psixoloq-ezize-ceferzade-

Əzizə Cəfərzadə

Psixoloji Sağlamlıq Ailədən Başlayır

     Hər bir insanın şəxsiyyətinin təməli ailədə qoyulur. Uşaqlıqda aldığımız sevgi, diqqət və güvən hissi gələcəkdəki münasibətlərimizə, özümüzə baxışımıza və emosional dayanıqlığımıza birbaşa təsir edir. Ailə sadəcə bioloji bağlarla deyil, psixoloji təhlükəsizlik və bağlılıq hissi ilə birləşən bir məkandır.      Uşağın dünyanı necə qavrayacağı, özünü dəyərli və güvəndə hiss edib-etməyəcəyi ilk növbədə ailədə formalaşır. Psixoloji sağlamlıq yalnız xəstəliklərin olmaması deyil, eyni zamanda insanın gündəlik emosional vəziyyətini tənzimləyə bilməsi, özünü dərk etməsi və münasibətlərini sağlam şəkildə idarə edə bilməsidir. Bu bacarıqların bünövrəsi isə erkən yaşlarda, xüsusilə də ilk 6 il ərzində atılır. Valideynlərin öz psixoloji vəziyyəti və uşaqlarla qurduğu münasibət forması, uşağın emosional inkişafına yön verən əsas faktorlardandır. Qışqırıq, təzyiq və laqeydlik, uşağın özünü təhlükədə və dəyərsiz hiss etməsinə səbəb ola bilər. Əksinə, dinlənilən, anlayışla qarşılanan və emosional dəstək alan uşaq sağlam özünəinamla böyüyür. Uşaq özü olmaqdan qorxmadan, duyğularını ifadə edə biləcək bir mühitdə böyüdükdə, gələcəkdə daha sabit emosional vəziyyətə və güclü sosial bacarıqlara sahib olur.      Ailə daxilindəki münasibətlər, xüsusilə valideynlər arasında olan emosional əlaqə uşağın daxili dünyasına birbaşa təsir göstərir. Əgər uşaq valideynlər arasında daimi mübahisələrə, səssiz gərginliklərə və ya fiziki-cismani cəzalandırmalara şahid olursa, bu onun gələcəkdə münasibətlərə dair baxışını təhrif edir. Belə uşaqlar ya özlərini daim günahkar və məsuliyyətli hiss edir, ya da hisslərini gizlədərək bağlanma çətinlikləri yaşayırlar.      Digər tərəfdən, valideynin öz psixoloji rifahı da uşağın vəziyyətini müəyyən edir. Daim stres içində olan, öz duyğularını tənzimləyə bilməyən bir valideyn, fərqində olmadan bu yükləri uşağa da ötürür. Unutmaq olmaz ki, uşaqlar valideynlərin dediklərindən çox, onların hiss etdiklərini və necə davrandıqlarını mənimsəyirlər. Yəni valideynin özünü sevməsi, qayğısına qalması və emosional sağlamlığı ailənin bütövlükdə psixoloji durumuna təsir göstərir.      Ailə uşağın ilk “təhlükəsiz limanı” olmalıdır. Burada uşaq sevilməyin, qəbul edilməyin və anlayışla qarşılanmağın nə olduğunu öyrənir. Bu təməl üzərində gələcəkdə həm özünü, həm də başqalarını dərk edən, sağlam münasibətlər qura bilən bir fərd yetişir. Bu səbəbdən ailə yalnız fiziki deyil, həm də emosional ehtiyacların qarşılandığı yer olmalıdır. Bəzən bir uşaq üçün ən güclü terapiya, sadəcə dinlənmək, hiss olunmaq və şəfqətlə qucaqlanmaqdır. Onun qəlbində formalaşan ilk “mən sevilirəm” inancı, gələcək həyatında yaşadığı bütün emosional fırtınalara qarşı sarsılmaz bir dayaq olur.

