Psixoloji pasport: Şagirdlərə müasir baxış

Ümumi təhsil məktəblərində şagirdlərlə aparılan təlim və tərbiyə işinin müvəffəqiyyəti, orada fəaliyyət göstərən pedaqoji heyətdən asılıdır. Belə ki, məktəblərdə məqsədə yönəldilmiş təlim və tərbiyə prosesinin həyata keçirilməsi, hər bir şagirdə ciddi düşünülmüş fərdi münasibət tələb edir. Lakin, bu cür münasibəti təmin etmək üçün təlim və tərbiyəyə cəlb olunan şagirdin fərdi xüsusiyyətləri haqqında tam və obyektiv məlumata malik olmaqdan, həmin xüsusiyyətlərin əmələ gəlməsi səbəblərini müəyyənləşdirməkdən, şagirddə baş verən dəyişiklikləri öyrənməkdən, tətbiq edilən pedaqoji və psixoloji tədbirlərin şagirdə necə təsir göstərməsindən ibarətdir.

Məhz, bütün bunlara nail olmağa imkan verən vasitələrdən biri psixoloji pasportun olmasıdır. Təkcə şagirdin xarakterində diqqəti ən çox cəlb edənləri və ya daha mühüm olanları qeyd etmək kifayət etmir. Çünki, şagirdin hərtərəfli inkişafı üçün onun haqqında çox istiqamətli məlumata malik olmaq xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, pasportda uşağın davranış və fəaliyyətinin mümkün qədər bütün əsas sahələrinə istinad etmək, şəraitə və mühitə münasibətinin başlıca xüsusiyyətlərini əks etdirməkdən ibarətdir.

Məktəb təcrübəsinə istinad etməklə, ilkin versiya kimi sxem şəklində hazırlanması müəllim üçün lazımi istiqamət verməyə köməklik göstərəcəkdir. Belə ki, sxemdə şagirdlərin idrak proseslərinin işləmə mexanizmi, duyğu və qavrayışın təhlil və analiz göstəriciləri, diqqət və hafizənin istiqamət sahələri, təfəkkürün məntiqi və tənqidi parametləri, nitqin əsas əlamətləri, şagird fəaliyyətinin mühüm cəhətləri (zehni fəaliyyət prosesləri, fiziki fəaliyyət, ictimai-faydalı iş), davranışı, qabiliyyəti, marağı, meyli, münasibətlər sistemi, tempramenti, şəxsiyyət və xarakterik xüsusiyyətləri öz əksini tapır. Bütün bunlar uşaq və şagird şəxsiyyətinin hərtərəfli öyrənilməsi, hazırki hərəkət və davranışının səbəblərinin müəyyənləşdirilməsi, şəxsi inkişafında nəyə nail olmağı aydınlaşdırmağa kömək edir.

Aparılan müşahidələrdən aydın olur ki, məktəb pasportlarının ən zəif cəhəti ardıcıllığın və davamlılığın olmamasıdır. Müəllimin hər il başqa istiqamətə diqqət yetirməsi, davranış və fəaliyyətdə bir xüsusiyyəti əsas götürməsi və nəzərə almasıdır. Məhz, bu baxımdan şagirddə baş verən dəyişikliklərin əsas meyarlarını, meyl və marağının istiqamətini, inkişaf dinamikasını və s. təyin etmək olmur.

Müəllimin şagirdə üzərində təsir gücünün yaradılması, ilk növbədə onun hansı istiqamətdə inkişaf etdiyini və hansı dəyişiklərin baş verdiyini bilməsindən asılıdır. Bu prosesin dəqiq müəyyənləşməsi üçün ardıcıllıq və davamlılıqla pasportun aylar, illər üzrə tərtibindən sonra fərqlilikləri nəzərə almaqla aydınlaşdırmaq mümkündür.

Psixoloji pasport hazırlanarkən, sxemdə şagirdin fərdi keyfiyyətlərini aşağıdakı kimi qeyd etmək olar:

-         İctimai siması;

-         Zehni inkişafı;

-         İctimai meyli;

-         İnkişaf səviyyəsi;

-         ətrafa və insanlara münasibəti;

-         peşə marağı və s.

Digər tərəfdən, pasportda məlumatların sistemliliyini, bir-biri ilə əlaqələndirilməsini, şagirdlərin xüsusiyyətlərinin yaranma səbəblərinin yaranma səbəblərini müəyyənləşdirmək xüsusi əhəmiyyət kəsb edir. Çünki, bu və ya digər hadisənin səbəbini bilmədən, onun həlli üçün atılan addımları təyin etmək olmaz. Bu istiqamətdə təklif olunan pasportda səbəbləri aydınlaşdırmaq üçün məqsədəuyğun suallar tərtib etmək olar.

Psixoloji tədqiqatlar göstərir ki, fəaliyyətin nəticəsi bir tərəfdən şagirdin fəaliyyətə münasibətindən, digər tərəfdən isə fəaliyyəti həyata keçirmək üçün lazım bacarıqlar sisteminə yiyələnməkdən asılıdır. Ona görə də, şagirdin təhsil fəaliyyətini xarakterizə edərkən, təkcə dərsi mənimsəmə səviyyəsini deyil, mənimsəməni təmin edən və ya təmin edə bilməyən cəhətləri, hazırki fiziki və zehni səviyyəsini, nitqin ifadə və izah xüsusiyyətlərini, qabiliyyətin formalaşma tendensiyasını, təlimi münasibətini, səy və cəhdlər etalonunu əsas götürmək lazımdır.

Tədqiqatlar və müşahidələrə əsasən, psixoloji pasportun vacib meyarlarından biri də məktəbdə pedaqoji heyətin hər hansı formada şagirdə münasibəti haqqında öz qarşısına müəyyən vəzifələr qoymasıdır. Bu məqamın qeyd edilməsi və fəaliyyət sferasının təyin olunması, psixoloji pasportdan istifadə zamanı pedaqoji səriştəliliyi ön plana çıxarır, təlim və tərbiyə işinin əhəmiyyətinə və keyfiyyətinə birbaşa təsir göstərir.

Məqsədəmüvafiq tərtib olunmuş pasport nəticə etibarilə, şagirdin fərdi xüsusiyyətlərini əks etdirməklə bərabər, həmin xüsusiyyətlərin yaranma səbəblərini, hansı vasitələrlə inkişaf etdiyini, şəxsi inkişafın hansı psixoloji meyarlarla tənzimləndiyini, faydasız və zərərli vərdişlərin yaranma göstəricilərini aydınlaşdırmağa kömək edir.

Ayxan Hüseynli

                                                                                                                             Doktorant