Psixoterapiyada Şəfqət Dili: I Hissə və ya Dünəni anlamaq

*Şəfqətə əsaslanan psixoterapiya* (Compassion-Focused Therapy, CFT) — təkamül psixologiyası üçlü “zehin” anlayışı, davranışçı terapiyanın iki faktor nəzəriyyəsi, assosiativ çərçivə nəzəriyyəsi və digər yanaşmaları birləşdirən, həm psixoterapiya üçün yardımçı, həm də özü-özlüyündə ayrıca protokolları mövcud olan transdiaqnostik (yəni diaqnozlararası) bir psixoterapevtik modeldir. Bu yanaşmanın yaradıcısı ingilis psixoloqu *Paul Gilbert*-dir.

Gilbert şəxsiyyət patologiyasını izah edərkən, insan zehninin təkamül ərzində keçdiyi üç əsas prosesi vurğulayır:

1. *Tələbat prosesi* – İnsan yaşamaq, çoxalmaq, valideynlik kimi əsas ehtiyaclara sahibdir.

2. *Motivasiya və impulslar* – Bu tələbatları ödəməyə yönəlmiş instinkt və motivasiyalar.

3. *Rahatlama və təhlükəsizlik halı* – Ehtiyac ödənəndən sonra yaranan gevşəmə, sakitləşmə halı.

Məsələn, bir şəxs aclıq hiss edir (tələbat). Bu tələbat onu mağaradan çıxmağa, qida tapmağa – yəni ova getməyə sövq edir (motivasiya və impuls). Qida ehtiyacını ödədikdən sonra isə o, bir növ rahatlama və daxili sakitlik hiss edir (rahatlama halı).

Şəfqətə əsaslanan terapiya bu strukturu patologiyanı anlamaqda əsas kimi götürür. Şəxs daxilində müxtəlif tələbatlar hiss edir, lakin bu tələbatları ödəmək üçün funksional olmayan (zərərli və ya nəticəsiz) davranış formalarına yönəlir. Bu davranışlar davam etdikcə problem də qalır.

Funksional olmayan tələbat ödəmə davranışları davam etdikcə, şəxsin əsas ehtiyacları dolayı yollarla da olsa ödənilməmiş qalır. Bu da onun rahatlama mərhələsinə çata bilməməsinə səbəb olur. *Şəfqətə əsaslanan terapiya* bu nöqtəyə xüsusi vurğu edir: şəxs tələbatları hiss edir, lakin onları ödəmək üçün qeyri-funksional davranışlara yönəlir və nəticədə psixoloji rahatlığa çata bilmir.

İnsan ilkin mərhələdə əsasən həyatda qalmaq, təhlükəsizlik, sığortalanmaq və törəməyə yönəlik cinsi instinktlər kimi daha bioloji tələbatlarla hərəkət edir. Lakin insan inkişaf etdikcə, sosial varlıq kimi daha mürəkkəb ehtiyaclar formalaşır. O, artıq aid olmaq istəyir. Çünki insan özündən kiçiklər üçün ovçu olsa da, özündən böyük varlıqlar üçün həssas idi. Bu da onu topluluqda yaşamağa, bir icmaya, bir qəbiləyə mənsub olmağa sövq etdi. Beləcə, *”aid olmaq”* və *”sahib olmaq”* kimi emosional və sosial tələbatlar meydana çıxdı. İnsan tarixi boyunca, xüsusilə buzlaşma dövründən sonra, ovdan sonra etdiyi işi müqəddəsləşdirmək və qrupu daxilində rahatlama əldə etmək üçün toplanma məkanlarına ehtiyac duydu. Bu da ilkin məbədlərin, totemlərin, ritualların yaranmasına zəmin yaratdı. Məbəd dedikdə burada mütləq dini anlamda bir struktur nəzərdə tutulmur, lakin bu yerlər insanların gördükləri işi qiymətləndirdikləri və birgə yaşadıqları təcrübəni mənalandırdıqları məkana çevrildi. Burada insanın psixoloji vəziyyəti və ehtiyac duyduğu qəbul və dəyər hissi çox vacib rol oynayır. İnsan ilkin mərhələlərdə əsas tələbatlarını – qida, təhlükəsizlik, vəhşi heyvanlardan və təbiət hadisələrindən qorunmaq, həyatda qalmaq və törəmə ehtiyaclarını qarşılamağa çalışır. Bu mərhələdə davranışlar əsasən instinktivdir və fərdi yaşantıya yönəlikdir. Lakin zaman keçdikcə, insan bir qəbiləyə, topluluğa mənsub olduqca, birgə ov, odu qoruma və bir yerdə yaşamağın verdiyi təhlükəsizlik hissi önə çıxır. Burada *interpersonal*, yəni insanlararası münasibətlər ön plana çıxır.

