Giriş: İnsan psixologiyası mədəniyyətdən ayrı mövcud deyil
Psixoterapiya tarixinin uzun bir dövründə insan psixologiyası daha çox universal və mədəniyyətdən müstəqil bir fenomen kimi nəzərdən keçirilmişdir. Erkən klinik nəzəriyyələrin əhəmiyyətli hissəsi insan davranışını izah edərkən fərdin daxili dünyasına, instinktlərinə, konfliktlərinə və koqnitiv proseslərinə fokuslanmış, lakin həmin insanın yaşadığı sosial və mədəni mühitin rolunu ikinci plana keçirmişdir. Müasir klinik praktika isə göstərir ki, insanın psixoloji təşkilatlanması onun yaşadığı mədəni sistemdən ayrılmazdır. İnsan:
• Necə hiss etməyi,
• Emosiyalarını necə ifadə etməyi,
• Hansı ehtiyacların “qəbul edilən” olduğunu,
• Yaxınlıq və məsafənin necə qurulduğunu,
• Hansı davranışların utanc doğurduğunu,
• Hansı hisslərin təhlükəli sayıldığını,
• Yardım istəməyin nə məna daşıdığını
• İlk növbədə yaşadığı mədəni mühitdə öyrənir.
Bu səbəbdən terapevt üçün əsas klinik vəzifələrdən biri yalnız simptomları müəyyən etmək deyil, həmin simptomların pasiyentin mədəni və sosial reallığında hansı funksiyanı daşıdığını anlamaqdır.
Charles R. Ridley və Shannon M. Kelly multikultural klinik yanaşmada xüsusilə vurğulayırlar ki, terapevtin əsas məqsədi “mədəni məlumat toplamaq” deyil, pasiyentin yaşadığı dünyanı onun baxış bucağından anlaya bilməkdir. Burada əsas məsələ stereotiplər deyil, kontekstual empatiyadır.
Multikultural yanaşma terapevtdən aşağıdakı bacarıqları tələb edir:
• Öz mədəni mövqeyinin fərqində olmaq,
• Klinik normallıq anlayışını sorğulamaq,
• Pasiyentin davranışını kontekstdə anlamaq,
• Fərqli emosional ifadə formalarını patologiyalaşdırmamaq,
• Mədəniyyətin transfer və terapevtik münasibətə təsirini görmək.
Bu səbəbdən müasir keys formulyasiyası yalnız intrapsixik dinamikanı deyil, insanın yaşadığı mədəni sistemi də nəzərə almalıdır.
Mədəni faktorların psixoloji təşkilatlanmaya təsiri
Mədəniyyət görünməz psixoloji struktur kimi
Mədəniyyət çox zaman insan tərəfindən şüurlu şəkildə hiss edilmir. İnsan öz mədəniyyətini “normal həyat” kimi yaşayır. Bu səbəbdən həm pasiyent, həm də terapevt çox zaman öz dünyagörüşlərini universal həqiqət kimi qəbul etməyə meylli olurlar.
Halbuki mədəniyyət insanın daxili təşkilatlanmasına dərindən nüfuz edir:
• Emosional reaksiya formaları,
• Utanc və günah hissinin təşkili,
• Avtoritetlə münasibət,
• Aqressiyanın ifadəsi,
• Cinsiyyət rolları,
• Fərdiləşmə prosesi,
• Ailəyə bağlılıq,
• Sərhəd anlayışı,
• Asılılıq və müstəqillik balansı böyük ölçüdə mədəni sistem tərəfindən formalaşdırılır.
Məsələn, individualist mədəniyyətlərdə:
• Şəxsi seçim,
• Fərdiləşmə,
• Özünü ifadə etmə,
• Emosional açıqlıq sağlamlıq göstəricisi kimi qiymətləndirilə bilər.
