10 sentyabr - Ümumdünya İntiharın qarşısının alınması günü kimi neçə illərdi qeyd olunur. İntihar hər il minlərlə gəncin həyatını təhdid etdiyindən, bütün yeniyetmələr “intiharın nə olduğunu və bununla necə mübarizə aparmaq lazım olduğunu” anlamalıdırlar. Vaxtaşırı intiharla əlaqədar internet, kütləvi informasiya vasitələrindən yazılar oxuyur, dinləyir və görürük. Bu hallar insanı sarsıdır, həyat eşqini azaldır, həssas adamları depresiyaya sürükləyir, yeni intihara cəhdə hazırlayır da demək olar. İntihar mövzusunun qorxulu olduğunu bilirik. Bu barədə valideynlər, müəllimlər və ya dostları ilə danışmaq adət deyil. Əslində intihar edənlərin çoxu həqiqətən ölmək istəmirlər. Sadəcə bir və ya daha çox problemi həll etməyə çalışırlar. İntihar edən və ya intihara cəhd edən uşaq - bir-birini istisna edən bu iki anlayış zamanın "əlamətlərindən" biridi. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün pisi yaxşıdan, yaxşını pisdən seçə bilmirlər. Böyüklərin həyatlarına müdaxilələri, kiçik hadisələ kəskin reaksiyaları onların nəzərlərində dözülməz olur. Çıxış yolunu hər hansı bir çətinliklə üzləşən zaman problemlərini həll edə bilməyəcəklərindən və ya hər hansı bir qorxu səbəbindən intihar etməklə valideynlərinə acı yaşadaraq diqqəti özlərinə cəlb etməkdə görürlər. İntihar yolu ilə uşaq, bir yetkin kimi, vəziyyəti dəyişdirməyə çalışdığına inanır. Əsas fikri özlərinı yönəltməklə hisslərdən qurtulmaq, mərhəmət və məhəbbət oyatmaq, kömək və problemlərinə diqqət çəkmək, təkbaşına israr etmək, intiqam almaq, məsuliyyətdən qaçmağı düşünürlər. Bir gənc ümumiyyətlə çətin vəziyyətlərdən qaçmağa meyllidirsə, ən kiçik hadisələrdən təsirlənib özünə dərd edirsə, həssaslığa tam meyllidirsə, özünü tez- tez günahlandırırsa, həddindən artıq mərhəmətlidirsə, özünə dərd axtarırsa intihar ilk meyllikərdəndi. Həm də unutmaq olmaz ki, uşaq özünü bədbəxt hiss etdikdə intihara qərar verir. Gəncin fikrincə onun həyatının heç kimə maraqlı olmayan qiyməti, incidənlərindən intiqam almaq üçün bir dərs olar. Onların təsəvvürünə görə ölüm arzu olunan uzun bir yuxu, çətinliklərdən uzaq bir istirahət, başqa bir dünyaya girmək üçün bir yol, eyni zamanda yaxınlarını və ya onların problemlərinə etinasız yanaşanları cəzalandırmaq üçün bir vasitədi. Zəruri olan əsas əlamətlərini vaxtında müşahidə etməklə "uşaqlıq intiharı"nın qarşısını vaxtında almaq mümkündü. Emosional narahatlığın əlamətləri sayılan iştahsızlıq və ya hətta susuzluq, yuxusuzluq, xəstəliklərdən tez-tez şikayətlər, baş ağrısı, davamlı yorğunluq, tez-tez yuxuya getmək, davamlı tənhalıq hissi, günahkarlıq, ölüm haqqında düşünməyə dalmaq, gələcək üçün planların olmaması, zülmü əks etdirən söhbətlər, qeydlər, rəsmlər, səbəbsiz ağlama, kobudluq, şəxsi əşyaların paylanması intihara cəhd etməkdə marağı olanların iıkin əlamətləridi. Bir yeniyetmədə problemlər, sevilən biri ilə ayrılması və ya xəyanəti səbəbindən yarana bilər. Bu dövrdə yeniyetmələr ilk sevginin sonsuza qədər olduğuna və son dərəcə ciddiyə aldığına əmin olurlar. Ailədəki çətin bir psixoloji vəziyyətə görə - valideynlərlə mübahisələr, ata