Münasibətlərdə emosional yanma sindromu.

Gündəlik həyatda buna xroniki yorğunluq, emosional yanma, yaxud sadəcə “yanma” sindromu da deyilir.

İlk əvvəl bu sindrom daha çox çalışan insanlara şamil edilirdi. Belə ki, uzun müddət fasiləsiz çalışan insanlarda bu hal zaman keçdikcə xəyal qırıqlığı, işdən soyuma, lap elə işi mexaniki həyata keçirmə, heç bir yeniliyin olmaması və s. Belə hallarla özünü büruzə verirdi. Günümüzdə yanma sindromunun işçilər arasında böyük bir problem olduğu fakt kimi ortadadı. Nəticədə emosional yanma sindromu ailədaxili münasibətə, psixosomatik xəstəliklərə, alkoqol, siqaret kimi zərərli vərdişlərə, yuxusuzluq, depressiya kimi ruhi narahatlığa səbəb olur. Yenə də qeyd etmək istərdik ki, qabaq belə hallar daha çox fasiləsiz çalışan insanlarda rast gəlinirdi. Ancaq gününmüzdə biz çalışanlarla yanaşı, çalışmayan insanlarda da belə halların artmasının şahidi oluruq. Olmaya hamı gərgin iş qrafiki ilə işləyir, sadəcə bizim xəbərimiz yox?! Bəlkə iş anlayışının mahiyyəti dəyişib?! Bəlkə internetdə sadəcə, yenə də qeyd edirəm – sadəcə zaman keçirmək də işdi xəbərimiz yox?! Ola bilər. Bu, başqa bir mövzudu. Hələlik onu saxlayaq, keçək emosional yanmanın bizə necə təsir etmə prosesinə.

Yanmanın əsas xüsusiyyətləri enerji itkisi, motivasiya əskikliyi, digərlərinə qarşı mənfi münasibət, qərarsızlıq, ruh halının tez-tez dəyişməsi, eləcə də duyğusal tükənmə, laqeydləşmə və fərdi müvəffəqiyyət ölçüləri ilə xarakterizə edilir. Duyğusal müstəvidə tükənmə insanın etdiyi işə görə özünü həddindən artıq yüklənmiş, tükənmiş hiss etməsidir və burn-out (emosional yanma) sindromunun ən əhəmiyyətli simptomudur. Laqeydləşmə insanın əhatəsində olanlara qarşı fərd olduqlarını nəzərə almadan, duyğudan məhrum şəkildə davranış göstərməsidir. Yanma sindromu əsasən 4 mərhələdə özünü büruzə verir. Öncəliklə onu qeyd edək ki, yanma insanın bir mərhələdən digərinə keçdiyi dəhşətli bir proses deyil, davamlı bir aktdır.

Birinci mərhələ - Şövq və coşğu mərhələsi: Bu mərhələdə insanda yüksək bir ümidlilik, enerjili olma, ifrat peşə gözləntiləri müşahidə olunur. Fərd üçün çalışdığı peşə hər şeydən öndədir, yuxusuzluğa, gərgin iş mühitlərinə, özünə və həyatın digər istiqamətlərinə qarşı zaman və enerji ayırmamağa köklənir.

İkinci mərhələ - Durğunluq mərhələsi: Bu mərhələdə artıq istək və ümiddə müəyyən dərəcədə azalma müşahidə olunur. Çalışma prosesində qarşılaşdığı çətinliklərdən, daha əvvəl əhəmiyyətsiz yanaşdığı bəzi məqamlardan getdikcə narahat olmağa başlayır. Tələb olunan işdən əlavə heç bir şey edə bilmir. Artıq narahat olmağa başlayır. Əvvəl çalışma şövqü digər sahələrə diqqət ayırmamağa səbəb olurdusa, bu gün həmin intizamla çalışa bilmir, əksinə, kənar işlərə daha çox zaman ayırır.

Üçüncü mərhələ - Maneə mərhələsi: Başqa insanlara kömək və xidmət etmək üçün işə başlayan şəxs, insanları, sistemi, mənfi iş şəraitini dəyişdirmənin nə qədər çətin olduğunu anlayır. Davamlı bir maneəçilik duyğusu yaşayır.

Dördüncü mərhələ - Laqeydlik mərhələsi (Apatiya-süstlük): Bu mərhələdə insanda çox dərin emosional qopma, dərin inancsızlıq və ümidsizlik müşahidə edilir. Peşəsini, gördüyü işi iqtisadi və sosial təminat üçün davam etdirir, ondan zövq almır. Belə bir vəziyyətdə iş həyatı fərd üçün doyum və özünü reallaşdırma sahəsi olmaqdan çox, insana yalnız çətinlik və bədbəxtlik verən bir sahə olur.