Kollektivist mədəniyyətlərdə isə:
• Ailəyə bağlılıq,
• Münasibət harmoniyası,
• Emosional özünü-nəzarət,
• Sosial uyğunlaşma daha yüksək dəyər daşıya bilər.
Əgər terapevt bu fərqləri nəzərə almırsa, o zaman pasiyentin davranışını yanlış interpretasiya etmə riski yaranır.
Mədəniyyət və “normal” anlayışı
Klinik praktikada “normal” anlayışı çox zaman mədəni olaraq qurulmuş anlayışdır. Bir mədəniyyətdə adaptiv hesab olunan davranış başqa bir mədəniyyətdə patoloji kimi görünə bilər. Məsələn:
• Ailədən emosional ayrışmanın zəif olması,
• Valideynə yüksək bağlılıq,
• Kollektiv qərarvermə,
• Emosional ehtiyacların açıq ifadə edilməməsi Qərb yönümlü terapevtlər tərəfindən “asılılıq”, “yetkinləşməmə” və ya “emosional inhibisiya” kimi görülə bilər.
Lakin müəyyən mədəni sistemlərdə bunlar sağlam münasibət modeli hesab edilir. Bu səbəbdən terapevt daim özündən soruşmalıdır:
• Mən bunu həqiqətən klinik olaraqmı qiymətləndirirəm? Yoxsa öz mədəni normativlərimə əsasənmi qərar verirəm?
Simptomların mədəni dili: Distressin ifadə formaları
Psixoloji ağrı bütün insanlarda mövcud olsa da, onun ifadə forması mədəniyyətə görə dəyişə bilər. Bəzi mədəni sistemlərdə insanlar:
• Emosional ağrını birbaşa ifadə etmirlər,
• Hissləri bədən dili ilə göstərirlər,
• Psixoloji simptomları dini və ya mənəvi dillə izah edirlər.
Bu səbəbdən terapevt yalnız simptomun formasına deyil, onun funksiyasına və mənasına diqqət etməlidir.
Somatizasiya və mədəniyyət
Bir çox kollektivist və emosional ifadənin məhdud olduğu mühitlərdə psixoloji distress bədən üzərindən ifadə olunur. Pasiyent:
• “ürəyim sıxılır,”
• “başım partlayır,”
• “boğuluram,”
• “bədənimdə güc qalmır”
• “dizimdə taqət yoxdur”
Kimi ifadələrdən istifadə edə bilər.
Bu insanlar çox zaman:
• Emosional dili inkişaf etdirməmiş,
• Hissləri sözlə ifadə etməyə təhlükə kimi baxan,
• Emosional ehtiyacları utanc ilə əlaqələndirən mühitlərdə böyümüş olurlar.
Belə hallarda terapevtin məqsədi simptomu “saxta” və ya “sadəcə somatik” kimi görmək deyil; bədənin emosional kommunikasiya vasitəsinə çevrildiyini anlamaqdır.
Klinik nümunə
Otuz beş yaşlı qadın pasiyent davamlı:
• Nəfəs çatışmazlığı,
• Ürəkdöyünmə,
• Halsızlıq,
• Boğulma hissi yaşadığını bildirir.
Tibbi müayinələrdə ciddi problem aşkar edilmir.
İlkin baxışda vəziyyət panik pozuntu və ya somatoform simptomatika kimi görünür. Lakin dərin klinik qiymətləndirmə zamanı məlum olur ki:
• Ailədə emosional ifadə zəiflik hesab olunub,
• Ağlamaq və ehtiyac bildirmək ayıb sayılıb,
• Qadın uşaqlıqdan “səbirli olmaq” üçün təriflənib,
• Aqressiya və narazılıq ifadəsi qadağan edilib.
Beləliklə pasiyent:
• Emosional gərginliyi sözlə yox,
• Bədən dili ilə ifadə etməyi öyrənib.
Bu halda simptom sadəcə fizioloji təşviş reaksiyası deyil; emosional təşkilatlanmanın mədəni nəticəsidir.
