Xoşbəxtliyin sirri: Ailə

Cəmiyyət insanların mədəni, toplu şəkildə yaşadığı qurumdur. Ailə isə cəmiyyətin təşkilində mənbə, özək rolunu oynayır. Hər kəsin ailəsi onun həyat dənizində lövbər saldığı sahilidir. Ailə müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütünlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü funksiyasını daşıyır. Ailə sözü Qərbdə, ana – ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında isə ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Bu baxımdan şərqdə ailə dəyərləri, ailəyə önəm daha çoxdur və bu dəyərlərə xüsusi əhəmiyyət verilir.

- Ailə münasibətlərinin qurulmasında, düzgün şəkildə aparılmasında hər iki tərəfin (qadın və kişi) rolu əsasdır.

Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ailə xoşbəxtliyinin sirri yanlız məhəbbətdədir. Müasir dövrdə bu yanaşma çox sadəlövh görünür. Çünki, faiz nisbəti ilə sevmədən ailə quranlar da az deyil. Buraya ilk növbədə, qohum və tanışlar, ana və bacılar vasitəsilə yaranan ailələr daxildir. Məhz, qarşılıqlı məhəbbət olmadan yaranmış ailələrin hamısı sonradan dağılır deyə də bir düşüncə yoxdur. Hətta bir – birini sevmədən ailə qurmuş kişi və qadının bir çoxu xoşbəxt yaşayırlar. Onlar evlənəndən sonra bir – birlərinə sözün həqiqi mənasında sevmək öyrədir, məhəbbətin əsrarəngiz telləri ilə bir – birlərinə bağlanırlar.

Tədqiqatlar göstərir ki, ailə həyatının yalnız ilk illərində münasibətlər bağlılıq əsasında qurulur. Bir neçə il, məsələn 3-4 il keçdikdən sonra nigahın taleyi təkcə, bağlılıq hissindən yox, birlikdə ömür – gün sürmüş kişi və qadının şəxsiyyətindən, hər birinin şəxsi keyfiyyətlərindən, mənəvi tamamlanmanın, birgə ali dəyərlərin formalaşmasından asılı olur. Onların bir – biri ilə rəftarı, uşaqlarına münasibətləri, bir insan kimi öz məsuliyyətlərini və ləyaqətlərini düzgün qiymətləndirmələri məhəbbətin taleyini həll edir.

Evliliyin ilk dövrlərində tərəflərin bir – birlərini bütün cəhətləri ilə olduğu kimi qəbul etmələri təbiidir. Ancaq müəyyən bir dövrdən sonra hətta əvvəllər adi qəbul edilən cəhətlər belə bu və ya digər tərəfdə əks reaksiyaya səbəb olur. Çox təəssüf ki, evliliklərdəki əksər problemlərin əsas səbəbi də elə budur. Ona görə də, burada əsas məsələ bu problemlərdən qaçmaq deyil, əksinə bu problemlərin üzərinə getməkdir. Evliliklərdəki problemlərə səbəb olan başqa bir amil isə bir tərəfin digər tərəfdən “onun kimi olmağı” tələb etməsidir. Əksər hallarda tərəflər bunu tələb etməklə kifayətlənmir, tələblərinə nail olana qədər öz cəhdlərindən əl çəkmirlər. Tərəflərin bir – birlərini özünə tabe etmək cəhdi, istər – istəməz onlarda “əvvəl məni sevirdi, ancaq indi məni sevmir” kimi hisslərin baş qaldırmasına səbəb olur. Bu kimi boşluq yaradacaq hisslər tərəflərin hər ikisini də öz təsiri altına alır.

Digər tərəfdən, ailədə yaranan problemlərin səbəbi ailəyə xaricdən təsirdir. Belə ki, ailənin daxilindəki hər hansı məsələni, kənardan kiminsə həll etməsidir. Məhz, ailənin tərəfləri bu şəraiti yaratmamalıdırlar ki, ailədaxili məsələləri xaricdən kimsə həll etməyə çalışsın. Kənardan edilən müdaxilələr ailədə yeni problemlərin yaranmasına səbəb olur.

Ailə bağlarının qırılmasına səbəb olan məsələlərdən biri də həddən artıq qısqanclıqdır. Əslində isə, ailədə qısqanclıq normal bir haldır. Mənalı qısqanclıq tərəflərin bir – birinə sevgi təcəssümüdür. Lakin, aşırı və yersiz xarakter daşıyan qısqanclıq adamı bezdirir və onları bir – birilərindən soyudur, qarşı tərəfdə inamsızlıq hissi yaradır. Onu da qeyd etmək lazımdır ki, heç qısqanmayanda da qarşısındakının onu sevməməsindən şikayətlənir və onun üçün maraq kəsb etmədiyi fikrinə gəlib çıxır.

Sağlam evlilik üçün sevgi nə qədər vacibdirsə, məntiq də o qədər vacibdir. Bu istiqamətdə yaş dövrlərinin psixoloji xarakteristikasına uyğun olaraq, aşağıdakı qənaətə gəlmək olar:

15 – 22 yaş aralığında gənclərdə (kişi, qadın) ümumi olaraq, hisslər üstünlük təşkil edir. Demək olar ki, bütün seçim və qərarlar hisslərin təsiri ilə gerçəkləşir. Ona görə də, bu dövrdə ciddi münasibətlərdən danışılması və ya evlilik barədə düşünülməsi bir o qədər real görünmür. Çünki, tərəflər bir – birilərini olduqları kimi görə bilmirlər. Müəyyən təsirlər və xəyali obrazlılığın yaratdığı hisslərin əhatəsində hərəkət edirlər. Bu proses qısa zaman aralığında yüksək gücə malik olur, vaxt keçdikcə adiləşməyə, dəyərini itirməyə başlayır. Məhz, qeyd olunanlara istinadən, bu yaş aralığında sağlam, etibarlı ailəqurma anlayışı zəif olur.

23 – 32 yaş aralığında insanlarda hissi və məntiqi yanaşma eyni dərəcədə olur. Yəni, qərar və seçimlərdə hissi təsir nə qədər effektiv rol oynayırsa, məntiqi yanaşma da bir o qədər əhəmiyyət rol oynayır. Bu yaş aralığında atılan addımlar etibarlı və möhkəm olur.  

33 və yuxarı yaşlarda məntiqi baxış, hissi baxışdan önə keçir. Hər şeyi təhlil və analiz vasitəsilə dəyərləndirir və qiymətləndirirlər. Ona görə də, bu dövrdə tərəflərin bir – birlərinə qarşı çox obyektiv olması çətinləşir, xırda nöqsanları böyük problem kimi qəbul edirlər. Seçimlərdə güzəşt anlayışına yer vermirlər. Bu yaşlarda ailəqurma, müxtəlif problemlərin yaranmasının danılmaz olduğunu göstərir.

Ailə bir xalqın mədəniyyəti, mental dəyərləri haqqında ən dəqiq məlumatverici bir vasitədir. Azərbaycan ailəsi isə istər mental dəyərlərinə, istər əxlaqi keyfiyyətlərinə, istərsə də mahiyyətinə görə digər xalqların ailə modellərindən çox fərqlənir. Gözəl əxlaq, vətənə, torpağa, soy-kökə bağlılıq, ataya-anaya itaət və məhəbbət, həyat yoldaşına sevgi və hörmət, övladlara, bacı və qardaşlara nəvaziş və qayğı əsl Azərbaycan ailəsinin tipik xüsusiyyətlərindəndir.

Məhəbbət ocağının iki közü, ailə məktəbinin iki müəllimi, müqəddəs yuvanın iki qurucusu – ana və atadır. Ailə tərkibində tərəflərin ilk statusları da məhz, ana və ata adını qazanmalarıdır. Lakin, ailəyə nə inkubator, nə də cismani arzuların zövq vasitəsi kimi baxmaq olar. İnsan təfəkkürünün dili ilə desək, “güc abidəsi” adlandırılan ata, “şəfqət qəhramanı” kimi təsvir edilən ananın yer üzərindəki himayəçisi sayılır. İnkişafın yüksək sürətlə getdiyi bir dövrdə insan zəkası nə ananın övlada olan məhəbbəti və şəfqətini, nə də atanın övlada olan mərhəməti və qayğısını əvəz edə bilməz.

Bizim ailəmiz həyatda baş verən fırtına və təhlükələrdən qaçıb, gizlənmək və xilas üçün bizə ən etibarlı, ən rahat, ən sabit sığınacaq yeridir. Bu yeri biz möhkəm qoruyub saxlamalıyıq və bütün ömrümüz boyu çalışmalıyıq ki, bizim bu sığınacaq yerimiz soyuq, narahat, cansıxıcı bir həbsxana kamerası deyil, həmişə ətir saçan və sevinclə dolu bir guşə olsun.

Ayxan Hüseynli

Doktorant

                                                                                                                       AYB-nin üzvü