Hüquqşünas, #TanrınınGözYaşları ; #BağışlaMəniFemida ; #Məntiq və #ElAdətiyləQətl kitablarının müəllifi, Fəlsəfə həvəskarı
Testə keçməzdən öncə gəlin başlıqda sadalanan anlayışlarla tanış olaq... "İntrovert" , "Ekstravert" və "Ambivert" anlayışlarına ilk olaraq isveçrəli psixiatr-alim Karl Qustav Yunqun "Psixoloji tiplər" kitabında rast gəlirik. Cənab Yunqun fikrincə Ekstravert psixoloji tipinə aid olan şəxslər başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənlik və mərasimlərdə özünü çox rahat hiss edirlər. Bu tip insanlar optimist olur, lətifə danışmağı,dinləməyi sevir, çox vaxt şən əhval-ruhiyyədə olurlar. İntrovertlər isə əksinə, əlaqələrini məhdudlaşdırır özlərinə qapanırlar, onların öz daxili dünyaları olur. İntrovertlərin enerjili olması üçün sakitliyə, təkliyə ehtiyacları var, onlar rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. İntrovert daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edir. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Ekstravertə yaxşı işləmək üçün başqa insanların iştirakı vacibdirsə, introvert tək daha rahat işləyəcək. Onlar utancaq və qapalı olur, real ünsiyyətdənsə, kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər,qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur,həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər. Qeyd edək ki, insanların əksər hissəsinin bu tipə aid olması qeyd edilir. İndi isə Testimizə Başlayaq :Aşağıda qeyd edilən 28 xüsusiyyətdən Sizə aid olduğunu düşündüklərinizi sıra nömrəsini qeyd etməklə kənarda qeyd edin 1.Eyni gündə 2 film, konsert, tamaşa və s. asanlıqla izləyə, bir neçə görüş təyin edə və onlarda asanlıqla iştirak edə bilərsiniz. 2.Dostlarınızın sayı hər ötən gün artır. 3.Əhəmiyyətli bir qərarı təxirə salmaq üçün sizə əhəmiyyətsiz bir hadisə belə kifayətdir. 4.Çox zaman ay ərzində bir dəfə qonaq getmək sizin üçün artıqlaması ilə kifayət edər. 5.Çox tez-tez xəyallara dalırsınız 6.Televizor çalışmayanda əhvalınız pisləşir. Telefonunuzdan uzaqda özünüzü tənha və dünyadan uzaq hiss edirsiniz. 7.Siz insanların simalarını,onların tərcümeyi-hallarını,hadisələri çox asanlıqla xatırlasanız da formulları,riyazi hesabları və başqalarının söylədiklərini xatırlamaqda çətinlik çəkirsiniz. 8.Dostlarınız çox deyil. İnsanlara yaxınlaşmaqdan çətinlik çəkirsiniz. 9.Yemək yeməyi sevir, öz əhatəniz ilə əylənir, tək qalmaqdan çəkinirsiniz. Şən insanlar kateqoriyasına aidsiniz, özünüzə uyğun insanlarla əlaqə axtarır,qapalı insanlardan isə çəkinirsiniz. 10.Başqalarını təqlid etməyi, zarafatlar, məzəli hekayələr danışmağı sevirsiniz. Asan xarakteriniz var. 11. Siz dəqiq və yoxlanılmış mənbələrdən olan informasiyalara üstünlük verir, digər infiromasiyaları ciddiyə almırsınız. 12. Danışmağı,tost deməyi sevir, hər zaman üzdə olmağa can atırsınız. 13. Səs-küylü məclisləri, uca səslə musiqi dinləməyi sevmirsiniz. 14.Əşyalarınızın sayı kifayət qədər azdır amma onlara böyük dəyər verirsiniz. 15. Fotoşəkil çəkdirməyi xoşlayırsınız. 16. Harda,nəyi və necə etməyi çox yaxşı bilirsiniz. 17.Siz tanımadığınız insanlarla tez əlaqə qurur və yeni bir mühitdə asanlıqla gəzirsiniz. Çətin vəziyyətlərdən isə asanlıqla çıxmağı bacarırsınız. 