Dövrümüzün ən aktual problemlərindən biri uşaqlarda ekran asılılığıdır.Texnologiyanın inkişaf etməsi ilə bərabər uşaqları internetin zərərlərindən qorumaq , qarşısını almaq valideynləri çətin vəziyyətdə qoyan durumlardandır.
Ekran asılılığı sadəcə uşaqlarda deyil, yetkin şəxslərdə tez-tez rast gəlinir.Ekran asılılığının əsas göstəriciləri bunlardır:
Ø Uşağın davamlı telefon, televizor,planşet qarşısında olmaq istəməsi , əlindən alınan zaman isterik reaksiyalar sərgiləməsi;
Ø Yuxu problemləri;
Ø Sosiallaşmaqda istəksizlik və uğursuzluqlar yaşamaq;
Ø Virtual ünsiyyətə və virtual oyunlara hədsiz meyil göstərmək;
Ø Uşaqlarda diqqət dağınıqlığı;
Ø İfadəedici nitqin zəifləməsi;
Ø İnternet olmayan mühitə düşdükdə hədsiz gərginlik,narahatlıq hisslər keçirməsi, boşluğa düşməsi ;
Ø Məktəb və digər təlim mühitində akademik göstəricilərinin aşağı düşməsi;
Ø İştahsızlıq və ya hədsiz yemək istəyi;
Ø Özgüvən əksikliyi
Ø Aqressiv,impulsiv davranışlarda artım;
Ø Özünəqapanıqlıq və s.
Uşaqlarda ekran asılılığının başladığı zaman xüsusi yaş qrupu və ya yaş məhdudiyyəti yoxdur. Uzun müddət ekran qarşısında qalan hər yaşda olan uşaqlarda ekran asılılığı müşahidə oluna bilər. Uşaqlarda ekran asılılığının qarşısını almaq üçün ana və ataların övladlarının ideal ekran vaxtına uyğun olmasını təmin etmələri vacibdir. Eyni zamanda ekran asılılığının qarşısını almaq üçün 3-6-9-12 qaydasına əməl edilməlidir. Bu qaydaya görə, uşaqlar 3 yaşından əvvəl ekrana məruz qalmamalı, 6 yaşından əvvəl uşaqların öz oyun konsolu və ya texnoloji cihazı olmamalıdır, 9 yaşından əvvəl internetdən tək istifadə etməməli, 12 yaşından əvvəl isə sosial şəbəkələrdən istifadə etməməlidir.
Tövsiyə olunan ekran vaxtları;
Uşağın inkişafının ilk 3 ilində ekrana məruz qalması qadağandır . Həm psixoloji, həm fiziki sağlamlığı üçün risklidir. 3-6 yaş üçün gündə 20-30 dəqiqə, 6-9 yaş üçün gündə 40-50 dəqiqə, 9-12 yaş üçün gündə 60-70 dəqiqə olmalıdır. Əgər 12 yaşdan yuxarı olarsa, ekrandan istifadə müddəti ümumilikdə 120 dəqiqədən çox olmamalıdır. Mümkünsə, bu dövrlər günlərə bölünməlidir. Eyni zamanda, bu ekran vaxtları planşet, mobil telefon, televizor və kompüter kimi bütün ekran istifadəsini əhatə etməlidir. Ekrandan istifadə valideyn nəzarəti altında olmalıdır və ekrandan istifadə müddətləri arasında ən azı 15 dəqiqəlik fiziki hərəkətlə bağlı tapşırıqlar əlavə edilməlidir.
Ekran asılılığının qarşısını almaq üçün uşaqları müxtəlif fəaliyyətlərə yönəltmək lazımdır. Uşaqları mütəmadi olaraq idmanla məşğul olmağa həvəsləndirmək və mümkünsə idman növü üzrə ixtisaslaşma kurslarına yazdırmaq onların texnoloji cihazlardan uzaqlaşmasına, fiziki və sağlam inkişafına kömək edəcək. Bunun xaricində uşaqla parka getmək, oyun oynamaq, kitab oxumaq, mətbəxdə vaxt keçirmək, təbiətdə gəzinti etmək kimi fəaliyyətlər də çox təsirlidir. Uşaqları rəssamlıq, musiqi və ya əl işləri kimi istedadlı olduqları sənətlərə yönləndirmək və onları bu sahələrdə hobbi əldə etməyə təşviq etmək də faydalı ola bilər.
Psixoloq Aysu Əliyeva
Konsultasiya və seanslara yazılmaq üçün @psixoloqaysualiyeva instagram hesabından müraciət edə bilərsiniz.