Uşaqlarda yorucu həyəcan və ya məktəb qorxusu

Məktəblərdə yeni tədris ilinin başlamasına az qalır. Kiçik məktəblilərdə tədris ilinin başlaması ilə əlaqədar yaranan psixoloji vəziyyət onlarda məktəb qorxusu kimi xarakterizə olunur. Eyni zamanda, dərslər başlamazdan əvvəl uşaqlar üzərində tələblərin qoyulması, tapşırıqların yerinə yetirilməsində ciddi səy göstərilməsinin istənilməsi, şagirdlərdə xüsusilə, kiçik məktəblilərdə məktəbə adaptasiya olunmalarında müəyyən çətinliklər yaradır.

Adaptasiya problemi yaşayan uşaqların bir qismində elə bir vəziyyət yaranır ki, fərdi məsuliyyət hissi qorxuya çevrilir. Beləcə, məsuliyyət qorxusu, məktəb qorxusu olaraq, genişlənməyə başlayır. Məktəb qorxusu isə uşağın psixoloji halına sirayət edərək, məktəblə əlaqəli işlərin “həll olmaz”, “yerinə yetirilməsi mümkünsüz” düşüncə tərzi formalaşdırmağa başlayır.

Məktəb qorxusu özünü göstərən zaman, uşaqlarda çəkingənlik, mənfi təsirli utancaqlıq, özünəqapanma, ünsiyyətdən qaçmaq kimi xüsusiyyətləri əks etdirir. Hətta hər şeyə qarşı etinasız yanaşmağa, bezdirici reaksiyalar sərgiləməyə meyl edir.

Digər tərəfdən, valideynlər uşaqlara qorxu içində qorxu yaşatmaqla, həmin problemin aradan qaldırılmasına cəhd göstərirlər. Nəticədə, uşaqlar, məktəbə getməkdən imtina edir. əsəbi davranışlar sərgiləyir və ağlayırlar. Bu zaman daha fərqli vəziyyətlər də yaranır ki, bu da halsızlıq, ürəkbulanma, baş ağrısı və qarın ağrısı əlamətləri kimi özünü göstərir. Məktəbin açılması yaxınlaşdıqca, bu hal maksimum səviyyəyə çatır.

Məktəb qorxusunun yaranma səbəblərini aşağıdakı kimi səciyyələndirmək olar:

·        Çətinlik çəkdiyi fənn ilə əlaqədar olaraq yaranan qorxulardır ki, bu zaman tapşırığı yerinə yetirə bilməməsi, aşağı qiymət alması, müəllimin onu həmin fənn üzrə davamlı məzəmmət etməsi və səhvetmə qorxusu və s.

·        Məktəb prosesində zamana uyğun nizamlama olduğu üçün uşaqlarda rejimə uyğunlaşmama qorxusu yaranır. Belə ki, səhər erkəndən oyanmaq, dərsə gecikmək, dərsin başlama və bitmə vaxtına əməl etmək və s.

·        Sistemli fəaliyyətə yenidən qoşulmaq, uşaqlarda öz istədiyini edə bilməmək, müəllim və valideynlərin danlaması, cəzalandırılmaq, rahatlığının əlindən alınması kimi qorxular formalaşdırmış olur.

Qeyd olunan səbəblər, eyni zamanda valideynlər və müəllimlər tərəfindən həll olunması tələb olunan problemlər olaraq qeyd olunur.

V       alideynlərin övladlarını evdə düzgün yönləndirməsi, mənəvi dəstək olması, müəllimlərin isə məktəbdə ən azı 30-45 gün müddətində şagirdlərə qarşı daha həssas və humanist yanaşması, bu prosesin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki, yeni tədris ilinə böyük həvəs və inamla başlayan hər bir şagird, tədris ilinin sonunu uğurla nəticələrlə yekunlaşdırmış olacaqdır.

Ayxan Hüseynli

AYB-nin üzvü

psixoloq