Klinik qiymətləndirmədə kontekst: Kontekstdən qopmuş diaqnostika
Multikultural klinik praktikada ən təhlükəli səhvlərdən biri simptomu kontekstdən ayırmaqdır. Eyni davranış:
• Bir mühitdə patologiya,
• Başqa mühitdə uyğunlaşma mexanizmi ola bilər.
Məsələn:
• Hiperoyanıqlıq travmatik və təhlükəli sosial mühitlərdə sağ qalma funksiyası daşıya bilər.
• Güvənsizlik xəyanət və qeyri-sabit münasibət tarixçəsinin nəticəsi ola bilər.
• Emosional uzaqlıq, utanc və ya rədd edilmədən qorunma mexanizmi ola bilər.
• Avtoritetə həddindən artıq uyğunlaşma, təhlükəli ailə sistemində inkişaf etmiş müdafiə ola bilər.
Terapevt davranışın yalnız formasına deyil, tarixçəsinə və funksiyasına diqqət etməlidir.
Sosial travma və mədəniyyət
Bəzi pasiyentlərin psixoloji təşkilatlanması yalnız ailə ilə deyil, kollektiv travma ilə də formalaşır. Məsələn:
• Müharibə,
• Köçkünlük,
• Yoxsulluq,
• Siyasi repressiya,
• Sistematik diskriminasiya,
• Sosial qeyri-sabitlik
Bütün bunlar təhlükəsizlik hissini dərin şəkildə zədələyə bilər. Belə hallarda:
• Təşviş,
• Güvənsizlik,
• Emosional sərtləşmə,
• Yaxınlıq qorxusu yalnız fərdi problem deyil; kollektiv travmanın psixoloji davamıdır.
Miqrasiya və identiklik konflikti
Miqrasiya psixoloji baxımdan yalnız coğrafi dəyişiklik deyil; identiklik sisteminin yenidən təşkilatlanmasıdır. İnsan:
• Dilini,
• Aidiyyət hissini,
• Münasibət sistemini,
• Tanış təhlükəsizlik strukturunu İtirə bilər.
Bu zaman daxildə ciddi parçalanma yaşana bilər:
“Mən kiməm?”
“Hansı dünyaya aidəm?”
“Ailəmin dəyərləri ilə yeni həyat arasında necə seçim edim?”
Klinik nümunə
Xaricdə yaşayan gənc kişi terapiyada bildirir ki:
• Heç bir yerə aid hiss etmir,
• Ailəsi ilə emosional məsafə yaşayır,
• Yaşadığı cəmiyyətə də tam inteqrasiya ola bilmir.
Formulyasiya zamanı məlum olur ki:
• Ailəsi kollektivist və yüksək bağlılıq tələb edən sistemdir,
• Yaşadığı ölkədə isə autonomiya əsas dəyərdir,
• Fərdiləşmə günahkarlıq yaradır,
• Ailəyə bağlı qalmaq isə boğulma hissi yaradır.
Beləliklə problem yalnız “özünəinam” deyil; identiklik və aidiyyət konfliktidir.
Terapevtin mədəni mövqeyi: Terapevt neytral deyil
Multikultural yanaşmanın mühüm prinsiplərindən biri terapevtin də mədəni sistemin içində formalaşdığını qəbul etməsidir. Terapevtin:
• Normallıq anlayışı,
• Münasibət modeli,
• Emosional yaxınlıq təsəvvürü,
• Gender gözləntiləri,
• Ailə haqqında düşüncələri
• Öz mədəniyyətindən təsirlənir.
Əgər terapevt bunu fərq etmirsə, o zaman:
• Pasiyenti yanlış qiymətləndirə,
• Müdafiələri patologiyalaşdıra,
• Terapiyada güc balansını poza bilər.