İnsanda emosional yanma vəziyyətində ortaya çıxacaq əsas simptomlar aşağıdakılardır:

- Psixofizioloji simptomlar: yorğunluq və tükənmə hissi, enerji itkisi, xroniki baş ağrıları və yuxu pozuntuları, qastrointestinal (mədə-bağırsaq problemləri) pozuntular və çəki itirmə, tənəffüs çətinliyi, psixosomatik xəstəliklər, ürək narahatlığı.

- Psixoloji simptomlar: duyğusal tükənmə, xroniki əsəbilik, tez hirslənmə, müəyyən dövrlərdə koqnitiv bacarıqlarda yaranan çətinliklər, xəyal qırıqlığı, əhval defisiti, anksiyetə (həyəcan), səbrsizlik, özünüqiymətləndirmənin aşağı düşməsi, dəyərsizlik, tənqidə qarşı həddindən artıq həssaslıq, qərar vermədə çətinlik, süstlük, boşluq və mənasızlıq hissi, ümidsizlik.

- Bihevioral simptomlar: yanlışlığa yol vermə, işlərini təxirə salma və ya ertələmə, işə gec gəlmə, icazəsiz olaraq, ya da “xəstəlik” səbəbi ilə işə gəlməmə, xidməti xüsusiyyətlərdə pozulma, işdə və iş xaricindəki əlaqələrdə problem, həmkarlara və xidmət verilən şəxslərə, peşəyə və s. Qarşı qeyri-ciddi davranış, işlə maraqlanmaq yerinə başqa “işlərdə” zaman keçirmə, yaxınlara, eləcə də çalışdığı işə qarşı marağın itməsi.

Səbəbləri:

Bu mövzuda aparılan araşdırmalara diqqət etdikdə görürük ki, problemi daha çox birbaşa şəxsiyyətin, fərdin özü ilə bağlayırlar. Düzdür, öncələrdə bunu təşkilati faktorla daha çox əlaqələndirirdilər, günümüzdə də belə yanaşma aktuallığını qoruyub saxlayır. Təşkilatlarda bu halın mövcudluğunu qəbul edir, aradan qaldırması istiqamətində tədbirlər görürlər. Təsadüfi deyildir ki, günümüzdə təşkilat və müəssisələr insan faktoruna, onun özünü reallaşdırmasına əvvəlki illərlə müqayisədə daha çox diqqət ayırır. Bu mövzuda digər bir yanaşma həm təşkilati, həm də fərdi problemlərin bu sindroma səbəb və yanmanın çox ölçülü kompleks fenomen olduğu ilə bağlıdır.

Burn-out (emosional yanma) sindromu işə yeni başladıqda daha çox həyəcanlı və istəkli olan şəxslərdə müşahidə edilir. Bu vəziyyət mütəxəssislər tərəfindən həmin insanların ilk həyəcanlarına daha çox enerji sərf edərək qısa müddətdə tükəndiklərinə bağlanır.

Tükənmişlik sindromu, iş həyatı ilə əlaqəli mövzularda daha çox görülsə də, emosional münasibətlərdə də yaşana biləcək bir anlayışdır. Yaşadığımız dövrdə evlilik və münasibətlər üçün gözləntilərimiz olduqca yüksəkdir. Hamımız romantik münasibətlərimizə böyük xəyallarla başlayırıq, birlikdə olmağa, münasibətlərə böyük mənalar veririk. Ancaq bir müddətdən sonra sevdiyimiz insana olan marağımız azalmağa başlayır və münasibətlərin ilk mərhələlərindəki romantizm yox olmağa başlayır. Bütün münasibətlərdə bu proses normaldır, yoxsa əlaqələr ona yüklənən mənaları və gözləntiləri təmin edə bilmədiyi üçün zamanla başa çatır?

Klinik psixoloq, ailə və interpersonal psixoterapevt Ayala Malach Pines, “Cütlüklərdə tükənmə” adlı kitabında, münasibətlərdə olan insanların fiziki və mənəvi yorğunluğunun ən vacib səbəbinin münasibətlərə yüklənən mənalarda gizləndiyini söyləyir. Pinesə görə, sevgilərinin əbədi olacağını ümid edən idealist insanlar gündəlik həyatın konkret həqiqətləri ilə qarşılaşdıqda məyus olurlar. Münasibətlərdəki reallıqlar və gözləntilər arasındakı bu fərq həm emosional, həm də zehni tükənməyə yol açır.

Münasibətdə tükənmə nədir və niyə meydana gəlir?

