Təhsildə sosial-psixoloji xidmət
Oldos Haksli deyir ki, ədəbiyyat insanın entuziazmını, başa düşülməyəni anladan, sözlərə daha öncə verilməmiş anlamlar yükləyərək danışmaqdır. Yəqin buna görədir insanın sözə, sözün sehrinə, kitablara olan sevgisi. Bəzən kitablar demədiklərimizin, deməyə cəsarət etmədiklərimizin carçısıdır. Bəzən də kitablar sükutdur, susduqlarımızdır. Yəqin elə buna görə də Ceylan Mumoğlunun “Qurbağa öpüşü” kitabını sevərək oxudum. Kitabda yer alan 12 hekayədə bir az mən, bir az sən, bir az da o var: məişət problemlərimiz, qarşılaşdığımız çətinliklər, mənəvi böhranlar, hətta psixoloji problemlər. Əvvəlcə bunu da qeyd edim ki, yazarın qələmilə “Aydınlanma səyahəti” kitabıyla tanış olmuşam. Fərdi inkişaf mövzusunda məsləhət görüləsi kitabdır. “Qurbağa öpüşü” isə yazarın ilk bədii təcrübəsi hesab olunur. Təcrübə deyirəm, çünki əminəm ki, bu hekayələr daha sanballı əsərlərin müjdəçisidir. Hekayələr axıcıdır, oxucunu yormur, mövzular diqqətlə seçilib. 12 hekayədən 3-ü tam rəğbətimi qazandı: “Qurbağa öpüşü”, “Qiyamət” və “Quyu”. “Qurbağa öpüşü” - hekayə kənd həyatından sıxılmış, rahatlıq arzusu ilə meqapolisin kənardan rəngarəng görünən həyatına üz tutan gəncin şəhərdə təşviş pozuntusu obsessiv-kompulsiv pozuntuya düçar olmasından bəhs edir. Bu pozuntu zamanı təşviş yaradan sayrışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sayrışan hərəkətləri (kompulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur. Bu problemdən əziyyət çəkənləri loru dildə “təmizlik xəstəliyi” olaraq da adlandırırlar, lakin bu məsələnin tam görünüşü deyil. Ceylan Mumoğlu o yazarlardandır ki, daim axtarışda olduğunu, yeni nələrsə öyrənməyə can atdığını həm sosial şəbəkə paylaşımlarında, həm resenziyalarında, həm də araşdırma məqalələrində görürük. Adi oxucu “Qurbağa öpüşü”ndə sadəcə psixoloji problem yaşayan şəxsin sıxıntılarını görürsə, psixoloq və ya psixiatriya sahəsi üzrə təhsili olan oxucu problemin dərinliyinə bələd olan, simptomların elmi dərinliyini anlayan, bunu bədii sözlə mükəmməl ifadə edən yazarı görür. Yazıçı hekayənin qəhrəmanının yaşantısı fonunda obsessiv-kompulsiv pozuntunun əlamətlərini, şəxsə yaşatdığı sıxıntıları ustalıqla bədii dildə əks etdirməyi bacarıb. “Üstümə nəsə sıçradı, deyəsən, axşam mütləq yuyunacam. Kanalizasiya boruları ümumi bina xəttində birləşir, başqalarının ifrazatlarının ora axma ehtimalı böyükdür. Axşam dəqiq yuyunacam! Yox, yox, axşama qədər dözə bilmərəm, elə bu dəqiqə yuyunuram!” (Səh.12) “Getmək problem deyildi, maşınla yola çıxacaqdı. Ancaq orda… Orda nə edəcəkdi, yağış, palçıq, yaxud heyvan kəsilməsini görsəydi...Düşündükcə dəli olurdu…” (səh. 13) Obsessiv-kompulsiv pozuntusu olanlar məlumatlı xəstələrdir, problemin fərqindədirlər, hətta bu haqda psixoloq və psixiatrdan az bilmirlər. Lakin sayrışan düşüncələr və kompulsiyalar onları rahat buraxmır. Diqqətimi çəkən məqamlardan biri də hekayənin qəhrəmanının ölümündən sonrası üçün ən böyük arzusu oldu: “Məndən sonra şəlalə altında yuyunan heykəlimi yaratmağa söz versələr, təsəllim olar”. (səh. 11) Və yazar doğru bir şəkildə qəhrəmanını qorxuları, təşvişləri