ayxan-huseynli

Ayxan Hüseynli

Ayxan Hüseynli  psixologiya müəllimi, doktorant

Psixoloji pasport: Şagirdlərə müasir baxış

Ümumi təhsil məktəblərində şagirdlərlə aparılan təlim və tərbiyə işinin müvəffəqiyyəti, orada fəaliyyət göstərən pedaqoji heyətdən asılıdır. Belə ki, məktəblərdə məqsədə yönəldilmiş təlim və tərbiyə prosesinin həyata keçirilməsi, hər bir şagirdə ciddi düşünülmüş fərdi münasibət tələb edir. Lakin, bu cür münasibəti təmin etmək üçün təlim və tərbiyəyə cəlb olunan şagirdin fərdi xüsusiyyətləri haqqında tam və obyektiv məlumata malik olmaqdan, həmin xüsusiyyətlərin əmələ gəlməsi səbəblərini müəyyənləşdirməkdən, şagirddə baş verən dəyişiklikləri öyrənməkdən, tətbiq edilən pedaqoji və psixoloji tədbirlərin şagirdə necə təsir göstərməsindən ibarətdir. Məhz, bütün bunlara nail olmağa imkan verən vasitələrdən biri psixoloji pasportun olmasıdır. Təkcə şagirdin xarakterində diqqəti ən çox cəlb edənləri və ya daha mühüm olanları qeyd etmək kifayət etmir. Çünki, şagirdin hərtərəfli inkişafı üçün onun haqqında çox istiqamətli məlumata malik olmaq xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, pasportda uşağın davranış və fəaliyyətinin mümkün qədər bütün əsas sahələrinə istinad etmək, şəraitə və mühitə münasibətinin başlıca xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. Məktəb təcrübəsinə istinad etməklə, ilkin versiya kimi sxem şəklində hazırlanması müəllim üçün lazımi istiqamət verməyə köməklik göstərəcəkdir. Belə ki, sxemdə şagirdlərin idrak proseslərinin işləmə mexanizmi, duyğu və qavrayışın təhlil və analiz göstəriciləri, diqqət və hafizənin istiqamət sahələri, təfəkkürün məntiqi və tənqidi parametləri, nitqin əsas əlamətləri, şagird fəaliyyətinin mühüm cəhətləri (zehni fəaliyyət prosesləri, fiziki fəaliyyət, ictimai-faydalı iş), davranışı, qabiliyyəti, marağı, meyli, münasibətlər sistemi, tempramenti, şəxsiyyət və xarakterik xüsusiyyətləri öz əksini tapır. Bütün bunlar uşaq və şagird şəxsiyyətinin hərtərəfli öyrənilməsi, hazırki hərəkət və davranışının səbəblərinin müəyyənləşdirilməsi, şəxsi inkişafında nəyə nail olmağı aydınlaşdırmağa kömək edir. Aparılan müşahidələrdən aydın olur ki, məktəb pasportlarının ən zəif cəhəti ardıcıllığın və davamlılığın olmamasıdır. Müəllimin hər il başqa istiqamətə diqqət yetirməsi, davranış və fəaliyyətdə bir xüsusiyyəti əsas götürməsi və nəzərə almasıdır. Məhz, bu baxımdan şagirddə baş verən dəyişikliklərin əsas meyarlarını, meyl və marağının istiqamətini, inkişaf dinamikasını və s. təyin etmək olmur. Müəllimin şagirdə üzərində təsir gücünün yaradılması, ilk növbədə onun hansı istiqamətdə inkişaf etdiyini və hansı dəyişiklərin baş verdiyini bilməsindən asılıdır. Bu prosesin dəqiq müəyyənləşməsi üçün ardıcıllıq və davamlılıqla pasportun aylar, illər üzrə tərtibindən sonra fərqlilikləri nəzərə almaqla aydınlaşdırmaq mümkündür. Psixoloji pasport hazırlanarkən, sxemdə şagirdin fərdi keyfiyyətlərini aşağıdakı kimi qeyd etmək olar: -         İctimai siması; -         Zehni inkişafı; -         İctimai meyli; -         İnkişaf səviyyəsi; -         ətrafa və insanlara münasibəti; -         peşə marağı və s. Digər tərəfdən, pasportda məlumatların sistemliliyini, bir-biri ilə əlaqələndirilməsini, şagirdlərin xüsusiyyətlərinin yaranma səbəblərinin yaranma səbəblərini müəyyənləşdirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki, bu və ya digər hadisənin səbəbini bilmədən, onun həlli üçün atılan addımları təyin etmək olmaz. Bu istiqamətdə təklif olunan pasportda səbəbləri aydınlaşdırmaq üçün məqsədəuyğun suallar tərtib etmək olar. Psixoloji tədqiqatlar göstərir ki, fəaliyyətin nəticəsi bir tərəfdən şagirdin fəaliyyətə münasibətindən, digər tərəfdən isə fəaliyyəti həyata keçirmək üçün lazım bacarıqlar sisteminə yiyələnməkdən asılıdır. Ona görə də, şagirdin təhsil fəaliyyətini xarakterizə edərkən, təkcə dərsi mənimsəmə səviyyəsini deyil, mənimsəməni təmin edən və ya təmin edə bilməyən cəhətləri, hazırki fiziki və zehni səviyyəsini, nitqin ifadə və izah xüsusiyyətlərini, qabiliyyətin formalaşma tendensiyasını, təlimi münasibətini, səy və cəhdlər etalonunu əsas götürmək lazımdır. Tədqiqatlar və müşahidələrə əsasən, psixoloji pasportun vacib meyarlarından biri də məktəbdə pedaqoji heyətin hər hansı formada şagirdə münasibəti haqqında öz qarşısına müəyyən vəzifələr qoymasıdır. Bu məqamın qeyd edilməsi və fəaliyyət sferasının təyin olunması, psixoloji pasportdan istifadə zamanı pedaqoji səriştəliliyi ön plana çıxarır, təlim və tərbiyə işinin əhəmiyyətinə və keyfiyyətinə birbaşa təsir göstərir. Məqsədəmüvafiq tərtib olunmuş pasport nəticə etibarilə, şagirdin fərdi xüsusiyyətlərini əks etdirməklə bərabər, həmin xüsusiyyətlərin yaranma səbəblərini, hansı vasitələrlə inkişaf etdiyini, şəxsi inkişafın hansı psixoloji meyarlarla tənzimləndiyini, faydasız və zərərli vərdişlərin yaranma göstəricilərini aydınlaşdırmağa kömək edir. Ayxan Hüseynli                                                                                                                              Doktorant 

