Bu il dərslər sentyabrın 15-də başlamayacaq - SƏBƏB

Bu il Azərbaycanın ümumtəhsil məktəblərində dərslər sentyabr ayının 15-də başlamayacaq. Buna səbəb sentyabrın 15-nin şənbə gününə təsadüf etməsidir. Şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. (report)

Hansı peşə sahibləri daha çox xərçəngə tutulur?

Həkimlər xəbərdarlıq edir ki, bəzi peşə sahiblərində digərlərlə müqayisədə xərçəng xəstəliklərinin riski daha yüksəkdir. Psixoloq.az xəbər verir ki, birinci və ikinci yerdə manikür ustaları və bərbərlər qərarlaşıb. Onlar tez-tez boya, lak, həlledicilərin tərkibində olan toksiki maddələrlə ünsiyyətdə olur. Bu maddələrin güclü kanserogen (xərçəng əmələ gətirən) xüsusiyyətləri var. Bu səbəbdən manikür ustaları və bərbərlər yalnız yaxşı ventilyasiya sistemi olan yerlərdə işləməli və qoruyucu maskalardan istifadə etməlidir.      3-cü yerdə daim kompüterdə işləyən ofis işçiləridir. Fiziki aktivliyin az olması xərçəngin riskini artıran faktorlardan biridir. Mütəxəssislər ofis işçilərinə hər 1 saatdan bir ayağa qalxmağı, sadə fiziki hərəkətlər etməyi, bir qədər gəzişməyi tövsiyə edirlər. 4-cü yerdə aviasiya işçiləridir. Buna pilot və stüard və stüartdessalar aiddir. Bu peşə sahibləri yükəsklikdə gün şüalanmasına məruz qalır ki, bu da xərçəng riskini artırır. 5-ci yerdə gecə növbələrində işləyən peşə sahibləridir. Gecə saatlarında işləmək insanın bioloji ritmlərini kobud şəkildə pozur ki, bu da bir çox xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.(saglamolun.az)

Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması təxirə SALINDI

“Azərbaycanda nümunəvi qəbiristanlıqların salınmasını  nəzərdə tutan sənədin hazırlanması ilə bağlı məsələ ətrafında hər hansı bir iş görülməsi barədə məlumatım yoxdur. Bu, elə - belə bir söhbətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi belə bir sənədin olmasını açıqladılar. Ancaq mən belə bir sənədlə tanış deyiləm. Sadəcə belə bir sənədin olması barədə mülahizələr var”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa deyib. Deputat hesab edir ki, hazırki şəraitdə Azərbaycanda nümunəvi qəbiristanlıqların salınması asan olan məsələ deyil. “Çünki bunun üçün Azərbaycanda birinci növbədə bələdiyyə sistemi inkişaf etməlidir. Qəbiristanlıqların bələdiyyələrə aid bir sistem kimi tanınması məsələsi həll olunmalıdır. Əgər bu yoxdursa, məsələ ümumi şəkildə qoyulacaq. Ancaq insanların buna nə dərəcədə əməl edib-etməyəcəyi isə sual altındadır. Ona görə də birinci növbədə bələdiyyələrin müstəqilliyi məsələsi öz həllini tapmalıdır. Bələdiyyələr ayrıca bir struktur kimi mövcud olmalıdır”. Fazil Mustafa nümunəvi qəbiristanlıqlar ifadəsinin düzgün seçilmədiyini qeyd edib. “Hesab edirəm ki, standart qəbiristanlıqlar ifadəsi daha dəqiq olardı. Bu qəbiristanlıqların yaradılmasında əsas məqsəd odur ki, insanlar qəbir daşlarına ayırdığı vəsaitin mənasız bir xərc olduğunu anlasınlar. İnsanlar eyni standartda, daha ucuz başa gələn formada bu xərcləri qarşılamalıdırlar. Bunu insanlar nə dərəcədə qəbul edəcək, bu məsələ bir az çətindir. İnsanların əksəriyyəti elə başa düşür ki, nə qədər böyük daş ucaltsalar o qədər qəbrinə hörmət qazanacaqlar.  Söhbət daş uclatmaqla deyil, əməli uclatmaq lazımdır”. Deputat nümunəvi qəbiristanlıqlarda şəhidlər üçün ayrıca yerin ayrılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. “Bu, həmin şəxslərə münasibətin dəyişməsi baxımından vacibdir.  Hər bir şəhid Şəhidlər xiyabanında dəfn olunmur axı. Qəbiristanlıqlarda şəhidlər üçün ayrıca bir yerin olması həm də könüllü olmalıdır. Elə şəhidimiz var ki, ailəsi onun ailə qəbiristanlığında dəfn olunmasını istəyir. Buna isə müdaxilə etmək doğru deyil. Bu məsələ könüllülük prinsipi ilə olmalıdır”.

