Uşaqların öyrənmə prosesində idrak imkanlarından istifadə yolları

Müasir təlimin qarşısında duran ən əsas vəzifə - biliklər sistemini öyrənmə prosesində asan yolla mənimsətməkdən və onların idrak imkanlarını inkişaf etdirməkdən ibarətdir.

       Təlim prosesi idrakın iki pilləsində - məntiqi idrak və hissi idrak vasitəsilə öyrənilir. Təlimdə müvəffəqiyyət qazanmaq bu iki pillənin qarşılıqlı fəaliyyəti nəticəsində qazanılır. Obyektiv aləmdəki cisim və hadisələrin mahiyyəti, onların daxili əlaqəsi, inkişaf qanunauyğunluqları idrakın məntiqi təfəkkür pilləsində dərk edilir, bu da əlbəttə idrakın canlı müşahidə pilləsi ilə, hissi idrakla dialektik sürətdə bağlıdır. Hissi idrak obyektiv aləmdə mövcud olan cisim və hadisələrin ayrı-ayrı zahiri tərəfləri, cəhətləri haqqında məlumat verir.

       İdrak prosesinin daha yüksək və mürəkkəb pilləsi olan məntiqi idrak, hissi idrakın vermiş olduğu materialları yenidən işləyir, götür-qoy edir, süzgəcdən keçirir və nəticədə obyektiv aləm haqqında daha doğru , düzgün biliklər əldə etməyə imkan verir.

        Məntiqi idrak prosesinin məzmunu müvafiq formalarda təzahür edir. Məfhum, hökm və əqli nəticə, məntiqi idrak prosesinin formaları hesab edilir. Məfhum, məntiqi idrakın elə bir formasıdır ki, burada əməli fəaliyyətin, təcrübənin verdiyi məlumatı fikrən ümumiləşdirir. Məfhum sözlərlə ifadə olunur. Dilimizdə istifadə etdiyimiz hər hansı söz, başqa xalqlarda, millətlərdə müxtəlif sözlərlə adlandırılır, lakin mahiyyət etibarı ilə həmin söz hər xalqda, millətdə eyni mənanı daşıyır. Xalqlar, millətlər öz düşüncələrinə uyğun mühüm əlamətlərinə görə fərqli adlandırmalarına baxmayaraq, yerinə yetirdiyi funksiya hər kəs üçün eynidir. Məfhumların adı olan sözlər bəşər cəmiyyətinin meydana gəlməsi ilə yaranmış, müəyyən zəruri ehtiyacdan doğmuşdur. Sözlər insanlara obyektiv aləmi və onun qanunauyğunluqlarını dərk etməyə imkan verir. Digər tərəfdən insanlar sözlər vasitəsilə bir-biri ilə ünsiyyətə girir və fikir mübadiləsi aparırlar. İ.P.Pavlova görə söz başqa qıcıqların çata bilməyəcəyi geniş təsir və əhatəyə malikdir.

       Məntiqi idrak prosesinin ən geniş və ümumi forması hökmdür (mühakimə). Təbiət və cəmiyyətdə mövcud olan hər bir qanun elmdə hökm şəklində ifadə olunur. Təlimdə öyrənilmiş biliklər sistemi öz ifadəsini hökmdə tapır. Yəni toplanmış məlumatların ümumi bir cümlə şəklində söylənilməsi hökmün ifadəsidir. Bundan başqa hökm məntiqi idrakın elə bir formasıdır ki, bunun köməyi ilə nə isə təsdiq olunur, nə isə rədd edilir, bu isə obyektiv gerçəkliyi dərk etmək vasitəsidir. Hökmlər əsasında insan öyrəndiyi materialın mahiyyətini dərindən dərk etməyə yaxınlaşır.

       Məntiqi idrakın, təffəkür fəaliyyət formalarından biri də əqli nəticədir. Dünyada mövcud olan cisim və hadisələrin, mürəkkəb və rəngarəng xüsusiyyətlərinin yüksək səviyyədə dərk olunmasında əqli nəticənin çox mühüm rolu vardır. Əqli nəticə elə təfəkkür formasıdır ki, burada insan əməli fəaliyyəti prosesində qazanmış olduğu bilik və bacarıqlar sistemindən istifadə edərək, yeni bilik əldə edir. İnsanın məntiqi idrakının yaradıcı xarakteri əqli nəticədə aydın sürətdə özünü göstərir. Məntiqi idrakın başqa formaları kimi, əqli nəticə də obyektiv aləmin, maddi gerçəkliyin şüurumuzda fəal, doğru və düzgün inikasından ibarətdir.

