- Sadəcə dinlə deyə yazıram, ailəm tərəfindən daim sıxışdırmalara məruz qalıram və ən son evə gəlməməyim söykəndi, nişanlım isə bu situasiyada belə bir reaksiya verdi “ailəsi tərəfindən atılmış bir qızı mən neynirəm?”, heç nə deməyini istəmirəm, sadəcə danışmaq istədim. Ondan ayrılacaq gücüm yoxdur. Sadəcə bunu bilirəm ki, o da ailəm kimi olacaq, hər şey yaxşı getsə belə münasibətimizin böyük hissəsini məhz qadağalar təşkil edəcək.
İlllər öncə, hələ tələbə və bir çox nəzəriyyəyə mühazirələrin verdiyi izah qədər bələd olan bir konsultant namizədi olaraq və nəzərə alın ki, bu nəzəriyyələrin bir çoxu anatomiya dərsində cinsi yetkinlik, birincili, ikincili cinsi əlamətlərin haqqında danışmaq zamanı gələndə ötürülən dərslər kimi idi, bu mesajı almışdım bir tanışımdan. Gah sosial öyrənmə, gah Stokholm sindromu ilə izahlar verib, illər öncə bu mövzuda bir məqalə belə yazmışlığım vardır, fəqət söhbət Anaksimandr və Falesin dünya izahı paradoksuna dönürdü. Madam ki, bir paradoks var və zatən psixologiya bir çox nüansı izah etməkdə çətinlik çəkir, köhnə sevgilim Psixoanalitik xətt üzrə bir izah və nümunəvi sessiya ilə növbəti yazını yazmaq qərarına gəldim. Hərçənd bu yazı istədiyim sərtlik ilə yazıla bilməyəcək, çünki biz elmin və psixi sağlamlıq müalicə vasitələrinin dilini çoxdan ictimai vəkillərin heç bir dəyərə və güclü bir rəqib, məsələn siyasi struktur qarşısında keçərliliyə sahib olmayan “linç kültürü” və heç nə bilməyən “hərşeyologiya"sına uduzmuşuq.
Bad Boy hekayəmizdə sərhədsizliyi təmsil edəcək, qızımız mədəni təzyiqlər və Orta Şərqdəki patriarx sistem gərəyi fantaziyasını basdırmış biri olacaq və bu qızımız, heç bir dəyəri ilə uyuşmayan, bonobo meymunu ilə sosial və emosional zəkası təqribən eyni olan bir obraz ilə bir hekayə yaşayacaq. İzah təqribən bu cürdür, basdırılan arzu yox olmur, repressiya halı özünü sərhədsiz, zorakı bir partnyor seçimi ilə göstərə bilir və fantaziyanı bu modelin sərhədsizliyi ilə gerçək edən qadın obraz bir tərəfdən İD tərəfin arzu və fantaziyasını doyurur, digər tərəfdən senzura, norma, dəyər, ictimai qaydanın tənqidi səsini təmsil edən Super Egonun ağzını yığır, seçimi Ego edir və Bad Boy əslində müdafiə mexanizminin bədən tapmış halıdır.
Bu yazının söykəndiyi əsas, “niyə belə insan seçilir?” sualını moral, maarifləndirici və ya sosioloji cavablarla deyil, psixodinamik zərurət kimi oxumaqdır. Psixoanalitik xəttdə seçim təsadüf deyil; seçim daxili konfliktin mümkün olan ən az ağrılı həllidir.
Birinci dayaq repressiya anlayışıdır. Patriarxal və normativ mədəniyyətlərdə qadın cinsəlliyi yalnız davranış səviyyəsində yox, fantaziya səviyyəsində də nəzarət altına alınır. “Etmə” qadağasından əvvəl “istəmə” qadağası formalaşır. Fantaziyanın özünün ayıb, təhlükəli və ya dağıdıcı olduğu ideyası daxilə alınır. Amma psixoanalizin klassik müddəası dəyişmir: basdırılan arzu yox olmur, sadəcə şüurdan kənarlaşdırılır.
