gulchin

Gülçin Qarayeva

Psixoloq/Təlimçi 

Uşaq istismarı

Uşaq istismarı dövrümüzün böyük və həll  olunması vacib problemlərindən biridir. Uşaq istismarı nədir? Uşağa qarşı törədilən fiziki və ya psixoloji şiddətdir.Bunu törədən tək bir insan da ola bilər, bir qrup da, dövlət də..  Uşaq istismarı cəmiyyət tərəfindən yanlış davranışlar olaraq qeyd edilir.Kobud davranışlar,cinsi,coğrafi ərazi və digər formalarda özünü göstərə bilir.Uşaqlarda fiziki,hissi,cinsi və zehni inkişafı əngəlləyir.  Dünya üzrə istismarın 4 forması ayırd edilmişdir: 1. Fiziki istismar; 2. Cinsi istismar; 3. Emosional istismar; 4. Laqeydlik.  Fiziki istismar: İşgəncə, yaralama və s. kimi fiziki yollarla edilən istismar formasıdır. Buna aşağıdakıları göstərə bilərik: şillə vurmaq, yıxmaq, itələmək və ya dartmaq, yumruq vurmaq, təpik atmaq, çimdikləmək, boğmaq, yandırmaq, yatmağa imkan verməmək, elektroşok tətbiq etmək, təhlükəli heyvanların yanına qoymaq, zəhərləmək, əl-qolunu/ağzını bağlamaq, daş atmaq, silahla yaralamaq və s. Bəlkə də bəziləriniz sadalananlardan bir neçəsinə adi birşey kimi yanaşırsız/yanaşacaqsız..Hətta çox təəssüf ki, bəzən bəzi valideynlər tərbiyədə bu yollara əl atırlar. Fiziki şiddət yoluyla tərbiyə olmaz əziz valideynlər, himayəçilər, dayələr. Gələcəkdə sağlam ruhlu insan olmağını istəyirsizsə, övladlarınıza fiziki şiddət tətbiq etməyin və tətbiq etdirməyin. Bunlar da fiziki istismar sayılır!.  Cinsi istismar: Cinsi istismar insan hüququnun çox ağır pozuntularından biridir.Yetkinlik yaşındakı birinin 4-11 yaşlı uşaqlara qarşı cinsi maraqları "Pedofiliya" adlanır. Pedofillər istənilən yaş dövründə, istənilən peşə sahibi ola bilər. Bunlar daha çox uzaq qohum və qonşular olur. Birinin uşağı əzizləyərkən daxilən hansı hisləri keçirdiyini,hansı düşüncələrdə olduğunu bilmədiyimiz üçün kimisə ittiham etmək doğru olmaz. Ancaq diqqətdən də yayındırmamalıyıq. Cinsi istismara məruz qalan uşaq və gənclər bu səbəbdən çoxsaylı psixoloji əziyyətlərə düçar olurlar. Zorakılığa məruz qalan insanın təkcə fiziki yox, psixoloji sağlamlığı da ciddi şəkildə zərər görür. Tək qurtuluş yolunu ölümdə gördükləri üçün intihar halları da çox olur. Bəziləri patoloji qorxu içində yaşayır, bəzilərində travma səbəbli stress halları görülür. Yuxusuzluq, qara basma, iştahasızlıq müşahidə olunur. Ağrılarının qarşısını almaq üçün spirtli içki və narkotik maddələrə əl atırlar.  Ailədə zorakılığa şahid olan uşaqlarda çox böyük mənfi təsirlər yaranır. Qız uşaqları gələcəkdə ailə həyatı qurduqda belə halla qarşılaşarsa, bunu adi qarşılaya bilər. Çünki uşaqlıqdan bəri bunun şahidi olublar. Oğlan uşaqları isə bəzən öz həyatlarında da bunu (zorakılığı) tətbiq edirlər. Çünki bununla böyüyüblər və doğru olduğunu sanırlar.  