Xarakter tipinizi bilirsinizmi : İntrovert , Ekstravert yoxsa Ambivert ?

Testə keçməzdən öncə gəlin başlıqda sadalanan anlayışlarla tanış olaq...   "İntrovert" , "Ekstravert" və "Ambivert" anlayışlarına ilk olaraq isveçrəli psixiatr-alim Karl Qustav Yunqun "Psixoloji tiplər" kitabında rast gəlirik. Cənab Yunqun fikrincə Ekstravert psixoloji tipinə aid olan şəxslər başqa insanlarla ünsiyyətdən və yeni təəssüratlardan enerji alırlar. Onlar diqqət mərkəzində olmağı xoşlayır, ictimai çıxışlara can atır, çoxlu insanların iştirak etdiyi şənlik və mərasimlərdə özünü çox rahat hiss edirlər. Bu tip insanlar optimist olur, lətifə danışmağı,dinləməyi sevir, çox vaxt şən əhval-ruhiyyədə olurlar.  İntrovertlər isə əksinə, əlaqələrini məhdudlaşdırır özlərinə qapanırlar, onların öz daxili dünyaları olur. İntrovertlərin enerjili olması üçün sakitliyə, təkliyə ehtiyacları var, onlar rahat yaşamağa, tənha qalmağa üstünlük verirlər. İntrovert daxili fikir və həyəcanlarına qapılır, yaradıcılıqla məşğul olur və ya hansısa prosesi müşahidə edir. İntrovertlər yaxşı alim, ixtiraçı, yazıçı və ya sahibkar ola bilərlər. Ekstravertə yaxşı işləmək üçün başqa insanların iştirakı vacibdirsə, introvert tək daha rahat işləyəcək. Onlar utancaq və qapalı olur, real ünsiyyətdənsə, kitab oxumağa üstünlük verirlər. İntrovertlər yad insanlarla ünsiyyətə meyilli deyillər,qərar qəbuluna həmişə ciddi yanaşır, öz hərəkətlərinə, davranışına nəzarət edirlər. Ambivertlər hadisələrdən, vəziyyətdən asılı olaraq dəyişə bilirlər. Tənhalığa qapılıb kitab oxumağı sevsələr də, ictimai çıxışlardan, insanlar arasında məntiqli söhbətdən qaçmırlar. Hesab olunur ki, ambivert tip ekstravert və introvert tipin bir növ arasında yerləşir və “qızıl orta” hesab oluna bilər. İntrovertlər həyat fəaliyyətlərini daxili aləminə istinad edərək, ekstravertlər xarici amillərin təsiri altında yaşayırlarsa, ambivertlərdə harmoniya qorunur,həm daxili, həm də xarici amillərin təsiri altında fəaliyyətlərini istiqamətləndirirlər.  Qeyd edək ki, insanların əksər hissəsinin bu tipə aid olması qeyd edilir.   İndi isə Testimizə Başlayaq :Aşağıda qeyd edilən 28 xüsusiyyətdən Sizə aid olduğunu düşündüklərinizi sıra nömrəsini qeyd etməklə kənarda qeyd edin 

1.Eyni gündə 2 film, konsert, tamaşa və s. asanlıqla izləyə, bir neçə görüş təyin edə və onlarda asanlıqla iştirak edə bilərsiniz.

2.Dostlarınızın sayı hər ötən gün artır.

3.Əhəmiyyətli bir qərarı təxirə salmaq üçün sizə əhəmiyyətsiz bir hadisə belə kifayətdir.

4.Çox zaman ay ərzində bir dəfə qonaq getmək sizin üçün artıqlaması ilə kifayət edər.

5.Çox tez-tez xəyallara dalırsınız

6.Televizor çalışmayanda əhvalınız pisləşir. Telefonunuzdan uzaqda özünüzü tənha və dünyadan uzaq hiss edirsiniz.

7.Siz insanların simalarını,onların tərcümeyi-hallarını,hadisələri çox asanlıqla xatırlasanız da formulları,riyazi hesabları və başqalarının söylədiklərini xatırlamaqda çətinlik çəkirsiniz.

8.Dostlarınız çox deyil. İnsanlara yaxınlaşmaqdan çətinlik çəkirsiniz.