İkinci dayaq İD–Ego–Super Eqo dinamikasıdır. Fantaziya şüur səviyyəsində qəbul edilə bilmədiyi üçün Ego onu birbaşa ifadə etmir. Ego kompromis həll axtarır. Burada Bad Boy fiquru funksional olur: sərhədsizliyi qadın yox, “o” daşıyır. Beləliklə Ego həm arzuya çıxış tapır, həm də məsuliyyəti öz üzərindən atır. Super Eqo susdurulur, çünki daxili məhkəmə “mən istədim” yox, “belə alındı” narrativi ilə aldadılır.
Üçüncü dayaq obyekt seçimi və təkrar kompulsiyasıdır. Bu tip münasibətlər çox zaman “ilk dəfə” deyil. Təkrar var. Freudun dediyi kimi, subyekt həll edə bilmədiyi konflikti təkrar-təkrar səhnələşdirir. Burada məqsəd zövq deyil, mastery – nəzarət illüziyasıdır. Subyekt bir zamanlar passiv qaldığı, qorxduğu və ya sözsüz qaldığı vəziyyəti bu dəfə “öz seçimi” kimi yaşamaq istəyir. Amma ssenari dəyişmir, yalnız rollar dəyişir.
Dördüncü dayaq müdafiə mexanizmləridir. Rasionalizasiya (“onu dəyişə bilərəm”), idealizasiya (“əslində çox dərin biridir”), dissosiasiya (“mənimlə elə deyil”) və proyeksiya burada mərkəzi rol oynayır. Bad Boy obrazı reallıqdan çox, daxili ehtiyacın ekranıdır. O, real insan olmaqdan çıxıb psixi funksiyaya çevrilir.
Beşinci dayaq mədəni konteksdir. Orta Şərq və oxşar patriarxal strukturlarda “yaxşı qadın” obrazı ilə “arzulayan qadın” obrazı bir-birinə zidd qoyulur. Ego bu ziddiyyəti birləşdirə bilmədiyi üçün parçalayır: gündəlik həyat üçün normativ münasibətlər, fantaziya üçün isə sərhədsiz və təhlükəli obyektlər seçilir. Bu, psixopatologiya deyil, adaptasiyadır – lakin bahalı adaptasiya.
Nəticə olaraq, Bad Boy fiquru problem deyil, simptomdur. O, arzu ilə qadağa arasında qalan psixikanın tapdığı ən əlverişli, amma ən riskli kompromisdir. Fantaziya inteqrasiya edilmədikcə, Super Eqo ilə danışıq qurulmadıqca və Ego öz seçiminin məsuliyyətini daşıya bilmədikcə bu fiqur dəyişmir, sadəcə üz dəyişir.
Sərhədsiz biri ilə bir arada olmaq qadın üçün fantaziyanın real müstəvidə yaşanması üçün uyğun zəmin yaradır. Çünki fantaziya birbaşa “mən istəyirəm” deyə səslənə bilmir. “İstəmək olmaz” senzurası hələ də aktivdir və arzu öz adına danışa bilmir. Ona görə də arzu özünə bir daşıyıcı tapır. Bu daşıyıcı dəyər anlayışı bulanıq, hətta bəzən ümumiyyətlə dəyəri olub-olmadığı bilinməyən bir obyekt olur.
Burada mühüm bir incəlik var: seçilən kişinin dəyərlərə zidd olması təsadüf deyil. Əksinə, bu, funksionaldır. Çünki əgər o şəxs etik, məsuliyyətli, sərhəd tanıyan biri olsaydı, fantaziya yenə də senzura ilə toqquşacaqdı. Sərhədsiz obyekt fantaziyanın üzərinə düşən bütün “olmaz”ları öz varlığı ilə pozur və qadın psixikası üçün rahatladıcı bir alibi yaradır.