18. Təklikdə nahar etməyi sevir, tanımadığınız insanların olduğu mühitlərdən çəkinir,özünüzü evinizdə daha rahat hiss edirsiniz. 19. Siz prinsipial insansınız və öz prinsiplərinizə daima sadiqsiniz. 20.Tanımadığınız mühitə və insanlara çox gec uyğunlaşırsınız. 21. Tez qərar verirsiniz və risk almağı bacarırsınız, baxmayaraq ki, bu həmişə əsaslı risk olmur. İşgüzar səfərlər isə sizin üçün əyləncəlidir və siz onları sevinclə qəbul edirsiniz. 22. Yad insanlar çox tezliklə sizin üçün doğma bir insana çevrilə bilər. 23. Sağlamlığınızı diqqətlə izləyir, xəstəliyi sonradan müalicə etməkdənsə, bir dəfə də profilaktik dərman qəbul etməyin daha yaxşı olduğunu düşünürsünüz. 24. Hər bir konkret vəziyyətdə nəyi götürməyin ən yaxşı olduğunu qiymətləndirir və vəziyyətdən asılı olaraq hərəkət edirsiniz. 25. Həmişə çoxlu planlarınız, vəzifələriniz, problemləriniz və fikirləriniz var, ancaq bunların yalnız bir hissəsini həyata keçirə biləcək gücdə olduğunuzu düşünürsünüz. 26. Sizə tez-tez "bəzi şeylərə daha sadə yanaşmağa çalış" deyə məsləhət verirlər 27. Sağlamlığından daim şikayət edən insanları başa düşmür və onlara rəğbət bəsləmirsiniz. 28. Ətrafınızda olan insanlarda necə təəssürat yaratdığınızı bilmək sizin üçün çox önəmlidir. Testin Nəticəsi : Yuxarıda qeyd edilən xüsusiyyətlərdən Ekstravert psixoloji tipinə aid olan insanlara məxsus olanların sıra nömrəsi : 1 ; 2 ; 6 ; 7 ; 9 ; 10 ; 12 ; 16 ; 17 ; 21 ; 22 ; 24 ; 25 ; 27 və 28 Digər, yəni 3 ; 4 ; 5 ; 8 ; 11 ; 13 ; 14 ; 15 ; 18 ; 19 ; 20 ; 23 və 26 sıra saylı xüsusiyyətlər isə İntrovert psixoloji tipinə aid olan insanlara məxsusdur. Bununla da nəticədə sayca üstünlük təşkil edən psixoloji tip Sizin psixoloji tipinizdir. Əgər saylar bərabərdirsə ( 14-14 ) yaxud arada cüzi fərq varsa ( 13-15 ) ( 16-12 ) demək ki, Sizin psixoloji tipiniz Ambivertdir. Dəyərli zamanınızı ayırdığınız üçün Təşəkkürlər ! Hörmətlə, Sizin : Şahlar Şahlarzadə ( hüquqşünas/yazar)
Əslində "meyar" sözü özündə həm də qiymətləndirməni ehtiva etsə də,gündəlik həyatımızda "qiymətləndirmə meyarı" ifadəsinə daha sıx rast gəlirik. Meyar - hər hansı bir hadisəyə,işə,davranışa və.s qiymət vermək, yaxud onu təsnif etmək üçün əsas əlamətlər mənasını verir.Qiymət isə bir şeyin dəyəri və keyfiyyəti barədə fikir söyləmək, hökm vermək,qiymətləndirmək,dəyərləndirmək anlamında istifadə edilir.Bizlər duyğu orqanlarımız vasitəsilə (gözlər,qulaqlar,dil,burun,dəri) ətraf aləmlə əlaqə qururuq.Ünsiyyətdə olduğumuz bir insan, şahidi olduğumuz hər hansı bir hadisə,daddığımız bir yemək yaxud burnumuza gələn qoxu barədə bizlərdə müəyyən bir rəy,münasibət formalaşır. Mövzumuz "İnsanları qiymətləndirmə meyarlarımız" olduğu üçün bu münasibəti hadisəyə yaxud predmetə nəzərən deyil,şəxslərə nəzərən araşdıracağıq. İnsanlara qiymət verərəkən hansı əlamətləri rəhbər tuturuq? Təbii ki,hər kəsin yaşadığı mühitə,dünyagörüşünə,yaşam tərzinə uyğun qiymətləndirmə meyarları vardır: Kimsə şəxsin sosial vəziyyətinə,yaşına,dini inancına,cinsi oriyentasiyasına,başqa birisi isə həmin şəxsin özünə və onunla ortaq dəyərlərinə nəzərən bu meyarları müəyyənləşdirir. Qiymətləndirmə üçün