Ağrı — fiziki və ya mənəvi iztirab, əzabverici və ya xoşagəlməz hiss, əzab. İnsanı var olduğu müddət ərzində izləyən həyat gərçəkliklərindən biri də məhz ağrıdır. Ağrının illərdən bəri müxtəlif tərifi verilsə, ona həsr edilən kitablar yazılsa belə, hələ də tam olaraq ifadəsi sanki özünü sözlə yox, duyğularla daha yaxşı göstərir.
Psixoloji aspektdən ağrı müxtəlif həyat hadisələri zamanı ortaya çıxan, ruh düşkünlüyü, inciklik, intihar meyilləri ilə müşayiət olunmuş bir fenomendir. Təbii ki, konkret mövzu olmadığı və yetərli ədəbiyyat, istinadlar tapılmadığı üçün çox da müraciət olunan bir problem deyil, daha açıq ifadə edəcək olsam elə bayaq da saydığım ayrı-ayrı hissələrə, utanc hissinə, küskünlüyə, günahkarlığa daha çox yer verilib, nəinki bu “Böyük portretə”.
Böyük portret bizi necə izləyir? İnsan oğlu yaşadığı olum və ölümün arasındakı zaman yolçuluğu və ya səfərdə müxtəlif həyat hadisələri ilə rastlaşır, bunlar heç də hər zaman yaxşı hadisələr deyil və dolayısı ilə yaxşı hiss etmək də heç də hər zaman mümkün deyil. İnsan olmağın özü budur onsuz da, ağrısız, əzabsız, göz yaşından, kədərdən uzaq bir dünya düşünün, əvvəlki məqalələrdə istinad etdiyim “Aşk, Evlilik, Sadakatsizlik:Şeytan üçgeni” kitabında müəllifin də qeyd etdiyi kimi “Bədbəxtlik gələcək xoşbəxtliyin hərəkətverici qüvvəsi ola bilər”.
Burada vacib olan məsələ əslində ağrı yox, onu necə qavradığımız və hansı şərhləri verməyimizlə onun şiddətini artırıb və ya azaltmağımızdır. Bu fizioloji əsaslı ağrıya da aiddir. İntihar məktublarının çoxunda “Bu ağrılara daha dözə bilmirəm” kimi və ya bənzəri məqamlar qeyd edilir. Buradan ağrının gücü ümid edirəm ki hər birinizə aşkar olmuşdur. Beyin üzərində araşdırma aparan mütəxəssislər beyni izləyərkən beyində ağrı reseptorlarına cavabdeh hissə olan prefrontal cortex’ə nəzər yetirdikdə müxtəlif insanların eyni problemdəki ağrını müxtəlif şiddətlə yaşadığını gördükdən sonra qərara gəlmişdilər ki, koqnitiv məsələlər, yəni duyğu, qavrayış, düşüncə(fikir, bunu siz təfəkkür deyə bəzəkli bir sözlə də ifadə edə bilərsiniz) kimi məqamlar insanların ağrı şiddətinə təsir edir. Bu barədə üçüncü hissədə bəhs edəcəm. Bir sözlə ağrıdan qaçış yoxdur, ağrı ilə yaşamağı öyrənmək var.
Psixoloji narahatlıqların bir çoxu özlüyündə psixoloji ağrıdan elementlər daşıyır, təşvişdə bu çox da rast gəlinən mövzu olmasa da orada da özünü təşvişin artdığı vəziyyətlərdən sonra gələn ağır yorğunluq ilə göstərə bilər. Bundan başqa, artıq 2020-ci ildə demək olar ki, ənənəvi təşviş dərmanları olan benzodiazepinlərin öz yerini antidepresanlara verməsi ilə birlikdə həyatımıza Paxil, Prozac kimi dərmanlar girmişdir. İkinci adını çəkdiyim preparat öz sələflərindən fərqli olaraq çəki artımı, yuxu ilə bağlı problemlər(səhər 11ə qədər atıldığı halda), asılılıq yaratmasa da 24 yaşa qədər olan şəxslərdə qəribə bir ölüm düşüncəsi formalaşdıra bilir. Bu xüsusda təşvişli şəxs psixoloji ağrını günahkarlıq(belə düşünməməliyəm, bu düşüncələrin ağlıma gəlməyi doğru deyil) duyğusunun müşayiəti ilə hiss edilə bilər.
