Özünüzlə tək qalmalısız ki?
Bir çox insanın kabusu olan təklik həqiqətdə inkişafın təməl sütunu, bələdçisidir. Onlar bu kabus haqqında “psixi sağlamlığa mənfi təsir edir”, “psixikanı zədələyir” deyə düşünürlər. “Doğrudan belədir?” soruşsanız “Yox! Birmənalı yox!” deyərəm. İki meyarı nəzərə aldığınız müddətdə təklik əvəzolunmaz töhfədir:
1. Ölçü – mühümdür. Bu prinsip əlbəttə ki, hər bir sosial və ya psixoloji fenomenə olduğu kimi təkliyə də aiddir. Siz elə bir hal tanıyırsız ki, ölçünü gözləmirsiz, nəticə də xoşagələn olur. Mən tanımıram. Təklik də o cümlədən.. 2. Seçim – zəruridir. Təklik məcburiyyət, şanssızlıq, çarəsizlik kimi görülməyin fövqündə olub, seçim kimi dəyərləndirilməyə ehtiyaclı məfhumdur. Demək, təklik seçim olduqda gözəldir.
Əlbəttə ki, insan sosial varlıq olduğu üçün başqaları ilə ünsiyyətə can atır. Təklik onun üçün bir ehtiyacdır. Çünki qazandığı bilik, təcrübə və şəxsiyyətini ünsiyyətdə təkmilləşdirir. Lakin təkliklə əvəzlənməkdən, növbələşdirilməkdən məhrum ünsiyyətin qorxulu tərəfləri çoxdur. Davamlı olaraq insanlar içində olan insan özünün kim olduğunu, nəyə qabil olduğunu, hətta nələri arzuladığını belə dolaşdırıb-qarışdırır, unudur. Təkliklə növbələşdirilən ünsiyyət isə insana bu çaşqınlıqlardan uzaq olmaq imkanı verir, psixikada balans, nizam, harmoniya yaradır. Təklikdə o, sahib olduğu dəyər, fikir və yanaşmaların özünə yoxsa başqalarına xas olduğunu aşkarlaya bilir.
Təklik niyə belə qorxuludur?
Əksər mədəniyyətlərdə təkliyə baxış fərqlidir, onu insan üçün qorxulu bir hal kimi təsvir edirlər. Bilirsiz ki, təkamül boyunca tək olan insan təbii fəlakətlərin öhdəsindən gəlməkdə çətinlik çəkir, təbiət hadisələrinə, vəhşi heyvanlara qarşı mübarizə qrup şəklində daha effektli olurdu. Əcdadlarımız üçün təklik ölümlə nəticələnə bilən, məhv olmağa bərabər bir hal idi. Məhz ondan irəli gəlir ki, təklik müasir insanın alt şüurunda qorxulu bir hal olaraq yerləşib. Tarixən də təklikdən cəza olaraq istifadə etmək, birini cəzalandırmaq üçün təcridə üstünlük vermək psixikamızda onun qorxunc adını daha da möhkəmləndirib. Hətta Virciniya universitetində aparılan araşdırmada qadınların 1/4, kişilərin isə 2/3-ü tək qalmaqdansa elektrik şoku keçirməyə razı olduqlarını bildiriblər. Xilaskarımız olan təkliyə qarşı münasibətə baxın da siz.
Hə, bir də əmin olun ki, əgər bir insan tək qalmaqdan qorxduğu, narahat olduğu üçün digərləri ilə zaman keçirirsə bu onun psixikası üçün qorxduğu, özünü qoruduğu təklikdən daha təhlükəlidir.
Təklik niyə yaxşıdır?
İstər introvert ol, istərsə də ekstrovert, təklik ona vurulan damğalardan asılı olmayaraq hər kəs üçün faydalıdır. Təkliyin topladığım sosial, emosional, əqli, davranış faydalarını təqdim edirəm:
1. Əqli: Özünə tək zaman və məkan vermək düşüncələrə sərbəstlik, azadlıq verir. Kreativlik artır, məhsuldarlıq yüksəlir. Şəxs gələcək planlarını, xəyal və arzularını həyata keçirməyin yollarını aydınlaşdıra bilir;
2. Sosial: Başqalarını məmnun etməkdən uzaqlaşmaq istəyən hər bir insan üçün təkliyə vaxt ayırmaq nemətdir. Bu halda təklik insana kömək edir ki, başqalarının yanaşmaları, münasibətləri, hətta təzyiqləri haqqında narahat olmadan mühitə, insanlara yeni fikir və maraqlar formalaşdırsın. Getdikcə sərhəd və məsafələrə olan baxış formalaşır və münasibətləri yeni müstəvidə nəzərdən keçirmək mümkün olur. Özünü tanımağa başladıqca daxili aləmini paylaşacaq adamların kim olacağına da şüurlu qərar verir. Hətta özünü yaxşı tanıdığı üçün empatiya hissi də yüksəlir. Bu mənada təklik yalnız başqaları ilə münasibətlərini yenidən qurmağa deyil, dünyanı anlamağa, bəşəri dəyərlərə qoşulmağa kömək edir;
3. Emosional: İnsan tək etdiyi fəaliyyətlərdən daha çox zövq ala bilir. Çünki bu halda başqaları tərəfindən müşahidə edilmək və qiymətləndirilmək qorxusu olmur. Hər kəs razılaşar ki, təklikdə mütaliə də, rəqs də, musiqi ifası da daha rahatdır. Ona görə də alınan zövq və həzz daha keyfiyyətli olur;
4. Davranış: Başqalarından kömək gözləməyə gərək olmur, özünütənzimləmə yüksəlir. Özünü görə bildiyi üçün, özünəinamı sağlamlaşır, özü ilə əlaqədar təhlili obyektiv olur. Nəticədə insan səbrli olub həyəcan, gərginlik, streslə özü mübarizə apara bilir.
Necə etməli?
Yenisinizsə təkliyi plansız, qəfil və çox yaşamağa çalışmayın. İlk əvvəllərdə kiçik addımlarla başlayın. Məsələn, sevdiyiniz məkanda sevdiyiniz fəaliyyətlə qısa müddətə baş-başa qalın. Sizi məhsuldar, psixi sağlam birinə çevirdiyini gördükcə daha da həvəslənəcəksiz. O sizin seçiminiz olacaq.
Bir də balansı, ölçünü qorumaq lazımdır demişdim, bu isə hər insandan asılı olaraq fərdi xarakter daşıyır. Hər kəs öz normasını özü onu hiss edərək müəyyən edə bilər.
Seçiminiz olan ölçülü təkliyə kiçik addımlarla başlamazdan əvvəl “təklikdə zaman mənim özümə hədiyyəmdir” deyin.