Beyin fəaliyyətinin inkişafı üçün 5 əsas üsul

Müasir həyatda beyin fəaliyyətinin işləmə mexanizmi kifayət qədər mürəkkəbləşib, ona görə ki, ətraf aləmdə baş verən sürətli dəyişiklik və inkişaf, beynin bu reallığa uyğunlaşmasını tələb edir. Ətraf aləm ilə beyin arasında balanslaşma tənzimlənməyəndə, beyində müəyyən geriləmələrə və ya xəstəliklərə səbəb ola bilir. Araşdırmalara əsasən, son illərdə informasiya axını əvvəlki illərlə müqayisədə 30 dəfədən çox artmışdır. Bu isə, öz növbəsində beynin inkişaf və nizamlama tendensiyasına birbaşa mənfi təsir göstərir. Yəni, informasiya axının müntəzəm olaraq davam etməsi, emosional və fiziki gərginliyin yaranmasına, zehni nizam və intizamın pozulmasına, beyin və bədən əlaqələrinin qırılmasına, eyni zamanda funksional tarazlığın pozulmasına gətirib çıxarır. Yüksək həyəcan və kəskin stress zamanı beynin işləmə funksionallığı zəifləməyə başlayır. Müəyyən mənada, beyində nəzarətedici və tamamlayıcı göstəricilərinin işləmə prinsipi əngəllənmiş olur. Bu zaman, təhliletmə, müəyyənləşdirmə, nəticəçıxarma kimi xüsusiyyətlərdən məhrum olma vəziyyəti yaranır. Məhz, bütün bunları nəzərə alaraq, beyin fəaliyyətinin pozulmasının qarşısını almaq məqsədilə, aşağıda verilmiş bir neçə üsuldan istifadə etmək olar: 1.     İlk növbədə, zehni fəaliyyətin nizamlı işləməsinə diqqət yetirmək lazımdır. Belə ki, bütün sutka boyu informasiya dalğası insanı öz təsiri altında saxlaya bilir. Bu zaman, nizamlama mühüm əhəmiyyət kəsb edir. Yəni, gün boyu müəyyən saatlarda emosional gərginlik yaradan informasiyaların zehni məşğul etməsinə icazə vermək olmaz. Xüsusən, səhər və axşam saatlarında qəbul edilən mənfi təsirli informasiyalar beynin işləmə mexanizminin pozulması ilə nəticələnir. Çünki, beynin ən həssas zamanları səhər və axşam hesab olunur. 2.     Özünüzü həddən artıq yükləməyə meyl göstərməyin. Beyində ağrı reseptorları yoxdur. Beyni məcbur etsək, fasiləsiz işləmə qabiliyyətinə malikdir. Hətta, beyin nə qədər enerji tələb edir etsin, orqanizm onu təmin edəcəkdir. Lakin, bu proses bir müddət sonra beyində müxtəlif hasarların yaranması ilə, kliniki simptomlarla özünü göstərir. Bu baxımdan, beyni müəyyən fasilələrlə istirahətini təmin etmək lazımdır. 3.     Fiziki fəaliyyət vacib şərtdir. Fiziki aktivlik zamanı, nəfəsvermədə orqanizmdə yığılan ağır qazlar xaric olunur, nəfəs alanda isə oksigen orqanizmə daxil olur. Fiziki aktivlik olmayan zaman da bu mexanizm işləyir, lakin balanslaşma düzgün olmur və ya hər iki halda daha az miqdarı yerinə yetirilir. Məhz, fiziki aktivliyin aşağı səviyyədə olması, beynin işləmə sürətinə təsir göstərir. 4.     Fikri düzgün yönləndirmək bacarığına malik olmaq. Ümumiyyətlə, fikir iki istiqamətə pozitiv və neqativ olmaqla, yönlənmiş olur. Pozitiv yönəlmədə, kifayət qədər səy, əzmkarlıq və cəhdetmə tələb olunur. Digər tərəfdən, pozitivlikdə xüsusi bacarığa ehtiyac duyulur. Neqativ fikrin formalaşmasında isə beyni nəzarətsiz buraxmaq bəs edir. Belə ki, beynin neqativ fikirlərə, emosiyalara yönəlməsi, beyin enerjisinin iki qat artıq sərf olunması deməkdir. Bu zaman, neqativ hal şüursuz şəkildə müntəzəm olaraq, beyində təkrarlama kimi xarakterizə olunur. Uzunmüddətli hala keçən təkrarlama psixosomatik xəstəliklər risqini artırmış olur. Yəni, neqativ fikir xəstəliyin yaranma mənbəyi sayılır. Ona görə də, fikri pozitivə yönəltmək, ona məna gücü ilə zənginləşdirmək, mənəvi enerjini yüksəltməyə xidmət edir. 5.     Beynin psixoloji vəziyyətini davamlı yoxlamaq lazımdır. Necə ki, orqanizmdə baş verən dəyişikliklər zamanı, təzyiqi, qanda şəkərin səviyyəsini ölçürlər, uyğun olaraq beyində müdafiə mexanizmi yaratmaqla, hər hansı zehni yorğunluq zamanı müəyyən yoxlamalar və təhlilllər aparmaq imkanı yaranmış olur. Belə ki, bu işi günlük, həftəlik, aylıq bölgülərə ayırmaqla, həyata keçirmək, özünütanımanın və zehni rahatlığın yaranmasına gətirib çıxarır. Beyin ətraf aləm və bədən arasında xüsusi əlaqə vasitəsi hesab olunur. Ancaq, bu əlaqə, məntiqi və tənqidi xüsusiyyətlərə əsasən, həyata keçirildiyi zaman, insan özünü yenidən kəşf etmiş olur. Axı, insan elə bir varlıqdır ki, daim kəşf edilməyə açıqdı. Psixoloq.Ayxan Hüseynli