Mədəni əks-transfer
Bəzən terapevt pasiyentin mədəni xüsusiyyətlərinə emosional reaksiya verir. Məsələn:
• “çox passivdir,”
• “öz fikri yoxdur,”
• “çox aqressivdir,”
• “çox bağlıdır,”
• “emosional deyil”
Kimi hisslər terapevtin öz normativlərinin məhsulu ola bilər. Bu səbəbdən terapevt öz reaksiyalarını daim refleksiya etməlidir.
Mədəni həssaslıq nədir?
Mədəni həssaslıq:
• Fərqləri romantikləşdirmək deyil,
• Hər şeyi mədəniyyətlə izah etmək deyil,
• Stereotiplər yaratmaq deyil.
Əsl mədəni həssaslıq:
• Maraq,
• Açıq mövqe,
• Bilmədiyini qəbul etmək,
• Pasiyentin dünyasını onun prizmasından anlamağa çalışmaqdır.
Mədəni həssas terapevt necə işləyir?
Belə terapevt:
“niyə belədir?” yox, “bu davranış sizin həyatınızda nə məna daşıyır?” sualını verir.
O: Tələsik interpretasiya etmir, Mədəni fərqləri patologiyaya çevirmir, Pasiyentin yaşantısını öz normativlərinə görə qiymətləndirmir.
Terapevtik münasibətdə mədəniyyət
Mədəniyyət transfer münasibətinə ciddi təsir edir. Pasiyent terapevti:
• Hakim fiqur,
• Müəllim,
• Valideyn,
• Sosial avtoritet,
• Təhlükə mənbəyi Kimi yaşaya bilər.
Bəzi pasiyentlər üçün:
• Terapevtə etiraz etmək,
• Emosional açılmaq,
• Aqressiya göstərmək Təhlükəli hiss edilə bilər.
Əgər terapevt bunu yalnız müqavimət kimi interpretasiya edirsə, terapevtik əlaqə zədələnə bilər.
Klinik suallar
Multikultural formulyasiya zamanı terapevt aşağıdakı sahələri araşdırmalıdır:
Ailə və emosional mədəniyyət
• Emosiyalar ailədə necə qarşılanırdı?
• Hansı hisslər qadağan idi?
• Hansı davranışlar utanc yaradırdı?
Sosial və dini sistem
• Yardım istəməyə necə baxılır?
• Psixoloji çətinlik necə mənalandırılır?
• Günah və utanc necə təşkil olunur?
Kimlik və aidiyyət
• Pasiyent özünü haraya aid hiss edir?
• Hansı kimlik konfliktləri mövcuddur?
Güc və təhlükəsizlik
• Pasiyent hansı sosial təhlükələr yaşamışdır?
• Hansı müdafiələr sağ qalma funksiyası daşımışdır?
Formulyasiyada multikultural inteqrasiya
Effektiv keys formulyasiyası aşağıdakı sahələri birlikdə düşünməlidir:
• İntrapsixik dinamika,
• Bağlanma sistemi,
• Şəxsiyyət təşkilatlanması,
• Mədəni kontekst,
• Sosial tarixçə,
• Travma,
• Ailə sistemi,
• Kollektiv təcrübə.
Çünki insan yalnız daxili psixoloji aparat deyil; sosial və mədəni münasibətlər içində formalaşan canlı sistemdir.
Nəticə
Multikultural yanaşma psixoterapiyada əlavə bir mövzu deyil; klinik düşünmənin əsas komponentidir. İnsan davranışı yalnız simptom səviyyəsində qiymətləndirildikdə terapevt çox zaman pasiyentin yaşantısının dərin mənasını qaçırır. Mədəni həssaslıq terapevtdən:
• Epistemoloji təvazökarlıq,
• Öz normativlərini sorğulamaq,
• Konteksti görmək,
• Fərqlə qarşılaşmağa açıq olmaq tələb edir.
Çünki insanın psixologiyası heç vaxt mədəniyyətdən ayrı mövcud olmur.
