaxud da Sənətçi şəxsi həyatında hər nə edirsə bu onun öz şəxsi işidir,özəlidir.Mən onun ifa etdiyi mahnıları,bəstələrini sevirəm " - ayrı-ayrılıqda" Ateist olan birisi mənim nəzərimdə xarakterindən asılı olmayaraq pis insandır. Yaxud da həyat tərzi,əxlaqı mənə uyğun olmayan bir insanın sənəti mənim nəyimə lazımdır ? " - kompleks Bəzən də dəyərlərin toqquşması baş verir. Bir insanda həm sevmədiyimiz həm də sevdiyimiz xüsusiyyətlər eyni anda mövcud olur. Bu kimi hallarda bizlər xəyali tərəzi yaradır və daha ağır olan hissəyə nəzərən qiymətləndirmə aparırıq. Hər bir halda insanlara qiymət verərkən öncə özümüz və sevdiklərimiz barədə düşünməyi unutmayaq.
Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün minnətdaram...!