Hər bir insanın şəxsiyyətinin təməli ailədə qoyulur. Uşaqlıqda aldığımız sevgi, diqqət və güvən hissi gələcəkdəki münasibətlərimizə, özümüzə baxışımıza və emosional dayanıqlığımıza birbaşa təsir edir. Ailə sadəcə bioloji bağlarla deyil, psixoloji təhlükəsizlik və bağlılıq hissi ilə birləşən bir məkandır.
Uşağın dünyanı necə qavrayacağı, özünü dəyərli və güvəndə hiss edib-etməyəcəyi ilk növbədə ailədə formalaşır. Psixoloji sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, eyni zamanda insanın gündəlik emosional vəziyyətini tənzimləyə bilməsi, özünü dərk etməsi və münasibətlərini sağlam şəkildə idarə edə bilməsidir. Bu bacarıqların bünövrəsi isə erkən yaşlarda, xüsusilə də ilk 6 il ərzində atılır. Valideynlərin öz psixoloji vəziyyəti və uşaqlarla qurduğu münasibət forması, uşağın emosional inkişafına yön verən əsas faktorlardandır. Qışqırıq, təzyiq və laqeydlik, uşağın özünü təhlükədə və dəyərsiz hiss etməsinə səbəb ola bilər. Əksinə, dinlənilən, anlayışla qarşılanan və emosional dəstək alan uşaq sağlam özünəinamla böyüyür. Uşaq özü olmaqdan qorxmadan, duyğularını ifadə edə biləcək bir mühitdə böyüdükdə, gələcəkdə daha sabit emosional vəziyyətə və güclü sosial bacarıqlara sahib olur.
Ailə daxilindəki münasibətlər, xüsusilə valideynlər arasında olan emosional əlaqə uşağın daxili dünyasına birbaşa təsir göstərir. Əgər uşaq valideynlər arasında daimi mübahisələrə, səssiz gərginliklərə və ya fiziki-cismani cəzalandırmalara şahid olursa, bu onun gələcəkdə münasibətlərə dair baxışını təhrif edir. Belə uşaqlar ya özlərini daim günahkar və məsuliyyətli hiss edir, ya da hisslərini gizlədərək bağlanma çətinlikləri yaşayırlar.
Digər tərəfdən, valideynin öz psixoloji rifahı da uşağın vəziyyətini müəyyən edir. Daim stres içində olan, öz duyğularını tənzimləyə bilməyən bir valideyn, fərqində olmadan bu yükləri uşağa da ötürür. Unutmaq olmaz ki, uşaqlar valideynlərin dediklərindən çox, onların hiss etdiklərini və necə davrandıqlarını mənimsəyirlər. Yəni valideynin özünü sevməsi, qayğısına qalması və emosional sağlamlığı ailənin bütövlükdə psixoloji durumuna təsir göstərir.
Ailə uşağın ilk “təhlükəsiz limanı” olmalıdır. Burada uşaq sevilməyin, qəbul edilməyin və anlayışla qarşılanmağın nə olduğunu öyrənir. Bu təməl üzərində gələcəkdə həm özünü, həm də başqalarını dərk edən, sağlam münasibətlər qura bilən bir fərd yetişir. Bu səbəbdən ailə yalnız fiziki deyil, həm də emosional ehtiyacların qarşılandığı yer olmalıdır. Bəzən bir uşaq üçün ən güclü terapiya, sadəcə dinlənmək, hiss olunmaq və şəfqətlə qucaqlanmaqdır. Onun qəlbində formalaşan ilk “mən sevilirəm” inancı, gələcək həyatında yaşadığı bütün emosional fırtınalara qarşı sarsılmaz bir dayaq olur.