Xoşbəxtliyin sirri: Ailə

Cəmiyyət insanların mədəni, toplu şəkildə yaşadığı qurumdur. Ailə isə cəmiyyətin təşkilində mənbə, özək rolunu oynayır. Hər kəsin ailəsi onun həyat dənizində lövbər saldığı sahilidir. Ailə müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütünlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü funksiyasını daşıyır. Ailə sözü Qərbdə, ana – ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Bu baxımdan şərqdə ailə dəyərləri, ailəyə önəm daha çoxdur və bu dəyərlərə xüsusi əhəmiyyət verilir. - Ailə münasibətlərinin qurulmasında, düzgün şəkildə aparılmasında hər iki tərəfin (qadın və kişi) rolu əsasdır. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailə xoşbəxtliyinin sirri yanlız məhəbbətdədir. Müasir dövrdə bu yanaşma çox sadəlövh görünür. Çünki, faiz nisbəti ilə sevmədən ailə quranlar da az deyil. Buraya ilk növbədə, qohum və tanışlar, ana və bacılar vasitəsilə yaranan ailələr daxildir. Məhz, qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılır deyə də bir düşüncə yoxdur. Hətta bir – birini sevmədən ailə qurmuş kişi və qadının bir çoxu xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir – birlərinə sözün həqiqi mənasında sevmək öyrədir, məhəbbətin əsrarəngiz telləri ilə bir – birlərinə bağlanırlar. Tədqiqatlar göstərir ki, ailə həyatının yalnız ilk illərində münasibətlər bağlılıq əsasında qurulur. Bir neçə il, məsələn 3-4 il keçdikdən sonra nigahın taleyi təkcə, bağlılıq hissindən yox, birlikdə ömür – gün sürmüş kişi və qadının şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətlərindən, mənəvi tamamlanmanın, birgə ali dəyərlərin formalaşmasından asılı olur. Onların bir – biri ilə rəftarı, uşaqlarına münasibətləri, bir insan kimi öz məsuliyyətlərini və ləyaqətlərini düzgün qiymətləndirmələri məhəbbətin taleyini həll edir. Evliliyin ilk dövrlərində tərəflərin bir – birlərini bütün cəhətləri ilə olduğu kimi qəbul etmələri təbiidir. Ancaq müəyyən bir dövrdən sonra hətta əvvəllər adi qəbul edilən cəhətlər belə bu və ya digər tərəfdə əks reaksiyaya səbəb olur. Çox təəssüf ki, evliliklərdəki əksər problemlərin əsas səbəbi də elə budur. Ona görə də, burada əsas məsələ bu problemlərdən qaçmaq deyil, əksinə bu problemlərin üzərinə getməkdir. Evliliklərdəki problemlərə səbəb olan başqa bir amil isə bir tərəfin digər tərəfdən “onun kimi olmağı” tələb etməsidir. Əksər hallarda tərəflər bunu tələb etməklə kifayətlənmir, tələblərinə nail olana qədər öz cəhdlərindən əl çəkmirlər. Tərəflərin bir – birlərini özünə tabe etmək cəhdi, istər – istəməz onlarda “əvvəl məni sevirdi, ancaq indi məni sevmir” kimi hisslərin baş qaldırmasına səbəb olur. Bu kimi boşluq yaradacaq hisslər tərəflərin hər ikisini də öz təsiri altına alır. Digər tərəfdən, ailədə yaranan problemlərin səbəbi ailəyə xaricdən təsirdir. Belə ki, ailənin daxilindəki hər hansı məsələni, kənardan kiminsə həll etməsidir. Məhz, ailənin tərəfləri bu şəraiti yaratmamalıdırlar ki, ailədaxili məsələləri xaricdən kimsə həll etməyə çalışsın. Kənardan edilən müdaxilələr ailədə yeni problemlərin yaranmasına səbəb olur. Ailə bağlarının qırılmasına səbəb olan məsələlərdən biri də həddən artıq qısqanclıqdır. Əslində isə, ailədə qısqanclıq normal bir haldır. Mənalı qısqanclıq tərəflərin bir – birinə sevgi təcəssümüdür. Lakin, aşırı və yersiz xarakter daşıyan qısqanclıq adamı bezdirir və onları bir – birilərindən soyudur, qarşı tərəfdə inamsızlıq hissi yaradır. Onu da qeyd etmək lazımdır ki, heç qısqanmayanda da qarşısındakının onu sevməməsindən şikayətlənir və onun üçün maraq kəsb etmədiyi fikrinə gəlib çıxır. Sağlam evlilik üçün sevgi nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Bu istiqamətdə yaş dövrlərinin psixoloji xarakteristikasına uyğun olaraq, aşağıdakı qənaətə gəlmək olar: 15 – 22 yaş aralığında gənclərdə (kişi, qadın) ümumi olaraq, hisslər üstünlük təşkil edir. Demək olar ki, bütün seçim və qərarlar hisslərin təsiri ilə gerçəkləşir. Ona görə də, bu dövrdə ciddi münasibətlərdən danışılması və ya evlilik barədə düşünülməsi bir o qədər real görünmür. Çünki, tərəflər bir – birilərini olduqları kimi görə bilmirlər. Müəyyən təsirlər və xəyali obrazlılığın yaratdığı hisslərin əhatəsində hərəkət edirlər. Bu proses qısa zaman aralığında yüksək gücə malik olur, vaxt keçdikcə adiləşməyə, dəyərini itirməyə başlayır. Məhz, qeyd olunanlara istinadən, bu yaş aralığında sağlam, etibarlı ailəqurma anlayışı zəif olur. 23 – 32 yaş aralığında insanlarda hissi və məntiqi yanaşma eyni dərəcədə olur. Yəni, qərar və seçimlərdə hissi təsir nə qədər effektiv rol oynayırsa, məntiqi yanaşma da bir o qədər əhəmiyyət rol oynayır. Bu yaş aralığında atılan addımlar etibarlı və möhkəm olur.   33 və yuxarı yaşlarda məntiqi baxış, hissi baxışdan önə keçir. Hər şeyi təhlil və analiz vasitəsilə dəyərləndirir və qiymətləndirirlər. Ona görə də, bu dövrdə tərəflərin bir – birlərinə qarşı çox obyektiv olması çətinləşir, xırda nöqsanları böyük problem kimi qəbul edirlər. Seçimlərdə güzəşt anlayışına yer vermirlər. Bu yaşlarda ailəqurma, müxtəlif problemlərin yaranmasının danılmaz olduğunu göstərir. Ailə bir xalqın mədəniyyəti, mental dəyərləri haqqında ən dəqiq məlumatverici bir vasitədir. Azərbaycan ailəsi isə istər mental dəyərlərinə, istər əxlaqi keyfiyyətlərinə, istərsə də mahiyyətinə görə digər xalqların ailə modellərindən çox fərqlənir. Gözəl əxlaq, vətənə, torpağa, soy-kökə bağlılıq, ataya-anaya itaət və məhəbbət, həyat yoldaşına sevgi və hörmət, övladlara, bacı və qardaşlara nəvaziş və qayğı əsl Azərbaycan ailəsinin tipik xüsusiyyətlərindəndir. Məhəbbət ocağının iki közü, ailə məktəbinin iki müəllimi, müqəddəs yuvanın iki qurucusu – ana və atadır. Ailə tərkibində tərəflərin ilk statusları da məhz, ana və ata adını qazanmalarıdır. Lakin, ailəyə nə inkubator, nə də cismani arzuların zövq vasitəsi kimi baxmaq olar. İnsan təfəkkürünün dili ilə desək, “güc abidəsi” adlandırılan ata, “şəfqət qəhramanı” kimi təsvir edilən ananın yer üzərindəki himayəçisi sayılır. İnkişafın yüksək sürətlə getdiyi bir dövrdə insan zəkası nə ananın övlada olan məhəbbəti və şəfqətini, nə də atanın övlada olan mərhəməti və qayğısını əvəz edə bilməz. Bizim ailəmiz həyatda baş verən fırtına və təhlükələrdən qaçıb, gizlənmək və xilas üçün bizə ən etibarlı, ən rahat, ən sabit sığınacaq yeridir. Bu yeri biz möhkəm qoruyub saxlamalıyıq və bütün ömrümüz boyu çalışmalıyıq ki, bizim bu sığınacaq yerimiz soyuq, narahat, cansıxıcı bir həbsxana kamerası deyil, həmişə ətir saçan və sevinclə dolu bir guşə olsun. Ayxan Hüseynli Doktorant                                                                                                                        AYB-nin üzvü