İnsan artıq yalnız yaşamaqdansa, qrupa mənsub olmağın verdiyi rahatlıq və təhlükəsizlik içində yeni ehtiyaclar formalaşdırır. Bu mərhələdə *məmnuniyyət, qəbul olunmaq, dəyər görmək, aid olmaq* kimi psixoloji tələbatlar meydana çıxır. Bu da insanın davranışlarını daha kompleks hala gətirir.

Təkamül psixologiyası bu mərhələdə sual verir: *Niyə insan bəzən özünə qarşı şəfqətsiz olur?* Niyə insan *utanc*, *günahkarlıq* kimi hissləri daşıyır və zehnində özünü bu hisslərlə təkrar-təkrar cəzalandırır?

Bu sualların cavabı, bu hisslərin təkamüldəki funksional rolunda gizlidir. Məsələn, *utanc* – yalnız bir əməldən ötəri deyil, insanın *bütövlükdə öz kimliyinə* dair yaşadığı bir emosiyadır. O, qrup daxilində qaydaları pozduğunu düşünən və ya bunu hiss edən insanın, özünü həmin qrupdan *ayrılmış* hiss etməsi ilə yaranır.

Bu zaman insan sanki içində belə deyir: “Mən günahkaram. Mən utanc içindəyəm. Özümü cəzalandırıram. Siz məni bağışlayın.” Bu, bir növ *sosial əlaqəni bərpa etməyə yönəlmiş* davranış formasıdır. Hətta bu fikirləri içində təkrar edərək, insan ətrafdan *bağışlanmaq və qəbul görmək* istəyir. Beləcə, *utanc və günahkarlıq*, insanın topluluqla münasibətini qorumaq və yenidən bərpa etmək üçün təkamülün bizə verdiyi mühüm emosiyalardır.

Bəs insan bu qədər özünü tənqid edən, özünü baltalayan, daim daxili mühakiməyə məruz qoyan davranışlara niyə düşür? Bunun altında hansı ehtiyac dayanır? Əgər şəxs bu davranışlar sayəsində başqalarının dəstəyini alsa, hansı daha böyük tələbatını ödəyəcək? *Cavab sadədir:* bu – *qrupa, icmaya, birlik hissinə aid olma* ehtiyacıdır.

*Şəfqətə əsaslanan terapiyanın* əsas mövzularından biri də budur: niyə insan rahatlama mərhələsinə çata bilmir? Niyə özünü dövr edən, özünü baltalayan, özünə qarşı sərt və şəfqətsiz olan davranışları davam etdirir?

Çünki insan bəzən düşünür ki, əgər özü-özünə qarşı şəfqətli olarsa, bu onu zəiflədəcək. Onun ehtiyatlı olmasını, gələcək risklərə qarşı hazırlığını azaldacaq. Özünə şəfqət göstərmək bəzən ona *həyatın sərt reallıqları qarşısında “yumşaq” düşmək* kimi gəlir. Beləcə, insan düşünür ki, özünü sərt tənqid edərsə, gələcəkdə baş verə biləcək mənfi hallara qarşı daha “hazır” olacaq.

