Manipulyasiya — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir.
Emosional manipulyasiya ikili münasibətlərdə və ya idarəçilikdə emosianal toxunuşlarla şəxsin və ya şəxslərin idarə edilməsidir. Burada təbii olaraq fiziki bir toxunuşdan deyil, əsasən el dili ilə desək “sarı sim”ə toxunmaqdan söhbət gedir. Zəhərli münasibətlərdə biz bu cür emosional manipulyasiyaya dair xeyli sayda nümunəyə rast gələ bilərik. Əslində iki tərəf də xoşbəxt deyil, partnyoru xoşbəxt olmayan qadın və ya kişinin özünün xoşbəxt olma ehtimalı heçə bərabərdir, bəs kənardan xoşbəxt görünə bilərmi? Əlbəttə, bədbəxtliyin fərqinə varmayan xoşbəxtləri təkcə münasibətlərdə deyil, hər yerdə görə bilərik.
Romantik münasibətlərdə manipulyasiya zamanı əsasən tərəflərdən birinin digərinin ən qabarıq nəzərə çarpan duyğusunu hədəfə aldığını görürük. Bunun faydalı və ya zərərli tərəfləri də var. Zərəri bundan ibarətdir ki, manipulyator özü-özlüyündə psixoloji şiddət tədbiq edən şəxsdir, bir digər məqamda qarşısındakı insanın iradi, bioloji, mənəvi azadlığını əlindən alır. Bəs münasibətlərdə emosional manipulyasiya təkcə partnyorlar arasında müşahidə edilir? Xeyr, anaların övladlarının vicdanlarını nişan alması ataların övladlara “əziyyətim burnundan gəlsin” deməyindən daha ağır bir cəza formasıdır.
Romantik münasibətlərdə emosional manipulyasiyanın yaxşı tərəfi ondan ibarətdir ki, münasibəti sarsıtma ehtimalı olan konflikt və fikir ayrılıqlarını onun vasitəsilə neytrallaşdırmaq, zərərsizləşdirmək mümkündür.
Bir oğlan qrup yoldaşınızla tələbə olduğunuz müddət ərzində çox gözəl dostluğunuz olduğunu düşünün, vaxt gəlir siz birinə aşiq olursunuz və ona daha çox vaxt ayırmağa başlayırsınız. Sevdi, ya da sevmədi, Azərbaycan kişisi çox yaxın ünsiyyəti olan, dostu olan qadını heç vaxt itirməyə çalışmır, çünki zatən bu misalı ona görə çəkdim, emosional yanaşırlar məsələyə. Adam bir müddət sonra davamlı olaraq, sizə ehtiyacı olduğunu, yenidən başlamalı olduğunuzu(nəyə?) qeyd edir, sizə sevgi etiraf edir. Burada elə davranmaq lazımdır ki, şəxs nə özünə, nə də sizə və sizin münasibətinizə zərər vurmasın. Bu keysdə siz mənim həyata şəkil çəkdirmək, effekt gözü ilə baxan, ən böyük həyat mənasını gəzintidə tapan, ən böyük idealı sonsuz eşqə qovuşmaq olan birinə “Travmalı bağlılıq”dan məqalə məğzi danışmağım bənzəri fərqli bir istiqamətdən yanaşmalı deyilsiniz, yoxsa uğursuzluq qaçınılmazdır. Ona görə də rasional düşüncə ilə yox, siz də emosianal bir nitq və ya yazı ilə yanma etməlisiniz. Məktub modeli bu cür ola bilər:
“Sən varlığınla bəlkə də dünyada mövcud ola biləcək ən böyük yalqızlıq dalğasının mənə tərəf gəlməyinə mane oldun. İnsan bəzən ailəsinə, hətta özünə demədiklərini ən yaxın, ən inandığı birinə etiraf edir. Onu yorduğunu düşünmədən qəlbindən keçənlərin hamısını bölüşür. Sənə gözlərindən qaçan yuxular, mənə vaxt ayırdığın üçün fərqinə varmadığın on minlərlə gözəl duyğular borcluyam. Səndə sənə ödənilməsi mümkün olmayan borcları olan biri kimi son dəfə bir xahişim var. Bilmirəm, sən mənim üçün bunu edə bilərsən? Mən illər sonra ilk dəfə bir insanın həyatında bir sevgili kimi xoşbəxtəm. Mənim xoşbəxtliyim üçün xoşbəxt ola bilərsən? Son bir dəfə mənim üçün xoşbəxt ola bilərsənmi? Sənin qəlbin böyükdür, mənə görə minlərlə gözəl hisslərdən məhrum olmağı gözə alan gözütox bir qəlbə sahib olduğunu bilirəm. Bu böyük qəlbdən son istəyim odur ki, sevdiyi insanın xoşbəxtliyi üçün xoşbəxt olsun.”