və ananın aralarındakı qalmaqalları, boşanmaları, təhsilindəki həddindən artıq yük və ya uğursuzluqlarına valideynlərin sərt reaksiyası internet asılılığı problemləri və bir çox başqa səbəblər uşağı intihara cəhd etməyə sürükləyə bilər. Uşağı danlamayın, ona bağırmayın, laqeydlik maskası arxasında gizlənməyin, sadəcə sizi qorxutmağa qərar verdiyini düşünməyin. Uşaq onu çox sevdiyinizi və ona dəyər verdiyinizi hiss etməlidir. Əvvəlcə uşaqla danışmaq, ona vəziyyəti barədə suallar vermək, gələcəklə bağlı söhbətlər aparmaq, planlar qurmaq lazımdır. Bu söhbətlər müsbət olmalıdır. Uşağa nikbin bir münasibət, inam aşılamaq, məqsədlərinə çatdığını göstərmək lazımdır. Uşağı "hər zaman narazı" və "kövrəklikdə" günahlandırmayın, şəxsiyyətinin müsbət tərəflərini və qaynaqlarını göstərmək daha yaxşıdır. Onu daha uğurlu, şən, xoş xasiyyətli uşaqlarla müqayisə etməyə ehtiyac yoxdur. Bu müqayisələr bir yeniyetmənin onsuz da aşağı olan özünə inamını daha da sarsıdacaqdır. Yalnız bu günün yeniyetməsini dünənki gənclə müqayisə edə və sabahkı gəncin müsbət bir görüntüsünə köklənə bilərsiniz. Mütəxəssislərdən kömək istəməyinizə əmin olun. Unutmayın ki, hələ bir intihar cəhdi ola bilər. Statistikaya görə, intiharların üçdə biri bir il ərzində cəhdlərini təkrarlayır. İntihar etməyə qərar verən gənci diqqətlə dinləyən, uşağın emosional böhranının ciddiliyini, niyyətlərini və hisslərini, dərinliyini qiymətləndirən, ən kiçik şikayətlərə belə diqqətli olan, uşağın mənəviyyatı ilə bağlı narahatlıq doğuran heç bir hadisəyə laqeyd yanaşmayın, intihar etməyi düşündüyünü birbaşa soruşmaqdan çəkinməyən, öz problemləri ilə övladını yormayan, narahatlığını vaxtında duyub köməkliyini əsirgəməyən valideynlərin belə situasiyalara düşmək risqi demək olar ki, azdır. Çox vaxt gənclər İnternetdə intihar etmək barədə məlumat tapa bilərlər. Hansı medianı oxuduqlarına, televiziyada hansı verilişlərə baxdıqlarına diqqət etmək gərəkdir. Unutmaq olmaz ki, yeniyetmələr ətraflarında gördükləri davranış modellərini internet və televiziyadan onlara təklif etdikləri şəkildə kopyalayırlar. Dünyada hər 40 saniyədə bir kimsə intihara cəhd edir və hər il təxminən 800 min insan intihar nəticəsində ölür. Həyat o qədər tez keçir ki, çox vaxt ağlımız dünyanı görmə tərzimizi dəyişənə qədər ömrümüz onsuz da bitir. Sonu olmayan, nə vaxtsa bitəcək ömrün dirənəcəyi nöqtəyə qədər olan qavrayışımızın da artıq təsirli olmur. Ruh cökür, fəaliyyət mexanizmləri itir. Bütün bunlar o qədər tez olur ki, özümüzə sual vermək üçün vaxtımız da olmur. Bunu biz duymuruq, arxada qalan əzizlərimiz bilir. Nə çəkirlər onları da təsəvvür etmək belə qorxunc olur. Gəlin sevdiklərimizi qoruyaq. Onların qayğısına hələ kiçik yaşlarından qalaq. Təkcə maddi nemətlərlə yox, mənəviyyatlarının da qayğısına da qalaq, daxili dünyalarına nəzər yetirək, maraq dairələrini öyrənək, onlardan mərhəmətimizi, sevgimizi əskiltməyək. Həyata onların nəzərləri ilə baxaq. O zamab öz dünyamızı da aydınlatmış olarıq. Unutmayın, intiharla mübarizə aparmaq üçün bir nəfər kifayətdir - o da SİZ olun.
Yeganə İskəndərova