meyarların konkret siyahısını tərtib etmək qeyri-mümkündür, çünki insanlar antropoloji,genetik xüsusiyyətlərə görə,hətta bürclərə görə belə bu qiymətləndirməni apara bilərlər. Biri üçün çox əhəmiyyətsiz görünən bir detal digəri üçün çox əhəmiyyətli bir qiymətləndirmə vahididir.Məsələn : X hesab edir ki, tibbi zərurət olmadan kişi cinsindən olan şəxslərin plastik cərrahiyyə əməliyyatı keçirməsi qəbuledilməzdir və bunu edən şəxslər onun nəzərində kimliyindən asılı olmayaraq pis insanlardır.Bəzi şəxslər qiymətləndirmə apararkən "X" kimi daha sərt şəkildə münasibət bildirsələr də,bəzi şəxslər daha liberal nöqteyi-nəzərdən qiymətləndirmə aparırlar. Məsələn : Cənab "Y" bildirir ki, O heç vaxt lazer-epilyasiya xidmətlərindən istifadə etməyib və etməz də.Amma bu xidmətdən istifadə edən şəxslərə tam normal münasibət bəsləyir.Yuxarıda qeyd edilənləri ümumiləşdirərək söyləyə bilərik ki, Qiymətləndirmə Meyarı - subyekt üçün prioritet təşkil edən xüsusiyyətlərə əsasən onun hər hansı bir hadisəyə,şəxsə yaxud predmetə olan münasibətidir. "Onun çəkmələrini geyinib 1 mil yerimədiyin müddətcə kimsəni mühakimə etmə"- Hindi ata sözü - Bu deyim bizlərə insanlara qiymət verərkən Empatiya qurmaq lazım olduğunu aşılayır. Empatiya - özünü başqa bir insanın və ya canlının yerində hiss etmə bacarığı,başqasının dərdinə şərik olma hissidir. Qiymətləndirməzamanı empatiya qurmağa çalışan insanların münasibətləri çox zaman müsbət yaxud neytral olur. Onlar mühakimə etməkdən daha çox anlamağa çalışırlar. Empatiyanın əksi isə Aleksitimiya adlanır.Alekitimiyaya sadə dillə duyğusal korluq adını da verə bilərik. Bu məsələyə hüquqi aspektdən də yanaşa bilərik. Belə ki, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Cinayət-Prosessual Məcəllənin 7.0.32 və 7.0.33 - cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər ( yaxın qohumlar və qohumlar : ər-arvad,uşaqlar,valideynlər və.s ) işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin cinayət prosesinin hər hansı bir iştirakçısı ilə,habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər faktlara əsaslanmalı,qərəzsiz,ədalətlə və qanunlara müvafiq davranmalıdırlar. Dövlət haqlı olaraq hesab edir ki, cinayət prosesinin hər hansı bir iştirakçısı ilə hakimin qohumluq əlaqələrinin mövcudluğu onun obyektiv qiymətləndirmə meyarlarına təsir edə yaxud kölgə sala bilər. Bu eynilə bizim gündəlik,məişət həyatımızdan gətirdiyimiz misallarla eynilik təşkil edir. İnsanları qiymətləndirərkən onun bizə yaxud bizim üçün prioritet təşkil edən dəyərlərimizə münasibətin önəmi varmı ? Bu sualı cavablayarkən ilk öncə subyektin özünə daha sonra isə onun üçün önəm təşkil edən dəyərlərə münasibəti aydınlaşdırmağa çalışaq.Yuxarıda da qeyd etdiyimiz kimi obyektin - yəni qiymətləndirilən şəxsin kimliyi,bizimlə olan münasibəti xüsusi önəm daşıyır. Bizi tanıyan,bizim barədə hər hansı bir mülahizəsini öncədən bildiyimiz şəxsə qarşı münasibət də çox zaman adekvat xarakter daşıyır. Əgər Siz qonşunuzun sizə qarşı münasibətinin yaxşı olmadığını bilirsinizsə sizin də ona qarşı münasibətiniz adekvat şəkildə olacaqdır. Bu zaman "Mən" anlayışı bütün digər prioritetlərdən çəkidə daha ağır