"Uşağın ilk məktəbi onun evidir, ilk müəllimi isə valideynidir.”Psixoloq Nigar Cəbrayıl

Psixoloq.az xəbər verir ki,Psixoloq.az media portalının məsləhət şurasını üzvü Klinik Psixoloq Nigar Cəbrayıl son zamanlar sosial mediada, internetdə baş verən xoşagəlməyən, yeniyetmələr ilə bağlı paylaşılan videolara psixoloq.az portalı vasitəsi ilə münasibət bildirmişdir. Həmin paylaşımı olduğu kimi təqdim edirik .

Müasir yeniyetmələr çox müstəqil fikirli və bəzən cəmiyyətimizə zidd hərəkətlər nümayiş etdirilirlər. Bunu hər yerdə:məktəbdə,nəqliyyatda,yolda müşahidə edə bilirik. Bəzən valideynlər günahı nədənsə məktəbdə görür.Məktəb uşağın davranışını formalaşdırmaqda mühüm rol oynasa da, məktəbin işi ailənin verdiyi təməl üzərində qurulur. Əgər evdə düzgün dəyərlər aşılanıbsa, məktəbdə bu dəyərlər möhkəmlənir.

Uşaq bir aynadır — o, evdə gördüyünü cəmiyyətə əks etdirir. Buna görə də tərbiyə evdən başlanmalı, məktəbdə isə davam etdirilməlidir. Uşağa telefon, internet və sosial şəbəkələrdən istifadə imkanı verən, lakin bunun nəzarətini təmin etməyən, övladının hansı səhifələrdə, hansı insanlarla ünsiyyətdə olduğunu bilməyən valideynlər bu kimi halların birbaşa səbəbkarlarıdır. Elə hallar olur ki, müəllim və psixoloqların belə bilmədiyi məlumatları şagirdlər sosial mediadan öyrənərək paylaşırlar. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş ölkələrdə uşaqların internet davranışına nəzarət çox ciddi qaydalarla tənzimlənir.

ABŞ-da “Children’s Online Privacy Protection Act (COPPA)” qanununa görə, 13 yaşadək uşaqların sosial şəbəkələrə girişinə valideyn icazəsi olmadan icazə verilmir. Yaponiyada məktəblilərin telefon istifadəsinə dair xüsusi “Uşaq smartfon qaydaları” tətbiq olunur — valideynlər uşağın gün ərzində telefonu neçə saat istifadə etdiyini və hansı tətbiqlərdə olduğunu izləyə bilirlər. Belə halların qarşısını almaq üçün təkcə məktəblərin məsuliyyətini artırmaqla nəticə əldə etmək mümkün deyil. Əksinə, məktəbin üzərinə əlavə məsuliyyət qoymaqla biz əsas problemi — valideyn məsuliyyətsizliyini kölgədə qoyuruq. Hər bir ailə bilməlidir ki, övladın tərbiyəsi nə qədər məktəbin işi olsa da, bu məsuliyyətin təməli evdə qoyulur.

Məktəb uşağa bilik verir, amma dəyəri, məsuliyyəti və əxlaqı ailə öyrədir. Əgər ailə bu missiyanı unudubsa, məktəbi günahlandırmaq cəmiyyəti xilas etməyəcək. Beləliklə, baş verən son əxlaqdan kənar hadisələr bir daha göstərir ki, problem təhsil sistemində deyil, ailə institutunun zəifləməsindədir. Uşağın sağlam böyüməsi, düzgün düşünməsi və təhlükəsiz şəkildə inkişaf etməsi üçün valideyn məsuliyyəti hər şeydən önəmlidir!

Ev tərbiyəsi – xalq tərbiyəsinin başlanğıcıdır(Atalar sözü)

Klinik psixoloqu Nigar Cəbrayıl

Buyur