ilə qarşılaşdırır (məruzburaxma terapiyasında olduğu kimi): maşın qəzası keçirən gənc düşüncə səviyyəsində belə üzləşməkdən diksindiyi çamurluqda, qurbağa ilə qarşılaşır. Və ədəbi nümunələrdən tanış olduğumuz mənzərə, amma fərqli formatda; bu dəfə qurbağa şahzadəyə çevrilməyəcək, bu dəfə həyat adlı krallığın şahzadəsi bütün sıxıntıların ümumiləşmiş obrazı olan qurbağanı öpməklə axtardığı həqiqi rahatlığı tapır. “Qiyamət” - hekayəyə iki baxış bucağından baxmaq olar: turistlərin meşəyə (təbiətə) vurduğu ziyana görə təbiət insanları kimsənin nə baş verdiyini anlamadığı, Qiyamət gününü xatırladan dəhşətli formada cəzalandırır. Məncə, bu daha sadə baxış idi. İlk oxuda hadisələri obrazlı qəbul etdim, uşaqların meşəni oyun, əyləncə üçün yandırması həyatımız boyu uşaqcasına, məsuliyyətsiz şəkildə, nəticəsini düşünmədən etdiyimiz səhvlər, yanlışların obrazlaşmış forması idi. Bu səhvlər səbəb olur ki, böyük və ilahi cəza olaraq qəbul etdiyimiz əzablara düçar oluruq. Necə ki, hekayədə bunu insanlar Allahın cəzası, Qiyamət gününün əlaməti olaraq qəbul edir, Allahın bu bəlanı onlardan uzaqlaşdırmaları üçün namaz qılır, dua edirdilər. “Sonda məlum oldu ki, “Qiyamət günü”nün səbəbi hədsiz yanğın nəticəsində atmosfer qatına yüksəlmiş qara tüstünün yaratdığı (his hissəcikləriylə dolmuş nəhəng buludlardan Günəş şüalarının keçə bilməməsi) nadir rast gəlinən təbiət hadisəsi olub” (səh. 32). Bəli, Günəş heç vaxt öz işığını, istisini (obrazlı olaraq ilahi rəhmət) bizdən əsirgəmir, sadəcə araya bizə məsumca görünən, kiçik saydığımız yanlışlar (his hissəcikləri) daxil olur və "Qiyamət"imiz qopur. “Quyu” - 1918-ci ildə, cümhuriyyətimizin qurulması ərəfəsində, ermənilərin əlinə keçərək güllələnib quyuya atılan azərbaycanlının hekayəsidir. Hekayədə oxucu 1918-ci ildə başımızın çəkdiyi bəlaları anıb quyudan çıxışla bərabər AXC-nin yaranmasının sevincini yaşayayır. Yazarın qələmi yüyrək, rəvan, axıcıdır, lakin bəzi məqamlarda sanki oxucuya daha çox məlumat çatdırmağa çalışır, bu da tələskənliyə səbəb olur. Məsələn, “Həvva” hekayəsində Həvva ilə ilanın tanışlığı haqqında danışılmadan artıq Həvvanın ilana aldanmasından bəhs olunur. Hekayə Həvvanın simasında insanın yüksəlişini (Cənnətdən enişlə), bu yüksəlişin də bir sərhəddi olduğunu anlatmağa çalışır. Bu baxımdan dəyərlidir. 12 hekayədən rəğbətimi qazanmayan yeganə hekayə “Ümid”dir. Hekayə dini-didaktik məzmunludur. Sonsuzluqdan əziyyət çəkən Lamiyə bir gün həkiminin ona yalan danışıb ümid verməsi və Qurandan iki ayə söyləyib, bu ayələri başa salması, qadının dinə üz tutub ibadətə başlaması, xoşbəxtliyi tapması, bir müddət sonra müalicə nəticəsində həkimin diaqnozuna rəğmən ana olmasından bəhs edir. Belə möcüzələr yəqin ki, yalnız Azərbaycanda və ya tibbin “mükəmməl” inkişaf etdiyi digər ölkələrdə yanlış qoyulmuş diaqnozlar səbəbindən baş verər. Bəlkə də digər oxucuların rəğbətini qazanıb hekayə, amma didaktik, xüsusən də dini-didaktik əsərləri ciddi qəbul etmirəm. 