Münasibətdəki yaşanan konfliktlər arasındakı müddət qısalır, amma sonrakı zaman kəsiyində hər şeyin normallaşması üçün daha uzun vaxt tələb olunursa, münasibətiniz tükənmək ərəfəsində ola bilər. Cütlərin bir-biri ilə əlaqəsinin zəifləməsi, müxtəlif birgə fəaliyyətlərdən əvvəl olduğu qədər zövq ala bilməməsi və davamlı qarşıdurma kimi bir çox vəziyyət münasibətlərin tükənməsinin ən vacib əlamətlərindəndir.

Araşdırmalar göstərir ki, cütlüklər münasibətlərinin tükəndiyindən xəbərdar olub, həll yolunda təsirli bir addım atmadan əvvəl orta hesabla altı il gözləyirlər və bu vəziyyətin niyə, necə yarandığını çox vaxt başa düşə bilmirlər. Buna görə də, bir çox münasibətlər tərəfləri səhvən pis vərdişlər, qeyri-konstruktiv mübarizə üslubları və şiddət ilə tükənmişlik burulğanına salır.

Münasibətinizin tükəndiyini necə bilə bilərsiniz?

Bir münasibətdə tükənmənin ən vacib üç səbəbi və göstəricisi vardır ki, bu ümumi tükənmə sindromu əlamətləri ilə oxşarlıq təşkil edir. Münasibətlərinizin tükəndiyini başa düşmək üçün münasibətlərinizdə aşağıdakı vəziyyətlərdən neçəsini müşahidə edə bilərsiniz:

Fiziki və emosional yorğunluq

Münasibətiniz sözün əsl mənasında sizi yeyir. Qarşı tərəfin diqqətə ehtiyacı olduğunu və münasibətinizlə bağlı məsuliyyətləriniz olduğunu çox yaxşı bilsəniz də, bir addım atmaq, səy göstərmək istəmir və ya səy göstərmək üçün enerji, motivasiya tapa bilmirsiniz. Partnyorunuz üçün sürpriz bir şam yeməyi hazırlamaq, birlikdə tətil planlaşdırmaq və ya gəzintiyə çıxmaq kimi ən sadə hərəkətləri düşünmək belə yorğun olduğunuzu hiss etməyiniz üçün kifayət edir.

Bağları pozmaq və tənqidi münasibət

Özünüzü partnyorunuzun və ya münasibətinizin bir hissəsi olaraq görə bilməməyə başlayırsınız, həm digər insanla, həm də münasibətinizlə bağlı heç bir əlaqə hiss etmir, duyarsızlaşırsınız. Etdiyi hər şey, söylədiyi hər söz sözün əsl mənasında sizə batmağa başlayır. Hər davranışını tənqid edir və etdiyi hər səhvə lazım olandan çox, şişirdilmiş reaksiya verirsiniz. Zamanla, həqiqətən uyğun bir cütlük olub-olmadığınızı sorğulayır, bunu özünüzə belə etiraf etməsəniz də, diqqətinizi daha yaxşı ola biləcək digər insanlara yönəltməyə başlayırsınız.

Münasibətə daha az “sərmayə”

Münasibətlərinizi düzəltmək və ya yaxşılaşdırmaq üçün heç bir addım atmamağa başlayırsınız, çünki münasibətinizdə göstərdiyiniz hər hansı bir səy mənasız olacaqdır deyə düşünürsünüz. Boş vaxtınızı yoldaşınızdan çox, tək və ya sosial mediada keçirməyə üstünlük verirsiniz. Fiziki yaxınlıqdan əlavə emosional əlaqənizin də azaldığını hiss edirsiniz. Nə edəcəyinizi bilmirsiniz, bəzən bu münasibətlə bağlı “mən daha yoxam” deyib və yox olmaq istəyirsiniz.

Necə edək? Romantik münasibətlər iki şəxs arasında ifa edilən rəqs kimidir, sevgi burada musiqidir, onlar bir-birinin addımlarını təqib edir, ona adekvat addımlar atırlar, örnək olaraq deyək ki, tərəflərdən birinin dördüncü hərəkətin əvəzinə yeddinci hərəkəti yerinə yetirməsi idealist və rigid şəxslər üçün hardasa “sərhəd pozuntusu” hesab edilirsə, əksinə daha elastik düşüncə tərzinə malik insanlar üçün sadəcə bir texniki səhv hesab edilir. Bu cür problemlərdə hər şey yaxşıymış kimi daxildən gələn emosiyaların xalçanın altına süpürülməsi heç də çıxış yolu deyildir. Unutmaq lazım deyil ki, insanlar baş verən hər hansı bir hadisə ilə bağlı reaksiya vermədiyimizi gördükdə bizi o mənzərələrə qarşı görmə məhdudiyyətli, o səslərə qarşı eşitmə məhdudiyyətli hesab edə bilərlər. Bundan başqa ailədəki problemin sizin şəxsi ruhi vəziyyətinizə təsiri və ya sizin ruhi vəziyyətinizin ailədaxili münasibətlərinizə təsirini sezmək lazımdır.