Bu zaman psixikada *daxili mühakiməçi*, *daxili hakim*, *daxili səs* formalaşır. Bu səs insanı daim qiymətləndirir, tənqid edir, qınayır. Nəticədə, insan özünə qarşı mərhəmətli olmağı, xoş duyğuları, özünə istirahət və yaxşılıq haqqı tanımağı özünə rəva görmür.

Məsələn, təşviş yaşayan bir şəxs düşünə bilər ki, əgər özümə şəfqətlə yanaşsam, gələcəyə hazırlıqsız qalacağam. Depressiyalı bir pasiyent isə belə düşünə bilər: “Əgər özümə şəfqət göstərsəm, həyata qayıdacağam. Amma bu, mənə ağır gəlir. Çünki o həyat mənə çox şey yaşadıb, mən yenidən onun içinə qarışmaq istəmirəm.”

Bu nöqtədə *meta-konsept* (emosiya yox, emosiyaya dair inam, fikir yox, fikirə dair inam və.s) səviyyəsində bir situasiya yaranır: “Əgər özümü kifayət qədər günahkar hiss etsəm, daha az yeyərəm, çünki özümə cəza verirəm. Daha az yeyəndə daha çox arıqlayaram. Beləliklə, özümü idarə etdiyimi hiss edərəm.” Bu, məsələn, *bulimiya* kimi pozuntularda görünən bir mexanizmdir.

Depressiyalı bir şəxs də düşünə bilər: “Heç kimə lazım deyiləm. Ən yaxşısı, hər kəsdən uzaq durum. Belə daha az incidirəm.” Burada insan *özünü qorumaq* və *digərlərinə zərər verməmək* məqsədilə özünü təcrid edir. Amma bu da bir cür özünü cəzalandırma formasıdır.

Soruşa bilərsən, Nəsimi, bunun mənası nədir?* O deməkdir ki, insanın özünə qarşı şəfqətsiz olması, sadəcə bir “gücsüzlük” deyil. Bu, *təkamül baxımından formalaşmış bir müdafiə mexanizmi*, psixoloji bir strategiyadır – qorunmaq, aid olmaq və rədd edilməmək üçün. Ancaq bu strategiya uzun müddət davam etdikdə insanın psixoloji sağlamlığına zərər verir.

İnsanın özünə qarşı şəfqətdən uzaq, özünü baltalayan davranış və düşüncələrinin kökündə yatan əsas səbəb, çox vaxt *təkamül mexanizmləri ilə* əlaqəlidir. Bu fikir çoxlarımızın müxtəlif psixoloji təlimlərdə, videolarda və motivasiya kitablarında rast gəldiyi bir anlayışdır.

Ortaq nöqtə budur: *Biz təşvişli insanların nəslindən gəlirik.* Qədim dövrlərdə mağarada yaşayan əcdadlarımız gecə ocaq başında oturarkən, kənardan eşidilən xışıltıya bəziləri “küləkdir” dedi, bəziləri isə “vəhşi heyvandır” deyə düşündü. *Qaçanlar sağ qaldı.* Qaçmağa sövq edən isə *təşviş hissi* idi.

Deməli, təşvişin təkamüldəki funksiyası *”hazırlıq və sağ qalma”* olmuşdur. Bu instinkt bu gün də bizdə qalır, sadəcə müasir həyatda daha fərqli formalarda üzə çıxır. Məsələn, təşviş pozuntusu olan pasiyentlərdə bu funksiya həddindən artıq işləyir.

Bu pasiyentlərin zehni ssenariləri bəzən bu cür uzanır:

*Bir mıx bir nalı, bir nal bir atı, bir at bir əsgəri, bir əsgər bir məktubu, bir məktub bir orduyu, bir ordu digər ordunu, iki ordu müharibəni, müharibə isə fəlakəti təsirləndirir.* Bu domino effekti ilə formalaşan düşüncə, nigaranlıq və qayğının mahiyyətini gözəl izah edir.