        Məntiqi idrakın formalarını xüsusi ardıcıllıqla tətbiq etməklə müvəffəqiyyət əldə etmək olar. Fəallıq da idrakın formalaşmasında, inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa idrak fəallığının artırılmasında müasir təlimin qarşısında müstəqil düşünə bilən, təşəbbüskar, iş prosesində ortaya çıxan çətinliklərdən qorxmayan, onları təhlil etməyi və aradan qaldırmağı bacaran, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxslər yetişdirmək vəzifəsi durur. Bu mühüm vəzifənin layiqincə yerinə yetirilməsinə nail olmağın yolları çoxdur. Bunlardan biri də təlim metodlarının zamanın tələbinə uyğun təkmilləşdirilməsi xüsusi yer tutur.

         Məktəblilərin idrak qabiliyyətlərini inkişaf etdirmək, yeniyetmələrin və gənclərin zehni fəallığını təmin etmək baxımından təlimdə problem situasiyanın yaradılmasının, bu situasiyanı təhlil edərək problemin irəli sürülməsinin və onun elmi zəmində həllinin rolu olduqca böyükdür. Məhz problem situasiya yaratmaqla öyrənmək, biliyi daxili ehtiyac və tələbat halına gətirməklə idrak prosesini fəallaşdırmaq olar. Yaranmış mənəvi tələbat insanı həyatı dərk etməyə, təbiəti öz ehtiyaclarına uyğun olaraq dəyişdirməyə, fəallıq göstərməyə təhrik edən başlıca motiv yerində çıxış edir.

         Fəallıq anlayışı tədqiqatçıların gəldikləri nəticəyə görə, üç səviyyədə təzahür edir ki, bu da özünü təlim prosesində göstərə bilir. Bu səviyyələr reproduktiv-təqlidi səviyyə, axtarış elementlərinə malik olan icraçılıq səviyyəsi və yaradıcı səviyyədən ibarətdir.

         Reproduktiv-təqlidi səviyyədə təlim zamanı bəşəriyyətin toplamış olduğu təcrübəni öyrənməkdən və nümunə əsasında tətbiq etməkdən ibarətdir. Deməli bu səviyyədə bilik hazır şəkildə təqdim olunur, əsas iş isə ondan ibarət olur ki, həmin biliyi mənimsəmək, yadda saxlamaq lazım gəlir. Bu da təlim prosesi üçün zəruridir, lakin kifayət deyildir. Reproduktiv-təqlidi səviyyədə qısa müddət ərzində çoxlu bilik əldə edilsə də, düşüncə tərzi zəif inkişaf edir. O mənada ki, yaddaşda mexanikilik yaranır, əzbərçilik xarakteri daşıyır, məntiqi idrak isə istifadə olunmur və fəaliyyətsiz qalır. Bundan sonrasında isə fəallığın ikinci səviyyəsi axtarıcılıq elemenlərinə əsaslanan icraçılıq səviyyəsi özünü göstərir. İcraçılıq səviyyəsində qarşıya standart nümunələrlə əlaqələndirilən suallar yox, irəli sürülən problemləri həll etmək məsələsi qoyulur. Onu həll etmək üçün isə müstəqil olaraq yollar axtarılır, həlli üçün ən faydalı üsul üzərində düşünülür, gərgin zehni axtarışa qoşulurlar. Fəallığın bu səviyyəsində təlim prosesində daha çox düşünülür, birinci səviyyədə əldə edilmiş biliklər zəminində yeni biliklər qazanmağa can atılır. Üçüncü yaradıcılıq səviyyəsində isə artıq problem həllini tapır və həmin problemin həlli üzərində yeni problemlər yaradılır, onların həlli yollarına baxılır. Təlim prosesində fəallığın səviyyələri ardıcıl öyrənməklə idrak fəallığı tam öz əksini tapır. İdrak fəallığı nəticəsində məntiqi təfəkkür formalaşıb, inkişaf edir və müvəffəqiyyət qazanmaq üçün zəmin yaradır.

        Müasir didaktika üçün belə bir cəhət əsas götürülür ki, izahlı-illüstrativ yolla tədris olunan bilik nə qədər yaxşı çatdırılsa da, yaradıcı təfəkkürün və idrak müstəqilliyinin inkişafını təmin edə bilməz. Nəticədə müəyyən qaydalar, qanunlar şüurlu sürətdə mənimsənilmir, dəfələrlə təkrarlar sayəsində mexaniki sürətdə əzbərlənir. Buna görə də hafizə az-çox dərəcədə inkişaf etsə də, lakin ən mühüm idrak prosesi olan təfəkkür lazımınca inkişaf etmir. Məhz bunlar nəzərə alınmaqla, təlim prosesində lazımi elmi biliklər verməklə yanaşı, müşahidəçilik, müstəqil və fəal düşünmək və.s kimi idrak qabiliyyətlərin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Müstəqil öyrənmək üçün hər şeydən əvvəl qarşıya müəyyən məsələlər qoymaqla, həmin məsələlərin həlli yollarını, üsullarını tapmaq bacarığı qarşıya qoyulur. Bu məqsədlə də dərin müşahidəçilik, məsələnin mahiyyətinə nüfuz etmək qabiliyyəti inkişaf etdirilməlidir. Müşahidə şüurlu sürətdə təşkil olunmuş qavrayışdır. Bu da idrak prosesinin təfəkkürün inkişaf etdirilməsi ilə birbaşa bağlıdır. Müşahidə zamanı fəallığı təmin etmək də zəruri sayılır.