Stresin imtahanı yoxsa imtahanın stresi

İmtahan – insanın psixoloji davamlılığının, psixoloji hazırlıq və bacarığının biliklər vasitəsilə yoxlanılması prosesidir. Yəni, insanda özünüqiymətləndirmənin səviyyəsi, özünəinamın gücü, özünütanımanın mahiyyəti müəyyən mənada imtahan şəraitində aşkar oluna bilər. Bu səbəbdən, imtahanın insanda yaratdığı xüsusi kəşfetmə aurası, stress kimi özünü büruzə verir. Özünüqiymətləndirmə, özünəinam, özünütanıma kimi meyarlar həm psixoloji, həm də fizioloji cəhətdən xarakterizə oluna bilər. Məhz, uyğun olaraq, imtahan stressi də iki istiqamətdə təhlil oluna bilər. Bu istiqamətlərin təhlili zamanı psixoloji parametrlərin fizioloji əlamətlər yaratdığı ortaya çıxır. Fizioloji təsirlərin psixoloji faktlardan qaynaqlandığını nəzərə alaraq, imtahan stresinin daxili psixoloji situasiya olduğunu qeyd etmək mümkündür. İmtahanın stresinin mənbəyi zamandır: İmtahan stresi ilk növbədə zamanla bağlı yaranır. Belə ki, imtahan vaxtının əvvəlcədən, müəyyən tarixdə olmasının bilinməsi, bəzən müsbət, bəzən də mənfi təsir aşılamağa başlayır. Bəziləri üçün nəticədən asılı olmayaraq, imtahanın tez gəlib-keçməsi əsas qayə hesab olunur. Bəziləri üçün isə, imtahan yaxınlaşdıqca, imtahan xofu onları narahat etməyə başlayır. Nəticədə, hər kəs üçün ortaq nöqtə stressdir. Zamana bağlı yaranan stresdə orqanizmdə uzunmüddətli mənəvi əziyyətin hökm sürməsi ilə bədənin işləmə mexanizmi pozulur. Bu zaman, bədəndə nizamlamanın təmin edilməsi məqsədilə, qlükokortikoid hormonu ifraz olunmağa başlayır. Qlükokortikoid hormonunun ifrazı bədənin tənzimlənməsini təmin edir, lakin, stresin davamlı olması, həmin hormonun ifrazı prosesinin də pozulmasına gətirib çıxarır. Beləliklə, qlükokortikoid hormonunun ifrazında miqdarın düzgün yerinə yetirilməməsi, beyin hüceyrələrinin fəaliyyətinə birbaşa təsir göstərir. Yəni, beynin enerji gücünün zəifləməsinə gətirib çıxarır. Ona görə, stressin uzunmüddətli davam etməsi, beyin fəaliyyətinin ləngiməsinə səbəb olur. Həll yolları: Zamana bağlı stressin aradan qaldırılması üçün ilk olaraq, “imtahanı gözləmək” düşüncəsindən azad olmaq lazımdır. Gözləmək anlayışı elə tək başına xüsusi işgəncə metodu sayıla bilər. Digər tərəfdən, imtahan tarixini tez-tez xatırlamaqdan qaçmaq lazımdır. Beynin sərhədsiz, limitsiz özəlliyə malik olduğunu mənimsəyib, “ən yaxşısına” nail olmaq, düşüncəsinə yiyələnmək lazımdır. Əsas diqqət yetirilməsi gərəkən nüanslardan biri də, insanın özünəməxsus, fərdi keyfiyyətlərinə uyğun “rejim”, “sistem” müəyyənləşdirməsidir. Zamanın aldıqlarını düşünmək yerinə, hər daim zamandan ala biləcəklərinizi düşünün... Ayxan Hüseynli AYB-nin üzvü Psixoloq

Uşaqlarda yorucu həyəcan və ya məktəb qorxusu

Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır. Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır. Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir. Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır. Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar: ·        Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s. ·        Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s. ·        Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur. Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur. V       alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır. Ayxan Hüseynli AYB-nin üzvü psixoloq

Uşaq şəxsiyyəti və informasiya texnologiyaları

Uşaqlarda şəxsiyyətin xassələrinin formalaşması üçün əlverişli şərait yaratmaq, müasir dövrdə tərbiyə probleminin ən mühüm məsələlərindən biri sayılır. Bu dövrdə təlim prosesindən daha çox, tərbiyə prosesi ön plana çəkilir. Tərbiyənin təşkili və düzgün qurulması uşaq şəxsiyyətinin formalaşmasının əsasını müəyyən edir. Körpəlik dövründə uşaq şəxsiyyətinin inkişaf zəmini onu əhatə edən yaşlılar tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir gücü kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyir, cəmiyyətin kiçik üzvünə çevrilir. Uşaq bağça yaşı dövründəki inkişaf şərtləri xeyli genişlənir: böyüklərin uşaqlara verdikləri tələblər artır; ictimai əxlaq normaları əsas tələbə çevrilir; idrak imkanlarının genişlənməsi ona xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdısa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışır. Lakin müasir dövrdə uşaqlarda təqlidçilik formasını dəyişərək daha çox informasiya texnologiyalarının təsiri ilə formalaşır və inkişaf edir. Günümüzdə İKT-nin imkanlarından geniş geniş istifadə olunur. Bunun nəticəsidir ki, həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya uşaq şəxsiyyətinə də birbaşa sirayət etmək gücünə malikdir. Uşaq şəxsiyyətinin inkişafında iki cəhət özünü göstərir: 1)    Uşaq xarici mühiti dərk etməyə başlayır və orada öz yerini müəyyənləşdirir ki, bu da əxlaqın yeni motiv tiplərini yaradır. Uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla, bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şəarait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə yarı-yarıya informasiya texnologiyalarının üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir. 2)    Hisslər və iradənin inkişaf etməsi: həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. İnformasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur.           Təsəvvür və hafizə - Məktəbəqədər yaşlı uşaqlar daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Hafizə - keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır. Ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini bir tərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir. Beləliklə demək olar ki, informasiya texnologiyaları uşaqlarda bütün hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizədə hifz olunmasına şəarait yaradır.         Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də şəxsiyyətdə xüsusi ilə uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin. Ayxan Hüseynli doktorant

Niyə dinlədiyimi bilsəm...

