Neqativ emosiyalar və onlara qarşı tolerantlıq

Səhnə açılanda psixoloqun qarşısında bir nəfərin əyləşdiyini görürük, depresiv bir ruh halına bürünüb, biz buna sonradan ixtisasımızdakı psixologiya nüansı sıxışdırıldığı üçün çökmüş ruhi vəziyyət deyəcəyik. Rapport həyata keçirilir, psixoloq şəxsə uyğun hərəkət ilə insiativi ələ alır, ardınca kresloya söykənir və çökmüş ruhi vəziyyətdə olan şəxs bu dəfə psixoloqu təqlid edir.

Uzaqlarda hələ 70-ci illərdə çökmüş ruhi vəziyyətin ən azından yüngül, orta dərəcəsi üçün şok müdaxiləsi, farmokoloji terapiya tətbiqi mifologiyası yıxılıb. Amma buralarda hələ də şəxsin emosiya və düşüncələrinə dair inanclarının deyil, beyin kimyasının mövcud vəziyyətin stimulu olduğu söylənir.

Emosiya və coğrafiya

Bir yerdə eynilə belə bir məsələ oxumuşdum, “Coğrafiya taledir” insan doğulduğu məmləkətə müvafiq olaraq öyrənir bir çox nüansı, sosializasiyanın mikro amili olsa belə ən çox ailədə bizlər müxtəlif hadisələrə dair düşüncələri öyrənirik. İtkini dərk etmə formamızda ona müvafiqdir, bir ailədə şəxs ölümün qıcığa reaksiyanın yox olması kimi öyrənə, digər bir ailədə isə Əzrailin amansızlığı kimi qəbul edə bilər. Bir sözlə biz doğulduğumuz məmləkətin mövcud mədəniyyətinin yeriyən kserolarıyıq. Kişilərimiz, uşaqlarımız, qadınlarımız, hamımız müxtəlif emosiyaları öyrəndiyimiz tərzdə yaşayırıq, bir yerdə yaradıcı biri ölümünə az qaldığı üçün düşünür:

-İstərdim ki, bu əsəri yazıb bitirdikdən sonra vəfat edim, çünki mən düşünürəm ki, insanlar adlarını xatırlayan sonuncu insan vəfat edəndə heç yaşamamış olurlar. Bu əsər məni ölümsüz edə bilər.

Digər bir yerdə isə başqa biri eyni xəbərdən sonra deyir:

-Bax ha, Margaret, mən öləndən sonra evlənərsən birdən, elə bil o biri dünyada iki əlim yaxanda olar. İndi özün fikirləş, vallah ruhum hər dördüncü gün səni narahat edər, kabusun olaram, demədi demə.

Gəlin bir də ABC modeli üzrə qiymətləndirmə də aparaq:

Qrup yoldaşı Sənanın, Kənanın, Rəvanın yanından keçəndə salam vermədi

Kənanın öyrəndiyi: Hörmətsizlik edən adamın göz yaşına baxmaram.

Sənanın öyrəndiyi: İnsanlar fikirlidirsə deməli dərdləri var.

Rəvanın öyrəndiyi: məni görməzdən gələn deməli görmək istəmir

Adlar A(düşüncə) B(emosiya) C(davranış)

Sənan

Düşüncə:Bəlkə nə isə dərdi var?

Emosiya:Maraq

Davranış:Yaxınlaşır və soruşur “Məni gördün, amma salamlaşmadıq, yaxşısan, sənin üçün edə biləcəyim nə isə var?”

Kənan:

Düşüncə:Bu mənə qarşı hörmətsizlikdir.

Emosiya:Qəzəb

Davranış:Yaxınlaşır və deyir “Ayıb olsun sənə, bir süfrə arxasında çörək kəsmişik, məni saymırsan indi sən? Mən səni dünəndən saymıram.

Rəvan

Düşüncə:“Səadətlə, fərəhlə, qəmlə keçən o günlər, bir salama dəymədi?”

Emosiya:Kədər

Davranış:Dərin bir ah çəkir, evə gedir, yerinə uzanır, ruminasiyanın tələbinə uyğun olaraq düşüncə və emosiya təkrarlanır. Axşam bir dostunun ad günü var idi, ora da getmir, artıq heç kimə lazım olmadığı qənaətindədir.

