“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi olaraq ölüm qorxusu bu insanlarda hakim kəsilir... Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirdikləri kimi yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər.
Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daimi olaraq sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişiklərinə belə reaksiya verirlər.
İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətli şəkildə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daimi olaraq öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdəndir ki, ipoxondriyalı xəstələr hədsiz sayda həkimlər dəyişirlər.
Bu xəstələrdə depressiya tez-tez rast gəlinən bir problemdir. Ciddi bir müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər.
Xəstəliyin daha çox 20-40 yaşlarında və 50-70 yaş arasında rast gəlmə tezliyi çoxdur. Əhali arasında yayılması təxminən 4-9 %-dir.
İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin bu cür həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaqdır. Dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Nəticədə xəstə bu cür davranışlardan qaçınmalıdır.