Xroniki empatiya və düşüncə aludəçiləri.

Xroniki empatiya və düşüncə aludəçiləri.

Düşüncə dedikdə ağıla ilk gələn aforizm “Düşünürəm, elə isə varam”dır. Müasir fəlsəfənin atası René Dekart, bu məşhur sitatla illər əvvəl düşünməyin insan üçün önəmini vurğulamışdır. Bir şey haqqında düşünmək beyin təlimi baxımından çox vaxt faydalıdır, amma düşüncələrimizi idarə etmək çətin ola bilər, səssiz olsaq da, bəzən beynimizdə düşüncələrin fırlanmasının qarşısını ala bilmirik, hər şey nəzarətdən çıxır, getdikcə daha gərgin oluruq və bu hal bir müddət sonra təbii olaraq müxtəlif növ psixoloji, eləcə də psixosomatik narahatlıqlara səbəb olur, psixosomatik narahatlıq dedikdə psixoloji narahatlıqların bir müddət sonra fizioloji narahatlıqlara səbəb olmağını nəzərdə tuturuq.

Overthinking deyilən düşüncə bağlılığı fəaliyyətdə kəskin azalma, ünsiyyət problemləri, yuxu və qida qəbulu kimi müxtəlif problemlərlə özünü göstərir. Problemin səbəbini araşdırmaq özü-özlüyündə çətin bir prosesdir, çünki bu cür insanlar hər hansı bir ağrı, hər hansı bir qida qəbulu pozuntuları ilə bağlı vəziyyətlərinin fərqinə varsalar belə düşünməyin nə kimi, problem olduğunun fərqində olmurlar. Bu konsepsiya xroniki hal alaraq bəzən insanların həyatı üçün təhlükə yaradır. Hamımız müəyyən vaxtlarda həddindən artıq düşünür və narahat hiss edirik, lakin bu hisslərin də bir həddi olur. Yenidən eyni məqamları düşünmək, eyni fikri davamlı şərh və təhlil etməyə aludəçilik bu problemin ayrılmaz hissəsidir. Düşünməyə meylli insanların tez-tez həyat keyfiyyətlərində enmələr görünür və dəfələrlə eyni hadisələri düşünmək, ssenarilər yaratmaq ilə bağlı tələbat nəzərə çarpır. Belə insanlarda təşviş , stres artır, qorxu, ümidsizlik, ruh düşkünlüyü baş qaldırır, yaşadıqları anın dadını çıxara bilmirlər. Beləliklə, gündəlik həyatda performansı və motivasiyası get-gedə azalır.

Xroniki empatiyanın rolu: özgə oduna yanan pərvanələr.

Empatiya nədir? Empatiya — özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitimiyadır.

“Empatiya” sözü yunan dilindəki ἐμπάθεια (empateya), “fiziki bağlılıq, meyl” sözündəndir. Bu da ἐν (en), “içində” + πάθος (patos), “hissiyat” sözlərinin birləşməsindən yaranmışdır. İngilis dilində ilk dəfə Teodor Lippsin nəzəriyyəsində əsas anlayış olan alman dilindəki Einfühlung (nüfuz etmə) sözünün qarşılığı kimi istifadə edilmişdir. Empatiyaya nail olmağın başlıca vasitəsi anlayışını Riçard Dlyüs araşdırmışdır.

Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə “hiss, emosiya” mənalarını ifadə edir. Termin 1909-cu ildə psixoloq Edvard B. Titçener tərəfindən irəli sürülüb.

Empatlar çox həssas insanlardır. Hər şeyi hiss edirlər və duyğularını səmərələşdirməyə daha az meylli olurlar. Onlar üçün hissiyyat görmək, eşitmək qədər önəmlidir, olmazsa olmaz bir parçaları halına gətirdikləri bu xüsusiyyət onları zaman-zaman yaralayır. Yad ağrıları öz ağrıları kimi hiss edər və bəzən heç fərqində olmadan başqalarının problemləri üçün çıxış rolu axtardıqlarını görə bilərsiniz. Xroniki empatiya deyə adlandırdığım bu problemə Türkiyə türkçəsində olan mənbələrdə sadəcə “Empat” deyirlər ki, mən bunu qəbul edib yaza bilmirəm, çünki empat insan zatən empatiyanın keyfiyyət olaraq daşıyıcısıdır, bəs gəlin görək əsas fərq nədən ibarətdir? Burda özümüzü qarşımızdakının yerinə qoyub anlamaqda heç bir kənaraçıxma yoxdur, çünki bunu həssas və ya İnsan-İnsan peşə qruplarına aid şəxslər asanlıqla bacarır, lakin bunu edərkən onlarda davamlı baş ağrıları, günlər, həftələr ərzində davam edən ruh düşkünlüyü müşahidə edilmir, xroniki empatiyanın daşıyıcıları isə əksinə başqa dərdlərə köklənir, şəxsi problemlərini heç hesab edir, dərslərində, işlərində geriləyir, düzgün yuxu və qida rejimini itirirlər, bir sözlə öz həyatlarını səssizcə alır, başqa birinin ağrılarını həmin şəxsin özü və hətta bəzən ondan da çox hiss edirlər. Xroniki empatiyadan əziyyət çəkən insanların problemin fərqinə varmaqları bəzən zaman alır, bəzən isə ümumiyyətlə bunu şəxsiyyət keyfiyyəti olaraq qəbul edərlər və heç bir yardım almağa ehtiyaclarının olmadığını düşünürlər. Xroniki empatiyadan əziyyət çəkən şəxsin vəziyyətinin fərqinə varması psixoloqdan emosiya mərkəzli yanaşma tələb edir, burada hekayələr qurmağa ehtiyac ola və ya Rasional emotiv koqnitiv canlandırmalara ehtiyac duyula bilər:

“Gözlərini yumub müharibədə olduğunu, hər tərəfdən üzərinizə mərmilər və güllələrin yağdığını xəyal et! Topların gurultulu səsi qulaq batırır, hava qaralmağa doğru gedir, izburaxan güllələr gecə vaxtı uçan May böcəyi kimi işıq saçır. Qırmızı, yaşıl güllərin havada uçduğunu görə bilirsən? Bu vaxt lap yaxında bir mərmi partlayır və tanış bir səsin kömək istədiyini görürsən. Bu səndən kömək istəyən kimdir? Hansı sənə yaxın olan insan gəldi ilk olaraq ağlına? Onun üzünü tam detalları ilə təsvir etməyə çalış, ayağından yaralanıb, qəlpə əzələyə tuş gəlib və onu xilas etmək mümkündür. Bu vaxt necə davranardın? Xilas etmək yolu olaraq nə gəlir ağlına? Ən yaxşı üsulu tapıb onun yanına gedib onu ordan çəkib çıxarmaq, yoxsa onun dərdi üçün ağlayıb onu da özünü də taleyin ümidinə buraxmaq? Hansını etsən daha faydalı ola bilərsən, ağıllı çıxış yolu ilə silahlanan sən, yoxsa emosiya ilə yüklənən sən bu zaman daha faydalı olarsan? Zaman gedir, bu gün üzərindən həll etmədən keçdiyimiz məsələlər test kitablarında üzərindən keçdiyimiz suallar kimi natamamlıq yarada bilər, hər kəsə kömək etmək mümkün deyil, amma başqa ağrıları özününkü kimi hiss etmək, yoxsa birlikdə problem həll etmək qarşımızdakı və bizim üçün daha faydalı ola bilər? Yaxşı bir plan qur və dostunu xilas et!”

Bu tapşırıq özü-özlüyündə qorxulan görüntü texnikasına oxşayır, lakin xroniki empatiyada istifadə üçün onun üzərində biraz modifikasiya işi görmüşəm. Klassik modeldə də, mənim təklif etdiyim müharibə metaforası modelində də məqsəd yaşanan hadisəyə uzaqdan nəzər salmaqdır. Çünki xroniki empatiya odun mərkəzində dayanmaq və səslərə köklənməkdirsə bu texnika, “müharibə metaforası” hadisələri kənardan izləyib nəticə çıxarmaqdır.

Düşüncə bağlılığı yaşayan şəxslər(bundan sonra overthinker) üçün seçdiyim bir neçə texnikanı problemin həllinə kömək məqsədi ilə sizinlə paylaşmaqdan məmnunluq duyuram.

1. Overthinker şəxsin düşüncə gündəliyi: Burada biz gündəlik olaraq neçə dəfə düşüncələrin “qonaq” gəldiyini izləmək üçün hər dəfə ağlımıza bu qeyri-funsional düşüncələr gəldikcə bunu gündəlikdə işarə edir, hər gün sonunda nəticəyə baxırıq. Burada məqsəd düşüncələrin fərqinə varmaqdır.

2. Overthinking stansiyaları: Burada əsas məqam qeyri-funsional düşüncəni öz iradəniz çərçivəsinə salmaqdır. Düşüncə aludəçiliyi çox vaxt insana romantik, işgüzar sferada təsir edir, gündəlik həyat fəaliyyətinizə davam edərkən hər bir saatın sonunda özünüzə “overthinker stansiyasında” “istirahət” üçün 10 – 30 dəqiqə vaxt ayırırıq, o an həmin düşüncə gəlmək istəməsə belə iradi səy ilə onu şüur səviyyəsinə gətirməkdir əsas məqsəd, çünki iradi səy ilə aralıq düşüncədən əsas düşüncə həddinə gətirilən düşüncələr bir müddət sonra adiləşir.

3. Çəhrayı koftalı, mavi eynəkli bənövşəyi pişik: iki mərhələdə yerinə yetirilir. Düşüncələrin işləmə formasının fərqinə varmaq üçün iki dəqiqə ərzində bu qəribə görüntünü göz önündə canlandırmağa çalışın. Hər dəfə fikriniz yayındıqda bir vərəqə işarə qoyun. Sonra iki dəqiqə ərzində bu qəribə görüntüdən fikrinizi yayındırmağa çalışın. Bu dəfə bu qəribə görüntü ağlınıza hər gəldikcə vərəq üzərində bir işarə qoyun. Bu qəribə texnikanın məqsədi düşüncələrin onlardan qaçdıqca bizi izləməyinə əyani şahidlik etmək və onlarla üzləşdikcə onların əslində maket canavar olduğunun fərqinə varmaqdır.

Psixoloq Nəsimi Qiyasov – 19.04.2021

 Azərbaycan Respublikası, Bərdə şəhəri