Cədvəl:1

Nədir bu emosianal sxem anlayışı?

Çox sadə ifadə ilə yaşadığımız emosiyalar ilə bağlı öyrəndiklərimiz əsasında formalaşan kök inanc, aralıq inanc və ya ehkamlarımızdır.

Yuxarıdakı çökmüş ruhi vəziyyətdə olan yoldaşın adını elə Rəvan edək.

Rəvan: həftələrdir bu haldayam mən. Kədər içindəyəm, avtomobil qəzasında dostumu itirəndən sonra qərara gəldim ki, həyatın bir mənası yoxmuş. Kədər hissi sayəsində sağ olsun heç bir iş görə bilmirəm, ac, bütün günü çarpayıda uzanmış vəziyətdəyəm.

Psixoloq: dostunuzun itkisi ilə bağlı sizi qorxudan bir nüans var? Yəni eyni hadisənin sizinlə də bağlı yaşanacağı qənaətindəsiniz?

Rəvan: heç dəxli var? Mən dostumu itirdiyim üçün üzüldüyümü deyirəm.

Psixoloq: dostunuzun itkisi sizin üçün nə mənaya gəlir?

Rəvan: sən deyəsən əvvəlcə incəsənəti oxuyub sonra ixtisas dəyişmisən, bir insan öləndə onun daha heç vaxt olmayacağını düşünmək, onunla yenidən əvvəlki kimi danışa bilməyəcəyini düşünmək, bəzən onu axtarmaq, amma tapa bilməyəcəyini düşünməyin ən sadə ifadəsi kədərdir?

Psixoloq: kədər adətən hansı hallarda ortaya çıxır sizin üçün?

Rəvan: hər hansı bir itki sonrası deyim elə.

Psixoloq: sizcə bunun olması bir proses olaraq təbiidir?

Rəvan: əlbəttə, amma davam etməyi nüansı var.

Psixoloq: səncə yasın tutulma, kədərin davam etməsinə dair hər hansı bir normativ sənədlər var?

Rəvan: yox amma.. Həyat keyfiyyətinə təsir edir.

Psixoloq: keyfiyyətli bir həyat dedikdə nəzərdə tutduğun nədir?

Rəvan: digər insanlar kimi həyata davam etmək məsələn.

Psixoloq: səncə itirdikdə kədərlənəcək qədər dəyərli bir kimsəmizin olmadıqda biz keyfiyyətli yaşamış oluruq?

Rəvan: yox, sizcə davam etməyi normaldır?

Psixoloq: sizcə var olmaq yaxşı olanı, yoxsa hər şeyi hiss etməkdir?

Rəvan: indi deyəsən anlayıram..

Koqnitiv tolerantlıqdan kənarda və ya emosiyaların gücü. (əvvəlki yazılarıma istinadən)

Qorxmaqdan qorxmaq – Mərmi şoku

Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”.Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir.Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S” qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s” qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır.

“Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı bir nümayişidir.

Ayrılıqdan patologiyaya – Diogen sindromu

Diogen sindromu məişət tullantılarının yığılması və özünü cəmiyyətdən təcrid etmək davranışları ilə özünü göstərən bir narahatlıqdır. Adını filosof Diogendən alan bu narahatlığa əsasən yaşlılarda rast gəlinir. Diogen cəmiyyətin normalarını qəbul etməyib, küçələrdə yatıb-qalxmış, dilənmiş, sadəliyi həyat nəzəriyyəsi olaraq qəbul etmişdir. Adı çəkilən problemdən əziyyət çəkən şəxslər də özlərini təcrid edir, xarici görünüşlərinə diqqət ayırmır və məişət tullantılarını atmayıb, əksinə toplayırlar. Bir növ obsessiv-kompulsiv pozuntu olaraq da hesab edilir, lakin bir çox ədəbiyyatlarda Diogen sindromu adi toplama komplulsiyalarından fərqlənir, niyə desəniz, mən bu cür cavab verərdim ki, Diogen sindromunda obsessiv tərəf yoxdur və ya ifadə edilən deyil. Şəxs göstərdiyi yığma davranışına dair düşüncəsi olmur, sadəcə hiss etdiyi kədərə dair inancı olur. “Həyat yoldaşım olmadan dünya kədərlə dolu bir yerdir, kədər içində yaşamaq, kədərli olmaq dünyanın yaşamağa dəyəcək bir yer olmadığı mənasına gəlir (ehkam), kədər olan dünyada yaşamağa dəyməz (inanc)