Fantaziyalar bu sərhəd pozucusu tərəfindən pozulduqca, daxili narrativ də formalaşır: “mən istəmirdim, o elədir”, “mən onun sərhədsizliyinin qurbanıyam”. Bu dil, zahirdə passivlik ifadə etsə də, əslində psixikanın özünü qoruma cəhdidir. Çünki bu cümlə ilə Ego həm arzuya çıxış tapır, həm də Super Eqo qarşısında özünü təmizə çıxarır.
Burada qadın öz arzusunu inkar etmir, onu məsuliyyətsizləşdirir. Arzu var, amma sahibi yoxdur. Fantaziya yaşanır, amma subyekt “mən” deyil, “o”dur. Bu, klassik proyektiv mexanizmdir: daxildə qəbul edilə bilməyən impuls kənara yerləşdirilir və sonra da kənardan gələn bir zorakılıq kimi yaşanır.
Bu nöqtədə paradoks yaranır. Qadın real olaraq zərər görür, sərhədləri pozulur, bəzən travmatik təcrübələr yaşayır. Amma psixodinamik səviyyədə bu münasibət eyni zamanda daxili konflikti idarə edən bir sistem kimi işləyir. Yəni münasibət həm dağıdıcıdır, həm də “işə yarayır”. Ona görə də tərk edilməsi bu qədər çətindir.
Beləliklə, “mən sadəcə onun sərhədsizliyinin qurbanıyam” cümləsi sadə bir şikayət deyil. Bu, fantaziyanı qoruyan, arzunu inkardan xilas edən və Super Eqo senzurasını neytrallaşdıran psixi bir formuladır. Fantaziya inteqrasiya olunmadıqca, bu formul dəyişməz qalır – yalnız sərhədsiz obyektin siması dəyişir.
Mexanizm nə vaxt çökür?
Lacanın baxışı ən qısa belə formalaşdırıla bilər: fantaziya reallaşdıqda yox olur. Buradakı “yox olma” anlayışı, fantaziyanın tam mənada itməsi yox, onun artıq arzunun gizli tənzimləyicisi kimi fəaliyyətini dayandırmasıdır. Lacan üçün fantaziya subyektin arzusunun ekranıdır – obyekt a-nı subyektin arzusuna bağlayan çərçivədir.
Obyekt A — Lacanın nəzəriyyəsində arzuya səbəb olan, amma heç vaxt tam əldə olunmayan obyektdir. İnsan daim onu istədiyini düşünür, amma əslində o, bir çatışmazlığın simvoludur. Bu obyekt gerçəkdə deyil, fantaziyada mövcuddur və arzumuzu daim hərəkətdə saxlayır.
Fantaziya, obyektin həqiqi mövcudluğu ilə qismən qorunur. Yəni “Bad Boy” obrazı yalnız arzuya xidmət edir. Arzu, reallaşma çərçivəsində fantaziyanın konstruksiyası ilə əlaqəlidir.
Amma subyekt sərhədsiz və arzunun “qadağalı” bir daşıyıcı ilə üz-üzə gələndə, obyekt artıq fantaziyanın ekranı olmaqdan çıxır. Lacan deyir ki, obyektin tam mövcudluğu fantaziyanı pozur, çünki artıq arzu qismən doğrulanır və bu doğrulama fantaziyanın strukturunu çökdürür.
Çəkici nümunəsi ilə desək: qadın sərhədsiz, ziddiyyətli bir partnyor ilə birlikdə olmaqla fantaziyanı “real” edir. Amma bu reallaşma, Lacan baxımından, fantaziyanın yox olmasına gətirib çıxarır. Çünki fantaziya arzu və qadağa arasında oynayan bir ekrandır. Oyun bitəndə, yəni arzunun qismən də olsa reallaşması baş verdikdə, ekran artıq işləməyəcək; arzu birbaşa mövcud obyektlə qarşı-qarşıya qalır.
Lacan üçün bu nöqtə kədər və itki anıdır: subyekt fantaziyanın yoxluğunu yaşayır. Fantaziya yox olur, amma arzu hələ də qalır. Buradakı dramatik effekt də budur – qadın artıq “qurban dili” ilə danışa bilməz, çünki sərhədsiz obyekt artıq özünü ekran kimi deyil, real bir varlıq kimi göstərir.
