Nağıllarımızda tənbəlliklə bağlı çoxlu sayda maraqlı məqamlar var. Bu məqamların hər birində, təbii ki, tənbəllik mənfi mənada təqdim edilir. Lakin tənbəllik təkcə uşaqlar üçün təhlükəli deyil. Çünki bu gün hər hansı yaş mərhələsini yaşayan insanlar arasında da tənbəllikdən əziyyət çəkənlər çoxdur. İstedadlı, qabiliyyətli insanlar var ki, tənbəllikləri ucbatından öz məqsədlərinə nail ola bilmirlər. Bu məqamda belə bir sual meydana çıxır: tənbəllik xəstəlikdir, psixoloji pozğunluqdur, yoxsa adət? Ümumiyyətlə, bu sindromdan qurtulmaq mümkündürmü?“İstəməsəniz belə qalxın və məşq edin”Təbii ki, tənbəlliyin müxtəlif səbəbləri var. Lakin psixoloqlar bu qənaətdədirlər ki, “tənbəlliyə qalib gəlmə resepti”nə əməl etməklə bundan qurtulmaq olar. Bəs həmin resept, məsləhət nədən ibarətdir?İlk növbədə, tənbəl adamlara kitab oxumaq tövsiyə edilir. Hətta canınız kitab oxumaq istəməsə belə, oxuyun. Məşq etmək istəməsəniz belə, qalxın və məşq edin. Qısası, hərəkət etmək ən yaxşı motivasiya sayıla bilər. Odur ki, hətta ürəyiniz istəməsə belə, məqamı gəlincə, hansısa işi görməyə ərinməyin.“Böyük işlərinizi kiçik parçalara bölün”İkinci önəmli məqam: əgər hər şeyi eyni anda etmək istəyirsinizsə, onda onların hamısını tam olaraq yerinə yetirə bilməyəcəksiniz. Öncə hansı işi görəcəyinizi, haradan başlayacağınızı müəyyənləşdirin, böyük işlərinizi kiçik parçalara bölün və ilk növbədə, vacib hissədən başlayın. Bu yolla siz çox çətin və öhdəsindən gələ bilməyəcəyinizi düşündüyünüz bir işi normal bir şəkildə tamamlamış olacaqsınız.Diqqətinizi dağıdacaq maneələri aradan qaldırın...Bu da çox önəmli məqamlardandır. Belə ki, tənbəlliyimiz tutduğu zaman ətrafımızda bizi məşğul edəcək şeylər həmin an diqqətimizi çəkir və fikrimizi cəmləyə bilmirik. Məsələn, olur ki, adi bir iş üçün kompyuterlə işlədiyimiz zaman bəzən sosial şəbəkələrə başımız qarışır və saatlarla boş yerə vaxt itiririk. Nəticədə görüləsi işimiz də yubanır.Bir işi yubatmaq üçün bəhanələr uydurmayın...İntizamlı və planlı olmağı hər kəs bacarmır, ancaq istəyən, bunun üçün çalışan adam istəyinə nail olur. Tənbəl insanlar, adətən, nədənsə şikayət edirlər. Onlar çox zaman bir işi görməmək üçün müxtəlif bəhanələr uydururlar. İşini təxirə salmaq, “bir neçə saat sonra görəcəyəm” deyib yubatmaq əslində tənbəllərə həmin anda xoş gəlir və bundan heç də asan qurtula bilmirlər. Odur ki, ilk vaxtlar, çətin də olsa, bu adətinizdən əl çəkməlisiniz.Önəmli olan həyata bağlana bilməkdir...Psixoloqların qənaətinə görə, tənbəllik beynimizdəki “qısaqapanma”nın nəticəsində meydana gəlir. Məqsədimiz üçün davamlı çalışmaq sonda insana sevinc bəxş edir: ancaq tənbəl insanlarda bu hal təxminən belə yaşanır: onlar bir müddət çalışdıqdan sonra fasilə verməyə və rahatlığa meyil edirlər. Halbuki yalnız çalışmaqla, sosial fəaliyyətlərlə məşğul olmaqla həyatın dadını çıxarmaq olar, rahatlıq yalnız bununla mümkündür. Davamlı məşğuliyyəti olanlar həm darıxmırlar, həm də üzləşdikləri çətinlikləri unudurlar. Məşhurlardan birinin dediyi kimi, hansı rolda olduğumuz önəmli deyil, önəmli olan həyata hansısa bir yerdən bağlana bilməkdir.Tənbəllərin çox işləri yarımçıq olur...- Tənbəllər yataqlarını yığmır, paltar yumağa can çəkir, ev təmizləməyə maraq göstərmirlər. Evləri çirkab içində olsa belə, təmizləməyə ərinirlər, çünki özlərini çox yorğun hiss edirlər.- Tənbəllərin digər insanlara nisbətən daha az pulu olur, bunu bilirlər, fəqət yenə də işləməyə maraq göstərmirlər.- Tənbəl insanların əksər işləri tamamlanmamış olur. Çünki diqqətlərini toplaya, gördükləri işə uyğunlaşa bilmirlər.Uzun müddət yatmaq tənbəllik əlamətidir...Kim nə qədər aktivdirsə, o qədər sevincli və şəndir. Uzanıb rahat bir şəkildə yatmaq insana xoş gələ bilər, fəqət əmin olun, heç bir iş görmədən uzun müddət yatmaq tənbəllik əlamətidir və bir müddətdən sonra bunun heç bir zövqü qalmaz. Tənbəlliklə mübarizədə vitaminlərin də böyük önəmi var imiş. Belə ki, psixoloqların fikrincə, B vitamini sinir sisteminin işini, yaxşı yaddaşı və yüksək iş qabiliyyətini artırır. Gərgin iş qrafiki də tənbəlliyə səbəb ola bilir. İstirahətsiz işləmək və nəticədə yorulmamaq qeyri-mümkündür. Ona görə də fasilə verin və ya istirahət üçün özünüzə vaxt ayırın.