12 hekayə içində hər oxucunun zövqünə görə hekayə var. Yazarın süjetdən daha çox düşüncələrə, düşündürməyə üstünlük verməsini bəyəndim. Bir sözlə oxumağa dəyər. Əsərdə diqqətimi çəkən fikirlər: “Gənclik çağını peşmanlıq duymadan xatırlayan insan xoşbəxt olmalıdır”. *** “İnsanlara və əşyalara bağlanmayın, hər şey qaydasında olacaq”. *** “Tale sevgi dolu insanları rastlaşdırır, onlar isə heç bir işə yaramayan “ağıllı” mühakimələri ilə hər şeyi korlayırlar”. *** “Heç vaxt özündən əmin olma. Elə yaşa ki, başqaları səndən əmin olsun”. *** “Əgər, bir adam ailəsindən sevgi, diqqət, dəstək görmürsə, həyatda çox şeyi yoxdur deməkdir”. *** “Hər şeyi hazır verdikdə insanın beyni kiçik qalır. Gərək, özün də böyüməsi üçün nəsə edəsən, onu bəsləyəsən”. Turan BALAŞZADƏ
Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim
Psixoanalizin banisi hesab olunan Ziqmunt Freydin irəli sürdüyü fikirlərdən biri də uşağın qarşı cinsdən olan valideyninə cinsi istək duymasıdır. O bunu «Edip kompleksi» adlandırıb. Bu anlayış yunan miflərindən olan, Sofoklın «Edip tragediyası»ndan götürülüb. Mifə görə Debai şəhərinin kralı Laiosun övladı olmurmuş, narahat olan kral dərdini Apollona danışır. Apollon da ona, övladın olarsa, gələcəkdə səni öldürüb, anası ilə evlənəcəyini bildirir. Bunu eşidən Laios fikrindən imtina etməyə başlayır, lakin bir oğlu dünyaya gəlir. Gələcəkdə öldürülməsindən qorxan kral oğlunun öldürülməsini istəyir, ancaq Kraliça Lakosta buna imkan vermir və öldürmək əvəzinə uzaqlarda bir yerdə, tək başına buraxılmasını təklif edir. Onlar uşağı kimsəsiz bir yerdə ayağından ağaca asılmış vəziyyətdə ölümə məhkum halda buraxırlar. Lakin yoldan keçən başqa bir şəhərin çobanları uşağı görüb xilas edirlər və kralın yanına gətirirlər. Bu şəhərin kralının da övladı olmadığından bu uşağı böyütməyə qərar verirlər. Ayağı ağacdan asılı qaldığı üçün şişən uşağa "şiş" mənasını verən Edip adını verirlər. Edip böyüdükdən sonra bunların onun həqiqi valideynləri olmadığını öyrənir və həqiqəti öyrənmək üçün Debai şəhərinə geri dönməyə qərar verir. Həqiqi valideynlərinin kim olduğunu öyrənmək üçün Apollonun yanına gedir. Apollon ona bütün əhvalatı danışır, atasını öldürmək istəməyən Edip uzaq bir şəhərə getmək üçün yola çıxır. Yolda baş verən bir qarşıdurmada bilmədən öz atası Laisosu öldürür. Edip doğulduğu şəhərə yola düşür və soruşduğu suallara cavab verməyənləri öldürən birinə «Sfinksə» rast gəlir. Sfinksin verdiyi suala cavab verən Edip, şəhərin kralı elan olunur. Şəhərin kralı öldüyü üçün onun dul arvadı ilə evlənir və 4 övladları olur. Tanrılar bu hadisəyə münasibətlərini bildirmək üçün şəhərdə quraqlıq, aclıq yaranmasına şərait yaradırlar. Bu fəlakətin səbəbini öyrənmək istəyən Edip bir bilici yanına gedib bütün gerçəyi — atasını öldürdüyünü və anasıyla evləndiyini öyrənir. Bunu bilən kraliça Lokasto özünü öldürür, Edip isə özünü kor edir. Bunu eşidən şəhər camaatı isə Edipi alçaldıb şəhərdən qovurlar. Freyd nevrozların yaranma səbəbini araşdırarkən uşaqlarda baş verən cinsi xarakterli sarsıdıcı hadisələrin önəmli olduğununun fərqinə varmışdı. Kliniki və psixoanaltik tədqiqatlar sayəsində (uşaqlarda bəzi cinsi xəyalları və valideynlərə olan münasibət) normal insanların da buna bənzər hadisələr yaşadığı nəticəsinə