Repressiya ilə qorunan arzu indi Super Eqo və Ego ilə birbaşa üz-üzədir. Bu nöqtədə müdafiə mexanizmləri sınaya bilər, çünki fantaziya artıq müdafiəni təmin etmir. Lacan bunu “real”ın (le Réel) zərbəsi kimi görür – obyekt tam mövcuddur, amma arzunun tənzimləyicisi olan fantaziya artıq yoxdur.
Beləliklə, çəkici (Bad Boy) təcrübəsində fantaziya həm arzu üçün zəruri bir çərçivədir, həm də reallaşdığı anda subyektin müdafiəsini pozan bir faktor kimi çıxış edir. Lacan bunu fantaziya-strukturun “yox olması” kimi təhlil edir: reallaşma, fantaziyanın qoruyucu ekranını dağıdır və arzunu birbaşa obyekt qarşısında qoyur.
Müdafiənin çöküşünə dair alternativ izah
Müdafiə bir anda çökmür. O, işini görə bilmədiyi yerdə çat verir. Psixodinamik baxımdan müdafiənin çökdüyü nöqtə, fantaziyanın artıq daşıyıcı ilə örtülə bilmədiyi andır.
Birinci çat zövq–əzab balansının pozulduğu yerdə yaranır. Münasibət əvvəlcə “bahalı, amma işlək” kompromisdir. Arzu doyurulur, Super Eqo susdurulur, Ego məsuliyyəti kənara ötürür. Amma zamanla sərhədsizlik yalnız fantaziyanı yox, subyektin bütövlüyünü də dağıtmağa başlayır. Zövq yerini davamlı gərginliyə, ayıqlığa və təhlükə gözləntisinə verdikdə, Ego artıq bu münasibəti “idarə edilə bilən” kimi saxlaya bilmir. Müdafiə hələ mövcuddur, amma effektini itirir.
İkinci nöqtə təkrarın ifşa olduğu andır. Subyekt birdən fərq edir ki, problem bu konkret kişi deyil. Ssenari tanışdır. Sözlər, davranışlar, hətta üz ifadələri belə dəyişsə də, hiss eynidir. Bu tanışlıq hissi müdafiəni zəiflədir, çünki “bu sadəcə onun sərhədsizliyidir” narrativi artıq yetərli olmur. Fantaziya ilk dəfə obyektini itirir və boşluq yaranır.
Üçüncü çat Super Eqo-nun ton dəyişdirdiyi yerdə baş verir. Əvvəl Super Eqo susdurulmuşdu. Sonra isə o, fərqli bir səslə geri qayıdır: “sən niyə həmişə buradasan?”, “bu artıq təsadüf deyil”. Bu, klassik günahlandırıcı Super Eqo deyil, daha çox ayıldıcı, sorğu-sual edən bir səsdir. Bu səs peyda olanda, “mən qurbanam” dili çatlamağa başlayır.
Dördüncü nöqtə bədənin danışmağa başladığı andır. Psixika artıq müdafiəni saxlaya bilməyəndə yük bədənə ötürülür. Panik epizodlar, yuxusuzluq, somatik ağrılar, libidonun donması və ya əksinə, kompulsiv artması – bunlar müdafiənin zəiflədiyini göstərən siqnallardır. Burada artıq fantaziya təkbaşına sistemi saxlamır.
Beşinci və ən kritik nöqtə “mən”in cümlədə görünməsidir. Müdafiə “o elədir” dilini sevir. Amma bir anda cümlə dəyişir: “Mən niyə buradayam?”, “Mən bunu niyə davam etdirirəm?”. Bu suallar cavab tapmaq üçün deyil, müdafiəni dağıtmaq üçün ortaya çıxır. Çünki bu sualla məsuliyyət ilk dəfə subyektə qayıdır.
Müdafiə tam olaraq bu nöqtədə çökür:
Fantaziya hələ var, arzu hələ canlıdır, amma artıq onu daşıyacaq “günahkar obyekt” əvvəlki qədər inandırıcı deyil.