Digər istismar formaları kimi, cinsi istismar da bütün dünyanın böyük və həll olunması vacib problemlərindən biridir. Cinsi istismar qurbanı olan uşaqlar psixoloji müalicə almasalar, gələcəkdə onlarda pedofiliya əlamətləri görülə bilər.  Uşaqlarda cinsi istismar daha çox yeniyetməlik dövründə rast gəlinir. Bu yaş dövrü uşaqlarda cinsi inkişaf dövrüdür. Hormonal dəyişikliklər səbəbiylə cinsi maraq yaranır. Həmçinin uşaqlar birinin onlara nə məqsədlə yaxınlaşdığını, ünsiyyət qurduğunu bilmirlər, əksər zamanlarda isə müqavimət göstərməyə gücləri yetmir. Buna görə də uşaqları lazımi dərəcədə nəzarətdə saxlamaq (nəzərdə tutulan onları məhdudlaşdırmaq deyil), onlara tanımadıqları insanlarla ünsiyyət qurmamağı, onların təkliflərini dinləməməyi öyrətmək lazımdır. Xüsusilə də azyaşlı uşaqlara. Hər bir şəxs öz övladı (övladları) üçün lazımi tədbirləri görərsə, istismarın qarşısı müəyyən qədər alınar.  Emosional istismar: Emosional istismara məruz qalan uşaqlarda qorxu, utancaqlıq, kədər müşahidə olunur. Özlərini tək, dəyərsiz hiss edirlər. Emosional istismara bunları göstərə bilərik: uşağın emosional ehtiyaclarını gözardı etmək; yaşına, fiziki gücünə uyğun olmayan fiziki iş vermək; qorxduğu bir şeylə qorxutmaq, hədələmək; təhsil almağına mane olmaq; uşağı tərk etmək; fiziki şiddətlə, psixoloji zərər verəcək yollarla cəzalandırmaq; ev işlərini görməyə zorla məcbur etmək; yüksək səslə qışqırmaq; uşağı tez-tez tənqid etmək, alçaltmaq; kömək istədiyi zaman köməklik etməmək, bunun üçün onu danlamaq və s. Bu cür emosional istismara məruz qalan uşaqlar sevilmədiklərini, dəyərsiz olduqlarını hiss edirlər. Bu uşaqlarda özgüvən,özünəəminlik aşağı olur. Ətrafdakılarla ünsiyyətdə çətinlik çəkirlər. Emosional istismar fiziki və cinsi istismarı da tətikləyir.  Emosional istismara məruz qalan övladınızla necə davranmalısınız? Ona dəyərli olduğunu xatırladın, hiss etdirin, onu hər daim dinləyin, fikirlərinə hörmətlə yanaşın, onunla oyunlar oynayın. İstədiyi fəaliyyətlə məşğul olmasına şərait yaradın, dostlarıyla vaxt keçirməsini təmin edin. Əgər digər valideyn emosional istismarçıdırsa, övladınızı onunla tək buraxmayın. Diqqətcil, tədbirli olun və bunu övladınıza da aşılayın,onlarla yaxın əlaqə qurun, mümkün olduğu qədər çalışın çox vaxt keçirəsiniz. Lazımi üsullarla, həddən artıq reaksiya vermədən, qorxutmadan, həyəcanlandırmadan övladlarınızı bu cür hallara qarşı məlumatlandırın.  Bir çox ölkələrdə istismarın qarşısının alınması məqsədilə qanun üzrə qərarlar alınmış, həmçinin cəzalandırma üsulları hazırlanmışdır. Ancaq bütün bunlara rəğmən uşaq istismarı böyük problemlər sırasında qalır. Bizlər də müəyyən qədər qarşısının alınmasında köməklik göstərə bilərik.İstismara qarşı bizlərin görəbiləcəyimiz və görəcəyimiz tədbirlər istismarın qarşısının alınmasında böyük rol oynayacaqdır.  Umutmayın! "18 yaşa qədər hər insan uşaq sayılır." Psixoloq Gülçin Qarayeva