İnsanın ana bətnində inkişafı zamanı ilk olaraq eşitmə duyğusu formalaşır ki, aparılan araşdırmalara əsasən hamiləliyin son aylarında uşaq kənardan gələn səsləri eşidir və uyğun olaraq reaksiyalar verir. Məhz bu baxımdan hələ dünyaya gəlməzdən əvvəl, bir şeyləri öyrəmənin yolunun dinləmədən asılı olduğu müəyyənləşmiş olur. Öyrənmənin öncə dinləmə vasitəsilə həyata keçirilməsi əsas verir ki, “Dinləmədən öyrənmək olmaz” fikrini sübuta yetirmiş olsun. Xüsusi olaraq qeyd etmək lazımdır ki, mahiyyət etibarilə dinləmə və eşitmə eyni məna kəsb etmir. Belə ki, eşitmək sadəcə müxtəlif səs çalarlarına malik söz topluluğunun, səs-hərf yığımının beyində müəyyən əks-səda yaratmasından ibarətdir. Dinləmə isə fikrin, düşüncənin beynin süzgəcindən keçərək, müəyyən mənaya bürünməsi prosesi kimi baş verir. Yəni, eşitmədə nizamsızlıq, sistemsizlik kimi boşluqlar olduğu halda, dinləmədə isə bir məqsədə, ideyaya fokuslanma özünü göstərir.             Dinləmə zamanı insanların bu prosesə yanaşma tərzi, dinləmədən necə istifadə olunması məsələləri və faydalanma səviyyəsinə uyğun olaraq fərqli istifadə tərəfləri aşkara çıxmış olur ki,  həmin tərəfləri aşağıdakı kimi təsnifləndirmək olar: ·         Danışmaq üçün – dinləmək bu zaman əsas məqsəd öz fikirlərini ifadə etməyə can atmaq və fikirlərinin digər fikirlərdən daha üstün olmasına çalışmaqdır. Danışmaq üçün dinləyən insanlar daha çox özünü potensial imkanlarından yuxarı qiymətləndirirlər və kortəbii şəkildə öz fikrinin ən yaxşı fikir olduğuna inanırlar. ·         Haqlı tərəf olmağa çalışmaq üçün – dinləmədə, dinləyən tərəf əslində məntiqindən və yaddaş imkanlarından geniş istifadə etməklə, məqsədinə nail olmağa çalışır. Qeyd etdiyi fikirləri lazımi keçmişdəki yaşananlar hadisələrdən sitatlar gətirərək və xüsusi məntiqi bacarıqla elə əlaqələndirmə aparır ki, qeyri-ixtiyari haqlılıq payını sübut etmiş olur. ·         Müqayisə üçün – dinləmə bəzi insanlarda özünü davamlı kimlərləsə müqayisə etmək tələbatı yaranır ki, bu da həmin insanın mənəvi baxımdan daha çox çatışmazlığının olduğunu əks etdirir. Dinləmə zamanı fikirlər üzərindən təhlil aparmaqla, əsas diqqəti nöqsanlara yönəltməklə, bəhanə və təsəllilərə sığınır ki, özünüaldatmaqla rahatlama prosesi gerçəkləşdirilmiş olur. ·         İnanmaq üçün – dinləmə belə bir həqiqət var ki, insan inanmadığı birinə nə söylərsə, söyləsin inanmaz. İnam hissini qarşındakı insandan yaşanmış və yaşanacaqları dinləyərək, formalaşdırmaq mümkündür. Buna görə də, hər zaman inandığımız insanı dinləməyimiz üçün dinlədiyimiz insana inanmaqdan başlamalıyıq. ·         Öyrənmək üçün – dinləmə zamanı hər şeydən öncə qarşı tərəfdən asılı olmayaraq, bu məsələnin həlli beyində öz əksini tapmalıdır. Dinlədiyin insandan çox şey öyrənəcəyinə əmin olmaq duyğusu formalaşdıqdan sonra dinləmədə öyrənmə prosesi gerçəkləşə bilər.    Dinləmək içində böyük mənaları gizləyən ən dəyərli əsərdir. Çünki ömür əvvəlindən sonuna kimi möhtəşəm bir simfoniyadır. Bu simfoniyada bütün hisslər yaşanaraq, öz əksini tapmış olur. Belə ki, dinlədiyin biri varsa, həyatını gözəlləşdirən biri var deməkdir. Dinlədiyin biri varsa, sevdiyin biri var deməkdir. Dinlədiyin biri varsa, ömrünə məna verən biri var deməkdir...    Beləliklə, həyatı dinləmədən, ritmini tuta bilmərik, ritmini tuta bilmədiyimiz həyata istədiyimiz kimi yön verə bilmərik. Ona görə də ətrafı və insanları dinləyək, mənalandıraq, düşüncə süzgəcimizdən keçirək və birdə çıxardığımız nəticəni özümüzdən soruşaq, özümüzlə razılaşdığımız zaman ən doğru qərarı verdiyimizə inana bilərik.   Ayxan Hüseynli doktorant

Xoşbəxtlik – gecikən qatar, tələsən gəmi kimidir...