Münasibətlərə məna yükləyərkən qarşımızdakı şəxsin də səhvlər edə biləcək biri olduğunu nəzərə almaq lazımdır. Bu gün insanlar keçmişdə olduğundan daha çox “bizi ancaq ölüm ayıra bilər” deyirlər, amma burdakı ölüm Prof.Sungurun da ifadə etdiyi kimi fiziki bir mövcudluğun sona çatmağı deyil, sadəcə sevginin bitməyi mənasına gəlir. Sevgi kişilərin çayçıdakı hesab davası kimidir, “hesab mənlikdir.. Başa düşmədim, mən ölmüşəm... o pul qabını sakitcə stolun üstünə at, hesabı mən ödəyəcəm!” münasibətlərin sevgililik dövrü də belədir, tərəflər bütün günü “sən məni çox sevirsən, yoxsa mən səni?” deyə soruşur, yazır, sonra gedib hələ bir bunu çobanyastığı ilə də yoxlayırlar. Evlilik sonrasında isə münasibət tamam başqa cür özünü göstərir, rəqsdəki əvvəlki ehtiras azalmağa başlayır. Addımlar yavaşlayır, baxışlardakı şövq əvvəlki kimi gözə çarpmır. Səbəb isə artıq birlikdə yaşayışın insanların qüsur hesab ediləcək məqamlarını da bir-birinə aşkar etməsidir. Məhz buna görə də, sevgini görmə qüsuru, evliliyi o qüsurun tək korreksiya metodu hesab edirlər bəzən.

Təklif edirəm ki, ailə ilə, münasibətinizlə bağlı sizi narahat edən məqamları partnyorunuzla paylaşın. Onun mövzu ilə əlaqədar fikirlərini dinləyin.

Münaqişə də bir ünsiyyət formasıdır bu rəqsi musiqi davam etdiyi müddət ərzində və ya sonrasında tam sakit ifa edəcəyinizi, harmoniya içində olacağınızı sizə heç kim vəd etməyib.

Birlikdə, komanda yoldaşı kimi münasibətinizi xilas etməyə çalışın. Birlikdə sizə xoş təsir bağışlayacaq planlamalar aparın, kinoya getmək, teatr izləmək, gəzintiyə çıxmaq, ən azından birlikdə evdə film izləmək.

Bir-birinizin atdığınız addımlarını əgər layiqdirsə təqdir edin. El adətləri içərisində hətta sözlə qorxudulan ağacda belə həmin bahar əvvəlkindən daha gözəl meyvə gətirdiyinə inanılırsa bizlər niyə sözlərin buz bağlayan sevgini isidəcəyinə inanmayan?

Professional yardım almaqdan çəkinməyin. Bəzən rəqsin hansı məqamında səhv etdiyimizi öyrənmək üçün bizə mütləq bir professional baxışı lazımdır.

Bir digər vasitə düşüncələrə tolerant yanaşmaq və tez təslim olmamaqdır. Mən sevgilər üçün əzabkeş sovet insanı obrazını sevməsəm belə Əliağa Kürçaylının müəllifi olduğu, Emin Sabitoğlunun sözlərinə musiqi bəstələdiyi İlyas Əfəndiyevin “Unuda bilmirəm” əsərindən Nərmin və Kamranın musiqisi kimi bizə tanış olan “Məni sənə bağlayan” şeirindən bir bəndi sizə təqdim etmək istərdim:

Tutsun ərzi duman-çən,

Qar olsun, dözərəm mən.

Ürəyimi isidən

Sənin hərarətindir.

Ədəbiyyat siyahısı:

1. Ayala Malach Pines-Çiftlerde Tükenmişlik: Sebepleri ve Çözümleri- İletişim nəşriyyatı, 2017

2. Nərmin Quliyeva-Burn-out(emosional yanma) sindromu, Psixologiya Elmi-tədqiqat İnstitutu, 2014

3. https://www.uplifers.com/iliskide-tukenmislik-sendromu-iliskinin-tukenmesinin-sebepleri-ve-cozum-onerileri/

4. https://saglamolun.az/index.php/psixologiya/14471-emosional-yanma-sindromu.html

Psixoloq Nəsimi Qiyasov— 03.04.2021

Azərbaycan Respublikası, Bərdə şəhəri