Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir.
Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır.
Nə üçün məhz pozitiv psixoterapiya?
Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır.
Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir.
Pozitiv psixoterapiyanın əsas müddəaları
1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir.
2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır.
3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin.
4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır:
• İnsanlarda ümumi olan nədir?
• İnsanlar nə ilə fərqlənirlər?
5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır.
6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur.
7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır.
8. Metodun əsasında üç mühüm prinsip dayanır:
Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir.
Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür:
- Bədən;(fiziki, bioloji funksiya, duyğular)
- Nailiyyətlər (rasional)
- Kontaktlar(münasibətlər)
- Gələcək (fantaziya, məna, ideal)
Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır.
Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir.
9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.”
10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir.
Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil.
Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır.