Uşaq şəxsiyyəti və informasiya texnologiyaları

Uşaqlarda şəxsiyyətin xassələrinin formalaşması üçün əlverişli şərait yaratmaq, müasir dövrdə tərbiyə probleminin ən mühüm məsələlərindən biri sayılır. Bu dövrdə təlim prosesindən daha çox, tərbiyə prosesi ön plana çəkilir. Tərbiyənin təşkili və düzgün qurulması uşaq şəxsiyyətinin formalaşmasının əsasını müəyyən edir. Körpəlik dövründə uşaq şəxsiyyətinin inkişaf zəmini onu əhatə edən yaşlılar tərəfindən təmin edilirdisə, növbəti mərhələdə bu prosesə valideynlərlə bərabər, informasiya vasitələri də güclü təsir gücü kimi ön plana çəkilir. Məhz düzgün təşkil edilmiş təsirlər nəticəsində uşaq inkişaf edərək yeni psixoloji keyfiyyətlər və əxlaq normaları mənimsəyir, cəmiyyətin kiçik üzvünə çevrilir.

Uşaq bağça yaşı dövründəki inkişaf şərtləri xeyli genişlənir: böyüklərin uşaqlara verdikləri tələblər artır; ictimai əxlaq normaları əsas tələbə çevrilir; idrak imkanlarının genişlənməsi ona xarici mühitin daha geniş sahələrinə çıxmağa imkan yaradır. İlk vaxtlarda ancaq valideynlərinin əhatəsində olub, onların xüsusiyyətlərini təqlid etməyə çalışırdısa, xarici mühitə çıxdıqca ətrafındakıları təqlid etməyə çalışır. Lakin müasir dövrdə uşaqlarda təqlidçilik formasını dəyişərək daha çox informasiya texnologiyalarının təsiri ilə formalaşır və inkişaf edir. Günümüzdə İKT-nin imkanlarından geniş geniş istifadə olunur. Bunun nəticəsidir ki, həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya uşaq şəxsiyyətinə də birbaşa sirayət etmək gücünə malikdir.

Uşaq şəxsiyyətinin inkişafında iki cəhət özünü göstərir:

1)    Uşaq xarici mühiti dərk etməyə başlayır və orada öz yerini müəyyənləşdirir ki, bu da əxlaqın yeni motiv tiplərini yaradır. Uşağın xarici mühiti dedikdə, sosial mühitdən, öz yaşıdlarından daha çox günümüzdə informasiya vasitələri nəzərdə tutulur. Bu vasitələr uşaqları müxtəlif mühitlərin təsirinə atmaqla, bərabər onlara müəyyən istiqamət daşıyan fikirlər də aşılaya bilir. Bu zaman uşaqlarda mənəvi təsəvvürlərin formalaşması üçün şəarait yaranır. Özünü kəşf etmə prosesi başlayır. Əxlaqi motiv onda yeni-yeni yollar tapmağa imkan verir. Uşağın özünü kəşf etmə, mənəvi təsəvvürləri formalaşdırma valideynlərlə yarı-yarıya informasiya texnologiyalarının üzərinə düşür. Belə ki, öz dövrünün adamı olma statusunu hələ məktəbəqədər yaş dövründə texnologiyadan faydalanmaqla sübuta yetirir.

2)    Hisslər və iradənin inkişaf etməsi: həmin motivlərin fəallığını, əxlaqın möhkəmliyini, xarici şəraitin dəyişməsindən asılı olaraq onun dəyişməsini təmin edir. İnformasiya vasitələrində zaman və məkan anlayışı müəyyən mənada tez-tez dəyişdiyindən uşaqların müxtəlif situasiyalar keçirməsinə zəmin yaradır. Davamlı dəyişən görüntülər uşağın dəyişkən reaksiyalar verməsinə səbəb olur.

          Təsəvvür və hafizə - Məktəbəqədər yaşlı uşaqlar daha çox təsəvvür sürətlərinin parlaqlığı ilə xarakterizə olunurlar. Bəzən onların təsəvvür sürətləri o qədər parlaq olur ki, bunları qavrayış sürətlərindən fərqləndirə bilmirlər. İnsanlara elə gəlir ki, həmin sürətləri uşaqlar təsəvvüründə canlandırmır, sadəcə qavrayırlar. İnformasiya vasitələri uşağın şüuruna güclü təsir göstərməklə yeni çalarlara malik və inkişafa yönəlmiş təsəvvürlər əmələ gətirir. Bu təsəvvürlər ekranda göstərilən obrazlar haqqında anlayışları gücləndirir və həmin anlayışların uşaqların hafizəsində uzun zaman yaşamasına səbəb olur. Hafizə - keçmiş təcrübənin beynimizdə nöqtələndirilməsi, hifz edilməsi sahəsində sonralar onun tanıma və yada salınmasından ibarət mürəkkəb psixi prosesdir. Çox inkişaf etmiş hafizə anlayışların miqdarı və onların fərqləndirilə bilməsi ilə xarakterizə olunur. Bu da qəbul olunmuş məlumatların qavranılma dərinliyi və maraq oyada bilmə gücündən asılıdır.

Ekran vasitələri bir növ qavrama prosesi üçün maksimum şərait yaradır. Bu da həyatda baş verən və verəcək proseslərə əyani baxdıqda onları təhlil etmək və müəyyən nəticələr çıxarmaqla hafizəni dərin və möhkəm biliklərlə zənginləşdirirlər. Ona görə də hafizənin möhkəmlənməsində ekran vasitələrinin gücü, digər vasitələrdən daha təsirli və effektivdir. İnformasiya vasitələri uşaqların təkcə hafizəsini bir tərəfli deyil, eyni zamanda eşitmə hafizəsini də inkişaf etdirir. Bu vasitələrlə qəbul olunmuş səslər və öyrənmə prosesində verilən biliklər eşitmə hafizəsinin möhkəmlənməsinə güclü təsir göstərir.

Beləliklə demək olar ki, informasiya texnologiyaları uşaqlarda bütün hafizə tiplərini inkişaf etdirən bir vasitədir. Bu da uşaqların təlim prosesində zəngin biliklər əldə etməsinə və öyrəndikləri bilikləri uzun müddət hafizədə hifz olunmasına şəarait yaradır.

        Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də şəxsiyyətdə xüsusi ilə uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin.

Ayxan Hüseynli

doktorant