Səbəbi: Həyatının uzun illərini birlikdə keçirdiyi baxıcı(falçı deyil) və ya həyat yoldaşının ölümündən sonra şəxsin travmatik təcrübəyə verdiyi reaksiya kimi qəbul edilir. Konkret bir səbəb göstərilməməyi ilə bərabər risk faktoru olaraq beyninin frontal korteksi zədələnən şəxslərdə də bu sindrom müşahidə olunur.

Müalicə yanaşmaları: Problemin səbəbi kimi müalicəsi ilə də bağlı konkret fikirlər mövcud deyil, lakin içki və narkotik məhrumiyyətlərinin səbəb olduğu Diogen sindromu zamanı qrup psixoterapiyaları və ya sosial dəstək qruplarının önəmi vurğulanır. Şəxsin öz həyat keyfiyyətlərini norma olaraq qəbul etməsi müalicəni çətinləşdirməkdən də ziyadə mümkünsüz hala gətirə bilər, təəssüf ki, davranışlar özünə kök saldığı üçün xəstələrin sağalmasında dalğalanmalar müşahidə olunur və simptomlarda tez-tez geri dönmələr görünür. Adətən müalicə alan xəstə buraxıldıqdan bir müddət sonra yenidən problem geri qayıdır.

Bulud metaforası

Bulud metaforası emosiyaların qəbul edilməli yoxsa bastırılmalı olduğu fikrini sınamağa imkan verən üçüncü dalğa koqnitiv terapiyalarda tez-tez müraciət edilən qəbul mərkəzli texnikalardandır. Hazırkı emosiyalarınızı səmada süzülən buludlar kimi müşahidə edirsiniz və dayanıb onların hərəkətinə icazə verirsinizsə - sadəcə müşahidə etdiyiniz anda situasiya sizə nə hiss etdirir? Bu şüurlu fərqindəlik məşqi şəxsə düşüncə və emosiyalara nəzarəti buraxmağa və buludların (və ya emosiyaların) bir an üçün orada mövcud olmağına rəğmən, sonra uzaqlaşa biləcəyini başa düşməyə imkan verir. Şəxs “xoşagəlməz emosiyaları” müşahidə etməklə yanaşı, həm də xoş emosiyaları süzülən buludlar kimi təsəvvür edə bilər. Şəxs deyək ki, xoşbəxtlik hissinin uzaqlaşdığını müşahidə etdikcə bu hissin bir daha geri qaytarmayacağından qorxurmu? Müdaxilə, mübarizə, üsyan olmadan sadəcə müşahidə etmək və emosiyaların buludlar bənzəri süzülməsinə izin vermək həqiqətən həmişə itki, acizlik və məğlubiyyət kimi “qazanclar” ilə nəticələnirmi? Empirik yoxlama metodu məhz şəxsə hiss etdiyinin gerçəyin inikası olmadığını yoxlamaq imkanı verir.

Emosiyalara qarşı tolerantlıq qazanmaq üçün başqa bir metafora Simfoniyadır. Bu metaforada siz hər bir emosiyanı ya notlar toplusu, hər notu simfoniyanın bir hissəsi kimi təsəvvür etməyə çalışın. Yavaş hərəkətlər, sürətli hərəkətlər, yüksək notlar, aşağı notlar var və ifada pauzalar. Simfoniyadakı bütün notları və onun müxtəlif komponentlərini, bütövlüyü yaradan amilləri təsəvvür etdikdə özünüzdən soruşa bilərsiniz: “Bəs simfoniyada yalnız yüksək notlar olsaydı?”. Bəs səhnələr təkcə xoş, sevincli olsaydı, olum və ölüm arasında, adına həyat deyilən bu səfərdə itirəndə üzüləcək qədər dəyər verdiyim heç kim olmasaydı, bu suallar haqqında düşünmək mənə nə hiss etdirir?

Nəsimi Qiyasov

Azərbaycan Respublikası, Bərdə şəhəri

17 mart, 2022