caappucchinoo

Yadigar İbadov

Вам не нужно быть удивительным, чтобы начать. Вы должны начать, так что вы можете быть удивительным.

Qaçış

Keçmişdəki travmaların canınızda buraxdığı qorxuların fərqinə tam da həyatınızda sizi həyəcanlandıran gözəl şeylər girdiyi anda anlamış olursunuz. Həyəcanla qorxunu eyni anda yaşamağa başlayırsız. Artıq əvvəlki kimi " dandik kəpənəkləri" boş buraxmaq yox! Qanad çırpmağa çalışdığı anda beyninizin kontrol etdiyi " milçək öldürən" işə düşür, qanad açmadan o kəpənəkləri bir bir öldürməyə çalışır. Telefona baxarkən özünüzü "tupoy" təbəssümlə tutduğunuz an, özünüzə acığınız tutur və beyninizin hələ də qəlbinizdən güclü olduğunu özünüzə isbat etmək üçün telefonu kənara atır, umursamaz,  maskalar taxıb, ruhunuzda qabar tutmuş yaraların yenidən qanamaması üçün tək lakin, huzurlu həyatınıza geri dönməyə özünüzü məcbur edirsiz. Çünki artıq bilirsiz, gül suyu ilə hazırlanıb, qızıl fincanda sizə təqdim olunan o bihuş edici şərbətin əslində daha sonra həsrətdən, üzüntüdən nəfəsinizi kəsəcək zəhər olduğunu. Nə qədər ağıllanmış, dərsinizi almış olsanız belə o şərbətin cazibəsi, ətri yenə də bir şəkildə sizi çəkir. Yox, bu dəfə başıma çəkməyəcəm, sadəcə uzaqdan ətrin alacam deyirsiz, biraz sonra  sadəcə dodaqlarımı toxundurub çəkəcəm, içməyəcəm, biraz sonra  sadəcə bir çay qaşığı içim deyirsiz.  Və beləcə gün gəlir zalım şərbət yenə bir şəkildə içilir. Və keçmişdəki təcrübələrinizin acısı canınızı o qədər yandırmış ki, bu şərbətin bəlkə də bu dəfə sizi zəhərləməyəcəyi ehtimalını düşünmürsünüz. Hər şeyin fərqli ola biləcəyi şansını özünüzə vermirsiniz, özünüzü rahat buraxa bilmirsiniz. Andan zövq almağı deyil, gələcəyin bilinməz ehtimalları içində boğulmağı və hər şeyi daha da mürəkkəbləşdirməyi tərcih edirsiniz. Və sonda özünüzə sadəcə bir çıxış yolu tapırsınız. Qaçış!.. Çünki artıq həyatınız yaxşı pis öz kontrolunuz altındadır. Konfort zonanızda özünüz üçün yaratdığınız bəlli bir rejim var. Bəli ürək döyüntüləriniz mədənizdə eşidilmir, çıxıb düşmür. Lakin eyni tempdə saat kimi işləyir. Xəyallarda yox yerdə yaşayırsınız. Heç kimdən asılı deyilsiniz.