Təşviş nədir? Təşviş sadə bir ifadə ilə həqiqi bir təhdid zamanı ortaya çıxan duyğudur. Funksionaldırmı? Bəli, təşviş də digər duyğular kimi funksionaldır. Bir gecə yolunuzu 30 dəqiqə qısaltmaq üçün qaranlıq bir küçədən keçmək istədiyinizi düşünün, beyin bu zaman “həyəcan təbili çalır”, “30 dəqiqə üçün riskə getməyə dəyərmi? Görmürsən kimsəsiz yerdir, bir şam zərrəsi işıq yoxdur, özündən Amerika kəşf etmə, gəl düz yolunla get.”, bədən beynin sözünə qüvvət verir başlayır ürək döyüntünüz artmağa, əlləriniz tərləyir. Bu fiziki hissiyyatın və düşüncənin müşayiəti ilə yaranan duyğu təşvişdir. Burada təşviş funksional oldu və sizi mümkün təhlükədən qorudu. Təşviş bir sözlə sizi siz edənlərin itirilməsi ehtimalı ortaya çıxdıqda özünü biruzə verən duyğudur.
Təşviş pozuntusu nədir? Təşviş pozuntusu hər hansı bir real təhlükə olmadan ortaya çıxan və insanın həm psixoloji, həm də fiziki olaraq tükənməsinə səbəb olan şiddətli ruhi narahatlıqlırdır. Koqnitiv modelə görə təşviş hisslərin duyğulara təsiri ilə ortaya çıxır və davranışımıza təsir edir. Bu vəsilə ilə biz təşviş deyilən “çağırılmamış qonaq” görünən situasiyalardan yayınırıq. Davranışçı modelə görə təşviş “dişsiz qurd görünüşlü köpəkdir” və biz ondan qaçdıqca heç vaxt əsl gücümüz və ya onun əsl gücünə bələd olmadığımız üçün o özündən yox, bizdən asılı səbəblərdən güclənir.
Təşviş pozuntuları hansılardır?
Panik pozuntu
Xüsusilə özünüzü stressli hiss etdiyiniz bir gün işdən evə gəlirsiniz və müəyyən qədər narahatsınız. Həmişəki kimi sağlamlığınızla da bağlı bir az narahatlığınız var. Evə gəldikdə bütün dostlarınızın sizdə olduğunu və sizə sürpriz etdiyini görürsünüz. Çünki bu gün sizin 40 yaşınız tamam olur və siz bunu unutmuşunuz!
Bu haldan məmnunsunuz amma nə isə narahatlıq keçirirsiniz. Stressiniz artır, ürək döyüntüləriniz sürətlənir, sinə nahiyənizdə bir az ağrı hiss olunur.
Bu məqamda bütün diqqət sinəyə yönəlir və ürəyinizin yaxşı olub-olmadığını düşünürsünüz. Başınız fırlanır və fəlakət düşüncəsi ağlınıza gəlir – “İnfarkt keçirirəm!”
Bu panik atakı yaradan təşviş və avtonom sinir sistemidir.
Bütün bu ruhi proses daxilində çox narahat ola bilərsiniz və infarkt keçirdiyinizi düşünərək dərhal otura və təcili yardıma müraciət edə bilərsiniz. Xəstəxanaya aparılırsınız və sizə bunun sadəcə təşvişdən qaynaqlandığını deyirlər(təəssüf ki, buna belə nadir hallarda rast gəlinir, adətən heç bir fikir yürüdülmür) , bu sizi rahatlatmaq üçün kifayət edir amma sinənizdə hiss etdiyiniz qəribə duyğuları axtarmağa çalışırsınız və nəbzinizi yoxlamağa başlayırsınız. Gələn dəfə bununla bağlı stress keçirirsiniz və eyni həyəcanı yenidən keçirirsiniz.
Dincəlmək və kömək almaq üçün oturmaq ehtiyat davranışı ola bilər. Bunu hər dəfə təkrarladıqda özünüzə deyirsiniz – “Etməsəydim məni öldürə bilərdi”. Daha sonra idman etməkdən və ya ürəyiniz üçün risk yaradacağına inandığınız vəziyyətlərdən qaçmağa başlaya bilərsiniz. Beləliklə də panik pozuntu inkişaf etməyə başlayır.
Bu, panik atakların necə ortaya çıxa biləcəyini açıqlayır, amma insanı özünə qarşı müdafiəsiz vəziyyətə salan nədir?
Dünya haqqındakı fikirlərimiz, təməl inanclarımız və ya sxemalarımız tərəfindən formalaşdırılır. İlk təcrübələr özümüz, ətrafımızdakı dünya və digər insanlar haqqında fərziyyələr yürütməyimizə səbəb olur. Məsələn: ailəniz tərəfindən həmişə tənqid olunsanız, özünüzdə yetərsiz və bacarıqsız olduğunuz, başqalarının tənqidçi olacağı və dünyanın sizi hər hansı bir fəaliyyət istiqamətinizə görə bütöv şəxsiyyətinizin mühakimə olunduğu bir yer olduğu inancını yarada bilərsiniz.