Depressiyadan əziyyət çəkən şəxslərdə psixoloji ağrı bu problemin ayrılmaz hissəsidir, depressiya özünə, dünyaya və gələcəyə yönəlik neqativ düşüncələri birləşdirdiyi və koqnitiv təhriflərin bolluğu ilə müşahidə olunan bir narahatlıq olduğu üçün bunu daha şiddətlə yaşayır, gələcəklə bağlı “yanlış ümumiləşdirmə” (uğursuzluq bütün həyatım boyu məni izləyəcək, heç vaxt xoşbəxt biri ola bilməyəcəm) haqqında danışdıqda onsuz da ifadə edilən cümlələr içərisində biz çox rahat formada ağrıdıcı məqamları görürük.
Travma sonrası stress pozuntularında keçmişdən kadrların canlanması(flash-back’ lar) ilə şəxs sonsuz bir hüznə, kədərə və ya şiddətli bir utanc hissinə bürünə bilər. Travmanın özü də elə bu deyilmi-yaşanmış olan travmatik təcrübənin hadisədən aylar, hətta bəzən illər sonra eyni təsirləri özündə cəmləməsi. Hər hansı bir dövrdə fiziki zorakılığa məruz qalan şəxs o situasiyanı xatırladan hər hansı bir məqamla rastlaşdıqda həyəcan, qəzəb, kədər və ya utanc kimi müxtəlif emosional reaksiyalar verir. Burda da psixoloji ağrını “duyğuların övladı” olaraq görürük.
İtki və yas problemində. Ölüm geridə qalanlarda yaratdığı ruh düşkünlüyü və hüznlə gələn ən böyük itkidir. Yetkinlərin və uşaqların ölümü qəbul etmə və bu gerçəkliklə mübarizə üsulları arasında oxşarlıqlar var. Bununla belə uşaqlar ölümü və əbədi yoxluğu, bəlkə də ən radikal köçü tam olaraq qavramaqda çətinlik çəkirlər. “İtki” dar mənada sadəcə var olanın fiziki və ya mənəvi yoxluğu, geniş mənada isə onlarla bizim aramızda olan və həyatın onlardan sonra boz rəngə bürünmüş formasına bir vaxtlar rəngarəng çalarlar qatanların ya fiziki, ya da mənəvi uzaqlığı zamanı ağrılarla hiss edilən bir prosesdir. Bu mənada biz itkiyə yox, ona yüklənən mənaya baxırıq. Bir insanın vəfatı, bir qadından ayrılıq, bir məkandan köçmək əslində hərflərin sayından və hərfi mənalardan daha böyük mənalar daşıyır. “Daha heç nə əvvəlki kimi olmayacaq”, “Bir daha əvvəlkitək gülə bilməyəcəm”, “Bir daha xoşbəxtlik nədir bilməyəcəm” kimi ağ-qara düşüncələr “yoldaşlığı” ilə bu problemdə də psixoloji ağrı müşahidə olunur.
Bəs bütün bunlar niyə baş verir? Sosial öyrənmə ilə psixoloji ağrının əlaqəsi varmı? Cavabım “Bəli” çünki əvvəlki məqalələrdən birini sosial Öyrənmə Nəzəriyyəsinə həsr edib, dünyanın ən böyük dörd psixoloqundan biri olan Albert Banduranı yad etmişdim. Banduranın nəzəriyyəsi ilk vaxtlar davranışçı cərəyana müvafiq bir araşdırmanın məhsulu hesab edilsə də, sonradan diqqət, hafizə, qavrayış kimi koqnitiv proseslərə nəzər yetirilmiş və bu nəzəriyyə Sosial Koqnitivizm adlandırılmışdır. Dolayısı ilə biz yası da öyrəndiklərimiz əsasında saxlayır, öyrənilənə müvafiq kədər, sevinc duyuruq. Xarakterimizə sosial amillər təsir edir, “xanım yüksəkdən gülməz”, “kişi güclü olmalıdır” və.s kimi fikirlər yəgin ki, sizlərin də qulaqlarınıza qonaq olub.