gəlmişdir. Yəni hər bir insan uşaqlıqda bu dövrü keçir. Edip kompleksinə daha yaxından nəzər salmaq üçün Freydin inkişaf nəzəriyyəsinə baxarsaq; nəzəriyyənin psixikaya əsaslandığını, psixikanın inkişaf nöqtəsinin də libidonun keçdiyi müxtəlif mərhələlər olduğunu görərik. Bu mərhələlər libido investisiya formaları və obyektləri baxımından fərqlidir. Məsələn, oral dövrdə həssas bölgə ağız, anal dövrdə isə anusdur. Anal dövrdə libido inkişaf etməyə başlayır və bu dövr «fallik» dövr adlanır. Fallik dövrünün əsas xüsusiyyəti libidonun ağırlaşmasıdır. Bu dövrdəki həssas bölgələr cinsiyyət orqanlarıdır. Libidinal arzular qarşı cinsdən olan valideynə yönələrkən Edip kompleksi də formalaşmağa başlayır. Z. Freydə görə uşağın ilk eşqi qarşı cinsdən olan valideyndir. Oğlan uşağının anasına öyünməsi, atasının anasına olan münasibətini qısqanması bu kompleksin ilkin əlamətləri hesab olunur. Bu nəzəriyyə oğlan uşaqlarının şüuraltında yığılan basdırılmış duyğu və düşüncələri açıqlayır.Psixoanalizdə bu kompleks insan psixikasının inkişafında ən kritik dövr hesab edilir. Freydə görə uşağın 3-5 yaş mərhələsi edip mərhələdir. 5 yaşından sonra bu kompleks yox olur, lakin yeniyetməlikdə yenidən ortaya çıxa bilir. Edip kompleksi barədə fikir ayrılıqları var.Psixoanalitiklər Edipə qarşıYunq, Fromm, Horney, Erikson, Sullivan Freydə etiraz etmiş və öz fikirlərini irəli sürmüşdülər. Freydin Edip kompleksi mövzusuna fərqli prizmadan baxan K. Horney qeyd edirdi ki, edip kompleksinin səbəbi bioloji yox sosial foktorlardır. Horneyə görə Edip kompleksi nevrotik sevgi aclığının ifadə formalarından biridir. Nevrotik sevgi və yıxıcılıq ehtiyacı uşaqkən ortaya çıxır. Freydin Edip mərhələsi adlandırdığı bu yaş dövründə valideynlərin birinə sevgi hissləri bəslədiyi halda digərinə nifrət bəsləyir. Lakin bu biolojik səbəblərdən qaynaqlanmır, əksinə qayğını azaltmaq məqsədilə istifadə olunan bir vasitədir. Uşağın bu dönəmdəki hərəkətlərində cinsi istəklər görünsə də axtardığı cinsi doyumluluq yox, güvənlilikdir. Sallivan fərdin inkişafını 7 mərhələyə ayırır. İlkin uşaqlıq adlandırdığı mərhələdə uşaq cinsiyyəti ilə maraqlanmağa başlamasını və həmcins olan valideynini örnək almağa çalışdığını söyləyir. Lakin bunun Edip kompleksindən yox həmcins valideynin uşaqla daha rahat davranmasından, uşaqlar ictimai gender rolları sərgiləyərkən valideynlər tərəfindən mükafatlandırılmasından yaranır. Erikson insan inkişafını 8 psixososial mərhələyə bölmüşdür. Üçüncü mərhələdə uşağın cinsi marağı və supereqosu formalaşmağa başlayır və bu mərhələ «oyun dövrü» adlanır. Eriksona görə bu mərhələdə həm uşağın cinsi marağı, həm də ana və ya atanın yerinə keçmə istəyi qazanılacaq sahibkarlığın əsas mövzusudur. Uşaq bu səbəbdən valideynləri tərəfindən cəzalandırılarsa, uşaqda günahkarlıq hissi yaranacaqdır. Sahibkarlıq və günah üzüntüsünü sağlam şəkildə adlaya bilən fərddə dövrün əsas qüvvəsi olan «məqsəd» formalaşacaqdır. Yəni uşaq özünə hədəflər seçəcək və davranışlarını məqsədə uyğun icra edəcəkdir. Əks halda uşaqda patoloji utancaqlıq yaranacaq. Bu uşağın sahibkarlıq hissini cəza və günahkarlıq qorxusu ilə