 Xoşbəxtlik etimoloji cəhətdən firavanlıq, müvəffəqiyyət, xoş tale kimi mənaları ifadə edir. Hər dövrdə xoşbəxtlik anlayışı məzmun etibarilə yaxşı, uğurlu və sevinc içərisində yaşamağa əsaslanmışdır. Xoşbəxtliyə minlərcə tərif, izah verilmişdir. Bu da xoşbəxtliyin nə qədər dərin və əhatəli məhfum olduğunun göstəricisidir. Mənalı ömür sürmək şüurlu həyatın ən ilkin məqsədidir. Bəşəriyyət xoşbəxtliyin, mənalı həyatın nədən ibarət olması və buna necə nail olmaq yolları haqqında fikirlərdə daim mübahisələr yaşanmış, müxtəlif yanaşmalar olsa da, lakin qəti bir nəticəyə gəlmək mümkün olmamışdır. Ona görə ki, kimisi xoşbəxtliyi fərdi həyatda, kimisi ictimai həyatda axtarmış, kimisi qismətə, taleyə bağlamış, kimisi də xoşbəxtlik deyə bir anlayışın olduğuna inanmamışdır.        Xoşbəxtlik insanda mənəvi (ruhi) və maddi (bədəni) tarazlığın qorunması və ortaq bir nöqtədə birləşməsi kimi ifadə oluna bilər. Eyni zamanda mənəvi tərəflə, maddi tərəf bir-birini tamamlaya bilməli, mənəvi tərəf maddi tərəfdən məmnun olmalı, maddi tərəf, mənəvi tərəfi zənginləşdirməyi bacarmalıdır. Məhz bu prosesin gedişində insana məxsus iki özəllik xüsusi rol oynayır.        Düşünə və sevgi. Bildiyimizlə öyrəndiyimizdən çıxardığımız nəticə və ya yeni fikir düşüncənin məhsulu sayılır. Bir şeyləri düşünüb və onu hiss etmək, ona sevgi bəsləmək, düşüncə ilə sevgi arasında bir bağlılıq yaradır ki, bu da insanın özünü xoşbəxt hiss etməsinə sövq edir. Çünki, sevgi öz-özünə yaranmadığı kimi öz-özünə də məhv olmur. Belə ki, düşündürən sevgidən, sevgi düşüncəsinə gedən yol xoşbəxtliyi öyrənmə və dərketmə prosesi kimi izah oluna bilər. Xoşbəxtliyə aid yazılan kitablarda obyektiv şərait nəzərə alınmadan xoşbəxtliyə çatmaq üçün hazır düsturlar, nəsihət və öyüdlərdən bəhs olunmuşdur. Müəyyən mənada bunların həqiqi xoşbəxtliyə təsiri və köməyi istəlinən səviyyədə olmamışdır. Çünki, hazır ifadələr, öyüd və nəsihətlər son dərəcə mürəkkəb olan həyat hadisələrini tam əhatə edə bilmir.          Nəzəri xoşbəxtliyin hər insanın özündən asılı olan cəhətlərini bir neçə yanaşma ilə belə ifadə etmək olar: 1)    Xoşbəxtliyə hədiyyə kimi deyil, fəaliyyətin, çalışmağın, cəhdin, səyin bəhrəsi kimi baxmaq lazımdır.         Həyat – mübarizədir. Həyat uğrunda, hətta həyatı yaxşı yaşamaq uğrunda bezmədən yorulmadan mübarizə aparmaq lazımdır. Axı mikrobda, bitki də, hər hansı digər canlılarda yaşamaq uğrunda mübarizə aparır. İnsan isə yaşamaq, mövcud olmaq uğrunda mübarizə ilə yetinməməli, sözün ən gözəl mənasında xoşbəxt olmaq uğrunda mübarizə aparmalıdır. Görkəmli rus yazıçısı S.N.Qlinka yazmışdır: “Həyat və fəaliyyət, alov və işıq kimi bir-birləri ilə sıx əlaqəlidir. Nə alovlanırsa, o hökmən işıq saçır, kim yaşayırsa, o heç şübhəsiz fəaliyyət göstərir”. 2)    Xoşbəxtliyi şərtləndirmiş olsaq, heç şübhəsiz ilkin şərti sağlamlıq olardı.  Xoşbəxtlik sağlamlıq əsasında öz əksini tapa bilər. Dünyada sağlamlığın qarşılığı olan bir şey tapmaq çətindir və demək olar ki, yoxdur. Ona görə də, sağlam bədən şadlıq və sevinc mənbəyidir. Sevinc hissi insanda özünü üç formada göstərir. *Hər hansı xoş xəbərdən yaranan sevinc – Adi və ya təbii sevinc *İnsanı tərifləməklə və ya ozünü bəyənməklə yaranan sevinc – Egosal sevinc *Müəyyən işin faydalı nəticəsindən yaranan sevinc – Enerji verən sevinc Məhz enerji verən sevincin əsasını sağlamlıq təşkil edir. Sağlamlıq isə insana davamlılıq və inkişaf hissi aşılayır.         Təbiətin ən mükəmməl, ən dəyərli, ən kamil əsəri sağlam adamdır. Görkəmli rus alimi yazırdı: “İnsan təbiətin ən gözəl məhsuludur. Ancaq təbiətin xəzinəsindən şadlanmaq və ləzzət almaq üçün insan sağlam, qüvvətli və ağıllı olmalıdır”. Sokrat bildirirdi ki, ruhu müalicə etmədən, bədəni müəalicə etmək olmaz. Məhz ruh düşkünlüyü həm sağlamlığın, həm də xoşbəxtliyin qənimidir. 3)    Xoşbəxtlik – hər anın, hər dəqiqənin dəyərini anlayıb, xoşbəxt yaşama bacarığıdır.             Təəssüf ki, bəzi insanlar ömrünün əsas hissəsini yaşamağa hazırlaşmağa sərf edir. Sonraya saxlanmış xoşbəxtliyə görə ömrünün əsas hissəsində sadəcə mövcud olmaqla kifayətlənir. Nəticədə ömrünü xoşbəxt yaşamaq yerinə, xoşbəxtliyə hazırlaşmaqla keçirir. Ömür anlardan, dəqiqələrdən, illərdən ibarətdir. Axı, anı yaşamasaq dəqiqələrin önəmi olmaz, dəqiqələri yaşamasaq, illərin dəyəri qalmaz. Ona görə də, hər andan zövq almaq, hər dəqiqəni xoşbəxt yaşamaq və bunu daxilən bacarmaq lazımdır. Böyük alman yazıçısı E.M.Remark yazmışdır: “Bizim gələcəyimiz, aldığımız növbəti nəfəsə qədərdir”. Və ya başqa bir ifadə ilə:                                    Elə yaşa ki, sabah öləcəksən kimi,                               Elə düşün ki, heç vaxt ölməyəcəksən kimi. 4)    Xoşbəxtlik – qorxuya qalib gəlməklə, qorxunu dəf edə bilməkdir.          İnsan mənəviyyatını dağıtmağa, pozmağa malik ən güclü təsir qorxudur. Mütəfəkkirlər hətta qeyd edirlər ki, həyatda qorxunun özündən qorxulu heç nə yoxdur. Qorxunu çox zaman yoluxucu xəstəliklə müqayisə edirlər. Belə ki, xəstəliyin başlanğıc halında qarşısını almaq lazımdır. Çünki, ağla, fikrə və ürəyə hakim olmasına icazə vermək olmaz.       Qorxu kölgə kimidir. Üzünü günəşdən çevirdiyin zaman qorxu ilə üz-üzə qalacaqsan, üzünü günəşə döndürən zaman xoşbəxtliyi tapacaqsan... 5)    Xoşbəxtlik - əsəb gərginliyini və psixi yükü mümkün qədər azaltmaqdan ibarətdir.         Müasir dövrdə informasiyanın kifayət qədər bolluğu insanın psixikasını həddindən artıq yükləmə gücünə malikdir. Bu da öz növbəsində əsəbləri gərginləşdirməyə imkan yaradır. Əsəb yorğunluğunu isə xoşbəxtliyin ciddi qənimi hesab etmək olar. Bilməliyik ki, günümüzdə əsəb gərginliyini və psixik yükü azaltmaq hər hansı bir arzu deyil, zərurətdir. Bu dövrün müəyyən mənada bizim üçün tələbidir. Günlük tələbatlarımızın – qidalanmaq, yuxu, geyim və s. qayğısına qaldığımız kimi əsəb sakitliyinin də qeydinə qalmalıyıq.           Xoşbəxtlik eyni zamanda bir sənətdir. Gördüklərini duya bilmə, düşündüklərini isə hiss edəbilmə və bunlardan bəhrələnməyi bacara bilmə sənətidir. Xoşbəxtliyi dərk etmək, onun qədrini bilmək və qorumaq xoşbəxtliyin özü qədər vacibdir. Böyük ispan yazıçısı M. Servantes demişdir: “Kim xoşbəxtlik əldə etdikcə onu duyub ondan bəhrələnmirsə, xoşbəxtliyi itirdikdə onun bundan şikayətlənməyə haqqı yoxdur”.          Xoşbəxtlik sabit, dəyişməz, statik vəziyyət deyildir. O insana məxsus olan daima, davam edən və yenilənən prosesdir.                                                                                           Ayxan  Hüseynli                                                                        Naxçıvan Müəllimlər İnstitutunun                                                                         psixologiya müəllimi,                                                                         Tələbə Gənclər Təşkilatının sədri,                                                                        doktorant  