Nigaran insan dildə bu cür bir həyata nifrət etsə də, sanki içində belə düşünür: *“Nə qədər narahat olsam, nə qədər hər şeyi əvvəlcədən düşünsəm, gələcəkdə baş verə biləcək fəlakətlərə o qədər hazır olaram.”* Bu, təşvişin onlara verdiyi saxta zəmanət olur.

Amma bu mexanizm artıq real təhlükə ilə deyil, *təxmini ehtimallarla* işləyir. Bu da insanın psixoloji balansını poza, şəfqəti və özünə qarşı anlayışı sıradan çıxara bilir. Niyə? Çünki insan qaçarkən bəzən qaçdığı şey təkcə təhlükə olmur, eyni zamanda o bəzən o qədər daxildən mesaj almağa başlayır ki, yəni bədənində ortaya çıxan hissi, emosiyanı, fikirlərini o qədər şərh edir ki, bunların hər hansı birinin varlığı belə kifayət edir ki, şəxs dəyərli olduğuna inandığı hər şeydən uzaq düşsün. Eyniliyi hazır olmaq, güvəndə olmaq kimi görən insanın dəyişiklik və bu şəfqət dediyimiz “təhlükəli” ifadədən qaçması məncə indi daha anlaşılandır.

*Dəyişiklik* və rəqibi olaraq eynilik, eynilik insan üçün adətən *müsbət emosiyalar* gətirməsə də — yəni eynilik içində olan insanın həyatı sevinc və xoşbəxtliklə dolu olmasa da — ən azından *təxmin edilə bilən*, *tanış* və *stabillik hissi verən* bir vəziyyətdədir. İnsan da elə məhz bu tanışlığa narahat olsa belə, yapışır.

Fairbairnin *Münasibət obyektləri nəzəriyyəsinə* görə, şəxs uşaqkən yalnız valideynlərindən qida, qoruma və s. Kimi baza ehtiyaclarının ödənməsini gözləmir. Eyni zamanda onların ünsiyyət və fəaliyyətləri vasitəsilə bir-birinə qarşı, özünə qarşı və başqalarına qarşı necə davranılacağını da öyrənir. Gəldikmi indi söhbətin əvvəlində danışdığım içimizdəki hakim məsələsinə?! Yəni:

”Mən ata olmağı, ana olmağı, həyat yoldaşı olmağı, birinin uşağı və valideyni olmağı ata və anamdan öyrənirəm.”Bu öyrəndiklərimi də həyatımda öz aktyor olduğum səhnələrdə tətbiq edirəm. Bu, bir növ *sosial öyrənmə* mexanizmini də xatırladır. Həm Bandura, həm Rother, həm Fairbairn, həm də Dolard və Millerə bu baxışlara görə təşəkkür edirəm, ruhları şad olsun.

Tutaq ki, pasiyentin uşaqlığı emosional olaraq o qədər də məmnuniyyətli keçməyib. Amma bu pasiyent hal-hazırda nisbətən sabit və məqbul bir həyat içərisindədir — həyat yoldaşı və onun ailəsi tərəfindən qəbul edilir, qayğı görür. Lakin zaman keçdikcə bu sabitlik içində sıxılmağa başlayır. Bir müddət sonra isə davranışları ilə sanki uşaqlıqda yaşadığı münaqişə və konflikt mühitini təkrar yaratmağa çalışır. Sanki tanış olan o xaosu, o narahatlığı bərpa etmək istəyir. Bəs Niyə? Nəyi var bu pasiyentimizin?

Bunu *Əminə Bolatın* bir bəndi ilə də izah etmək olar:

“Bu düşündüyün həyatdır,

Yoxsa xəyal qırıqlığı?

bir həyat düşün, bəli var, amma yalnız.

eyni ssenari, aktyorlar fərqli.”