Və məhz bu an terapiya üçün mümkün olur. Çünki müdafiə çökməmişkən terapiya izah verir, çökmə anında isə subyekt eşitməyə başlayır.
Terapiyaya baxış
Pasiyentin vəziyyəti:
Qadın artıq uşaq yaşlarından patriarxal və normativ mədəniyyətin təsiri altında böyüyüb.
Fantaziya səviyyəsində arzularını basdırıb. “İstəmək olmaz” senzurası daxili təlimat kimi işləyir.
Şüur səviyyəsində isə norma və dəyərlərlə uyumlu olmağa çalışır.
Münasibət seçimi:
O, sərhədsiz, sərt, bəzən zorakı davranan partnyorlar seçir. Bu seçim fantaziyanı reallaşdırmaq üçün bir daşıyıcıdır.
Bu daşıyıcı eyni zamanda Super Eqo-nu susdurur: “o elədir, mən sadəcə onun sərhədsizliyinin qurbanıyam”. Beləliklə, qadın həm arzunu doyurur, həm də məsuliyyəti kənara ötürür.
Məlumat
Pasiyent 28 yaşında, heteroseksual, subay, ingilis dili və ədəbiyyatı üzrə dərs tədris edən, maddə və alkoqol asılılığı olmayan, hər hansı bir psixiatrik diaqnoz daşımayan, ailə anamnezində psixiatrik rastlama yaşamadığımız, əvvəllər bir neçə dəfə terapiya alıb, sonra dayandırmış qadındır. Təkrarlanana münasibət çərçivələrindən şikayətlə müraciət edib və seanslarının ikinci ilindədir, seanslar həftəlik 2 dəfə ilə başlayıb, 1 dəfəyə endirilib və Lacanın deyimi ilə demək olar ki “özü haqqında və mənimlə danışdığı dövrə” çatmışıq.
Psixodinamik analiz:
1. Repressiya və basdırılmış arzu: Basdırılan arzu yox olmur, yalnız qadağa altında saxlanılır. Sərhədsiz partnyor onun arzusunu gerçəkləşdirmək üçün istifadə olunur.
2. Ego və müdafiə: Ego kompromis həll tapır – arzu reallaşır, amma məsuliyyət kənarda qalır. Müdafiə mexanizmləri (rasyonalizasiya, idealizasiya, proyeksiya) işləyir.
3. İD və arzu: Bad Boy obrazı İD-in sərhədsiz impulslarını daşıyır. Qadın İD-nin arzularını yaşayır, amma “mən” olaraq deyil, “o” üzərindən.
4. Fantaziyanın reallaşması (Lacan baxışı): Obiekt reallıqda mövcud olduqda fantaziya ekranı pozulur. Arzu birbaşa obyektlə üz-üzə qalır, müdafiə zəifləyir.
Müdafiənin çöküş nöqtələri:
Zövq–əzab balansı pozulduqda (partnyor artıq təhlükəli və qeyri-idrak edilən səviyyədə sərhəd pozur).
Təkrarın ifşa olduğu an (pasiyent fərq edir ki, problem təkcə obyekt deyil, struktur təkrarlanır).
Super Eqo-nun tonunun dəyişməsi (“mən niyə buradayam?” sualı peyda olur).
Bədənin danışması (somatik simptomlar, yuxusuzluq, panik).
“Mən”in cümlədə görünməsi (“mən niyə davam edirəm?”).
Terapiya strategiyası:
Əvvəlcə pasiyentin seçiminin daxili mexanizmini izah etmək, moral və ya sosial tənqid etməmək.
Fantaziyanı və basdırılmış arzunu dil və simvol səviyyəsində tanımaq.
Müdafiə çökməyə yaxınlaşanda Super Eqo ilə dialoqu açmaq: qurban dilindən məsuliyyət dilinə keçid.
Bad Boy obrazını təkcə kişi deyil, psixikanın bir funksiyası kimi görmək: “o, mənim arzumun daşıyıcısıdır, amma artıq mənim öz seçimi ilə üz-üzəyəm”.