9.Yemək yeməyi sevir, öz əhatəniz ilə əylənir, tək qalmaqdan çəkinirsiniz. Şən insanlar kateqoriyasına aidsiniz, özünüzə uyğun insanlarla əlaqə axtarır,qapalı insanlardan isə çəkinirsiniz. 

10.Başqalarını təqlid etməyi, zarafatlar, məzəli hekayələr danışmağı sevirsiniz. Asan xarakteriniz var.

11. Siz dəqiq və yoxlanılmış mənbələrdən olan informasiyalara üstünlük verir, digər infiromasiyaları ciddiyə almırsınız.

12. Danışmağı,tost deməyi sevir, hər zaman üzdə olmağa can atırsınız.

13. Səs-küylü məclisləri, uca səslə musiqi dinləməyi sevmirsiniz.

14.Əşyalarınızın sayı kifayət qədər azdır amma onlara böyük dəyər verirsiniz.

15. Fotoşəkil çəkdirməyi xoşlayırsınız.

16. Harda,nəyi və necə etməyi çox yaxşı bilirsiniz.

17.Siz tanımadığınız insanlarla tez əlaqə qurur və yeni bir mühitdə asanlıqla gəzirsiniz. Çətin vəziyyətlərdən isə asanlıqla çıxmağı bacarırsınız.

18. Təklikdə nahar etməyi sevir, tanımadığınız insanların olduğu mühitlərdən çəkinir,özünüzü evinizdə daha rahat hiss edirsiniz.

19. Siz prinsipial insansınız və öz prinsiplərinizə daima sadiqsiniz.

20.Tanımadığınız mühitə və insanlara çox gec uyğunlaşırsınız.

21. Tez qərar verirsiniz və risk almağı bacarırsınız, baxmayaraq ki, bu həmişə əsaslı risk olmur. İşgüzar səfərlər isə sizin üçün əyləncəlidir və siz onları sevinclə qəbul edirsiniz.

22. Yad insanlar çox tezliklə sizin üçün doğma bir insana çevrilə bilər.

23. Sağlamlığınızı diqqətlə izləyir, xəstəliyi sonradan müalicə etməkdənsə, bir dəfə də profilaktik dərman qəbul etməyin daha yaxşı olduğunu düşünürsünüz.

24. Hər bir konkret vəziyyətdə nəyi götürməyin ən yaxşı olduğunu qiymətləndirir və vəziyyətdən asılı olaraq hərəkət edirsiniz. 

25. Həmişə çoxlu planlarınız, vəzifələriniz, problemləriniz və fikirləriniz var, ancaq bunların yalnız bir hissəsini həyata keçirə biləcək gücdə olduğunuzu düşünürsünüz.

26. Sizə tez-tez "bəzi şeylərə daha sadə yanaşmağa çalış" deyə məsləhət verirlər

27. Sağlamlığından daim şikayət edən insanları başa düşmür və onlara rəğbət bəsləmirsiniz.

28. Ətrafınızda olan insanlarda necə təəssürat yaratdığınızı bilmək sizin üçün çox önəmlidir.

                          Testin Nəticəsi : Yuxarıda qeyd edilən xüsusiyyətlərdən Ekstravert psixoloji tipinə aid olan insanlara məxsus olanların sıra nömrəsi :   1 ; 2 ; 6 ; 7 ; 9 ; 10 ; 12 ; 16 ; 17 ; 21 ; 22 ; 24 ; 25 ; 27 və 28  Digər, yəni 3 ; 4 ; 5 ; 8 ; 11 ; 13 ; 14 ; 15 ; 18 ; 19 ; 20 ; 23 və 26 sıra saylı xüsusiyyətlər isə İntrovert psixoloji tipinə aid olan insanlara məxsusdur. 

        Bununla da nəticədə sayca üstünlük təşkil edən psixoloji tip Sizin psixoloji tipinizdir. Əgər saylar bərabərdirsə ( 14-14 ) yaxud arada cüzi fərq varsa ( 13-15 ) ( 16-12 ) demək ki, Sizin psixoloji tipiniz Ambivertdir.    Dəyərli zamanınızı ayırdığınız üçün Təşəkkürlər !

   Hörmətlə, Sizin : Şahlar Şahlarzadə ( hüquqşünas/yazar)