Yəni insan keçmişdən öyrəndiyi bir “səhnə”ni daşıyır. Yeni insanlar, yeni rolları olsa belə, eyni emosional düzəni yenidən yaratmağa meyilli ola bilir. Çünki ora tanışdır, öyrəşilmişdir. İnsan olmadığını bilir, amma ölmədiyini də təcrübə edir, düşündüyü deyil, yaşadığına inanır.

Bu da izah edir ki, psixoterapiyada “sağalma” deyilən şey pasiyent üçün bəzən təhdid kimi görünə bilər. Onun üçün yeni vəziyyətin nə gətirəcəyi bəlli deyil. Sağalma – tanımadığı, bilmədiyi bir “yeni həyat” deməkdir və bu, qorxudur. Pasiyent üçün tanış və öyrəşilmiş olan — istərsə də narahatlıqla dolu olsun — təhlükəsizdir, çünki bildiyidir.

İnsanlar təkcə simptom narahatlıqlarından əziyyət çəkmirlər. Onların problemlərinin böyük əksəriyyəti *keçmişdən gəlir*. Özlərinin də gündəlik həyatda dediyi kimi:

“Mən özümü biləndən, heç vaxt xoşbəxt hiss etmirəm və ya həmişə təşvişliyəm, təlaş içindəyəm, harasa tələsirəm, nəyəsə yetişməyəcəyimdən qorxuram...” və s.

Dolayısı ilə belə nəticəyə gəlirik ki, pasiyentlərimizin diaqnozu nə olursa olsun — təşviş pozuntusu, depressiya və ya başqa — burada əsas məsələ onların dərin xarakteroloji narahatlıqlarıdır. Yəni, biz təkcə simptomlar üzərində yox, şəxsiyyətin əsas strukturuna yönəlirik.

Məsələn, depressiv bir pasiyentin vəziyyətinə baxaq:

Depressiya təkamül baxımından belə izah edilə bilər — şəxs “800 kalori ovda itirir, amma 300 kalori qida əldə edir, ova getmir, mağarada yatır, 400 kalori sərf edir və bununla yaşamağa çalışır”. Ova gedəndə enerji itirir, yorulur, ancaq qarşılığında itirdiyini qazanmır. Bu vəziyyətdə şəxs, itirməkdən qaçmaq uğruna qazancdan vaz keçməyi seçir. Qazandığım bir şey yoxdursa, itirəcək bir şey də yoxdur - deyə düşünür.

İlk depressiv şəxs, yəqin ki, mağarada yatıb hərəkət etməməyi, özünü qorumağı və eyni zamanda heç nə qazanmamağı seçən bu şəxs idi yəgin ki. Bu gün də müşahidə etdiyimiz, təcrübədə gördüyümüz kimi, bir çox depressiv pasiyentin psixoterapiya prosesində dəyişikliyə müqavimətində əsas səbəb — dəyişiklikdən sonra həyatın necə olacağı ilə bağlı qayğılar deyil sizcə də? Onlar özlərinə qarşı şəfqət göstərməyə başladıqda içlərində “yenidən xəyal qırıqlığına uğrayacaqsan” kimi qorxunc bir səs ortaya çıxa bilir, bütün bunların nəhayətində artıq təhlükə yırtıcılar və ya təbiət hadisələrini aşıb, dərimizin altında özünə yer edib və bu da insanın özünə qarşı şəfqətli olmamasının səbəblərindən biridir.

Yazının növbəti hissəsində biz bunu “2 Faktor Analiz” və “Assosiativ Çərçivə” aspektlərindən, həmçinin təkamül psixologiyasının fərqlilik, seçicilik və qalma prinsipləri baxımından aydınlaşdırmağa çalışacağıq.

Nəsimi Qiyasov

28.05.25, Bərdə