Niyə dinlədiyimi bilsəm...

İnsanın ana bətnində inkişafı zamanı ilk olaraq eşitmə duyğusu formalaşır ki, aparılan araşdırmalara əsasən hamiləliyin son aylarında uşaq kənardan gələn səsləri eşidir və uyğun olaraq reaksiyalar verir. Məhz bu baxımdan hələ dünyaya gəlməzdən əvvəl, bir şeyləri öyrəmənin yolunun dinləmədən asılı olduğu müəyyənləşmiş olur. Öyrənmənin öncə dinləmə vasitəsilə həyata keçirilməsi əsas verir ki, “Dinləmədən öyrənmək olmaz” fikrini sübuta yetirmiş olsun.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, mahiyyət etibarilə dinləmə və eşitmə eyni məna kəsb etmir. Belə ki, eşitmək sadəcə müxtəlif səs çalarlarına malik söz topluluğunun, səs-hərf yığımının beyində müəyyən əks-səda yaratmasından ibarətdir. Dinləmə isə fikrin, düşüncənin beynin süzgəcindən keçərək, müəyyən mənaya bürünməsi prosesi kimi baş verir. Yəni, eşitmədə nizamsızlıq, sistemsizlik kimi boşluqlar olduğu halda, dinləmədə isə bir məqsədə, ideyaya fokuslanma özünü göstərir.

            Dinləmə zamanı insanların bu prosesə yanaşma tərzi, dinləmədən necə istifadə olunması məsələləri və faydalanma səviyyəsinə uyğun olaraq fərqli istifadə tərəfləri aşkara çıxmış olur ki,  həmin tərəfləri aşağıdakı kimi təsnifləndirmək olar:

·         Danışmaq üçün – dinləmək bu zaman əsas məqsəd öz fikirlərini ifadə etməyə can atmaq və fikirlərinin digər fikirlərdən daha üstün olmasına çalışmaqdır. Danışmaq üçün dinləyən insanlar daha çox özünü potensial imkanlarından yuxarı qiymətləndirirlər və kortəbii şəkildə öz fikrinin ən yaxşı fikir olduğuna inanırlar.

·         Haqlı tərəf olmağa çalışmaq üçün – dinləmədə, dinləyən tərəf əslində məntiqindən və yaddaş imkanlarından geniş istifadə etməklə, məqsədinə nail olmağa çalışır. Qeyd etdiyi fikirləri lazımi keçmişdəki yaşananlar hadisələrdən sitatlar gətirərək və xüsusi məntiqi bacarıqla elə əlaqələndirmə aparır ki, qeyri-ixtiyari haqlılıq payını sübut etmiş olur.

·         Müqayisə üçün – dinləmə bəzi insanlarda özünü davamlı kimlərləsə müqayisə etmək tələbatı yaranır ki, bu da həmin insanın mənəvi baxımdan daha çox çatışmazlığının olduğunu əks etdirir. Dinləmə zamanı fikirlər üzərindən təhlil aparmaqla, əsas diqqəti nöqsanlara yönəltməklə, bəhanə və təsəllilərə sığınır ki, özünüaldatmaqla rahatlama prosesi gerçəkləşdirilmiş olur.

·         İnanmaq üçün – dinləmə belə bir həqiqət var ki, insan inanmadığı birinə nə söylərsə, söyləsin inanmaz. İnam hissini qarşındakı insandan yaşanmış və yaşanacaqları dinləyərək, formalaşdırmaq mümkündür. Buna görə də, hər zaman inandığımız insanı dinləməyimiz üçün dinlədiyimiz insana inanmaqdan başlamalıyıq.

·         Öyrənmək üçün – dinləmə zamanı hər şeydən öncə qarşı tərəfdən asılı olmayaraq, bu məsələnin həlli beyində öz əksini tapmalıdır. Dinlədiyin insandan çox şey öyrənəcəyinə əmin olmaq duyğusu formalaşdıqdan sonra dinləmədə öyrənmə prosesi gerçəkləşə bilər.

   Dinləmək içində böyük mənaları gizləyən ən dəyərli əsərdir. Çünki ömür əvvəlindən sonuna kimi möhtəşəm bir simfoniyadır. Bu simfoniyada bütün hisslər yaşanaraq, öz əksini tapmış olur. Belə ki, dinlədiyin biri varsa, həyatını gözəlləşdirən biri var deməkdir. Dinlədiyin biri varsa, sevdiyin biri var deməkdir. Dinlədiyin biri varsa, ömrünə məna verən biri var deməkdir...

   Beləliklə, həyatı dinləmədən, ritmini tuta bilmərik, ritmini tuta bilmədiyimiz həyata istədiyimiz kimi yön verə bilmərik. Ona görə də ətrafı və insanları dinləyək, mənalandıraq, düşüncə süzgəcimizdən keçirək və birdə çıxardığımız nəticəni özümüzdən soruşaq, özümüzlə razılaşdığımız zaman ən doğru qərarı verdiyimizə inana bilərik.  

Ayxan Hüseynli

doktorant