Bu təməl inanclar, bir tərəfdən də həyatımızın şərtsiz inanclarıdır. Yaşamaq üçün qaydalarımız, həyatın əslində mövcud olmayan “xəritəsi”, yaşamağa dair “Təlimat” bu təməl inanclardan qaynaqlanır. Həyatın qaydası, çox vaxt bizi mənfi təməl inanclarımızla üzləşməkdən qoruyan inanclardır. Onlar sanki ən doğru, onlar sanki sizi təhlükədən, yaralanmaqdan qoruyur. Depressiyanın tarixi inkişafı barədə Hakan Türkçapar yazırdı “Bir qəbilə adamı gündəlik ovdan 500 kalorilik qida əldə edir, amma 1000 kalori itirir, düşünür ki, evdə qalsam acsam belə az enerji itirəcəyəm, bəlkə də tox olmayacağam, amma ən azından yorulmayacağam da”. Təşviş də bir növ naməlumluqla birlikdə həm də təxmini fikir yürütmək, faciəviləşdirmək və ya zehin oxumaqla bağlı düşüncələrin dostu olan bir duyğudur.
Generalizə olmuş təşviş pozuntusu: Daimi olaraq ailəniz, sağlamlığınız, karyeranız və ya maddi vəziyyətinizlə bağlı nigaranlıqla müşahidə olunur. Ürək bulanması, pis bir hadisə baş verəcək kimi hiss edirsiniz. Problemin tam olaraq nədə olduğunu və ya nədən qaynaqlandığını bilmirsiniz.
Fobiyalar: İynədən, qandan, yüksəklikdən, sudan, hər hansı bir rəqəmdən, avtomobil idarə etməkdən, təyyarə ilə səfər etməkdən, liftdən, fırtınadan, körpülərdən qorxmaq, lakin burda bir məqama diqqət etmək lazımdır. Necə ki, hər narahatlıq təşviş pozuntusu, hər ruh düşkünlüyü depressiya deyil, eləcə də hər qorxu fobiya deyil. Fobiya qorxunun idarəetmədən çıxmış formasıdır.
Sosial təşviş: İnsanların əhatənizdə olduğunu hiss etmək, onların qarşısında hər hansı bir nitq söyləmək, uşaqlıqda yaşıdlarının və ya yetkinlik dövründə iş, tələbə yoldaşlarınız kimi sosial münasibətlər qura bilməmək və artıq bunun qaçışlara gətirib çıxardığı təşvişli ruh halı. İşdən, dərsdən yayınmaq üçün müxtəlif bəhanələrlə evə getmək. Narahatlıqdan istifadə etmək(Sekonder qazanc).
Aqorafobiya: Tək başına evdən çıxmaqla bağlı narahatlıq, fəlakətləşmiş düşüncələrlə müşahidə olunan, son vaxtlar əziz qardaşı panik pozuntudan ayrı düşmüş təşviş pozuntusu növü. Açıq məkanlardan, körpülərdən, topluluqdan, növbədən, ictimai nəqliyyat vasitələrindən istifadə etməklə bağlı qorxular bu narahatlıq üçün spesifikdir.
Obsessiv kompulsiv pozuntu: El arasında buna vəsvəsə də deyirlər, çox təmizkar adamlar haqqında “Əşi o da dəhşət “vasvasıdır”, bir qabı 10 dəfə yuyur” kimi cümlələr qurulduğunun yəgin ki, şahidi olmusunuz. Obsessiv-kompulsiv pozuntu obsessiyalar- sizə rahatlıq verməyən düşüncələr və o düşüncələri dəf etmək üçün inkişaf etdirdiyiniz davranışlardan ibarətdir ki, buna da kompulsiv epizodlar deyirik, televizora baxanda “sarışan hallar nevrozu”, “məcburi hallar nevrozu” olaraq adını eşitdiyiniz problem budur. Bir neçə növü vardır: Kontrol, Simmetriya, Təmizlik, Əxlaqi(dini və ailə dəyərləri və ya ümumi mental dəyərlərlə bağlı olan) və intim(seksual seçiminiz olmayacaq insanlara qarşı hər hansı bir erotik düşüncənizin olduğuna dair məcburi düşüncələrlə müşahidə edilir. Məs: Uşaqlara qarşı hər hansı bir intim istək keçirib, keçirmədiyinizə dair davamlı narahat edici düşüncələr.). Əgər Obsessiv-kompulsiv pozuntudan əziyyət çəkən şəxs şikayətlərini gizlədirsə sağalmama riski artır. Əgər Obsessiv-kompulsiv pozuntu şəxsiyyətin aksentuasiyası ilə bağlı pozuntudursa (personality disorders) sağalma proqnozunda ümidverici məqamlar zəifdir. Təbii ki, bu araşdırmalar çox keçmişə dayanır və mən sadəcə istinad əsasında bunu yazıram. Adətən tək Koqnitiv-bihevioral terapiyayla dərmanla birlikdə istifadədən belə daha effektiv nəticələr əldə etmək olur.
