Lalə ailəsinin ikinci qızı, uşaqların ortancılı idi. Geniş bir ailədə doğulub, böyümüşdü. Baba, nənə və əmisinin ailəsi ilə birlikdə böyük həyət evində qalırdılar. Babası sovet dövründə içində olduğu zamana mədhiyyələr yazan, İkinci Dünya Müharibəsi dövründə yaşının kiçik olduğu səbəbi ilə cəbhəyə gedə bilməyən, amma sovetlər birliyi dağılana qədər Hitlerə qalib gəlməyin və ya o yolda ölməyin ən böyük arzusu olduğunu qeyd edən lopa bığlı, saçları tökülmüş, bəstəboy, qırmızı sifətli bir kişi idi. Qonşuda elə baba ilə tay-tuş olan, Böyük Vətən Müharibəsi veteranı İkram kişi isə deyirdi ki, Lalənin babası ondan iki Novruz bayramı qabaq doğulub, ona da rəhmətlik anası deyibmiş bunu. Babanın o dövr bu patriot arzusu kimi, patriarx bir hüznü də var idi, oğlan babası olmaq. Baba nə X xromosomundan xəbərdar idi, nə də Y xromosomundan. Babanın bildiyi və əmin olduğu şey o idi ki, oğlu əgər o vaxt onun sözünə baxsa, Lalənin anası ilə yox, İkramın ortancıl qızı ilə evlənsə idi bax o qız ona oğlan nəvə doğardı.
Təkamüldə üç vacib komponentdən bəhs edəcəm, fərqlilik, seçicilik və qalıcılıqdan. Lalənin anası insaflı qadın idi, lakin bu insaf deyilən buketi təşkil edən fərqli gülləri Lalə üçün seçə bilmirdi, çünki belə vaxtlarda onun bu reaksiyaları yaşadığı kiçik sosial qrup, yəni ailəsi tərəfindən ikrahlı nəzərlər və tənəli sözlərlə cəzalandırılır, Laləyə qarşı törəmə instinkti və sevgi hissinin stimullaşdırdığı bütün qayğı mənşəli davranışlar aradan qalxır və sevgi davranışa tökülmədikcə bir hiss kimi sönürdü. Nə mənim, nə də sizin bu cümlələri oxuyarkən şübhəmiz yoxdur ki, anası Laləni sevirmiş, lakin məsələ ondadır ki, sevmək də insaf kimi bir buketdir və onu təşkil edən çiçəklər də davranışlardır, baş sığallamaq, yanağına öpüş qondurmaq və ya sadəcə “afərin qızıma” demək kimi davranışlar. Tamam fərqli, əks bir davranış insan həyatına iki dramatik toxunuş edirdi: köhnə bağı qoparmaq, yeni bağ yaratmaq.
Lalənin anası da bir qadın idi və onun da atası çox qənd qabını yerə çırpıb qıraraq oğul atası olmamağın heyfini şüşədən çıxmışdı, axırda evə alüminium qənd qabı və alüminium kül qabı alınmışdı, ana da dözməyi o qənd qabı və kül qabından öyrənmişdi. Təkamül deyirdim axı, insan varlığını davam etdirmək üçün savaşmaq, qaçmaq, donmaq kimi fərqli reaksiyalar sərgiləyir və ən faydalıları seçib qalıcı olaraq yaddaşına həkk edirdi. Comərd insan oğlu gələcək nəsilləri qorumaq adına bunu sözlü köçürmə və ya dolayı köçürmə ilə özündən törəyənlərə öyrədirdi. Atalar qızlarını bəy evinə yola salarkən xalçanın kənarını ayağı ilə qaldırır, qızım dilini burada qoyub get deyirdilər bəzən. Lalənin anası daha öncə etdiyi nə üçünsə mükafat almamışdı, gücü çatandan çoxunu edərək qarşılığında cəza görməyəndə zehnində “yorulana qədər işləmək, hətta yorulduqdan sonra da işləmək bərabərdir cəzalanmamaq, cəzasız olmaq bərabərdir varlığını davam etdirmək” formasında bir bağ qurmuşdu. Lalə 4 yaşında olanda anası onu döyərkən sosial qrupu tərəfdən qəribə bir mükafat almışdı, qayınatasının onun bu davranışına görə dodağı qaçmışdı və o gün ana özünü ilk dəfə bir evə mənsub hiss etmiş, o gün ana saxta təsdiq texnikası ilə qəbul edilmək arasında bir əlaqə tapmış və uşaqlıqda cəza görməmək ilə bağlı zehnində qurduğu bağa bu dəfə isə mükafat və təsdiq ilə əlaqədar dəhşətli bir bağ əlaqəsi əlavə etmişdi “Laləni cəzalandırmaq bərabərdir özümü bir evə aid hiss etmək”. Ana düşdüyü yeni təbiətdə var ola bilməyin yolunu tapmış və təkamüldə qalıcı olmalı olanın nə olduğunu müəyyən etmişdi: aid olmaq uğrunda sahib olduğunu incitmək.
Ana mənim qəbuluma gətiriləndə ailə üzvləri onun sayıqlamaları və qarabasmalarının ortaya çıxmış olduğunu deyirdi. Anaya adını soruşduqda cavab vermir, neologizmlərdən və qafiyəli danışıqdan istifadə edirdi, bəzən 10 sual əvvəlki sualıma cavab verirdi, vəziyyətin məni aşdığını, şəxsin həkim-psixiatrın qəbulunda olmalı olduğunu ailəyə bildirdim. O an ağlımdan nə keçdi bilmirəm, sonradan adının Lalə olduğunu öyrəndiyim yeniyetmə qızı göstərərək anaya müraciət etdim:
- Onu tanıyırsan?... Kimdir o?
- Külqabı... Təzə, alüminium külqabı – deyərək cavab verdi ana.
Nəsimi Qiyasov
Bərdə, 17.01.2024