Real obyekt ilə arzu arasındakı məsafəni terapiyada simvolik şəkildə işləmək – reallaşmanı dəstəkləmək, amma fantaziya ekranını qorumaq üçün alternativ yollar yaratmaq.
Bad Boy-un funksiyasını çərçivələmək
1. Başlanğıc vəziyyət
Pasiyent: Fantaziyanı basdırıb, “istəmək olmaz” senzurası ilə böyüyüb. Dəyərləri və arzuları arasında gərginlik var.
Obyekt seçimi: Sərhədsiz, impulsiv, bəzən zorakı partnyor. Bad Boy, İD-in arzusunu daşıyan “daşıyıcı”dır.
Müdafiə: Qurban dili (“mən sadəcə onun sərhədsizliyinin qurbanıyam”), rasyonalizasiya, proyeksiya.
2. Fantaziyanın reallaşması
Bad Boy seçimi ilə fantaziya gerçəkləşir: sərhədsiz, qadağan olunmuş arzular ekran üzərindən subyektə çıxış edir.
Super Eqo tənqidi kısmen susdurulur, Ego arzu və təhlükə balansını qoruyur.
Psixodinamik effekt: Arzu doyurulur, amma ekranın qoruyucu funksiyası hələ aktivdir.
3. Müdafiənin çöküş nöqtəsi
Zövq–əzab balansının pozulması: Sərhədsizlik artıq təhlükəli və idarə olunmazdır.
Təkrarın ifşası: Pasiyent görür ki, problem təkcə partnyorda deyil, strukturdadır.
Bədən siqnalları: Panik, gərginlik, yuxusuzluq, libidinal dəyişikliklər.
“Mən”in görünməsi: “Mən niyə buradayam?” sualı.
Bu nöqtədə Bad Boy artıq sadəcə fantaziyanın daşıyıcısı deyil, obyektin reallığı ilə üz-üzə qalan psixikanın zərbəsini təmsil edir.
4. Terapevtik müdaxilə
Fantaziyanın tanınması: Pasiyentə izah edilir ki, Bad Boy onun arzularının daşıyıcısıdır, seçim isə subyektin özüdür.
Super Eqo dialoqu: Qurban dili əvəzinə məsuliyyət dili işə düşür: “Mən istəyirəm, amma məsuliyyət mənimdir.”
Bədən və emosiyaların işlənməsi: Gərginlik və panik simvolik olaraq danışılır, təhlükəsiz çərçivədə işlənir.
Simvolik çərçivənin qurulması: Fantaziya ekranı qorunur, amma artıq real obyektlə dialoq imkanı yaranır.
5. Mümkün Təsirlər
1. Fantaziyanın şüura inteqrasiyası: Arzu artıq ekran olmadan birbaşa tanınır.
2. Müdafiənin sağlam zəifləməsi: Qurban dili itir, məsuliyyət və seçim dilinə keçid olur.
3. Arzu-Super Eqo dialoqu: Pasiyent arzularını və daxili tənqidi bir arada idarə edə bilir.
4. Münasibət seçimlərinin şüurlu tənzimlənməsi: Bad Boy-un impulsiv təkrar kompulsiyası azalır.
5. Emosional və psixi rifah: Daxili gərginlik azalır, bədən və emosiyalar arzu ilə Super Eqo balansında işlənir.
6. Simvolik nəticə
Bad Boy: Artıq təkcə kişi deyil, psixikanın arzu və müdafiə mexanizmini daşıyan simvolik funksiya kimi görünür.
Pasiyent: Arzularını tanıyır, məsuliyyətini qəbul edir, fantaziya ekranını simvolik şəkildə qoruyur.
Terapiya: Müdafiənin çökmə anları idarə olunur, fantaziya reallaşma ilə yox olmadan, təhlükəsiz bir çərçivədə işlənir.
Terapevt: Salam, keçən sessiyadan bəri münasibətləriniz haqda düşündünüzmü? Həm də Bad Boy tipli insanlarla olan təkrar seçiminiz barədə.