Travma sonrası stress pozuntusu: Aylar, illər əvvəl yaşadığınız travmatik təcrübəyə dair xatirələrin və keçmişdən gələn səhnələrin(flash-back) pəncəsində yaşamaq. Ümumi dünya əhalisinin 1-3 faizi, Vyetnam müharibəsi veteranlarının 30 faizi bu problemdən əziyyət çəkir. Müalicədə 70 faiz sağalma ehtimalı var, 30 faiz tamamilə, 40 faiz nisbətən sağalır, çox yaşlı və çox erkən yaşlar üçün proqnoz ürəkaçan deyil. Müalicəyə başladıqda irəliləyiş çox sürətli olur ki, bu da ümidvericidir.
Bədən dismorfik pozuntusu: Dost və ailə üzvləriniz nə qədər də görüşünüşünüzlə bağlı narahatlıq olmadığını desə də siz bunlara inanmır görünüşünüzdə hər hansı bir anormallıq olduğunu düşünürsünüz. Saçım seyrəkdir, burnumda əyrilik var, hətta acizanə bir təcrübəmdən misal gətirim, çox dəyərli bir müştərim mənə demişdi ki “müəllim, mənim çənəm yoxdur”. Zamanınızı estetik əməliyyat mütəxəssislərinin konsultasiyasında keçirirsiniz. Beyninizə bir düşüncə hakim kəsilib: İnsanlar düşünür ki, bu insan nə qədər də bərbad bir görünüşə sahibdir.
İpoxondriya (sağlamlıq təşvişi): Hər hansı bir ağrı və ya yorğunluqla bağlı həkim-həkim gəzirsiniz. Həkimlər səhhətinizdə heç bir problem olmadığı ilə bağlı sizi əmin edirsə də, siz davamlı olaraq qorxunc bir xəstəliyə düçar olduğunuza inanmısınız. Həkiminiz sizə sağlam olduğunuzu deyir, bir neçə gün narahatlığınız azalır, amma bir müddət sonra bu məcburi düşüncələr yenidən qayıdır və yenidən özünüzü hansısa həkimin qəbulunda tapırsınız.
Təşviş pozuntuları necə yoluxucu ola bilər? Hər birimiz hər hansı bir məişət əşyası aldıqda o bizə “İstifadəsinə dair təlimatlar” yazısı yazılan bir köməkçi kitabça ilə təhvil verilir. Biz onun sayəsində cihazda hər hansı bir problemə rast gəldikdə də onu yazılan təlimat əsasında aradan qaldırırıq. Lakin həyat bizə verilərkən əlavə olaraq yanında “Həyat xəritəsi” deyə bir kitabça məncə heç kimə verilməyib, ən azından mən bu vaxta qədər bunun əksini iddia edən birinə rast gəlməmişəm. Bu həyatı biz sosializasiya prosesində öyrənirik, sosializasiyaya müxtəlif- mikro, makro, meqa, mezo amillər təsir edir, burada ən kiçik və qapalı qrup olan ailədən başlayaraq qalaktikanın da öz rolu qeyd edilir. Həmin bu kiçik və qapalı qrup olan ailə bizim üçün dünyanı dərk etdiyimiz zamanlardan etibarən yol xəritəsi hazırlayır. Erkən yaşlarda onlara güvənli, təşvişli və ya çəkingən bağlılıq formalarımız, sonrakı mərhələdə ailə üzvlərimizin həyata baxışları bizim beynimizdə qorxu, təşviş, ruh düşkünlüyü, utanc, həyəcan, nifrət, qəzəb, sevinc kimi qovluqlar hazırlayır. Biz ailə üzvlərimizin ayrı-ayrı stimullara verdikləri duyğu yüklü reaksiyaları öz qovluqlarımıza kopyalayırıq. Bu bizim həyat xəritəmizə köklü təsir edir, bizim üçün artıq real bir təhlükə daşımayan hadisələr də kök inanclarımız sayəsində dəhşət ehtiva edir. Təşviş pozuntusundan əziyyət çəkən ananın övladı eyni və ya fərqli bir təşvişdən əziyyət çəkir. Dünyanı təhlükəli bir məkan kimi qavrayan uşaq gələcək bütün həyat boyu özü, dünya və gələcəklə bağlı həmin o kök inancın üzərində avtomatik düşüncələr “yetişdirir”.
Ədəbiyyat siyahısı:
1. Arthur Freeman- Anksiyete bozukluklarının bilişsel davranışçı tedavisi, Atolye çalışmaları, 22-23 eylül 2013, Psikoterapi enstitüsü.
2. David D.Burns-Panik Atakda, Psikonet Yayınları
3. Hakan Türkçapar-Fark et, Düşün, Hisset, Yaşa, Epsilon Yayınevi
4. Nərmin Quliyeva-Koqnitiv davranışçı terapiya kursu, Psixologiya Elmi-tədqiqat İnstitutu
Nəsimi Qiyasov—30. 03. 2021
Azərbaycan Respublikası, Bərdə şəhəri.