Uşaqların öyrənmə prosesində idrak imkanlarından istifadə yolları

Müasir təlimin qarşısında duran ən əsas vəzifə - biliklər sistemini öyrənmə prosesində asan yolla mənimsətməkdən və onların idrak imkanlarını inkişaf etdirməkdən ibarətdir.        Təlim prosesi idrakın iki pilləsində - məntiqi idrak və hissi idrak vasitəsilə öyrənilir. Təlimdə müvəffəqiyyət qazanmaq bu iki pillənin qarşılıqlı fəaliyyəti nəticəsində qazanılır. Obyektiv aləmdəki cisim və hadisələrin mahiyyəti, onların daxili əlaqəsi, inkişaf qanunauyğunluqları idrakın məntiqi təfəkkür pilləsində dərk edilir, bu da əlbəttə idrakın canlı müşahidə pilləsi ilə, hissi idrakla dialektik sürətdə bağlıdır. Hissi idrak obyektiv aləmdə mövcud olan cisim və hadisələrin ayrı-ayrı zahiri tərəfləri, cəhətləri haqqında məlumat verir.        İdrak prosesinin daha yüksək və mürəkkəb pilləsi olan məntiqi idrak, hissi idrakın vermiş olduğu materialları yenidən işləyir, götür-qoy edir, süzgəcdən keçirir və nəticədə obyektiv aləm haqqında daha doğru , düzgün biliklər əldə etməyə imkan verir.         Məntiqi idrak prosesinin məzmunu müvafiq formalarda təzahür edir. Məfhum, hökm və əqli nəticə, məntiqi idrak prosesinin formaları hesab edilir. Məfhum, məntiqi idrakın elə bir formasıdır ki, burada əməli fəaliyyətin, təcrübənin verdiyi məlumatı fikrən ümumiləşdirir. Məfhum sözlərlə ifadə olunur. Dilimizdə istifadə etdiyimiz hər hansı söz, başqa xalqlarda, millətlərdə müxtəlif sözlərlə adlandırılır, lakin mahiyyət etibarı ilə həmin söz hər xalqda, millətdə eyni mənanı daşıyır. Xalqlar, millətlər öz düşüncələrinə uyğun mühüm əlamətlərinə görə fərqli adlandırmalarına baxmayaraq, yerinə yetirdiyi funksiya hər kəs üçün eynidir. Məfhumların adı olan sözlər bəşər cəmiyyətinin meydana gəlməsi ilə yaranmış, müəyyən zəruri ehtiyacdan doğmuşdur. Sözlər insanlara obyektiv aləmi və onun qanunauyğunluqlarını dərk etməyə imkan verir. Digər tərəfdən insanlar sözlər vasitəsilə bir-biri ilə ünsiyyətə girir və fikir mübadiləsi aparırlar. İ.P.Pavlova görə söz başqa qıcıqların çata bilməyəcəyi geniş təsir və əhatəyə malikdir.        Məntiqi idrak prosesinin ən geniş və ümumi forması hökmdür (mühakimə). Təbiət və cəmiyyətdə mövcud olan hər bir qanun elmdə hökm şəklində ifadə olunur. Təlimdə öyrənilmiş biliklər sistemi öz ifadəsini hökmdə tapır. Yəni toplanmış məlumatların ümumi bir cümlə şəklində söylənilməsi hökmün ifadəsidir. Bundan başqa hökm məntiqi idrakın elə bir formasıdır ki, bunun köməyi ilə nə isə təsdiq olunur, nə isə rədd edilir, bu isə obyektiv gerçəkliyi dərk etmək vasitəsidir. Hökmlər əsasında insan öyrəndiyi materialın mahiyyətini dərindən dərk etməyə yaxınlaşır.        Məntiqi idrakın, təffəkür fəaliyyət formalarından biri də əqli nəticədir. Dünyada mövcud olan cisim və hadisələrin, mürəkkəb və rəngarəng xüsusiyyətlərinin yüksək səviyyədə dərk olunmasında əqli nəticənin çox mühüm rolu vardır. Əqli nəticə elə təfəkkür formasıdır ki, burada insan əməli fəaliyyəti prosesində qazanmış olduğu bilik və bacarıqlar sistemindən istifadə edərək, yeni bilik əldə edir. İnsanın məntiqi idrakının yaradıcı xarakteri əqli nəticədə aydın sürətdə özünü göstərir. Məntiqi idrakın başqa formaları kimi, əqli nəticə də obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və düzgün inikasından ibarətdir.         Məntiqi idrakın formalarını xüsusi ardıcıllıqla tətbiq etməklə müvəffəqiyyət əldə etmək olar. Fəallıq da idrakın formalaşmasında, inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa idrak fəallığının artırılmasında müasir təlimin qarşısında müstəqil düşünə bilən, təşəbbüskar, iş prosesində ortaya çıxan çətinliklərdən qorxmayan, onları təhlil etməyi və aradan qaldırmağı bacaran, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxslər yetişdirmək vəzifəsi durur. Bu mühüm vəzifənin layiqincə yerinə yetirilməsinə nail olmağın yolları çoxdur. Bunlardan biri də təlim metodlarının zamanın tələbinə uyğun təkmilləşdirilməsi xüsusi yer tutur.          Məktəblilərin idrak qabiliyyətlərini inkişaf etdirmək, yeniyetmələrin və gənclərin zehni fəallığını təmin etmək baxımından təlimdə problem situasiyanın yaradılmasının, bu situasiyanı təhlil edərək problemin irəli sürülməsinin və onun elmi zəmində həllinin rolu olduqca böyükdür. Məhz problem situasiya yaratmaqla öyrənmək, biliyi daxili ehtiyac və tələbat halına gətirməklə idrak prosesini fəallaşdırmaq olar. Yaranmış mənəvi tələbat insanı həyatı dərk etməyə, təbiəti öz ehtiyaclarına uyğun olaraq dəyişdirməyə, fəallıq göstərməyə təhrik edən başlıca motiv yerində çıxış edir.          Fəallıq anlayışı tədqiqatçıların gəldikləri nəticəyə görə, üç səviyyədə təzahür edir ki, bu da özünü təlim prosesində göstərə bilir. Bu səviyyələr reproduktiv-təqlidi səviyyə, axtarış elementlərinə malik olan icraçılıq səviyyəsi və yaradıcı səviyyədən ibarətdir.          