Sən, mən və travma.

Sən, mən və travma. 

Travma bir insanın həyatı üçün birbaşa təhdid və ya başqa bir insanın həyatı üçün bir təhlükənin şahidi olduğumuz halda inkişaf edən bir narahatlıqdır. Əslində travmatik hadisələrin ümumi tərifi yoxdur. Təbii fəlakətlər, istismar, təcavüz, qətl, terror aktları və s. Kimi məqamlar travmaya səbəb ola bilər. Bir insana travmatik təcrübən olan bir hadisə başqalarının baxış prizmasından çox normal həyat hadisəsi sayıla bilər. Travma ilk növbədə fizioloji bir prosesdir, sonra duyğu və qavrayış, düşüncə fonunda inkişafı onu psixoloji problem olaraq ortaya çıxarır. Korreksiya edilə bilən travmatik hadisələrin ən çətin forması 0-6 yaş arasında meydana gələn vəziyyətlərdir, soruşulduqda, fərd bu xatirələri xatırlamaqda çətinlik çəkir, ancaq şüur bu anları dönə-dönə yaşayır. Travmaya “əlverişli olan” ikinci mərhələyə biz yeniyetməlik dövründə rast gəlirik, bu dəfə hadisələr dumanlı olsa da, daha yaddaqalan olur, daha asan xatırlanır, lakin yenə də baş verəni tam xatırlamaq nadir hallarda mümkün olur. Elmi araşdırmalara baxdığımız zaman, ‘bu hadisələr açıq bir şəkildə xatırlanarsa, bu travma olmazdır” yanaşmasına rast gəlinir, deməli tam xatırlanmaya imkan verməməklə şüur hardasa özünü qorumağa çalışır. Travma başqa bir çox təşviş pozuntularında olduğu kimi, həyata güvənsiz bir yermiş yanaşması ilə müşahidə edilən və davamlı olaraq yenidən həmin travmatik təcrübənin yaşanacağı ehtimalı ilə insana rahatlıq verməyən bir psixoloji narahatlıqdır. Bir müştərimin ifadə etdiyi kimi deyəcək olsam “Nəsimi, mən qorxmaqdan qorxuram.”, qorxu əslində özlüyündə funksional bir duyğudur, insanı məhv olmaqdan qoruyan bir emosiyadır. Mənim müştərimin yaşadığı isə Koqnitiv-bihevioral yanaşmada, yıxıcı kök inancları sinfində yer alan “Emosiya fobiyası” dır, emosiya fobiyası yaşayan şəxslər davamlı olaraq “Bu qədər qorxmamalıyam”, “Bu qədər narahatlıq yaşamamalıyam” kimi amiranə ifadələrlə özlərinə yanaşdıqları üçün deməli travma özü-özlüyündə həm də şemanın məhsulu olaraq ifadə edilə bilər. Əlbəttə ki, daha böyük bir rolu burda bizim hadisələrə yanaşma və onları qavramaq formamız tutur, çünki həyat olduğu kimi deyil, bizim onu qavradığımız kimidir. Psixologiya elminə tərif verdikdə də Azərbaycan dilində olan ədəbiyyatlarda tərifin ilk hissəsi bu cür yazılır “Psixologiya obyektiv aləmin subyektiv inikası olub... “, yəni ümumi mənzərənin sənin, mənim, onun pəncərəsindən görünən hissəsi bizim psixikamızı formalaşdırır.

Ailədaxili münasibətlərdə şiddət bir travma mənbəyi kimi. Yuxarıda qeyd etdiyim kimi travma təkcə şəxsin travmatik təcrübəni özünün yaşaması ilə yaranan bir problem deyil, travmatik səhnələrə şahidlik etmək də travmanın yaranma səbəbi olaraq qeyd olunur. Boş yerə deyilmir bir atanın öz övladlarına ən böyük ərmağanı onların analarına göstərdiyi sevgidir.

Sevgi özü-özlüyündə bir terapiya olmasa da profilaktik bir duyğu olaraq böyük əhəmiyyət kəsb edir. Sevgi sağaltmır, çünki siz birini sevənə qədər o insan yaşadıqlarından öyrənir və bəzən sizin ona olan məhəbbətinizi də öz öyrəndikləri əsasında dəyərləndirir. “Bütün qadınlar aldadır”, “Bütün kişilər xəyanət edir” kimi genderlərə qarşı generalizə olmuş düşüncə xətaları ilə silahlanmış birinə siz istədiyiniz qədər məhəbbətinizin böyüklüyündən danışa və ya bunu əyani şəkildə nümayiş etdirə bilərsiniz, lakin sevgi bəzən eşitməyən birinə piano ifa etmək qədər yorucu və emosional yanma ilə müşahidə edilən bir proses ola bilər. Odur ki, sevgini daha çox profilaktika kimi qəbul etmək daha sağlam bir yanaşmadır fikrimcə, valideynlərin bir-birinə və övlada sevgisi övladının ən azından ailədaxili münasibətlərdə yaşanan konfliktlər fonunda inkişaf edən travmalardan qoruyur.

Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil. Evdəki fiziki zorakılığın şahidi olmaq uşaqları və onların gələcəyinə ciddi şəkildə təsir edir. Təcavüz və şiddət kimi davranışlar mühitdən öyrənilir. Uşaq şiddətə məruz qaldıqda, eyni şiddəti, hətta daha çoxunu ətrafdakı insanlara tətbiq edir. Bir çox valideyn, uşağın şiddətdən təsirlənməyəcəyini və ya uşağın baş verənləri unudacağını düşünür. Lakin, uşaqlar unutmurlar. Bu da məlumdur ki, məişət zorakılığına məruz qalan uşaqlarda digər uşaqlara nisbətən daha çox emosional və davranış problemləri olur. Şiddət və təcavüz valideynləri modelləşdirərək öyrənilir. Burada keçmişdə Albert Bandura nəzəriyyəsi haqqında danışdığım məqaləmdəki “Bobo oyuncağı təcrübəsi”ni yenidən xatırlayaq:Sosial öyrənmə nəzəriyyəsi, öyrənməyə müşahidə ilə yanaşı zehni prosesləri də əlavə edərək radikal davranışçı yanaşmalardan fərqlənir. Bu baxımdan, Sosial Koqnitivizm Nəzəriyyəsi olaraq da adlandırılan bu nəzəriyyəni Bihevioral cərəyanın sonu, Koqnitiv yanaşmanın isə yüksəlişi arasındakı keçid də adlandıra bilərik.

Sosial öyrənmənin empirik olaraq yoxlanması “Bobo oyuncağı eksperimenti” ilə 1961-63-cü illərdə aparılmışdı, bir şəxs oyuncağı o ki, var döymüş, sonra bunlar videoya çəkilmiş və uşaqlara izlədilmişdir. Daha sonra uşaqlar içində Bobonun da olduğu oyuncaqlarla dolu otağa gətirilmiş və davranışları izlənmişdir, uşaqların bir çoxu izlədikləri ssenari üzrə Bobonu döyməyə başlamışdılar.

Münasibətlərdə şəxslərin ən yaxşı “Mən” ilə çıxış etmələrinin tərəfdarı olmağıma baxmayaraq bəzən insanlardan nələrisə tələb etməkdən çox onları anlamaq yolunda addımlar atmağın daha vacib olduğunun tərəfdarıyam. Belə ki, yarımbaşlığı da “Mən ailəmdən güllə atmağı öyrənmişəm, gül almağı deyil” olaraq təyin etdim. Psixoanalitik yanaşmadan qaçaraq baş verənləri hər kəsin anlayacağı formada, sosial öyrənmə nəzəriyyəsi ilə izah etməyə çalışdım. Bu nəzəriyyəyə görə biz: Mühitin təsirinə məruz qalır(Ailədə şiddət səhnələri), sonra bu hadisəni travma olaraq qavrayır, onu öyrənir və sonrakı həyatımızda tədbiq edirik. Bu təcrübə və öyrənilmişlik, rol modelinin kopyalanaması bizim sonrakı həyat yolumuzda qurduğumuz münasibətlərdə özünü biruzə verir. Uşaqlar bizim dediyimiz yox etdiklərimizi təkrar edirlər. Beləliklə zamanla tərəfi olduğu münasibətdə atasının modelinə nifrət edən övlad onun modelinin tətbiqi ilə məşğul olur əslində. Bunun fərqinə vardıqda daxili amillər öz işini görməyə başlayır. Belə ki, o özünü bu münasibətə layiq görmür və bu münasibətdən kənarda qalmaq üçün əlindən gələni edir. Uzaqlaşma cəhdləri, bəzən ailədən kənar romantik münasibətlər, şiddətdən yaranan travmatik təcrübənin yenilənməsini təmin edən yenidən şiddət, alkoqollu içkilərə bağlılıq. Bu travmatik təcrübənin yenidən yaşanmasına qorxu ilə yanaşan şəxsin əslində dayanmadan yenidən travmatik təcrübəni yaşamağı arasındakı paradoksda münasibətlərdə bütün ülvi duyğular öz yerini travmatik təcrübəni yaşayan şəxsin yaşatdığı travmalar və travmatik təcrübəni yaşayan şəxsin partnyorunun içində olduğu kor çarxa verir.

Psixoloq Nəsimi Qiyasov – 21.04.2021

Azərbaycan Respublikası, Bərdə şəhəri.