Doğuş sonrası emosional dəyişikliklər

Ana olmaq qadının həyatında ən dərin və unudulmaz təcrübələrdən biridir. Lakin bu yeni mərhələ, eyni zamanda bir çox emosional dəyişiklikləri də özü ilə gətirir. Doğuşdan sonra bir çox qadın sevinc və həyəcanla yanaşı, narahatlıq, ağla gəlməz yorğunluq və hətta kədər hiss edə bilər. Bu duyğuların səbəbi, həm hormonal dəyişikliklər, həm də həyat tərzindəki köklü dəyişmələrdir. Bəzi analar "baby blues" adlanan, qısa müddətli və yüngül emosional dalğalanmalar yaşadıqları halda, bəziləri üçün bu vəziyyət daha dərin və uzunmüddətli depressiyaya çevrilə bilər. Bu dəyişikliklərə anlayışla yanaşmaq, qadının özünü günahlandırmaması və vaxtında dəstək alması çox önəmlidir. Doğuşdan sonra qadının bədənində baş verən hormonal dəyişikliklər onun emosional vəziyyətinə birbaşa təsir göstərir. Estrogen və progesteron hormonlarının sürətlə azalması, beyindəki kimyəvi tarazlığı pozaraq, əhval-ruhiyyədə enişlərə səbəb ola bilər. Bundan əlavə, yuxusuz gecələr, körpənin qayğısına qalmaq, bədənin fiziki yorğunluğu və yeni həyat tərzinə uyğunlaşmaq da qadının psixoloji yükünü artırır. Ən çox rast gəlinən əlamətləri isə sizlər üçün qeyd edirik.  ✅Əhval dəyişkənliyi (birdən gülmək, sonra ağlamaq) ✅Yorğunluq və enerjisizlik ✅İştah dəyişikliyi ✅Yuxu problemləri (çox yatmaq və ya yata bilməmək) ✅Həssaslıq və əsəbilik ✅Özünü günahkar hiss etmək ✅Özünə və ya körpəyə qarşı marağın azalması Bu əlamətlər doğuşdan sonrakı ilk 1-2 həftə ərzində keçirsə, bu vəziyyət adətən "baby blues" hesab olunur və normal qəbul edilir. Ancaq bu hal daha uzun müddət davam edirsə və gündəlik həyatı ciddi şəkildə təsir altına alırsa, doğuş sonrası depressiyadan şübhələnmək olar. Doğuşdan sonra bir çox qadın özünü duyğusal baxımdan zəif hiss edir. Bu, çox vaxt “baby blues” adlanan keçici bir hal olur. Baby blues, doğuşdan sonra 2-3 gün ərzində başlayır və təxminən 10 günə qədər davam edə bilər. Bu dövrdə qadınlar tez-tez ağlaya, narahat ola və ya özlərini səbəbsiz yerə kədərli hiss edə bilərlər. Bu dəyişikliklər təbii hesab olunur və əksər hallarda heç bir tibbi müdaxilə tələb etmir. Lakin bu emosional vəziyyət 2 həftədən çox çəkirsə və daha da dərinləşirsə, bu artıq doğuş sonrası depressiya ola bilər. Bu vəziyyət daha ciddi bir psixoloji problemdir və peşəkar dəstək tələb edir. Doğuş sonrası depressiyanın əsas əlamətləri: Davamlı kədər və ümidsizlik hissi Həyatdan zövq ala bilməmək Özünü yararsız və kifayət etməyən ana kimi hiss etmək Konsentrasiya çətinliyi Körpəyə qarşı sevgi hissində azalma və ya laqeydlik Özünə və ya körpəyə zərər vermək kimi qorxulu düşüncələr Bu vəziyyət qadının həyat keyfiyyətini aşağı sala və həm onun, həm də körpənin rifahını təhlükə altına ala bilər. Ona görə də bu əlamətləri görən qadın və ya onun yaxınları mütləq bir psixoloqa və ya psixiatra müraciət etməlidirlər.