Uşaqları anlayan və anladan suallar
Uşaqlar öz idrak imkanları ilə xarici dünyanı tanımağa və kəşf etməyə çalışır. Onlar gördükləri haqqında əsasən 2 yaşından etibarən düşünür və sual verməyə başlayırlar və bu proses insanın ömrünün sonuna qədər davam edir. Lakin məlumdur ki, uşaqların hər yaş dövrlərində özünəməxsus maraq dairələri formalaşır, nəticədə sual dolu bir aləmlə qarşılaşır və bu aləmin öyrənilməsinə ciddi səy göstərməyə başlayırlar. Bu zaman onların ən yaxşı köməkçisi, öyrədicisi və məlumat xəzinələri valideynləri olur. Valideynlər isə sanki bilgisiz uşaqlar yetişdirmək eşqi ilə suallara cavab verməkdən boyun qaçırırlar. Uşaqlar sual verdikcə, ilk növbədə özlərini kəşf etməyə çalışır və ətrafı özlərinə uyğunlaşdırmağa cəhd edirlər.
Uşaqların sual verməsi onun nitq qabiliyyətlərinin və idrak qabiliyyətinin inkişafına kömək etdiyi kimi, onların düşüncə imkanlarının genişlənməsinə imkan yaradır. Ona görə də, balacaların çoxlu suallar verməsinə fürsət yaratmaq lazımdır ki, böyüyəndə düşünən və düşündürən nəsil yetişmiş olsun.
Qeyd etmək lazımdır ki, uşaqlar əsasən o an yaşadıqları qorxu, sevinc, həyacan kimi duyğuları nəticəsində sual verir. Bu məqamda isə önəmli olan ona səbrlə, yaşına uyğun, qısa, doğru və dolğun cavab verməkdir. Cavab verərkən, uşağın idrak inkişaf səviyyəsi nəzərə alınmalıdır. Bu inkişaf səviyyəsinin əsas xüsusiyyətləri arasında uşağın yalnız konkret anlayışları öyrənə bilməsini, eqosentrik olmasını, yəni dünyanı öz gözü ilə qiymətləndirməsini saymaq olar.
Uşaqların tez-tez istifadə etdiyi suallarda “Bu nədir? və niyə belədir? “Bu nəyə lazımdır?” Bunun nəyi qəşəngdir? kimi sualların düzgün mənalandırmaqla izahına çalışmaq lazımdır.
Belə ki, kiçik məktəbəqədər yaş dövründə yaranan bu suallar uşaqlarda əşyalara və hadisələrə məna vermək, onları müəyyən formaya salmaq kimi bacarıqları formalaşdırmış olur.
Niyə, nəyə, nəyi, necə bu suallar məktəbəqədər yaş dövründə öz mənasını, həllini və dəyər gücünü tapması gərəkən suallardır. Əsas məsələ odur ki, böyük həvəslə, diqqət-qayğı ilə bəzədilmiş cavablar uşaqlarda estetik baxışın və zövqün formalaşmasına zəmin yaradır. Məhz ilk olaraq, uşaqlarda estetik təsəvvürlərin düzgün formalaşmasına nəzər yetirmək lazımdır. Estetik baxışın formalaşması üçün isə sevinərək verilən suallara, sevərək cavab vermək gərəkir. Çünki uşaqlar ilk olaraq sevgini, qayğını, diqqəti ana bətnindən öyrənmiş olaraq dünyaya gəlir.
Nəticə etibarilə qeyd etmək lazımdır ki, valideynlərlə uşaqlar arasında ən doğru münasibətin əsası, məhz uşaqların suallarından başlayır. Çünki, suallar valideynlə övlad arasında əlaqə, dünya ilə insan arasında körpü rolunu oynayır.
Fatma Musayeva
Naxçıvan Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə 2-ci kurs magistrantı