Psixi Xəstəliklər

Bu xüsusiyyətlər uşaqlarınızda varsa... Şizofreniyanın əlamətləri nədir?

Şizofreniya xəstəliyinin uşaq yaşlarında da rast gəlindiyini heç kəs inkar etmir.Xəstəliyin uşaqlarda yaşla əlaqədar xüsusiyyətlərini düzgün təhlil etmək üçün psixiatriyada qəbul olunmuş yaş dövrlərini nəzərə almaq lazımdır: 1.Uşaqlıq dövrü (9 yaşadək) 2.Yeniyetməönü dövr (10-12 yaş) 3.Yeniyetmə dövrü (13-15 yaş) 4.Gənclik dövrü (16-18 yaş) Əhali arasında xəstəliyin rast gəlinən bütün formalarının təqribən 1/4-i 18 yaşadək,5-7%-i isə uşaqlıq dövründə (10 yaşadək) təsadüf edilir.Qızlara nisbətən oğlanlarda xəstəlik daha tez-tez (60-70%) baş verir. Uşaq yaşlarında rast gəlinən şizofreniyanın ən başlıca xüsusiyyətlərindən biri pozitiv əlamətlərin yaşa uyğun dəyişməsidir.Yəni bir sıra əlamətlərin yaşa uyğun olaraq daha parlaq nəzərə çarpması və bir sıra sindromların əsas etibarilə uşaqlarda təsadüf etməsidir.Məsələn:ümumi inkişafın,o cümlədən,psixi inkişafın ləngiməsi,hərəkətlərdə və nitqdə ifadə olunan stereotipiya,patoloji uydurmalar və s. Uşaq yaşca nə qədər kiçikdirsə,psixopatoloji əlamətlər bir o qədər qabarıq nəzərə çarpır və polimorf olur.Yeniyetmə dövrü üçün xarakterik əlamətlərdən anoreksiyanı,metafizik intoksikasiyanı,ipoxondriya və heboid sindromları qeyd etmək olar.Uşaqlarda şizofreniyanın gedişi (o cümlədən,klinik formaları) böyüklərdən,demək olar ki,fərqlənmir.Kiçik yaşlı uşaqlar arasında fasiləsiz və şubvarı süst gedişli formalar daha çox,fasiləli (rekurrent) gedişli şizofreniya isə az rast gəlinir.Bir sıra hallarda tutmaların klinik təsviri əlamətlərin polimorfluğu hesabına konkret bir gediş tipi çərçivəsində deyil,dəyişkən olur. Ağır gedişi xarakterizə edən başlıca əlamət,sürətlə inkişaf edən şəxsiyyətin dəyişilməsidir ki,bu da autizm,emosional çatışmazlıq,hərəkət və nitq pozuntusu,psixi aktivliyin enməsi ilə meydana çıxır.Süst gedişli şizofreniya uşaqlar arasında geniş yayılmışdır.Böyülərdən fərqli olaraq uşaqlarda bu forma bəzi "əlavə xüsusiyyətlərə" malikdir.Bu formaya məxsus olan klinik əlamətlərlə yanaşı (yaxın adamlara qarşı marağın sönməsi,autizm,psixi aktivliyin zəifləməsi) bir sıra məhsuldar psixopatoloji əlamətlər də qeyd olunur.Məsələn:belə uşaqlar bəzən uydurma suallarla böyüklərə müraciət edir,adi söhbətlərə qeyri-adi maraq göstərirlər.Sarışan hallar,qorxu,şübhə əlamətləri daha tez-tez təsadüf edilir.Bunlarla yanaşı belə uşaqlarda cinsi sferaya məxsus patoloji meyllər aşkar edilir. Süst gedişli fasiləsiz şizofreniyanın uşaqlar arasında geniş yayılmış variantları,əsasən nevrozları və psixopatvari debutla başlayan formalardır.Tutmalarla şiddətlənən şubvarı şizofreniyanın nisbətən az təsadüf etməsinə baxmayaraq,o,zəngin atipik əlamətlərlə (müxtəlif qorxu,patoloji uydurma,nitq pozuntusu və s.) diqqəti cəlb edir.Affektiv,ipoxondrik,senestopatik əlamətlər,hallüsinasiyalar,sayıqlama və katatoniya əalmətləri nisbətən az rast gəlinir. Fasiləli (rekkurent) gedişli şizofreniya uşaqlar arasında az hallarda (5-10%) təsadüf edilir.Bu forma çərçivəsində rast gəlinən psixoz kəskin əlamətlərlə başlayır və şəxsiyyət pozuntuları ilə remissiya verir.Bir çox hallarda tutma hər hansı bir zərərli amillərlə əlaqədar (infeksiya,somatik xəstəliklər,psixi travma və s.) baş verir. Uşaqlar arasında rast gəlinən şizofreniyanın son dövrünün tez və ya gec meydana çıxması,qüsur əlamətlərinin zənginliyi xəstəliyin hansı yaş dövründə başlanmasından və gedişinin şiddətindən asılıdır.Adətən ağır şizofreniya kobud qüsur əlamətləri ilə nəticələnir.Digər gediş formalarında isə xəstəlik nə qədər tez başlayırsa,bir o qədər ağır son dövr əlamətləri ilə nəticələnir.Lakin bəzi hallarda (xüsusən xoşxassəli gediş formalarında) uzunmüddətli qüsursuz remissiya,hətta praktik sağalma da mümkündür. Nərmin Quliyeva