Psixoloq Vəfa Əkbər gündəmdəki İntihardan danışdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Psixoloq.az bildirir ki,məsələ ilə bağlı Psixoloq Vəfa Əkbər Sonxeber.az a danışıb.O, bildirib ki, insanın imtahanlarda yüksək bal toplaması və yaxud hansısa bir təbəqədə olması özünə qəsd etməməsinin göstəricisi deyil, yəni emosional məsələdir:

"Bu İQ deyil, EQ səviyyəsinin göstəricisidir. Orada artıq zəif və həssas məsələlər var. Həmin vaxt o insan sadəcə öz qəlbinin və daxili aləminin səsini hayqırmaq istəyib. Burada problem bu gəncin özünü niyə dənizə atması yox, bir gənc insanın niyə canına qıymasıdır. Əgər qız orada tək olsaydı, deyərdik ki, qarşılıqsız sevgi var və sairə. Amma iki sevgilinin bu addımı atması artıq bu ailələri, orta nəsli düşündürməlidir ki, qərarlara hörmətlə yanaşmaq, övladlardan gözləntiləri həddindən artıq yüksək tutmamaq lazımdır. Söhbət o gözləntilərdən gedir ki, sırf o uşaqlar ona tabe olacaqdır. Burada məsələ o insanın özünün dənizə atmasından çox, bir gənc insanın niyə canın qıymasıdır. Bu da ondan ibarətdir ki, artıq o canının sevdiklərinin gözündə dəyərinin olmaması düşüncəsinin yaradılmasıdır. Əksər hallarda bu şəxsi ərazimizə daxil ola bilən ilkin insanlar, valideynlərimiz və bacı-qardaşlarımızdır".

Psixoloq qeyd edib ki, insan ailə problemləri yaşasa da, onların fikirləri ilə razı olmasa belə həmişə o insanlardan dəstək görmək istəyir:"O insanların dəstəyi əslində onun sevgisinin daxili təsdiqidir. Əgər bir insan lazımlı olmadığı düşüncəsinə gətirilib çıxarılırsa, yəni sənin istəklərin önəmli deyil, əsas bizim üçün bizim istəklərimizdir və sən bizim artıq alətimizsən düşüncəsi yaradıla bilirsə, həmin insan özünün yaşam mahiyyətini itirir. Hətta, əks cins tərəfindən sevilmiş olsa belə, o yenə də mahiyyətini itirmiş zənn edir və bir növ doğmalarını cəzalandırmaq istəyir".

Psixoloq bildirib ki, bəlkə də bu birbaşa özünə qəsd etmək deyilmiş, sadəcə güvənibdir ki, yanında sevgilisi var və o xilas olunacaq:"Nəticə etibarı ilə də bu onun canı bahasına başa gəlmiş oldu. Gənclərimiz bilməlidir ki, insan heç bir problemə görə canına qəsd etməməlidir. Bu EQ səviyyəsi zəif olan insanlardır ki, əksər hallarda emosionallıqları çoxdur. Onlar özlərinə nəzarət edə bilmir və onun qurbanına çevrilirlər. Əslində insan dəyərlərini birinci öz çevrəsində formalaşdırmalıdır. Özü üçün özü dəyərli olmalıdır. İnsan nəyin bahasına olursa olsun, çarəsiz vəziyyətdədirsə, bunun üçün mütləq şəkildə peşəkar dəstək almalıdır".

Fəridə Ağazadə

sonxeber.az