Shell shock müharibə şəraitində davamlı artilleriya atəşinə məruz qalan əsgərlərdə müşahidə edilən stress reaksiyalarından biridir, combat stress reaction və.s kimi adlarla adlandırılsa da özü-özlüyündə travma sonrası stress pozuntusu sinfinə daxil olur və ayrılıqda haqqında nə çox danışılıb, nə də yazılmır. Mərmi şoku və ya shell shock termini ilk dəfə 13 fevral 1915-ci ildə İngilis psixoloq Charles S. Myers tərəfindən Lancet jurnalında yazdığı bir məqalədə istifadə edilmişdir. Fransadakı İngilis birliklərindəki əsgərlərin artan və səbəbi izah edilə bilməyən şikayətlərini şəxsən müşahidə edən Myers, əsgərlərin isterik və nevrotik ruh hallarına, həddindən artıq yorğunluğa, bədənlərinin hərəkətlərini tamamilə məhdudlaşdıracaq şəkildə qıcolmalara, sabit bir nöqtəyə yönələn və saatlarla davam edən baxışlara, müvəqqəti korluq, iştahsızlıq ilə müşahidə edilən problemə mərmi şoku adını verdi. Bunu əsgərlər ətrafında partlayan bombaların və uçan güllələrin yaratdığı bir psixoz kimi izah etdi. Myersin psixoloji gərginliklərdən çox fiziki təsirlər diqqətini çəkdi: mərmi şokunun eşitmə, görmə, dad və qoxu kimi duyumları məhv etdiyini, bunun əsgərlərin yaşadıqları vəziyyətin izahı olduğunu iddia etdi. Ancaq Myers və onun köməkçiləri ilk mərhələdə görməməzlikdən gəldiyi bir məqam da var idi: Əlamətlər heç vaxt aktiv şəkildə döyüşməmiş, bomba və güllə altında özünü olmayan əsgərlər arasında da geniş yayılmışdı. Buna görə də, Myersin fiziki izahının etibarlılığı şübhə altına alınmağa başladı və zaman keçdikcə çatışmazlığı aşkar oldu; Qəlpə şokunun müalicəsi nisbətən asan bir bədən vəziyyəti olduğu düşüncəsi, müharibədə olan əsgərlərdə meydana gələn bir çox psixoloji narahatlığı təsvir etmək üçün istifadə edilən ümumi bir diaqnoz ortaya çıxdı “qorxu”.
Bir müddət sonra Myers mərmi şoku yaşayan əsgərlərin vəziyyətini yaxşılaşdırmaq üçün onların bir müddət həmin silkələnmə və səslərdən uzaq qalmalı olduqlarını desə də təxmin etdiyiniz kimi ona heç kim qulaq asmadı və mövcud problemi sadəcə olaraq yayınma üsulu hesab etdilər. Əsgərlərin bir çoxu edam edildi, bəziləri isə elektro-şok və ya dilinin üzərinə siqaret basılaraq yenidən cəbhəyə göndərildi. Myers bu hadisələrə yanaşma tərzinə o qədər qəzəbləndi ki, hətta 1922-ci ildə bu cür problemlər yaşayan əsgərlərin müalicəsi üçün açılan xəstəxanaya öz araşdırmalarını verməkdən də imtina edir.
Birinci dünya müharibəsi daha əvvəl yaşanan müharibələrdən fərqli olaraq bir çox texniki yeniliklərlə müşahidə edilən bir müharibə idi. Yeni mərmilər, yeni silahlar, tanış olmayan səslər o dövr əsgərlərdə insanın ən təməl instinkti olan həyatda qalmaq instinktini risk altında saxlayırdı. Bu səbəbdən yad situasiyada gərginlik, stress, təşviş, xroniki yorğunluq (nevrasteniya) kimi məqamların cəmi bu problemi ortaya çıxarmışdı. Burda bir digər və bəlkə də ən başlıca məqam gender problemi və onunla bağlı stereotiplər idi: “kişi qorxmaz”, “kişi darıxmaz”, “kişi yorulmaz”, “kişi döyüşməlidir” və.s kimi məqamlar amansız bir dilemma qarşısında qoyurdu əsgərləri. Qorxulu situasiya və ciddi təhdidi özündə birləşdirən xidməti fəaliyyət zamanı əsgərlər həm səs və yaralanmadan, ölümdən qorxur, həm də qorxduqlarını deməkdən və qorxduqlarını hiss etməkdən qorxurdular, qorxu və qorxudan qorxmaq əks qütblərini yaradan məqam insanın təməl instinkti və sosial kimliyi arasındakı dərin uçurum idi. Bu gün dünyaya insan hüquqları dərsi keçən ölkələr sonradan bu problemi yaşayan əsgərləri iki yerə ayırdılar “W” və “S” qruplarına , birinciyə yaralıları daxil edib, ikinci qrupa “xəstələr” adı verdilər. Ağır yaralı olanları müalicə edib, “s” qrupuna aid olanları taleyin ümidinə buraxdılar. Yəgin ki bu hadisələrin yaşanıb-yaşanmadığı hər biriniz üçün maraqlıdır, oxşar hal 1919-cu ildə Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən əsgərlər arasında da çox olmasa da yaşanıb, bu barədə Yücel Yanıkdağın Dr.Şükrü Hazımın qeydləri əsasında “Galiçya cəbhəsində döyüşən bir əsgərin oxşar problemlə İstanbulda Şişlidə yerləşən Lape Fransız xəstəxanasına gətirildiyi yazır.
“Mərmi şoku” yalnız psixoloji bir problem deyil, daxilində gözardı edilə bilməyən müharibənin və insan təbiətinin məhsulu olan gözləntilərin, ümidlərin, məyusluqların, müharibənin içindəki acı həqiqətləri olduğu bir sosial patologiyadır. Cinsiyyət rollarının və rol gözləntilərinin yalnız qadınlar üçün deyil, kişilər üçün də son dərəcə çətin ola biləcəyinin acı bir nümayişidir.
Ədəbiyyat siyahısı:
1) Roper, M. “Between manliness and masculinity: The ‘war generation’ and the psychology of fear in Britain, 1914-1950”, Journal of British Studies 44 (2005): 343-362.
2) Stagner, A. “Healing the soldier, restoring the nation: Representations of Shell shock in the USA during and after the First World War”, Journal of Contemporary History 49 (2014): 255-274.
3) Yanıkdağ, Y. “I. Dünya Savaşı’nda Osmanlı askerlerinde harp nevrozu (savaş yorgunluğu) ve tıbbi yaklaşım”, Toplumsal Tarih 198 (2010): 70-76.
Psixoloq Nəsimi Qiyasov – 27.04.2021, Azərbaycan Respublikası, Bərdə şəhəri