Ağrını da sosial koqnitivizmə nəzərən gözdən keçirdikdə qəribə məsələlər ortaya çıxır, istər aparılan araşdırmalarda valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji vəziyyətindəki kənaraçıxmalar, istərsə də şiddətli bir ağrı hiss etsə belə sevdiyi insanların və ya insanın şəklini görəndə sakitləşən insanlar buna misal ola bilər. Sevdiyi insan haqqında “Onunla mən bütün dərdimi unuduram”, “Onun varlığı ilə hər şey məna qazanır” deyən insanlara siz də rast gəlmisiniz. Burda iki məqam var, birinci məqam odur ki, burada şəxsin varlığı yox, ona yüklənən məna bu bağları möhkəmlədir, ikinci məqam ondan ibarətdir ki, emosional bağlar özü özlüyündə sanki ağrıkəsici rolunu oynayır. Onların yoxluğunu yuxarıda qeyd etdiyim kimi, itki və ona verilən reaksiyalar müşayiət edir. Davamlı koqnitiv təhriflər və təbii ki, burada bir digər məqam yıxıcı kök inanclar-şemalardır. Öyrənilmişlik bizim həqiqətən həyat xəritəmizi formalaşdırır deyəndə qətiyyən bunu şişirtmə hesab etməmişəm. Pedaqogikada tərbiyənin geniş, yəni sosial mənasında da qeyd edildiyi kimi sosial mühitdə biliklər əvvəlki nəsillərdən sonrakılara ötürülür. Bu biliklərin içərisində təbii ki, davranışlar, emosiyaları qeyd etmək mümkündür. Biz də əvvəlki nəsillərdən təkcə yaxşı keyfiyyətləri deyil, eyni zamanda bizə mənfi təsir edən məqamları da mənimsəyirik, “Pendiri dəri, qadını əri saxlar” və.s kimi deyimlər uşaqlıqdan o qədər ətrafımızda təkrar olunur ki, biz bəzən qadınlarda aldıqları təhsilə rəğmən daimi bir “Münasibət bağlılığı”, “Sevgisizlik fobiyası” müşahidə edirik. Bu münasibətlər sona çatdıqda bəzən qadınlar özlüyündə özlərini gərəksiz hesab edirlər. Kişilərdə də münasibətlərdə öyrənilmiş məqamlar olur, evlənib və sonra yolları ayrılan qadınlara şiddətli bir məhəbbətlə bağlansalar belə çox vaxt onlar bu münasibətlərin rəsmiləşməyinə can atmırlar, çünki cəmiyyətdən öyrənilmiş bir məqam var “Bakirəlik” problemi. Burada iki halda ayrılan qadın da, sevgisində vüsala könüllü olaraq yetməyən kişi də psixoloji ağrıdan əziyyət çəkir. Səbəb, bəli hadisələrin cərəyan etmə formasıdır, amma unutmaq lazım deyil ki, hadisələrin bu istiqamətdə cərəyanına səbəb yenə sosial təsirlərdir. Dolayısı ilə, biz ətrafda barmağı əzilən insanlar necə reaksiya verirsə həmişə yox, amma adətən elə onlar kimi reaksiya veririk.
Münasibətlər sferasından yanaşanda ailədə daimi ağrı ilə yaşayan biri varsa biz o rol modelini tanış modellər siyahısına əlavə edirik, bağlılıq ilə bağlı rollarımız dəyişibsə, yəni biz qayğı göstərən rolunu öhdəmizə götürmüşüksə burada da öyrəndiyimiz məqam bundan ibarətdir ki, biz gələcək həyat yolunda sevgili, dost, partnyor, həyat yoldaşı deyil, daha çox özümüzü ilkin tibbi yardım həkimi kimi aparırıq, o rolu ifa edirik. Fiziki və ya mənəvi iztirab içində olan emosional bağlılığa malik olduğumuz şəxslərin modelinə oxşayanlar bizə həyat səhnəsinin tanış aktyorları kimi görünürlər. Gələcəkdə partnyor seçərkən bu bizim artıq münasibət xəritəmizə çevrilir, bildiyimiz münasibət forması bu olduğu üçün qədər motivi(Dr.Gülseren Buğdaycıoğlu) bizi ağrılı insanlara aparır.
Ağrı dəyərli və əvəzsiz ustaddır. Bunu deyərkən məni sufi, dərviş hesab etməyin, hər hansı fiziki və ya mənəvi iztirab bizə artıq orda olmayanı göstərir. Barmağımız kəsilir burada yaşanan bədən hissiyatı- ağrı dərinin bütöv olmadığını, sevdiyimiz insan olmadıqda onun yoxluğunun verdiyi psixoloji ağrı isə onun mövcudluğunun artıq bizə dəxli olmadığını göstərir. Bəs ağrısız bir dünya necə olardı? Bildiyimiz kimi, problemi təkcə çoxluq yox, eyni zamanda yoxluq da yaradır, itirdikdə gözümüzdən iki damla yaş düşəcək qədər bizə heç kim yaxın olmayıb, biz itirdikdə üzüləcək qədər heç kimi sevə bilməmişiksə bu özü psixoloji ağrı yaradacaq bir səbəbdir. Həyatın olum və ölüm arasında keçən müddəti ərzində heç kimi sevməyib, heç kimə dəyər vermədiyimizi düşünək? Bunu düşünmək belə sizə bir ağırlıq gətirirsə yaşamağın yaxşı olanı deyil, hər emosiyanı duymaq olduğunu anladığınıza ümid edirəm.
Nəsimi Qiyasov—08.04.2021
Azərbaycan Respublikası, Bərdə şəhəri