gəlir.Bu zaman adekvat qiymətləndirmə yalnızca Sizin şəxsiyyətiniz barədə söylənilən fikirlərlə məhdudlaşmır,eləcə də Sizə aid olan hər hansı bir hadisəni,halı da özündə ehtiva edir. Məsələn : "X" evinizə qonaq gəlir. Daha öncə X-lə ünsiyyətiniz olmasa da ortaq dostlarınız onun çox mehriban və dürüst birisi olduğunu söyləyirlər. Daha öncədən qonaqlarınız üçün şəxsən hazırladığınız və hazırlanmasına çox zaman və enerji sərf etdiyiniz bir təamı masaya qoyursunuz. "X" yeməkdən daddıqdan sonra duzun miqdarının artıq olduğunu, yeməyi bəyənmədiyini söyləyir.Bu zaman Sizin "X"-ə qarşı olan münasibətiniz necə olacaqdır ? Bəlkə də yemək həqiqətən də duzlu və ləzzətsizdir. Lakin evinizə qonaq gəlmiş birisinin bu həqiqəti dürüstlüklə söyləməsini nəzakətsizlik hesab edərək Sizdə ona qarşı adekvat olaraq mənfi rəy formalaşmağa başlayır. Yaxud da Sizin barənizdə " Çox səmimiyyətsizdir,onu heç bəyənmirəm" dediyini bildiyiniz bir insanın səmimi bir insan olduğunu əsla düşünməzsiniz. Demək ki, əgər biz qiymətləndirdiyimiz şəxslə bir-birimizi qarşılıqlı olaraq tanıyırıqsa,həmin şəxsin bizə yaxud bizə aid olan hər hansı bir predmetə,hadisəyə nəzərən münasibətini biliriksə çox zaman onu verdiyimiz qiymət onun bizim barəmizdə olan fikrinə,rəyinə adekvat xarakter daşıyır. Təbii ki, burada bizim üçün önəmli olan dəyərlərə, "qırmızı xəttlərimizə" olan münasibətin də önəmi danılmazdır.Lakin əksər hallarda insanlar şəxsən özlərnə olan münasibəti daha önəmli hesab edir. Bəs obyekt bizi tanımırsa necə ? Əgər tərəfimizdən qiymətləndirilən obyekt bizi tanımırsa,bizim yaxud bizə aid olan hər hansı bir şey barəsində mülahizəsi yoxdursa bu zaman avtomatik olaraq "Mən" anlayışı ortadan qalxmış olur. Artıq bizlər həmin şəxsi özümüzə qarşı münasibətdə dəyərləndirmək imkanından məhrum oluruq, çünki belə bir münasibət ümumiyyətlə mövcud olmur. Bu zaman düşünmək olar ki, artıq "Mən" yoxdursa demək ki, obyektivlik var və bizlər tam ədalətli qiymətləndirmə edəcəyik. Lakin belə olduqda da ortaya bizim üçün önəmli,prioritet təşkil edən dəyərlər ortaya çıxmış olur. Efirdə gördüyümüz,çox məlahətli səsi olan bir sənətçinin davranışlarını bəyənmirik. Yaxud tanınmış,peşəkar bir cərrahın ailəsinə xəyanət etdiyini öyrənirik və.s Bu kimi hallarda ayrı-ayrılıqda və kompleks şəkildə qiymətləndirmə meydana çıxır. Məsələn : " Cərrahın ailəsi ilə olan münasibəti mənim nəyimə lazımdır ? Önəmli olan onun öz işinin peşəkarı olmasıdır. Yaxud da Sənətçi şəxsi həyatında hər nə edirsə bu onun öz şəxsi işidir,özəlidir.Mən onun ifa etdiyi mahnıları,bəstələrini sevirəm " - ayrı-ayrılıqda" Ateist olan birisi mənim nəzərimdə xarakterindən asılı olmayaraq pis insandır. Yaxud da həyat tərzi,əxlaqı mənə uyğun olmayan bir insanın sənəti mənim nəyimə lazımdır ? " - kompleks Bəzən də dəyərlərin toqquşması baş verir. Bir insanda həm sevmədiyimiz həm də sevdiyimiz xüsusiyyətlər eyni anda mövcud olur. Bu kimi hallarda bizlər xəyali tərəzi yaradır və daha ağır olan hissəyə nəzərən qiymətləndirmə aparırıq. Hər bir halda insanlara qiymət verərkən öncə özümüz və sevdiklərimiz barədə düşünməyi unutmayaq. Dəyərli vaxtınızı ayırıb oxuduğunuz üçün minnətdaram...!