Pasiyent: Bəli… Yenə eyni hissləri yaşadım. Başlanğıcda həyəcan, sonra hər şey birdən mənə ağır gəlir. Düşünürəm ki, sanki özümü onun sərhədsizliyinin qurbanı etmişəm.
Terapevt: Maraqlıdır, “qurban olmaq” ifadəsini işlətməyiniz… bunu necə hiss edirsiniz? Orada daxili bir səs sizin üçün danışır?
Pasiyent: Hə, elə bilirəm ki, bütün hərəkətlərim mənim istəklərimdən deyil, onun davranışlarından təsirlənir. Sanki mən burada heç bir seçim etmirəm.
Terapevt: Maraqlıdır. Burada bir neçə qat var: Fantaziya səviyyəsində arzu, və şüur səviyyəsində Super Eqo-nun tənqidi. Sizin iç dünyanızda arzu “istəmək olmaz” deyir, amma İD-in istəyi sərhədsizliyi daşıyan obyekt üzərində yaşayır.
Pasiyent: Bəli… Obyektin sərhədsizliyi mənim bütün arzumun ortaya çıxmasına imkan verir, amma sonra Super Eqo ilə danışmaq istədikdə içimdə bir səs deyir ki, bu düzgün deyil.
Terapevt: Lacan deyir ki, fantaziya ekran rolunu oynayır. Obyekt arzu üçün daşıyıcıdır, amma obyektin tam real mövcudluğu fantaziyanı pozur. Belə bir an yaşadığınızda nə baş verir?
Pasiyent: Sanki hər şey birdən çox gerçək olur və mən artıq “mən niyə buradayam?” sualını verməyə başlayıram. Öncə “mən sadəcə onun sərhədsizliyinin qurbanıyam” deyirdim, indi artıq belə bir izahat yetərli deyil.
Terapevt: Düzdür. Bu, müdafiənin zəiflədiyi anı göstərir. Fantaziya artıq ekran rolunu oynaya bilmir, arzu birbaşa obyekt qarşısında dayanır. Burada nə hiss edirsiniz?
Pasiyent: Həyəcan, qorxu, bəzən çaşqınlıq… Bədənim də xəbər verir: yuxusuzluq, gərginlik.
Terapevt: Tam olaraq. Bu bədən siqnalları müdafiənin çökməyə başladığını göstərir. Buradan terapiyada nə edə bilərik? Məqsəd, sizin arzu və Super Eqo ilə üz-üzə qalmanızı, amma eyni zamanda seçim məsuliyyətinizi qəbul etmənizi təmin etməkdir.
Pasiyent: Amma bu çox qorxulu… O anı yaşamaq istəmirəm.
Terapevt: Əslində qorxu, arzu ilə Super Eqo-nun dialoqunun açıldığının göstəricisidir. Biz burada fantaziyanı yox etmək üçün deyil, onu simvolik şəkildə işləmək və real obyektlə münasibəti təhlükəsiz bir çərçivəyə çəkmək üçün varıq.
Pasiyent: Yəni… mən artıq “qurbanam” deyə bilmərəm, amma eyni zamanda arzumu yaşaya bilərəm?
Terapevt: Bəli. “Qurban dili”ndən “məsuliyyət dili”nə keçmək əsas məqsəddir. Bad Boy obrazı indi yalnız sizin arzunuzu daşıyan simvol kimi görünür, amma seçim sizindir. Arzu və Super Eqo ilə danışığı terapiyada qurduqca, müdafiənin çökmə anları idarə oluna bilər.
Bu nümunədə terapiya üç qat üzərində işləyir:
1. Fantaziya və arzu – arzu ekranda (“Bad Boy” vasitəsilə) ifadə olunur.
2. Müdafiə mexanizmləri – qurban dili, məsuliyyəti kənara ötürmə, proyeksiya.
3. Reallaşma və Super Eqo dialoqu – fantaziya pozulur, arzu birbaşa obyekt qarşısında qalır, bədən siqnalları ortaya çıxır.