         Fəal təlim isə - öyrənilən biliyə, məlumata maraq, hər şeyi öyrənmək həvəsi, təşəbbüskarlıq, biliklərə yiyələnməyə iradi cəhd və təkidlilik yaradır. Təlim fəallığının həyata keçirilməsini təmin edənlər içərisində, tədris prosesində axtarıcılığı təşkil etmək də mühüm yer tutur. Eyni zamanda fəallıq əsasən iki şəkildə özünü göstərir. Bunlardan biri fikri fəallıqdır. Fikri fəallıq prosesində müxtəlif müqayisələrdən, uyğunlaşdırılmalardan, ümumiləşdirilmələrdən geniş istifadə olunur. Digəri isə hərəki fəallıqdır ki, hərəki fəallıq zamanı həmin cisimlərlə, əşyalarla bilavasitə əməli sürətdə təmasda olmağa meyl yaranır.

         Təlim prosesində müstəqil iş üçün tapşırıq vererkən onun davam edecəyi vaxt dəqiq müəyyənləşdirilməlidir. Ona görə də müəllim tapşırığın həcmini, onun şagirdlərin yaş səviyyələrinə uyğun öyrənilmə müddətini də nəzərə almalıdır. Tədqiqatlar və məktəb təcrübəsi göstərir ki, I sinif şagirdləri üçün müstəqil iş 7-10 dəqiqə ərzində məhsuldar xarakter daşıyır. II-III siniflərdə isə şagirdlərin müstəqil iş zamanı fəallıq müddəti 15-17 dəqiqə olur. Bu baxımdan idraki proseslərin müstəqil iş zamanının fəallıq müddətini müəllimlər nəzərə alaraq tapşırıqlar verməlidirlər. Bu da təlimin keyfiyyətinin yüksəldilməsinə təfəkkürün fəallıq göstəricisinin artırılmasına gətirib çıxaracaqdır.

          Ömrünün 35 ilini ali sinir fəaliyyətinin fiziologiyasını öyrənməyə sərf edən İ.P.Pavlov baş beyin yarımkürələri fəaliyyətinin obyektiv qanunauyğunluqlarını müəyyənləşdirmiş və ən qədim dövrlərdən bəri dərkedilməz sayılan idrak fəaliyyətini eksperimental metodlarla izah etməyə müvəffəq olmuşdur. O, sübut etmişdir ki, psixika, ruhi fəaliyyət adlanan fəaliyyətin bütün formaları, öz mahiyyətinə görə yalnız reflekslərdən ibarətdir.

          İ.P.Pavlov elmi-fizioloji cəhətdən sübut edərək göstərmişdir ki, idrak prosesi baş beynin inikas etdirici fəaliyyətin qanunauyğun məhsuludur. Baş beyin orqanizmlə onu əhatə edən xarici mühit arasında rabitə orqanıdır.

          İdrakın ziddiyyətli xarakter daşımasına dair Pavlov tərəfindən söylənilmiş fikirlər maraqlıdır. O göstərmişdir ki, insan ağlının iki meyli bir-biri ilə yanaşı gedir. Bunlardan biri insanın yeni-yeni həqiqətlər aşkara çıxarmaq meyli, digəri isə idrakın haradasa qurtarması faktıdır. Pavlov göstərir ki, insan abstrakt təfəkkür pilləsində, bir tərəfdən, gerçəklikdən uzaqlaşır, digər tərəfdən də hadisələr arasındakı vasitəli rabitələri, onların mahiyyətini və qanunlarını aşkara çıxarmaq imkanı əldə etməklə gerçəkliyə yaxınlaşır.

          Pavlovun fikrincə, həqiqi idrak həmişə əməli məqsədlər güdür. Əməli iş prosesində insanın vəzifəsi obyektiv aləmin qanunlarını dərk etməkdən və həmin qanunları öz fəaliyyətinə müvafiq şəkildə yönəltməkdən, tətbiq etməkdən ibarətdir. Bunu da onunla əsaslandırır ki, orqanizm baş beynin inikasetdirici fəaliyyəti vasitəsilə xarici aləmin saysız-hesabsız təsirlərinə cavab verir və daim dəyişməkdə olan xarici mühit şəraitinə uyğunlaşır.

Ayxan Hüseynli

Naxçıvan Müəllimlər İnstitutunun  psixologiya müəllimi,doktorant

f91f0b697c4aab529e58da346143315f.png