Burada istifadə edilən cümlələr də manipulyatorun silahlarıdır, lakin siz bununla həm qarşınızdakı insana sakitlik, həm özünüzə rahatlıq, həm də münasibətinizə sağlam zəmin bəxş edirsiniz.
Manipulyasiya öyrənmə məhsuludur təbii ki, xüsusilə də genetik mirasdır, nəsildən nəsilə keçir bəzən. Nənə başqa, ana başqa, nəvə başqa cür manipulyasiya edir kimi görünür, amma əslində iki və üçüncü nəsil birincinin texnikalarını ya birbaşa, ya da modifikasiya edib tədbiq edirlər.
Nənə: Qızım, sənin atanın kötəyi altında səni böyütmüşəm ki, indi acından öləcək birinə ərə gedəsən? Əsas odur ki, yaxşı imkanı var, sənə heç nədən məhrumluq yaşatmayacaq.
Ana: Qızım, nənənin mənə etdiyini mən sənə etmərəm, onun mənə etdikləri mənim üçün travma olub, 17 yaşında atanla evlənmişəm, mən indi səhərdən axşama qədər çalışıram ki, ailəmin maddi imkanı heç kimdən geri qalmasın, mənim xalam oğlunu tanıyırsan, fövqəladə hallarda zabitdir, şəhərdə 4 yerdə obyekti var, bəxtdir də, gətirməyib, qızlar 3 dəfə nişanı üstünə atıblar, olur belə hallar, mən bu vaxta qədər sənin bədbəxtliyini görmək üçün əziyyət çəkməmişəm ki.
Nəvə: Seymur(sevgilisi) mən bu münasibətə görə nələri qurban vermişəm bilmirsən sən? Mən sənə daim sadiq olmuşam, könlünü qırmamaq üçün əlimdən gələni etmişəm ki, indi başqası haqqında fikir bildirdiyim üçün məni qısqanasan? Mənim rəfiqəm Fidan var ha, onun sevgilisi zamanında mənə kompliment edirdi, mən heç o vaxt vəfasızlıq etmədim, deyirsən indi edəcəm?
Nümunələrdən də göründüyü kimi hər kəsin övladına və sevdiyinə qarşı normal olaraq sərgilədiyi davranışları burda hər 3 nəslin nümayəndələri manipulyasiya silahı olaraq istifadə edirlər. Burda bir digər məqam hər ananın nənəni, nəvənin ananı manipulyator zənn etməyidir.
Münasibətlərdə manipulyatorlar partnyorunu kiçik oyunlarla istədiyi istiqamətdə “inkişaf etdirərkən” ustalıqla özünü qurban kimi göstərir. Partnyorun şəxsiyyətini davamlı tənqid edərək ona öz istəklərini unutdurur və onun özünə hörmətini tükədir. Nəticədə depressiya, asılılıq başlayır və qurban qaçma və xilas olma qabiliyyətini itirir. Fiziki zorakılıq qədər dağıdıcı ola biləcək bu psixoloji zorakılıq, əksər hallarda qurbanın təkbaşına görmədiyi bir problemdir. Çünki psixoloji şiddətə məruz qalan şəxs davamlı tənqidlər ilə özündən başqa yerdə günah görə bilməyəcək vəziyyətə gəlib çatır.
Münasibətlərdə “mən” ilə başlayan cümlələrin sayının atmağı, hər şeyi sizinlə olan münasibətə və sizə görə etdiyini ifadə edən cümlələrin sayı artmağa münasibətinizdəki sevginin və aranızdakı digər ülvi duyğuların yerini psixoloji şiddət-emosional manipulyasiya alıb demək. Artıq bir-birini eyni dili danışmağa rəğmən anlaya bilmirsinizsə ikinizdən biriniz bu yoldakı yoldaşlıqdan çəkilməlidir demək. Bukowskinin şeirinin son iki misrası ilə ifadə edəcək olsaq:
Bu dünyada eyni dildə danışanlar yox,
Eyni duyğunu paylaşanlar anlaşa bilər sadəcə...
Ədəbiyyat siyahısı:
1. Pascale Chapaux-Morelli, Pascal Couderc -- İkili İlişkilerde Duygusal Manipülasyon: Narsist Bir Partnerle Yüzleşmek, İletişim nəşriyyatı, 2020
2. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.143
3. https://www.google.com/amp/s/yakiniliskiler.com/2020/06/07/romantik-iliskilerde-duygusal-manipulasyon/amp/
Psixoloq Nəsimi Qiyasov—09.04.2021
Azərbaycan Respublikası, Bərdə şəhəri