ləkələməkdir. Kohut Edip kompleksini «Edip mərhələsi» adlandırır. Hər kəsin yaşadığı bu mərhələ hər kəsdə qarşıdurma yaratmaz. O Edip əfsanəsinə alternativ olaraq Odisseya əfsanəsini təqdim edir. Burda çıxardığı nəticə isə ata-oğul arasındakı münasibətin əslində sevgi, qoruma, incitməkdən yayınma olmasıdır. Ona görə Edip istənməyən və ölümə tərk edilmiş bir uşaq olaraq ata-oğul münasibətinin dinamikasını anlada bilməz. Lakan qeyd edirdi ki, uşağın atasına verdiyi anlam və məna ananın ataya bəslədiyi duyğulardan asılıdır. Əgər bu duyğular olmazsa, uşaq obrazlı münasibətdə ilişib qalır və bu gələcəkdə psixozun yaranmasına zəmin yaradır. Atanın adına bəslənən duyğular uşağı Edip üçbucağına salır. Bunun üçün həqiqi ataya ehtiyac yoxdur, atanın adı belə yetərlidir. Frusstrasiyaların səbəbi qadağalar qoyan atadır. Ana-uşaq münasibətinə sonradan daxil olan, uşağın nəzərində bioloji əhəmiyyət daşımamaqla yanaşı, birdən-birə önəm qazanan ata arasında eyniləşmə yaranır. Uşağın Edip kompleksini atlada bilməsi üçün lazım olan ilk şey atasının yerinə keçmək istəməsidir. Bu ata ilə eyniləşməyə zəmin yaradır. Bu kompleksin uğurla adladılmaması nevroza səbəb olur. Elektra kompleksiPsixoanaliz nəzəriyyəsinə əsasən, Elektra kompleksinin məzmunu qız övladının şüuraltı formada atasına olan meylliyi, həmçinin anasına olan düşmən və rəqib münasibətidir. Elektra kompleksi inkişafın fallik mərhələsində yaranır. Kompleksın adı atasını öldürdüyünə görə anasından intiqam almış çar Miken Aqamemnonun qızı Elektranın adından götürülmüşdür. Bu termin ilk dəfə 1913-cü ildə Karl Qustav Yunqun «Psixoanaliz nəzəriyyəsinin şərh edilməsi təcrübəsi» əsərində təklif edilmişdir. Freyd «Elektra kompleksi» terminini «Edip kompleksi» ilə eyniləşdirirdi və təklif edirdi ki, Edip kompleksi hər iki cinsə şamil edilsin. Freyd «Elektra kompleksi»ni faydasız termin adlandırmışdır. Ehtimal edilir ki, bunun səbəbi Freyd və Yunq arasında möcvud olmuş şəxsi ədavətlə bağlıdır. Bir çox psixoanalitiklər bu termini köhnəlmiş hesab edirlər və "Edip kompleksi"nin qadın versiyasından istifadə etməyə üstünlük verirlər. Freydin fikrincə inkişafın ilkin mərhələsində qız övladı hər iki valideyninə eyni dərəcədə bağlı olur. Buna baxmayaraq, qız sonradan penisinin (kişi cinsiyyət orqanı) olmadığını aşkar edir. Bu kəşf qadının seksual inkişafında həlledici rola malikdir. İlkin mərhələdə, "penisə olan nifrət" qızda atasına meyllik yaradır və o, atasından hamilə qalmağı arzulayır. Eyni zamanda qız övladı özünün "natamamlığında" anasını günahkar hesab edir və anasına olan düşmən münasibəti daha da kəskinləşir. Freydin fikrincə, qızlarda axtalanma qorxusu olmadığına görə, ataları ilə cinsi əlaqədə olmaq arzularını həyata keçirə bilmədiklərinə görə daha az əzab çəkirlər və Edip kompleskinin qəti şəkildə aradan qaldırılmasına daha az ehtiyac duyurlar. Nəticədə qızlar qeyri-müəyyən uzun müddətə Edip kompleksində qala bilirlər və qadının Supereqosu inkişafdan geri qalır. Eyni zamanda qadınlara penisə sahib olma istəyi daim təmin edilməmiş olaraq qalır və onları özlərini "natamam" hiss etməyə məhkum edir. Muxtar Haşim