Reproduktiv-təqlidi səviyyədə təlim zamanı bəşəriyyətin toplamış olduğu təcrübəni öyrənməkdən və nümunə əsasında tətbiq etməkdən ibarətdir. Deməli bu səviyyədə bilik hazır şəkildə təqdim olunur, əsas iş isə ondan ibarət olur ki, həmin biliyi mənimsəmək, yadda saxlamaq lazım gəlir. Bu da təlim prosesi üçün zəruridir, lakin kifayət deyildir. Reproduktiv-təqlidi səviyyədə qısa müddət ərzində çoxlu bilik əldə edilsə də, düşüncə tərzi zəif inkişaf edir. O mənada ki, yaddaşda mexanikilik yaranır, əzbərçilik xarakteri daşıyır, məntiqi idrak isə istifadə olunmur və fəaliyyətsiz qalır. Bundan sonrasında isə fəallığın ikinci səviyyəsi axtarıcılıq elemenlərinə əsaslanan icraçılıq səviyyəsi özünü göstərir. İcraçılıq səviyyəsində qarşıya standart nümunələrlə əlaqələndirilən suallar yox, irəli sürülən problemləri həll etmək məsələsi qoyulur. Onu həll etmək üçün isə müstəqil olaraq yollar axtarılır, həlli üçün ən faydalı üsul üzərində düşünülür, gərgin zehni axtarışa qoşulurlar. Fəallığın bu səviyyəsində təlim prosesində daha çox düşünülür, birinci səviyyədə əldə edilmiş biliklər zəminində yeni biliklər qazanmağa can atılır. Üçüncü yaradıcılıq səviyyəsində isə artıq problem həllini tapır və həmin problemin həlli üzərində yeni problemlər yaradılır, onların həlli yollarına baxılır. Təlim prosesində fəallığın səviyyələri ardıcıl öyrənməklə idrak fəallığı tam öz əksini tapır. İdrak fəallığı nəticəsində məntiqi təfəkkür formalaşıb, inkişaf edir və müvəffəqiyyət qazanmaq üçün zəmin yaradır.         Müasir didaktika üçün belə bir cəhət əsas götürülür ki, izahlı-illüstrativ yolla tədris olunan bilik nə qədər yaxşı çatdırılsa da, yaradıcı təfəkkürün və idrak müstəqilliyinin inkişafını təmin edə bilməz. Nəticədə müəyyən qaydalar, qanunlar şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki sürətdə əzbərlənir. Buna görə də hafizə az-çox dərəcədə inkişaf etsə də, lakin ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmir. Məhz bunlar nəzərə alınmaqla, təlim prosesində lazımi elmi biliklər verməklə yanaşı, müşahidəçilik, müstəqil və fəal düşünmək və.s kimi idrak qabiliyyətlərin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müstəqil öyrənmək üçün hər şeydən əvvəl qarşıya müəyyən məsələlər qoymaqla, həmin məsələlərin həlli yollarını, üsullarını tapmaq bacarığı qarşıya qoyulur. Bu məqsədlə də dərin müşahidəçilik, məsələnin mahiyyətinə nüfuz etmək qabiliyyəti inkişaf etdirilməlidir. Müşahidə şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Bu da idrak prosesinin təfəkkürün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Müşahidə zamanı fəallığı təmin etmək də zəruri sayılır.          Fəal təlim isə - öyrənilən biliyə, məlumata maraq, hər şeyi öyrənmək həvəsi, təşəbbüskarlıq, biliklərə yiyələnməyə iradi cəhd və təkidlilik yaradır. Təlim fəallığının həyata keçirilməsini təmin edənlər içərisində, tədris prosesində axtarıcılığı təşkil etmək də mühüm yer tutur. Eyni zamanda fəallıq əsasən iki şəkildə özünü göstərir. Bunlardan biri fikri fəallıqdır. Fikri fəallıq prosesində müxtəlif müqayisələrdən, uyğunlaşdırılmalardan, ümumiləşdirilmələrdən geniş istifadə olunur. Digəri isə hərəki fəallıqdır ki, hərəki fəallıq zamanı həmin cisimlərlə, əşyalarla bilavasitə əməli sürətdə təmasda olmağa meyl yaranır.          Təlim prosesində müstəqil iş üçün tapşırıq vererkən onun davam edecəyi vaxt dəqiq müəyyənləşdirilməlidir. Ona görə də müəllim tapşırığın həcmini, onun şagirdlərin yaş səviyyələrinə uyğun öyrənilmə müddətini də nəzərə almalıdır. Tədqiqatlar və məktəb təcrübəsi göstərir ki, I sinif şagirdləri üçün müstəqil iş 7-10 dəqiqə ərzində məhsuldar xarakter daşıyır. II-III siniflərdə isə şagirdlərin müstəqil iş zamanı fəallıq müddəti 15-17 dəqiqə olur. Bu baxımdan idraki proseslərin müstəqil iş zamanının fəallıq müddətini müəllimlər nəzərə alaraq tapşırıqlar verməlidirlər. Bu da təlimin keyfiyyətinin yüksəldilməsinə təfəkkürün fəallıq göstəricisinin artırılmasına gətirib çıxaracaqdır.           Ömrünün 35 ilini ali sinir fəaliyyətinin fiziologiyasını öyrənməyə sərf edən İ.P.Pavlov baş beyin yarımkürələri fəaliyyətinin obyektiv qanunauyğunluqlarını müəyyənləşdirmiş və ən qədim dövrlərdən bəri dərkedilməz sayılan idrak fəaliyyətini eksperimental metodlarla izah etməyə müvəffəq olmuşdur. O, sübut etmişdir ki, psixika, ruhi fəaliyyət adlanan fəaliyyətin bütün formaları, öz mahiyyətinə görə yalnız reflekslərdən ibarətdir.           İ.P.Pavlov elmi-fizioloji cəhətdən sübut edərək göstərmişdir ki, idrak prosesi baş beynin inikas etdirici fəaliyyətin qanunauyğun məhsuludur. Baş beyin orqanizmlə onu əhatə edən xarici mühit arasında rabitə orqanıdır.           İdrakın ziddiyyətli xarakter daşımasına dair Pavlov tərəfindən söylənilmiş fikirlər maraqlıdır. O göstərmişdir ki, insan ağlının iki meyli bir-biri ilə yanaşı gedir. Bunlardan biri insanın yeni-yeni həqiqətlər aşkara çıxarmaq meyli, digəri isə idrakın haradasa qurtarması faktıdır. Pavlov göstərir ki, insan abstrakt təfəkkür pilləsində, bir tərəfdən, gerçəklikdən uzaqlaşır, digər tərəfdən də hadisələr arasındakı vasitəli rabitələri, onların mahiyyətini və qanunlarını aşkara çıxarmaq imkanı əldə etməklə gerçəkliyə yaxınlaşır.           Pavlovun fikrincə, həqiqi idrak həmişə əməli məqsədlər güdür. Əməli iş prosesində insanın vəzifəsi obyektiv aləmin qanunlarını dərk etməkdən və həmin qanunları öz fəaliyyətinə müvafiq şəkildə yönəltməkdən, tətbiq etməkdən ibarətdir. Bunu da onunla əsaslandırır ki, orqanizm baş beynin inikasetdirici fəaliyyəti vasitəsilə xarici aləmin saysız-hesabsız təsirlərinə cavab verir və daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşır. Ayxan Hüseynli Naxçıvan Müəllimlər İnstitutunun  psixologiya müəllimi,doktorant