İsti günlər davam edəcək - Hava Proqnozu

Bu gün Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 17-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, avqustun 17-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahan Bakı şəhərində keçiriləcək. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 250, BB qrupu üzrə 763, ümumilikdə isə 1013 namizəd qeydiyyatdan keçib. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək.Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:- şəxsiyyəti təsdiq edən sənədin əsli;- "İmtahana buraxılış vərəqəsi";Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.(xezerxeber)

Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Səbail", "Lökbatan", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz təchizatının dayandırılması "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır. Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Azərbaycanda meyitdən götürülən orqanların siyahısı genişləndirilir - Qanuna dəyişiklik edilir

Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Psixoloq.az xəbər verir ki, dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir: "Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir". M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir". M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək. Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır: "İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər".

1238 əkiz doğulub - Statistika

Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66 166 doğulan körpə qeydə alıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Bioloji norma isə 105-107 təşkil edir.

600-dən çox bal toplayıb universitetə daxil ola bilməyənlərin sayı açıqlandı

Ancaq dövlət sifarişli yer seçən abituriyentlər arasında ali məktəbə qəbul ola bilməyənlər var. Psixoloq.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buna səbəb abituriyentlərin yalnız bir neçə və keçid balı yüksək olan ixtisas seçmələridir: “Birinci ixtisas qrupunda 540 baldan yüksək bal toplayan heç bir abituriyent kənarda qalamayıb. 530-539 bal arasında nəticə göstərən bir abituriyent, 520-530 bal arasında nəticə göstərən bir abituriyent, birinci qrupda 500-dən yuxarı nəticə göstərib, ixtisas seçimi edən yalnız iki abituriyent ali məktəbə qəbul olmayıb. İkinci ixtisas qrupunda 490 baldan yuxarı bal toplayan və ixtsas seçimi edən hər bir abituriyent ali məktəbə qəbul olub. 28 nəfər 400 baldan çox toplasa da, ali məktəbə qəbul olmayıb. Onların da ikinci mərhələdə iştirak etmək imkanı var. Üçüncü qrupda 500-540 arasında bal toplayan 21 nəfər ali məktəbə qəbul olmayıb. Dördüncü ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olub. Ona görə də 610 baldan yüksək nəticə göstərən hər kəs ali məktəbə qəbul olub. 600-610 bal toplayan altı nəfər ali məktəbə qəbul olmayıb, çünki onlar cəmi iki ixtisas seçiblər. 500-dən yuxarı bal toplayıb ali məktəbə qəbul olmayan cəmi 44 nəfər olub”.(oxu.az)

Azərbaycanda tələbələrin abituriyent adı altında başqalarının yerinə imtahan vermək cəhdləri aşkarlandı

Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan birgə araşdırmalar nəticəsində bu il Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. Bu barədə Baş Prokurorluq və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib. Aparılan ilkin araşdırmalar zamanı Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələri əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyentlərin şəxsiyyət vəsiqələri və imtahana buraxılış vərəqələrini təqdim etməklə, imtahanda iştirak etmələrinin təşkil olunmasına cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 29, 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanlını qarışqa sancdı – 16 min yardım aldı

Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib. Psixoloq.az Report-a istinadən xəbər verir ki, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb. Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb. Sığorta şirkəti Amerika vətəndaşı olan azərbaycanlının xərclərini ödəyib

Bakı-Sumqayıt avtobuslarında gediş haqqı endirildi

Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı 60 qəpiyə endirilib. Psixoloq.az xəbər verir ki, bunu Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub: N.Allahyarovanın sözlərinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomabil Nəqliyyatı Xidməti (DANX) tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib: “Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi ) istiqamətində 502 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcəklər. Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub. Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı NRYTN-nin “1655” saylı “Qaynar xətt”nə müraciət edərək məlumat vermələri rica olunur. Əlavə olaraq qeyd edim ki, avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib”.