Analizanın (pasiyentin), Analitik (terapevt) kimi düşünməyə başlamasının mümkün nəticələri
1. Fantaziyanın şüura inteqrasiyası:
Seans zamanı pasiyent fantaziyasının mexanizmini başa düşür – yəni Bad Boy seçiminin yalnız arzu daşıyıcısı olduğunu, özünü qurban kimi göstərməyin müdafiə olduğunu görür. Bu başa düşülmə prosesi, fantaziyanın artıq “sirrli və gizli” olaraq davranmamasını təmin edir. Fantaziya şüurla qarşılaşır, bu isə arzu və Super Eqo arasındakı gərginliyi idarə etməyə imkan verir.
2. Müdafiə mexanizmlərinin zəifləməsi:
“Qurbanam” dili artıq keçərli olmur. Pasiyent məsuliyyəti birbaşa öz üzərinə götürmək məcburiyyətində qalır. Bu, müdafiənin çökməsi kimi görünə bilər, amma əslində psixodinamik böyümə üçün zəruridir. Müdafiə zəiflədikcə, pasiyent arzusunu və Super Eqo tənqidini bir arada görməyə başlayır.
3. Bədən və emosiyaların işlənməsi:
Seans zamanı bədən siqnalları, gərginlik, panik, ya da libidinal impulslar üzə çıxa bilər. Bu, psixikanın artıq müdafiə mexanizmləri ilə örtülmədiyini göstərir. Terapevtin funksiyası bu siqnalları təhlükəsiz bir kontekstdə simvolik olaraq işləməyə kömək etməkdir. Pasiyent bədənini və emosiyalarını “arzunun göstəricisi” kimi qəbul etməyi öyrənir.
4. Arzu ilə Super Eqo dialoqu:
Seansın kritik təsiri, pasiyentin artıq arzusu ilə Super Eqo arasında bir dialoq qurmağa başlamasıdır. “Mən istəmirəm, amma arzu var” vəziyyəti əvəzində “Mən istəyirəm, amma məsuliyyət mənimdir” anlayışı formalaşır. Bu, həm seçim məsuliyyətini, həm də arzunun doyurulmasını balanslaşdırır.
5. Davranış və münasibət seçiminə təsir:
Teorik olaraq, pasiyent Bad Boy tipli münasibətləri təkcə arzu daşıyıcısı kimi görməyə başlayır.
Seçimləri daha şüurlu və məsuliyyətli olur, impulsiv təkrar kompulsiyaları azalır.
Lakin bu dəyişiklik dərhal baş vermir; əvvəlcə fantaziya ekranı qorunmağa çalışıla bilər, seçimlərdə qismən müqavimət və çəkişmələr qalır.
6. Emosional və psixi rifahın artması:
Seans pasiyentin özünü “qurban” olaraq deyil, aktiv subyekt olaraq görməsinə imkan verir.
Arzunun və cinsi fantaziyanın inkar edilmədən tanınması, daxili gərginliyi azaldır.
Super Eqo ilə dialoq və məsuliyyət dilinin inkişafı uzun müddətli özünüdərk və psixoloji sabitlik təmin edir.
7. Paradoksal effekt:
Mümkündür ki, seans sonrası pasiyent əvvəlcə qarışıqlıq, qorxu və narahatlıq hiss etsin. Çünki müdafiə mexanizmləri zəifləyib, fantaziya ekranı pozulub, arzu birbaşa obyektlə qarşı-qarşıyadır. Lakin bu qısa müddətli gərginlik, uzun müddətdə psixikanın daha sağlam tənzimlənməsi üçün zəruridir.
Qısaca desək, bu cür seansın təsiri fantaziyanın şüura inteqrasiyası, müdafiənin sağlam zəifləməsi, Super Eqo dialoqunun açılması və məsuliyyət bilincinin formalaşması istiqamətindədir. Pasiyent artıq impulsiv qurban dili ilə deyil, şüurlu seçim və arzu dili ilə hərəkət etməyə başlayır.
Nəsimi Qiyasov
Bərdə, 14.12. 2025
